“Pedaqoji kadrların İKT səriştəliliyinin yüksəldilməsi problemi hələ də real həllini tapmayıb”

 

Dosent İlham Əhmədov:“İstənilən təhsil səviyyəsinin, o cümlədən ali təhsil sisteminin informatlaşması üçün ilk növbədə “Milli təhsil sisteminin informatlaşması” konsepsiyası hazırlanmalıdır”

 

Ölkəmizdə həyata keçirilən davamlı və dayanıqlı inkişafı siyasətinin prioritet istiqamətlərindən elan olunan informasiya-kommunikasiya texnologiyaları (İKT) sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Hazırda respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. 2005-2008-ci illər üçün “Elektron Azərbaycan” Dövlət Proqramında nəzərdə tutulan tədbirlər informasiya cəmiyyətinə keçidi təmin etmək üçün ilkin mərhələdə görüləcək işləri əhatə edib. Proqram üzrə görülmüş işlər sayəsində respublikanın rabitə və informasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yaradılması, sahəyə investisiyaların cəlb edilməsi və özəl sektorun inkişaf etdirilməsi üzrə mühüm addımlar atılıb. Respublika əhalisinin İKT-dən istifadə səviyyəsinin artırılması, sahə üçün yüksəkixtisaslı kadrların hazırlanması və digər istiqamətlərdə müəyyən işlər görülüb. Azərbaycan üçün təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamətlərdən biri sayılır. Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində bir sıra addımlar atılıb. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələlərlə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədovun fikirlərini təqdim edəcəyik:

-Bir çox ölkələrdə təhsil sisteminin informatlaşması konsepsiyası mövcuddur. Bu konsepsiyalarda qeyd edilir ki, təhsilin informatlaşmasının strateji məqsədi yeni informasiya texnologiyalarından (YİT) istifadə əsasında intellektual fəaliyyətin qlobal rasionallaşması, postindustrial cəmiyyətin tələblərinə uyğun olaraq yeni tip təfəkkürə malik mütəxəssislərin hazırlanması, bu proseslərin keyfiyyət və səmərəsinin yüksəldilməsidir. Bu prosesin nəticəsində cəmiyyətdə kütləvi kompüter savadlılığına nail olmaq, təhsilin fərdiləşməsi hesabına informasiya mədəniyyəti formalaşdırmaq mümkündür. Təhsilin informatlaşmasının bu məqsədləri mahiyyətcə uzunmüddətli dövrü əhatə edir, bu səbəbdən XXI əsrdə də öz aktuallığını saxlayacaq.

Təhsil sferasının informatlaşmasının strateji məqsədi çoxaspektli olub, bir sıra hədəfləri müəyyyən edir:

1. Tələbələri informasiya cəmiyyəti şəraitində yaşamağa, ictimai və peşə fəaliyyətində səmərəli iştiraka hazırlamaq;

2. Təhsilin keyfiyyətini yüksəltmək;

3. Təhsilin əlyetərlilik səviyyəsini yüksəltmək;

4. Əhalinin təhsil səviyyəsinin, insan kapitalı keyfiyyətinin yüksəldilməsi hesabına ölkənin iqtisadi potensialının artımına nail olmaq;

5. Milli təhsil sistemini qlobal elm, iqtisadiyyat, ictimai- siyasi və mədəni infrastruktura inteqrasiya etmək.

Təhsilin informatlaşmasının strateji vəzifələri aşağıdakılardan ibarətdir:

1. Perspektiv İT-dən istifadə edərək təhsilin keyfiyyətinin yüksəldilməsi;

2. Mütəxəssis hazırlığının müxtəlif istiqamət və səviyyələrində İT-dən istifadənin məqsədəuyğunluğunun təhlili;

3. Ümumi və peşə təhsilinin informatlaşma metodologiyasının elmi əsaslandırılması;

4. Məlumatların toplanması, emalı, təqdiminin yeni prinsip və metodlarının hazırlanması;

5. İT-nin standartlaşma sisteminin yaradılması, təhsil yönümlü proqram və texniki vasitələrin sertifikatlaşma metodikasının hazırlanması;

6. Təhsil sferasının vahid telekommunikasiya şəbəkəsinin yaradılması;

7. Ölkənin bütün istifadəçi qrupları üçün təhsilyönümlü informasiya resurslarının vahid verilənlər bazasına kütləvi əlyetərliliyin təmin edilməsi.

Təhsil sisteminin informatlaşmasının əsas istiqamətləri aşağıdakılardır:

1. Ümumi və peşə təhsilində təlim proseslərinin avtomatlaşdırılması;

2. Dövlət təhsil standartları ilə müəyyən edilmiş ümumi və peşə “informasiya mədəniyyəti”nin formalaşması üçün tələbələrin zəruri bilik, bacarıq və vərdişlərə yiyələnməsi;

3. Təhsil sferasının informasiya infrastrukturunun yaradılması;

4. Təhsilin idarə edilməsi proseslərinin informatlaşması;

5. Milli təhsil sistemində həyata keçirilən elmi tədqiqatların informatlaşması;

6. Təhsil sferasının müasir informasiya-hesablama vasitələri və telekommunikasiya sistemi ilə təminatı;

7. Müasir distant təhsil sisteminin yaradılması və inkişafı.

- Bunları həyata keçirmək üçün hansı işlər həyata keçirilməlidir?

