“Magistratura pilləsinə
daxil olduqdan sonra İKT mənim təhsilimin ayrılmaz bir hissəsinə çevrildi”
“Məqalələrimi yazmaqda,
slaydlarımın hazırlanmasında, kitabların elektron
formada oxunmasında, elmi işimi yazmaqda bir sözlə, həyatımın
hər anında İKT var”
Cəmiyyət həyatının informasiya kommunikasiya texnologiyalarının (İKT) müasir tələbləri çərçivəsində inkişafı, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və şəffaflığın artırılması, yeni-yeni milli informasiya ehtiyatlarının yaradılması və təhlükəsizliyinin təmin edilməsi, müasir elmi biliklərə əsaslanan iqtisadiyyatın inkişafı, bütün sahələrdə yeni texnologiyaların geniş tətbiqinə nail olunması, qlobal informasiya fəzasında inteqrasiyanın genişləndirilməsi ölkədə informasiya cəmiyyətinə keçidi təmin edəcək fəaliyyətin tərkib hissələridir. Hazırkı şəraitdə təhsilin inkişafı müasir texnologiyasız mümkün deyil. Elə bu səbəbdən də İnformasiya kommunikasiya texnologiyalarının (İKT) təhsil sahəsinə transfer edilməsi və genişləndirilməsi prioritetə çevrilib.
Layihə çərçivəsində
müsahibimiz Türkiyə Erciyes Universetinin Hüquq fakültəsinin magistrı Ləman
Süleymanlıdır:
- Mən Ləman Süleymanlı 1983-cü ildə Sumqayıtda müəllim ailəsində doğulmuşam. Orta məktəbi Sumqayıt 9 saylı orta məktəbdə oxuduqdan sonra 2001-ci ildə Moskva Universitetinin Hüquq fakültəsinə daxil olub, 2005-ci ildə isə oranı bitirmişəm. Ali məktəbi bitirdikdən sonra Sumqayıt “Potensial” Hüquq mərkəzində, SİQMA, Avrasiya araşdırmalar, Qafqaz araşdırmalar mərkəzlərində çalışmışam. 2013-cü ildə Türkiyənin təqaüd proqramı əsasında Kayseri Erciyes Universitetinin Hüquq fakültəsinin magistratura pilləsinə daxil olmuşam. Hazırda “Türkiyə və Azərbaycan hüququnda qadın və uşaqların əmək haqları” elmi işim üzərində çalışıram.
- Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri kimi həyatın bütün sahələrində İKT-nin tətbiqini necə qiymətləndirirsiniz?
-Müasir dünyamızın hər bir anını İKT-siz təsəvvür etmək qeyri-mümkündür. Və olması da gərəkən məhz budur. Düşünsək görərik ki, uzun illər bundan öncə biz uzaqda yaşayan yaxınlarımızla məktub və ya teleqram vasitəsiylə ünsiyyət qurur, onların necə olduqlarını öyrənirdik. Hətta bəzən göndərdiyimiz məktublar və ya teleqramlar gedib çatmırdı və bizim özümüzə qayıdırdı. Amma indi uzun məsafələr yaxınlaşıb, hər şeydən anında xəbər alırıq və məlumatlandırılırıq. Bunu, sizcə, necə pis qiymətləndirə bilərik? Bəlkə də bir vaxtlar Qarabağ müharibəsi zamanı İKT bu qədər güclü olsaydı haqlı olduğumuz halda haqsız vəziyyətə düşməzdik. Dünyaya səsimizi olduğumuz kimi çatdıra bilərdik. Hər kəsə bəllidir ki, biz o zamanlar məlumat azlığı yaşayırdıq. Yaxınlarımızla əlaqə saxlamaq necə də çətin idi. Mənfur düşmənlərimiz bizim xalqa etdiklərini başqa cür təqdim etdilər. Buna inanan dövlət və xalqlar oldu da, olmadı da. Amma indi biz bu sahədə çox inkişaf etmişik.
- İnformasiya
kommunikasiya texnologiyalarının (İKT)
tətbiq olunduğu əsas sahələrdən
biri də təhsildir. Təhsilin
inkişafında İKT-nin rolunu necə qiymətləndirirsiniz?
- Müasir təhsilimizin keyfiyyətli olmasının ən önəmli məqamlarından biri də təhsilin məhz İKT ilə əlaqəli olmasıdır. Hansı təhsil mərkəzi İKT-dən yararlanırsa o məktəbin imtahanlarda nəticələri yüksək olur. Çünki istər orta, istər ali məktəblərdə olsun, təhsil alan şagird və ya tələbə daha geniş məlumat əldə edir və bilgilənir. Özünün dünyagörüşünü və bilgisini artırır. Kitabdan oxuduğunu əyaniliklə görür və bu da onun yaddaşına çox yaxşı həkk olunur. Məsələn, dərsin mövzusu Şah İsmail Xətaidirsə bu barədə auditoriyaya şəkillər verilir və onun siyasi həyatından bəhs edilir. Bu dərs uşaqların yaddaşında niyə də qalmasın. Və yaxud təhsil almaq istəyənlər dünyanın təhsil sistemi ilə maraqlana bilirlər. Araşdırma apardığı mövzuda məlumatlar əldə edə bilirlər. İstədiyi və təhsil almaq istədiyi təhsil ocağı ilə maraqlanır. Və yaxud distant təhsil alır. Mən bir gənc kimi istərdim ölkəmin bütün orta və ali məktəbləri bu sistemdən yararlansın. Türkiyədə 5-ci sinifdən etibarən bütün məktəblilərə planşet paylanılıb. Və bütün dərslər elektron üsulla keçirilir. Bildiyimə görə, Türkiyə təhsil sistemi Qərbi Avropanı çıxmaqla dünyada ilk yerləri tutur.
