“XXI əsrdə istənilən mütəxəssis
informasiya texnologiyalarına yaxından bələd
olmalıdır”
Dosent İlham
Əhmədov:
“Təhsilin
informatlaşması bütün ölkələr
üçün prioritet
məsələdir. Sosial -iqtisadi
sahələrin səmərəli informatlaşması məhz
təhsilin informatlaşmasından başlayır”
Ölkəmizdə həyata keçirilən davamlı və dayanıqlı inkişafı siyasətinin prioritet istiqamətlərindən elan olunan informasiya kommunikasiya texnologiyaları (İKT) sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Bu baxımdan, Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”, bu Strategiyanın icrasının ilkin mərhələsini nəzərdə tutan Prezidentin 2005-ci il sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” və həyata keçirilən genişmiqyaslı işlər qeyd edilə bilər.
Hazırda respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. 2005-2008-ci illər üçün “Elektron Azərbaycan” Dövlət Proqramında nəzərdə tutulan tədbirlər informasiya cəmiyyətinə keçidi təmin etmək üçün ilkin mərhələdə görüləcək işləri əhatə edib. Proqram üzrə görülmüş işlər sayəsində respublikanın rabitə və informasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yaradılması, sahəyə investisiyaların cəlb edilməsi və özəl sektorun inkişaf etdirilməsi üzrə mühüm addımlar atılıb. Sahənin normativ hüquqi bazası inkişaf etdirilib, telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, ən yeni texnologiyaların tətbiqi genişləndirilib, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin kəmiyyəti və keyfiyyəti yüksəldilib. Respublika əhalisinin İKT-dən istifadə səviyyəsinin artırılması, sahə üçün yüksəkixtisaslı kadrların hazırlanması və digər istiqamətlərdə müəyyən işlər görülüb. Azərbaycan üçün təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamətlərdən biri sayılır. Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində bir sıra addımlar atılıb. Təhsil sisteminin yenidən qurulması istiqamətində müəyyən proqramlar və layihələr gerçəkləşdirilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələlərlə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədovun fikirlərini təqdim edəcəyik:
-İnformasiya texnologiyalarının (İT) inkişafı və istifadə strategiyasının yaradılması hər bir ölkənin milli strateji planlarının mühüm istiqamətidir. Azərbaycan Respublikasında bu sahənin inkişafı prioritet sahələrdən biri kimi müəyyən edilib. Xüsusən ölkənin qeyri-neft sektorunun və insan kapitalının inkişafı baxımından bu sektor mühüm rol oynayır. XXI əsrdə istənilən mütəxəssis informasiya texnologiyalarına yaxından bələd olmalıdır. Bu gün istənilən mütəxəssisin fəaliyyətinin son nəticəsi onun informasiyadan səmərəli istifadə qabiliyyəti ilə müəyyən edilir. İnformasiya axınından səmərəli faydalanmaq üçün müasir müəllim kompüter, telekommunikasiya və digər İT vasitələri ilə məlumatı əldə etmək, emal etmək, bu informasiyadan öz peşə fəaliyyətində səmərəli istifadə etmək bacarığına yiyələnməlidir. İnkişafın müasir mərhələsində dəyişikliklərin, innovasiyaların istiqaməti və intensivliyi hesablama texnikası, telekommunikasiya, proqram vasitələrinin imkanları ilə deyil, daha çox bu vasitələrdən istifadə edən insanların yeniliklərə, innovasiyalara, davamlı dəyişikliklərə hazırlığı, onların ixtisas səviyyəsi, tələb və ehtiyacları ilə müəyyən edilir. Bu amillər bir daha cəmiyyətdə təhsilin artan rolunu göstərir. Bu gün təhsil və cəmiyyət tam bir vəhdət təşkil edir, bir sistem halında birləşir. Bu sistemin həqiqi miqyası hələ də cəmiyyət tərəfindən aydın dərk edilmir.
- Bunu necə izah edirsiniz?
-Cəmiyyətin, bəşəriyyətin inkişafında baş verən hər hansı qlobal dəyişiklik təhsil sektorunun real vəziyyətinə ciddi təsir göstərir. Bu gün hər hansı ölkənin öz inkişafinda optimal tarixi trayektoriya seçməsi və onu səmərəli reallaşdırması nəticə etibarı ilə ölkədə mövcud olan informasiya və təhsil mühitindən çox asılıdır. Çünki informasiya mühitinin formalaşma səviyyəsi kadrların ixtisas səviyyəsindən, kadrların ixtisas səviyyəsi isə ölkədəki təhsil sisteminin vəziyyətindən asılıdır. Yeni düzəndə formalaşan dünyaya geniş yol açan müasir təhsil sisteminin əsas alətlərindən biri məhz informasiya texnologiyalarıdır. İT varlığımızın, bizi əhatə edən aləmin mühüm komponentlərini dəyişdirməyə imkan verir. İT-nın təhsil sferasında istifadə strategiyasının hazırlanması milli və qlobal səviyyədə strateji planlaşdırılmanın mühüm problemlərindəndir. Bu səbəbdən təhsilin informatlaşması bütün ölkələr üçün prioritet məsələdir. Sosial -iqtisadi sahələrin səmərəli informatlaşması məhz təhsilin informatlaşmasından başlayır.
