“Elm haqqında” qanun inkişaf üçün çox vacib təkandır”
“Elm haqqında” qanunun qüvvəyə minməsi alimlərimiz tərəfindən çox müsbət qarşılanır. Bununla bağlı gənc alimlərin də fikirlərini öyrənmək istədik. Müsahibimiz AMEA Aqrar Elmlər Bölməsinin elmi katibi vəzifəsində çalışmış, müstəqil ekspert Tubuxanım Qasımzadədir:
- Bu yaxınlarda “Elm haqqında” qanun qüvvəyə minib. Bir gənc alim kimi bununla bağlı fikirlərinizi bilmək istərdik...
- İlk öncə qeyd etmək istəyirəm ki, bu qanunun biz alimlər üçün çox böyük əhəmiyyəti var. Onun işlənib-qəbul olunmasında Azərbaycan Milli Elmlər Akademiyasının bütün alim ordusu, bütün elmi-tədqiqat institutları və AMEA-nın bölmələri, başda rəhbərlik olaraq böyük işlər görüb. Mənim bu qanuna yanaşmam isə təkcə alim kimi deyil, ikinci ali təhsilimə görə hüquqşünas olduğumu nəzərə alaraq, yüksək hüquqi qiymət də verirəm. Xüsusi ilə də qeyd etmək istəyirəm ki, bu qanunun qəbul olunması Azərbaycan elminin tarixində ilk dəfədir. Prezidentin 9 avqust 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan elminin tarixində ilk dəfə olaraq 14 iyun 2016-cı ildə qəbul olunmuş “Elm haqqında” qanun qüvvəyə minib. 7 fəsildən və 40 maddədən ibarət olan bu qanunda elmi fəaliyyətlə bağlı 40 anlayışın dəqiq izahı və tərifi verilməklə yanaşı, Azərbaycanda elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsipləri, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədləri, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələri, elmin maliyyələşdirilməsi mexanizmləri, xüsusi olaraq elmi işçilərin sosial müdafiəsinin təşkilati-hüquqi əsasları müəyyən edilib.
Mən müstəqil ekspert kimi qiymət versəm də, ilk öncə aliməm, və AMEA-nın alim ordusunun nümayəndəsi olduğum üçün böyük fəxr hissi duyuram. Bununla da bağlı qeyd etmək istərdim ki, xatırlatdığım fərmanın 2.5-ci bəndinə və “Elm haqqında” qanunun 11-ci maddəsinə əsasən AMEA-ya Azərbaycanda elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi müəssisələrin və təşkilatların, ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, elmi-texniki fəaliyyət sahəsində Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edən dövlət ali elmi təşkilatı statusu verilib.
Bu isə bir daha onu göstərir ki, bu gün də Azərbaycanda elmin flaqmanı, hər zaman olduğu kimi, AMEA-dır. Dövlət başçımızın da belə bir etimad göstərməsi ilk öncə AMEA-da aparılan yeni islahatlar, göz qabağında olan inkişaf, düzgün prioritetlərin seçilməsidir. Öz tərəfimizdən də bu qanuna riayət edərək, Azərbaycan elmini inkişaf etdirmək, dünya səviyyəsində tanıtmaq və göstərilən etimadı doğrultmaq biz - Azərbaycan alimlərinin mənəvi borcudur.
- Dövlət siyasəti və elmin inkişafı dedikdə, bu iki anlayışın bağlılığını necə təsvir edirsiniz?