- Təhsil
aldığınız müddətdə İKT-nin
imkanlarından necə yararlanmısınız?
- Mənim uşaqlığım müharibə illərinə təsadüf edir. Təhsildən çox bizi müharibə narahat edirdi. Məktəbə gəlməyə çox şagirdin geyimi yox idi. Ərzaq qıtlığı var idi. Və bizlər o zamanlarda kompüterin nə olduğunu heç bilmirdik. Hər 10 insandan birinin evində telefon var idi. Mən kompüteri 11-ci sinifdə informatika dərsində görmüşdüm. 1 ədəd kompüterdən 20 şagird istifadə edirdi. Hər hansı birimizə sıra 2 və ya 3 dərsdən bir gəlib çatırdı. Universitet illərimdə isə, deyərdim ki, yox dərəcəsində idi. Biz hər hansı xırda bir şey üçün internet kafelərə gedirdik. Zaman keçdi və hər şey dəyişdi. İndi hər 10 evdən ən azı 7 də leptop var. Uşaqlar balacalığından kompüterdə necə davranmağı bilir. 2013-cü ildə mən Türkiyədə magistratura pilləsinə daxil olduqdan sonra İKT mənim təhsilimin ayrılmaz bir hissəsinə çevrildi. Məqalələrimi yazmaqda, slaydlarımın hazırlanmasında, kitabların elektron formada oxunmasında, elmi işimi yazmaqda, bir sözlə, həyatımın hər anında İKT var. Bəzən düşünürəm, görəsən, bizlər indi informasiyasız necə yaşaya bilərik.
- Bu
gün kitablar belə
elektronlaşdırılıb. Bu, gənclər
üçün hansı imkanlar
yaradır?
- Bu çox gözəl bir şeydir. Bilirsiniz, dünyanın ən kasıb təbəqəsi tələbədir. Tələbə ən az pulla daha çox bilik əldə etmək istəyir. Təhsilimizi artırmaq üçün hər gün kitab almaq bir az çətin olur. Kitabların “pdf” formasını tapıb oxumaq daha sərfəli və əlverişlidir. İstədiyimiz kitabı istədiyimiz dildə elektron kitabxanalardan tapıb çox cüzi pulla, bəzən isə pulsuz kompüterimizə endirib oxuya bilirik. Sizcə, bundan gözəl nə ola bilər? Artıq dünyanın bütün ali təhsil məktəblərində elektron kitabxana var. Çünki kitabın sayı bəlli ola bilər. Amma elektron kitabxanada olan kitabı nə qədər endirsək də bitməz. Təhsil almaq istəyən bütün tələbələr universitet seçərkən həmin universitetin kitabxana zənginliyi ilə maraqlanırlar. Universitetdə pulsuz internetin olub olmamağına əsas verirlər. Türkiyənin bütün ali təhsil mərkəzləri də bunu əsas götürürlər. Çünki bu, artıq zamanın tələbinə çevrilib.
- Ümumiyyətlə, gənclərin elektron kitablara üstünlük verməsini necə qiymətləndirirsiniz?
- Bunu insanların öz ixtiyarına vermək lazımdır. Hər kəs üçün necə rahatdırsa o cür də kitab oxumalıdır. Çünki bir çox insanlar kitab oxumaq istəyir. Kitabın səhifələrini çevirmək və onun iyini hiss etmək başqa bir şeydir. Bunu, sözsüz, elektron kitab bizə verə bilməz. Amma istədiyimiz hər kitabı ya tapa bilmirik, ya da bəlli bir səbəblərdən ala bilmirik. Amma oxumaq da istəyirik. O zaman isə elektron kitabxanaya üz tuturuq. Elektron kitab oxumaq, eyni zamanda təbiətə də xeyir verir. Axı kağız əldə etmək üçün sahələrlə ağac kəsilir və bu isə təbiətə zərər verir. Təbiətin məhvi isə dünyanın məhvinə sürükləyə bilər.
- Son
vaxtlar gənclər sosial
şəbəkələrdən də çox
istifadə edirlər. Bir gənc olaraq sizin fikrinizcə, sosial şəbəkələrdən istifadə
faydalıdırmı?
-Məncə, çox önəmlidir. Artıq sosial şəbəkələr sanki bizim CV-yə çevrilib. Çünki bizim haqqımızda hər şey sosial şəbəkədə var. Paylaşımlarımız bizim iç dünyamızdan düşüncəmizə kimi hər şeyimi ortaya qoyur. Bilmədiklərimizi biz sosial şəbəkələrdən öyrənirik. Artıq bu, zamanın tələbinə çevrilib. Kiminləsə tanış olduqda onun “Facebook”da olub olmadığını soruşuruq. Çünki onun səhifəsinə göz yetirməklə o insanın hansı düşüncə sahibi olduğunu görmüş oluruq. Dünyada 50 yaşında insan belə, fərq etməz, qadın və ya kişi olsun, sosial şəbəkədən istifadə edir, dünyanın hər yerindən özünə dost əldə edir. Onlarla münasibət qurur və o ölkəyə gedəndə isə çarəsiz qalmır. Sosial şəbəkələr vasitəsi ilə insanlar iş tapır. Mən sosial şəbəkələrin istifadəsində pis heç nə görmürəm. Dünyada siyasətçilərdən tutmuş sıravi insanlara kimi, hamı sosial şəbəkəni həyat tərzinə çeviriblər. Sosial şəbəkələr vasitəsi ilə yaxını uzaq, məsafəni qısaltmış oluruq.
Nigar Abdullayeva
Palitra.-2016.-16 avqust.-S.11.