“İKT-dən istifadə zamanı dərs daha maraqlı, fəal, yaddaqalan olur

 

Məlahət Məmmədova:

Biologiya dərslərində İKT-nin rasional şəkildə tətbiqi fənlərarası inteqrasiyaya imkan verməklə yanaşı, şagirdlərin yaradıcılığını artırır, təsəvvürlərini genişləndirir”

 

Layihə çərçivəsində müsahibimiz 132 - 134 ¹ li təhsil kompleksinin biologiya müəlliməsi, metodbirləşmə sədri Məlahət Məmmədovadır. O, müsahibəsinə təhsildə İKT-nin tətbiqinin vacib olması ilə bağlı fikirlərini bildirməklə başladı:

-Yaşadığımız XXI əsri düzgün olaraqkompüter”, “informasiya” əsri adlandırırlar. Belə bir şəraitdə isə təbiidir ki, təhsilin rolu və əhəmiyyəti gündən - günə artır. Bu baxımdan göstərmək yerinə düşərdi ki, Prezident İlham Əliyev tərəfindən imzalanan Təhsilin inkişafı üzrə Dövlət Strategiyası özündə 21-ci əsrin çağırışlarını əhatə edir. Belə ki, strategiya təhsilin bütün mərhələlərində keyfiyyətcə yeni mərhələyə başlamağı, fənlərarası inteqrasiyanı, “qara qızılı insan kapitalına çevirək” fəlsəfəsini qarşımıza vəzifə kimi qoyur. Bu baxımdan müasir təlim texnologiyalarından geniş istifadə mümkündür. Buna məktəblərin texniki imkanları, şəraiti və müasir şagirdlərin, müəllimlərin potensialı imkan verir. Bu günün tələblərinə cavab vermək üçün müasir dərsləri İKT - siz təsəvvür etmək mümkün deyil. İKT - nin tətbiqi bir çox üstünlüklərə nail olmağa imkan verir. 40 illik pedaqoji staja malik bir müəllimə kimi ilk öncə onu deyərdim ki, məntiqi təfəkkürü inkişaf etdirmək pedaqoji prosesin ən zəruri hissəsidir. Bu baxımdan qeyd etməliyəm ki, biologiya dərslərində İKT-nin rasional şəkildə tətbiqi fənlərarası inteqrasiyaya imkan verməklə yanaşı, şagirdlərin yaradıcılığını artırır, təsəvvürlərini genişləndirir. Şagirdlər aldıqları nəzəri informasiyaların videolar, animasiyalar, şəkillərlə görüntülü təsvirini müşahidə və analiz etmə imkanına malik olurlar. Bütün bunlar isə son nəticədə şagirdlərin ilk baxımdan çox çətin, mürəkkəb görünən bir çox “ağır”, “çətin” mövzuları kifayət qədər müvəffəqiyyətlə mənimsəmələrinə, “həzm” etmələrinə imkan verir. Deməliyəm ki, İKT- dən daha çox kurikulum tətbiq olunduğu siniflərdə istifadə edirəm. Belə dərslərdə fənlərarası inteqrasiyaya da geniş imkan olur.

-Konkret olaraq hansı imkanlar olur?

-Məsələn, VI sinifdə “İnsanın təsnifat sistemində yerimövzusunun motivasiyasını quran zaman monitorda Azərbaycan xəritəsinin üzərində əvvəlcə təbiət, heyvanlar aləmini, meymunun, sonra isə insanın şəklini nümayiş etdirirəm. Bu zaman onlara “Həyat bilgisi” fənnində öyrəndikləri məşhur “Kitabi - Dədə Qorqud” dastanında insan təsvir edilərkən onun təbiətlə müqayisə olunduğunu da xatırladıram. Nümayişdən sonra şagirdlər müstəqil surətdə fikirlərini ifadə edirlər. Bir neçə sualla sinfə müraciət edirəm. Artıq şagirdlər Azərbaycanın xəritəsini Vətənimiz kimi ifadə edirlər. Bu zaman onlar Vətənimizin təbiətinin zənginliyini, insanın təbiətin bir hissəsi olduğunu, onun təkamül nəticəsində yarandığını, Azıx mağarasını, onun yerləşdiyi Füzuli rayonunu, nəticə etibarı ilə Vətənimizin insanın təkamülündə mühüm rol oynayan Azıxantropun vətəni olduğunu bilirlər.