- Maraqlı sualdır. Gəlin, öncədən dövlət siyasəti deyəndə bəzi prioritet məqamları açıqlayaq. Bu gün Azərbaycanda dövlət siyasəti deyəndə yalnız hansısa ayrı sahələrdən söhbət getmir. Bu uzaqgörən və məqsədyönlu siyasi addımlar həyata keçərək Azərbaycanı yalnız inkişafa gətirə bilər. Bir müddət öncə aqrar sahənin inkişafı ilə bağlı qəbul olunan proqramlar, qanunvericiliyin təkmilləşdirilməsini, eləcə də növbəti addım kimi elmin inkişafı ilə bağlı qanunun qüvvəyə minməsini göstərmək olar. Yəni, bunlar hamısı dövlət tərəfindən həyata keçirilən siyasətin dəqiq işləməsinin bariz nümunəsidir. Qanunda elmi fəaliyyət sahəsində dövlətin vəzifələri öz əksini tapıb. Onların arasında elmin maliyyələşdirilməsi ilə bağlı mühüm müddəalar var. Məsələn, qanuna əsasən təhsilin fasiləsizliyini təmin etmək məqsədilə magistraturada və doktoranturada əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilir. Həmçinin Nazirlər Kabineti tərəfindən yaxın gələcəkdə ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələblər, elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növləri, elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləği, elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası müəyyən edilməlidir. Burada dövlət siyasətindən danışırıqsa, xüsusi olaraq həyata keçirilən əsas prinsipləri və məqsədləri göstərmək olar: elmi yaradıcılıq və tədqiqat azadlığı (sərbəstliyi); azərbaycanşünaslıq istiqamətində aparılan tədqiqatların aparıcılığının təmin edilməsi; elmi etikanın qorunması; elmin ictimai həyata inteqrasiyası; elmin və elmi-innovasiya fəaliyyətinin prioritetliyi; sağlam rəqabətin təmin edilməsi; beynəlxalq səviyyəyə uyğunluq; elmi nəticələrin şəffaflığı və ictimaiyyətə açıqlığı; elm, təhsil və iqtisadiyyatın vəhdəti; əqli mülkiyyət hüququnun qorunması; dünya elm məkanına inteqrasiya.
Elm sahəsində dövlət siyasətinin əsas məqsədləri aşağıdakılardır: elmin davamlı və sistemli inkişafının təmin edilməsi; elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması; cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi; elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi; elm, təhsil, iqtisadiyyat və cəmiyyətin qarşılıqlı münasibətlərində inteqrativ bağlılığın və dialektik vəhdətin təmin edilməsi; ölkə üzrə elmi məktəblərin yaradılması, qorunması və inkişafının stimullaşdırılması; elmi araşdırmaların, o cümlədən fundamental və tətbiqi tədqiqatların əsas istiqamətlərinin müəyyən edilməsi və inkişafının stimullaşdırılması; elm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan Respublikasının elmi-texniki siyasətinin dünya elmi məkanında layiqincə təmsil olunması və təbliğ edilməsi; elm sahəsində çalışan və elmi fəaliyyətlə məşğul olan elmi işçilərin maddi rifahının və sosial təminatının yüksəldilməsi.
Sonda bu vəhdətin pik nöqtəsi - elm sahəsində dövlət siyasətinin əsas prioritetləri Azərbaycan xalqının etnogenezinin, tarixi, dili, ədəbiyyatı, incəsənəti və mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, maddi və mədəni irsinin, iqtisadi, fəlsəfi, hüquqi və ictimai-siyasi fikrin təkamülü prosesinin və inkişaf mərhələlərinin hərtərəfli tədqiqi; Azərbaycançılıq ideologiyasının elmi-nəzəri əsaslarının tədqiqi; ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsində, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsində, demokratik-hüquqi dövlət quruculuğunda, milli mənafelərin qorunmasında, elmi-texniki tərəqqinin sürətləndirilməsində elmin rolunun gücləndirilməsidir. Həmçinin Azərbaycan Respublikasının davamlı və dayanıqlı inkişaf problemlərinin və inkişaf modelinin iqtisadi, sosial, fəlsəfi və hüquqi əsaslarının sistemli tədqiq olunması; biliklərə əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşdırılması problemlərinin tədqiqi; elmtutumlu istehsal sahələri və alternativ enerji mənbələri, nano, bio, genotexnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və digər yüksək texnologiyalar sahəsində tədqiqatların aparılması; kosmosun tədqiqi və bununla bağlı olan digər elm sahələri üzrə fundamental və tətbiqi tədqiqatların genişləndirilməsi; elmi kadr hazırlığının səmərəliliyinin yüksəldilməsi və ölkənin elm və innovasiya potensialının gücləndirilməsini göstərmək olar. Bu cür məqsədlər, prinsip və prioritetləri olan dövlət siyasəti elmin inkişafı üçün danılmaz zamindir.
-Siz qəbul olunmuş qanuna ekspert kimi qiymət
verdiniz. Ümumiyyətlə, elm və təhsil
sahəsi ilə əlaqədar qanunvericiliyin
təkmilləşdirilməsi ilə bağlı fikriniz maraqlı olardı.
