Azərbaycanlı vəkil Krasnoyarskda
erməniləri necə susdurub?
Ələkbər
Qarayev: “Bir çox diaspor təşkilatlarımız
düzgün istiqamətdə işləmirlər”
Azərbaycanın diaspor üzvlərinin yaşadıqları ölkələrdə müxtəlif rəsmi vəzifələrdə ölkəmizi təmsil etmələri prioritetdir. Bu, eyni zamanda diasporumuzun sayılıb-seçilməsi üçün mühüm əhəmiyyət daşıyır. Elə müsahibimiz Ələkbər Qarayev də hüquqşünas olaraq Rusiyanın Krasnoyarsk şəhərində sayılıb-seçilən soydaşlarımızdandır. Qeyd edək ki, Ə.Qarayev 1964-cü ildə Samux rayonunda dünyaya gəlib. Orta məktəbi başa vurandan sonra Sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra Krasnoyarsk şəhərində Sibir Texnologiya İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olub. İnstitutu bitirib bir müddət öz ixtisası üzrə işləyib. Lakin uşaqlıqdan onun arzusu vəkil işləmək olduğundan 1996-cı ildə Krasnoyarsk Dövlət Universitetinə qəbul olunub. 2000-ci ildə universiteti bitirəndən vəkil kimi çalışır. Eyni zamanda, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Krasnoyarsk üzrə şöbəsinin sədr müavinidir.
-Bir
vəkil olaraq Krasnoyarskda
azərbaycanlıların hüquqlarını necə qoruyursuz?
- 2002-ci ildən Rusiya Hüquqşünaslar Assosiasiyasının üzviyəm. Bunun əsasında mən nəinki azərbaycanlılara, ümumiyyətlə, bütün miqrantlara pulsuz kömək edirəm. Əlbəttə ki, bu baxımdan azərbaycanlılar birinci yerdədir. Çox təəssüflər olsun ki, bura gələn azərbaycanlılar hüquqlarını bilmirlər.
-Yəqin ki, vəkil kimi işlərinizlə bağlı ermənilərlə də qarşı-qarşıya gəlirsiz.
- Ermənilərlə güclü mübarizəmiz gedir. 5 il bundan öncə ermənilər Ermənistandan idman köynəyi gətirmişdilər. Şəhər Günü paradında bütün diasporlar kollektiv şəkildə Krasnoyarskının mərkəzi küçəsində keçirdilər. Həmin idman köynəklərinin arxasında Ermənistanın xəritəsi təsvir olunurdu. Bu xəritədə Qarabağı da Ermənistan ərazisi kimi göstərmişdilər. Biz tez polislərə və şəhərin İcra Hakimiyyətinə bununla bağlı məlumat verib etirazımızı bildirdik. Məcbur etdirib bu idman köynəklərini onların əyinlərindən çıxartdırdıq.
Bilirsiz, ermənilərlə dalaşmaq lazım deyil. Onlarla hüquq çərçivəsində mübarizə aparmaq lazımdır. Biz də bu yolla onları susdururuq. Yəni ictimaiyyət arasında Azərbaycanla, eləcə də Qarabağla bağlı hər hansı addım atmağa icazə vermirik. Bəzən deyirlər ki, erməni diasporu güclüdür. Əslində isə belə deyil. Bu gün Azərbaycanı sevməyən də var. Onlar Azərbaycana qarşı özləri deyil, erməni diasporunun əli ilə təzyiq edir və ya təxribatlar yaradırlar. Yəni erməni diasporuna həm təxribatçı ideyalar, həm də maliyyə verirlər. Beləcə, erməni diasporunu gücləndirməklə öz istəklərinə çatırlar.
-Bir
neçə il bundan qabaq Krasnoyarskda erməni terrorizmi ilə bağlı kitabın
oxunmasına qadağa qoyan
məhkəmə iddiası qaldırılmışdı. Necə
oldu ki, bu məsələ qalxdı?
-Biz Azərbaycana hər gələndə Qarabağ həqiqətləri, erməni terrorizmi və s. mövzularda jurnal, qəzet, kitablar gətirib burada soydaşlarımızla bərabər, qeyri-azərbaycanlılara da veririk. Bunlardan biri də Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbov və “Azərinform”un (indiki AzərTAc) mərhum sabiq baş direktoru Azad Şərifovun müəllifliyi ilə 1992-ci ildə “Azərbaycan” nəşriyyatında rus dilində nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomudur. 2013-cü ilin oktyabrında Krasnoyarsk Vilayəti üzrə Prokurorluğa vilayətin ərazisində bu nəşrin yayıldığı barədə məlumat verilib. V. P. Astafyev adına Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilmiş psixoloji-linqvistik təhqiqat nəticəsində əldə olunmuş “rəy” kitabın əleyhinə olub. Prokurorluq “Ekstremist fəaliyyətə qarşı” Federal Qanuna istinad edərək Rusiya Federasiyasının maraqlarının müdafiəsi məqsədilə həmin nəşri “ekstremist material” kimi tanıyıb və müvafiq qərarını məhkəməyə göndərib.
Mənə səfirlikdən zəng etdilər ki, bu məsələ ilə maraqlanım. Gördüm ki, Krasnoyarsk diyarının Prokurorluğu Rusiyanın Krasnoyarsk vilayətində “Erməni terrorizmi” kitabının ekstremist ədəbiyyat kimi tanınması barədə Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsində iddia qaldırıb. İddiada təkcə kitabın yayımının deyil, həm də kitabdakı şəkillərdən istifadənin qadağan olunması istənilirdi.