 

“Şagirdlər aldıqları nəzəri informasiyaların videolar, animasiyalar, şəkillərlə görüntülü təsvirini müşahidə və analiz etmə imkanına malik olurlar. Bütün bunlar isə son nəticədə şagirdlərin ilk baxımdan çox çətin, mürəkkəb görünən bir çox “ağır”, “çətin” mövzuları kifayət qədər müvəffəqiyyətlə mənimsəmələrinə, “həzm” etmələrinə imkan verir

 

Təbiidir ki, bu zaman coğrafiya, tarix, ədəbiyyat, həyat bilgisi fənləri arasında fənlərarası əlaqə yaratmış oluram. Bu isə həm də şagirdlərə adıçəkilən fənlərdən öyrəndikləri bilikləri də xatırlatmağa və möhkəmlətməyə imkan verir. Belə cəhətlər isə dərsin səmərəsini xüsusilə artırır. “Fəaliyyət” bölümündə isə şagirdlər şəkildə təsvir olunmuş meymun və insanı müqayisə edərək oxşar və fərqli cəhətləri müəyyənləşdirirlər. Bu zaman lövhədəki Venn diaqramında şagirdlərin cavablarını qeyd edirəm (İnsan və insanabənzər meymunların oxşarlığı: bədən nisbətləri - bədənin gövdə hissəsinin qisa olması və uzun ayaqlar; dodaqların, burunun, qulaq seyvanının, mimikanın oxşarlığı və s.)Prokariot orqanizmlər” mövzusunun motivasiyasını da İKT - nin köməyi ilə maraqla qurmağa çalışıram. Bu zaman kompüterproyektorun köməyi ilə lövhədə təbiəti, ilk heyvanlar, insanlar aləmini, qədim yaşayışı şagirdlərin təsəvvüründə canlandırmağa çalışıram. Sonra isə elə buradaca onlara məlumat verirəm ki, bəs bakteriyalar Yer üzərində yaşayan orqanizmlərin ən qədimi hesab olunur. Belə ki, ilk bakteriyaların təqribən 3,5 milyard il əvvəl meydana gəldiyi güman edilir. Bakteriyalar canlıların sadə quruluşlu nümayəndələri olub uzun dövr ərzində, dəyişilməmiş qalmışlar.

-“Ağıllı lövhə”lərdən istifadə səmərəli olurmu?

-Bəli, deməliyəm ki, bu zaman “ağıllı lövhə”lərdən də istifadə edirəm ki, bu da kifayət qədər səmərəli olur. Belə ki, bu zaman “ağıllı lövhə”lərdə mikroskopu, lupanı, bitki hüceyrəsini, bakteriyanı, bakteriya formalarını, bakteriya hüceyrəsinin əsas hissəciklərinin adları göstərilən şəkilləri lövhəyə gətirirəm. Sonra isə hüceyrə quruluşunun öyrənilməsinin elmdə, təbabətdə və kənd təsərrüfatındakı əhəmiyyəti haqqında müəyyən məlumat verib, müzakirə təşkil edirəm. Belə müzakirələr həm də şagirdlərin laboratoriya işinə hazırlanmasını təmin edir. VII siniflərdə “Yosunlar - ibtidai bitkilərdir. Birhüceyrəli yaşıl yosunlar” dərsini keçəndə də dərsin motivasiya hissəsində əvvəlcə lövhəyə klaster metodu ilə sxem çəkirəm. Sonra isə şagirdlər həyati bilik və müşahidələrindən faydalanaraq cavablarını səsləndirir (yosunlar), əlavələr edirlər. Mən isə dərsə verilmiş mətnlə tanışlıqdan və sonrakı sualın müzakirəsi ilə başlayıram. “Fəaliyyət “ mərhələsinə keçməzdən əvvəl isə şagirdləri “ibtidai” və “ali bitkilər” anlayışları ilə tanış edərək, onların xüsusiyyətlərini vurğulayıram. Yosunların sistematik kateqoriyaları haqqında məlumatı isə sxem şəklində təqdim edirəm. Əlbəttə, bu zaman “ağıllı lövhə”lərdən istifadə edirəm. “Fəaliyyət” bölümündə şagirdlər şəkildə təsvir olunan birhüceyrəli yaşıl yosunları müqayisə edirlər. Lövhədəki Venn diaqramında şagirdlərin cavablarını qeyd etdikdən sonra birhüceyrəli yosunların orqanoidlərini sadalayan şagirdlər əvvəlki biliklərə əsaslanaraq onların funksiyalarını qeyd edirlər. “Xromotor” anlayışı yeni olduğu üçün şagirdlər onun funksiyaları haqqında öz fərziyyələrini irəli sürürlər. (Yaşıl olduğu üçün fotosintezdə iştirak edirlər.)

-Qeyd etdikləriniz şagirdlərin dərsi qavramasına necə təsir edir?

- Qeyd etdiyim metodlar nəticəsində şagirdlərin intellektual səviyyələri artır, sürətli, məntiqli və yaradıcı düşünmə qabiliyyətləri formalaşır. Nümunələrdən də göründüyü kimi İKT-dən istifadə zamanı dərs daha maraqlı, fəal, yaddaqalan olur. Səmərəli istifadədə isə nəticəyönümlü, şagirdyönümlü dərs prosesi qurulmuş olur. Mən də bir biologiya müəllimi kimi çalışıram ki, gündən - günə daha da inkişaf edən respublikamızın gələcəyi olacaq şagirdlərimizə canlıların quruluşunu və funksiyalarını, ekoloji bilikləri müasir təhsil texnologiyalarının köməyi ilə daha dərindən öyrədim, onlarda təbiətə qarşı sevgi hisləri aşılayım.

 

A.Miriyev

Palitra.-2016.-17 avqust.-S.11.