- Elm haqqında qanunvericilik Konstitusiyadan, “Elm haqqında”
qanundan, “Təhsil haqqında” Qanundan, elmi fəaliyyət üzrə münasibətləri
nəzərdə tutan
digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən
ibarətdir. Elm haqqında qanunvericiliyin əsas məqsədi elmi fəaliyyətlə məşğul olan subyektlərin konstitusiya hüquqlarının təmin
edilməsi, qorunması
və elm sahəsində
mövcud olan münasibətlərin tənzimlənməsinin
təşkilati-hüquqi bazasının
yaradılmasından ibarətdir.
Təkmilləşdirilməsinə gəldikdə, zaman
keçdikcə praktika
göstərir ki, nəyi və necə təkmilləşdirmək
olar. Bundan öncə verdiyim
cavabda mən ətraflı olaraq elm sahəsində dövlət
siyasətinin əsas prioritetləri, prinsip və məqsədlərini
sadaladım. Bunlar hamısı,
ya da qismən
belə, həyata keçəndə təkmilləşməyə
tam şəkildə əsas
olacaq. Ümumi təkmilləşmə isə gələcəyin
işidir. “Elm haqqında” qanunun qəbul edilməsi ölkəmizdə biliklərə
əsaslanan və yüksək intellektual səviyyəyə malik cəmiyyətin bütün
sferalarında inkişaf
etdirilməsinə əsas
olacaq. Çünki hər bir inkişafın əsasında
- elmin inkişafı durur. Elmi inkişaf etməyən
ölkə və cəmiyyətdə, digər
heç bir inkişafdan və uğurlu gələcəkdən
danışmaq olmaz.
Bu gün bizim
dövlətimiz bu qanunun qəbul olunması ilə cəmiyyətimiz və ölkəmiz üçün
mühüm bir addım atdı, növbəti irəliləyişlər
isə biz, alimlərin
borcu və vəzifəsidir.
-Siz dəfələrlə
“İntellektual qüvvəyə
malik olan alim ordusu” ifadəsini
işlətdiniz, necə
fikirləşirsiniz, Azərbaycan
aliminin bu günü və sabahı sizin nöqteyi-nəzərinizdən necə görünür?
- Təkrarlasam da yenə də qeyd etmək istəyərdim, hər bir inkişafıın əsasında - elmin inkişafı durur. Azərbaycan alimi, fərq etməz ali təhsil ocaqlarında, müxtəlif nazirliklərin elmi-tədqiqat institutlarında fəaliyyət göstərir, ya da Azərbaycan elminin flaqmanı olan Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərir, əlində silah saxlamasa da, zehni ilə Azərbaycanın gələcəyi naminə mübarizəsini aparır. İnanın ki, alimlərdə olan potensial hərbi qüvvədən az deyil. Alimlər elmi ekspedisiyalarda, laboratoriyalarda, arxiv və kitabxanalarda araşdırmaları apararkən ölkəmiz və xalqımız naminə mübarizəmizi aparır, Azərbaycanı layiqincə dünyada tanıtmağa çalışırıq. Bu işdə də AMEA-nın rəhbərliyi alimlərə dəstək olur, xüsusi olaraq da son illər ərzində bu dəstək xüsusi ilə gücləndirilib.
Bu qanunun
qəbul olunmasında AMEA-nın bütün
strukturlarında çalışan əməkdaşların əməyi
var. Birgə böyük
iş görülüb
və hələ də davam edir. AMEA-nın özündə
son illər ərzində aparılan islahatlar, yeni yaranan idarə və şöbələr,
alimlərə olan mənəvi və maddi dəstək, gənc alimlərin
sayının gündən günə artması, iş şəraitlərinin
yaxşılaşdırılması və s.
bütün bunlar
AMEA-nın rəhbərliyinin fəaliyyəti nəticəsində
yaranan həmin dediyim intellektual qüvvəyə malik
olan ordunun zaminidir. O ki qaldı Azərbaycan
aliminin, bu günü və sabahına, ümidverici
görürəm. Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi
siyasət ölkəmizi və biz alimlərin
sabahını daha da
işıqlı edəcək.
Nigar Abdullayeva
Palitra.-2016.-17 avqust.-S.5.