- Onu qeyd edim ki, bu gün ali təhsil müəssisələrində yeni formalaşan təhsil paradiqmasına keçid yolları araşdırılır. Yeni təhsil paradiqması yeni nəsildə səriştəlilik, erudisiya, kreativlik, mütəxəssisin şəxsi və peşə mədəniyyəti kimi keyfiyyətlərin formalaşdırılmasına istiqamətlənməlidir. Təhsilin yeni paradiqması əvvəlki paradiqmanı inkar etmir, ənənəvi paradiqmanın prioritetlərinin saxlayaraq təhsilin keyfiyyətini daha yüksək səviyyəyə qaldırılmasını nəzərdə tutur. Bu səbədən ali təhsil sisteminə yanaşma və onun məqsədləri dəyişikliklərə məruz qalır.

Yeni təhsil paradiqmasının mühüm komponentləri aşağıdakılardır:

1. Təhsil prosesinin informatlaşması konsepsiyası;

2. Təlimin yeni texnologiyalarının hazırlanması və tədris prosesində tətbiqi;

3. İnformasiya-təhsil məkanı (İTM) şəraitində müəllimin yeni-innovativ fəaliyyət modelinin konseptual əsaslarının hazırlanması;

4. Müəllim peşəkarlığının yüksəldilməsinin psixoloji-pedaqoji qanunauyğunluqlarının elmi təhlili, təcrübədə ondan geniş istifadə.

Ali təhsil müəssisələrində təlim-tərbiyə strategiyası hazırlanarkən bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır:

1. Ali təhsil müəssisələrində təhsilin məzmunu və məzunlarının fəaliyyət spesifikliyinin nəzərə alınması. Məsələn, ali pedaqoji təhsil müəssisəsi digər ali məktəblərdən müəyyən qədər fərqlənir. Belə ki, məzunların gələcək peşə fəaliyyəti yeni nəslin təlim-tərbiyəsi, insan kapitalının inkişafı ilə, nəticə etibarı ilə xalqın və dövlətin gələcəyi ilə birbaşa bağlıdır. Məzunların gələcək peşə fəaliyyəti informasiya resursları və texnologiyalarının sürətli artımı fonunda, müəllimin informasiya mənbəyi kimi statusunun dəyişməsi şəraitində baş verir;

2. Elmi texniki tərəqqinin sürətlə artan tempi, informasiya axınlarının intensivləşməsi, mürəkkəb pedaqoji sistemlərin yaranmasına səbəb olmuşdur. Bu gün pedaqoji prosesdə məlumatların yığılması, saxlanılması, emalı, ötürülməsi intensivliyi, məlumatların həcmi elə bir həddə çatmışdır ki, İT-dən sistemli və elmi əsaslarla istifadə artıq həlledici amilə çevrilmişdir.

İT-nin tətbiqi ilə əlaqədar hər hansı bir proses aşağıdakı 3 mühüm məsələnin həllini tələb edir:

1. Yeni aparat vasitələrinin müəyyən edilməsi;

2. Yeni proqram vasitələrinin hazırlanması;

3. Kadrların yeni tələblər səviyyəsində hazırlığı.

Sonuncu problem- kadrların hazırlığı digər 2 problemdən daha mürəkkəb və mühümdür. Qeyd etməliyik ki, bir çox pedaqoji kadrların yeni informasiya-təhsil mühitində iş səriştəsi və psixoloji hazırlığı zəifdir. Pedaqoji kadrların İKT səriştəliliyinin yüksəldilməsi problemi hələ də öz real həllini tapmayıb.

-Bu sahəyə yaxından bələd olan ekspert kimi nə təklif edirsiniz?

-İstənilən təhsil səviyyəsinin, o cümlədən ali təhsil sisteminin informatlaşması üçün, ilk növbədə “Milli təhsil sisteminin informatlaşması” konsepsiyası hazırlanmalıdır. Bu konsepsiyanın hazırlanmasından sonra ali pedaqoji təhsil sisteminin informatlaşması konsepsiyası hazırlana bilər. Bu konsepsiyada bir çox məsələlərlə yanaşı pedaqoji kadrların İKT səriştəliliyi konkretləşməli, onun reallaşmasının konkret yolları müəyyənləşməlidir. Müəllim bilməlidir ki, kompüterin imkanlarından harada, hansı məqsədlə və necə istifadə etsin, bu məqsədlə hansı proqram vasitələrini tətbiq etsin. Cəmiyyətin informatlaşması şəraitində pedaqoji fəaliyyətin xüsusiyyətləri nədən ibarətdir? Bu sualın cavablandırılması təhsil ictimaiyyəti qarşısında duran mühüm problemlərdir. Bu suala cavabı, ilk növbədə ali təhsil müəssisələri tapmalıdır. Gələcək mütəxəssisin informasiya mədəniyyətinin əsası isə məhz ali pedaqoji təhsil müəssisələrində, tələbəlik dövründə qoyulur. Bu prosesdə bir sıra fənlərin, xüsusən də ”İnformatika” fənninin tədrisi mühüm rol oynayır. Bu mənada XXI əsrin zəruri səriştələrinin formalaşmasında “İnformatika” fənninin tədrisi xüsusi rola malikdir.

Anar Miriyev

 

Palitra.-2016.-13 avqust.-S.11.