AzərTAC və “Azərbaycan” nəşriyyatının nümayəndəsi olaraq vəkil kimi prosesdə iştirakım üçün icazə verildikdən sonra araşdırmamız zamanı məlum oldu ki, Krasnoyarskda bu işlə məşğul olan Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin milliyyətcə rus olan 2 qadın müəlliməsidir. Müəllimələrdən birinin Moskvadakı elmi rəhbəri ermənidir.
Biz də xahiş
etdik ki, Azərbaycanda
bu kitabı ekspertiza
etsinlər. Bizə 35 illik təcrübəsi
olan bir professor rəy vermişdi ki, bu kitabda
heç bir ekstremist materiallar yoxdur, adicə məlumat xarakterli
faktlardır. Həmin rəyi aparıb məhkəməyə
təqdim etdik. Məhkəmə qəbul etdi, amma buna
əhəmiyyət vermədi. Sonra Moskvada Ekspert İnstitutunda Azərbaycanın Rusiya Federasiyasındakı səfirinin müavini Qüdsi Osmanovun köməkliyi ilə bu
kitabın təhqiqatının aparılmasına nail olduq. Onlar da rəy verdilər
ki, bu kitabda
heç bir ekstremist xarakter daşıyan material yoxdur. Həmin rəyi
də işin tərkibinə əlavə
etdilər. Sonra bu rəy verən alimi Moskvadan Krasnoyarska çağırtdırdıq.
Şahid
qismində onu biz orda dindirdik. O da yerli rəyin
məqsədli olduğunu
və düzgün verilmədiyini təsdiqlədi.
Beləcə, yerli rəylə
Moskvadan gələn rəy bir-birinin əksinə oldu.
Buna baxmayaraq, Krasnoyarsk Şəhər
Mərkəzi Rayon Məhkəməsi
martın 5-də maraqlı
tərəflərin təzyiqi
ilə Krasnoyarsk diyarının
Prokurorluğunun xeyrinə,
kitabın əleyhinə
qərar verdi.
-Bəs bu prosesdə necə qələbə qazandız?
-Bundan sonra biz mübarizəmizi daha da gücləndirdik. Mən
Krasnoyarsk diyar Məhkəməsinə
apelyasiya şikayəti
verdim. Eyni zamanda kitabla bağlı müsbət qərar verilməsinə
nail olunması üçün
Rusiyanın nüfuzlu,
tanınmış ekspertləri
və hüquqşünasları
ilə görüşlər
keçirdim. Diyar məhkəməsində
də bildirdilər ki, bunlar bu
qərarı ləğv
etməlidirlər. Krasnoyarsk
Diyar Prokurorluğuna dedilər ki, bunu ləğv etsələr, yoxsa onların nüfuzu düşə bilər.
Prosesi elə qurdular ki, iddia qaldıranlar
öz ərizələrini
geri götürdülər.
Beləcə, mayın
18-də məhkəmə “Erməni terrorizmi” kitabının lehinə qərar verdi.
Qərarda göstərilir ki,
bundan sonra Rusiya ərazisində heç bir orqan ikinci dəfə
“Erməni terrorizmi” kitabı ilə bağlı məsələyə
baxa bilməz.
-Daha sonra həmin kitabın çapı və ya yayılması
ilə bağlı iş gördüzmü?
- Bu, həqiqətən, dəyərli
kitabdır. Ona görə də
o kitab lazımdır ki, Rusiyanın başqa regionlarında da yayılsın. Mən
ÜAK-ın regional sədrləri
ilə danışmışam
ki, çap edib paylasınlar. Yəni planda var ki,
bu kitab Rusiya ərazisində geniş şəkildə
yayılsın.
-Diaspor təşkilatlarının fəaliyyəti
siz qane edirmi?
-Təəssüf ki, bir çox diaspor təşkilatlarımız
düzgün istiqamətdə
işləmirlər. Hamısı gəlib deyirlər ki, dərnək yaradıblar, amma fəaliyyətləri effekt
vermir. Hələ
5 il bundan
qabaq Azərbaycanın
diaspor rəhbərlərini
səfirliyə dəvət
etmişdilər. Orada
Azərbaycanın Rusiya
Federasiyasındakı səfiri
Polad Bülbüloğlu
dedi ki, kim necə
istəyirsə cəmiyyət
yaradır, sonra da aralarında narazılıq baş verir. Mən onda dedim ki,
səfirlik diaspor təşkilatlarımızın hamısına təsir etməli və öz ətrafına toplamalıdır. Ermənilərin Rusiyada bir konqresləri
var və hamısı da onun ətrafına birləşib. Rusiyadakı soydaşlarımız
ÜAK-ın ətrafında
birləşməlidir. Yəni bölgələrdəkilər ÜAK-ın regional şöbələrinin
ətrafında olmalıdır.
Ümumi
olaraqsa hamısı
ÜAK-ın mərkəzinə
bağlı olmalıdır.
Bununla yanaşı, bizim diaspor siyasi fəaliyyətini də gücləndirməlidir.
Hamı bilir ki, Rusiyada
ilk rəqs ansamblını
Krasnoyarskda Səadət
xanım yaradıb. Rusiya ərazisində
hələ də ikinci belə ansambl yoxdur. “Odlar yurdu” adlı bu rəqs
ansamblı 3 dəfə
Azərbaycanı xaricdə
təmsil edib.
İlk dəfə
Rusiyada Xocalı soyqırımı haqqında
veriliş çəkdirib
ekrana verən biz olmuşuq. Bizdən iki il sonra Moskvada televiziyada verdilər. Xocalı soyqırımı günü
xaricdə hər azərbaycanlı öz əcnəbi tanışına
bu haqda danışsa böyük
təbliğat işi
görmüş olar.
Fuad Hüseynzadə
Palitra.-2016.-16 avqust.-S.6.