“İnformasiya axınından səmərəli faydalanmaq üçün müasir müəllim kompüter, telekommunikasiya və digər İT vasitələri ilə məlumatı əldə etmək, emal etmək, bu informasiyadan öz peşə fəaliyyətində səmərəli istifadə etmək bacarığına yiyələnməlidir”
Dünyanın müasir inkişafındakı ziddiyyətlərdən yaranan siyasi, iqtisadi və sosial çətinliklər bir çox ölkələr üçün ciddi problemlər yaradır. Bir çox ölkələr kimi, müstəqil Azərbaycan Respublikasının qarşısında da həlli sadə olmayan siyasi, iqtisadı və sosial vəzifələr durur. Bu vəzifələrin uğurlu həlli ölkədə müasir tələblərə cavab verən mükəmməl təhsil sisteminin formalaşmasını tələb edir. Bu yöndə ali təhsilin xüsusi rolu var. İnformasiya cəmiyyətində ali məktəbdə müasir tələblərə cavab verən, keyfiyyətli kadr hazırlığı daha çox tədris prosesində informasiya texnologiyalarından səmərəli istifadədən asılıdır. Təhsil cəmiyyətin sosial sferasının mühüm tərkib hissəsidir. Bu səbəbdən təhsilin informatlaşmasının problemləri, əsas istiqamətləri və mərhələləri cəmiyyətin informatlaşması müddəaları ilə üst-üstə düşür. Cəmiyyətin informatlaşmasını şərti olaraq 3 mərhədəyə ayırmaq olar.
-Onlar hansi mərhələlərdir?
-İnformatlaşmanın 1-ci mərhələsinin məqsədi cəmiyyətin kompüterləşməsidir. Bu mərhələnin təhsil sahəsində əsas nəticəsi ali məktəblərin hesablama texnikası ilə təchiz edilməsidir. Bu mərhələdə informasiya mədəniyyəti əsaslarının formalaşması, təhsil sahəsində olan informasiya fondlarının rəqəmsal formaya keçirilməsi əsas məqsədlərdən biridir. İnformatlaşmanın 2-ci mərhələsinın məqsədi informasiya fondlarının fərdiləşməsindən ibarətdir, bu məqsədlə təhsilin bütün səviyyələrində hesablama texnikasının intensiv tətbiqinə ehtiyac yaranır. İnformatlaşmanın 3-cü mərhələsinın məqsədi informasiya fondlarının ictimailəşdirilməsindən ibarətdir. Bunun nəticəsində informasiya mədəniyyətinin yüksək səviyyəsi formalaşacaq, məsafədən əlyetərli olan inteqral kompüter informasiya fondları yaranacaq, əhalinin informasiya ehtiyacları tam təmin olunacaq. Təhsil sferasında informatlaşma prosesi 2 “müstəvi”də həyata keçirilir:
1. İdarə edilməyən informatlaşma. Bu istiqamət “aşağıların” təşəbbüsü ilə həyata keçirilir. Bu zaman innovativ düşüncəli pedaqoji kadrların təşəbbüsü ilə tədris prosesinin müəyyən hissəsi, ayrı-ayrı mərhələlər qismən informatlaşır. Lakin bu sistemli və qənaətbəxş sayıla bilməz, çünki təhsilin informatlaşması kimi mürəkkəb proses dəqiq layihələnməli və ciddi resurslarla təmin edilməlidir.
2. İdarə edilən informatlaşma. Bu istiqamət “yuxarıların” təşəbbüsü ilə müəyyən konsepsiya və proqramlar əsasında həyata keçirilir, tədris prosesini maddi və qeyri-maddi resurslarla təmin edilir. Bu proses ölkənin təhsil strategiyası və müvafiq dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçirilməlidir.
Ənənəvi təhsil texnologiyalarından fərqli olaraq, informasiya texnologiyalarının predmeti və prosesin (əməyin) son nəticəsi informasiyadır, əmək aləti isə kompüterdir. Bu səbəbdən yaradılmış informasiya məhsullarının keyfiyyəti və istifadə səmərəsi tətbiq edilən aparat və proqram vasitələrinin keyfiyyətindən asılıdır.
İT-nin tətbiqi 2 tip problemi əhatə edir:
1. İstifadəçinin konkret
funksional problemlərinin
həlli;
2. Konkret problemlərin həllini dəstəkləyən
informasiya proseslərinin
təşkili.
Anar Miriyev
Palitra.-2016.-12 avqust.-S.11.