“Diaspor fəaliyyətində
konkret İKT strategiyası
yaradılmalıdır” Samira Patzer-İsmailova:
“İKT vasitəsilə
həm elmi- siyasi, həm
də kütləvi maraqlar, mədəniyyət
forumlarına müdaxilə edilməlidir”
Bu gün informasiya kommunikasiya texnologiyalarının (İKT) imkanlarından istifadə edərək diasporumuzu bir araya gətirib önəmli işlər görmək olar. Məsələn, ölkələr və ya qitələr üzrə yaradılmış konqreslər bu baxımdan əhəmiyyətli addımlar ata bilər. Elə Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Samira Patzer-İsmailova ilə də söhbətimiz bu mövzuda oldu.
-Dünya Azərbaycanlılarının IV qurultayından sonra yeni fəaliyyət planı qurubsunuzmu?
-Dünya Azərbaycanlılarının IV qurultayı yeni və daha səmərəli üslubda, intensiv və dinamik xarakterdə təşkil edilmişdi. Qurultayın ali bir iclas kimi təntənəli atmosferi ilə yanaşı, işgüzar məqsədə xidmət etməsi də nəzərdə tutulmuşdu. Sözsüz, qurultayın ən parlaq məqamı Prezident İlham Əliyevin çıxışı oldu. Prezident diaspor fəaliyyətinin bir çox mühüm sahələrini əhatə edərək, dolğun strateji və taktiki tezislərlə, eyni zamanda səmimi bir tərzdə fikirlərini izhar etdi. O, öz çıxışı ilə bizim həyatımız, fəaliyyətimiz haqqında məlumatlı olduğunu, bizim fəaliyyətimizə verdiyi dəyər və dəstəyi bildirdi və eyni zamanda çatışmayan məqamlara, görüləcək işlərə, önəmli fəaliyyət sahələrinə toxunaraq, demək olar ki, gələcək fəaliyyət istiqamətlərini müəyyən etdi. Etiraf edim ki, bu parlaq çıxış diaspor fəaliyyətinin bir proqramı xüsusiyyətində idi və konkret olaraq yeni fəaliyyət mərhələsinin başlanğıcına işarə edirdi.
Bütün Azərbaycan diasporu kimi, Avropa diasporu da gələcək fəaliyyətini məhz bu çıxışın rezümesi olaraq yenidən düşünməli və yeni fəaliyyət mərhələsinə keçməlidir. Bunun üçün ölkələrdəki Azərbaycan cəmiyyət və qurumları fikir mübadiləsi apararaq, mühüm olan sahələri-inteqrasiya, siyasi inteqrasiya, lobbiçilik, İKT ilə əməkdaşlıq, elmi və sosioloji strukturlara yiyələnmək və s. məsələləri diqqət mərkəzinə almalıdır.
Qurultayın qərarları da bu məqsədlərə xidmət edərək diaspor üzrə Koordinasiya mərkəzlərinin yaradılmasını, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclasının ən azı ildə bir dəfə keçirilməsini nəzərdə tutdu.
- Hazırda Avropada, eləcə də Almaniyada
tez-tez terror hadisələri
baş verir. Bunun Azərbaycan diasporunun
fəaliyyətinə hər hansı mənfi təsiri olubmu?
-Yaşadığımız ölkələrdə hər bir siyasi-ictimai problem yaşandıqda bu mənfi hadisələr mənşəyindən asılı olmayaraq, hər bir şəxsin, milli toplumun həyat və fəaliyyətini təsirsiz qoymur. Burada diaspor fəaliyyəti üçün müxtəlif aspektlər yaranır: bir tərəfdən biz baş verən hadisələrə münasibət göstərərək diasporumuzu yaşadığımız ölkədə bir qüvvə və siyasi - ictimai həyata inteqrasiya etmiş toplum kimi təqdim edə bilərik. Amma o biri tərəfdən isə bu hadisələr nəticəsində Avropa ictimaiyyətinin öz problemləri artdıqca, məsələn “terror”, “qaçqın” mövzuları ilk plana keçərkən, bizim diasporun problemlərinin həlli aktuallıqdan məhrum ola bilər. Deməli, yeni şəraitdə yeni taktika işlədilməlidir. Azərbaycan diasporu hər iki aspekti nəzərə alaraq, imkan daxilində öz fəaliyyətini inadkarlıqla davam etdirməlidir. Sırf qanunvericilik cəhətdən diaspor fəaliyyəti bu hadisələr nəticəsində məhdudlaşmasa da, əlbəttə, hər bir ölkədə terror hadisələri narahatlıq yaradan bir hal, diasporlar qarşısında yeni vəzifələr qoyan bir məqamdır. Avropada bu gün yaranmış şəraitdə diasporumuzun əsas məqsədi “radikal islam”dan məsafələnmək və bir daha Azərbaycanın unikal islam ölkəsi olaraq, multikulturalizm, tolerantlıq dəyərlərinə malik olmasını qabarıq şəkildə təqdim etməkdir. Azərbaycanın ənənəvi olaraq çoxmillətli, çoxdinli bir ölkə olması, xalqımızın müxtəlif mədəniyyətlərlə hər zaman əminaman yaşaması- bütün bu keyfiyyətlər bizim diasporun simasında da özünü tapır, onun fəaliyyətində bu ünsürlər əksini tapır. Biz hər zaman çalışırıq ki, yaşadığımız ölkələrdə Azərbaycanı məhz bu mövqedən tanıdaq.
- Ümumiyyətlə,
bu hadisələr almanların bir müsəlman xalqın nümayəndəsi
olaraq diasporumuza
münasibətini dəyişibmi?
-Almaniyada artıq müəyyən miqrasiya ənənəsi var və müsəlman miqrantları almanlar üçün artıq tanış bir toplumdur. Əsasən, münasibətdə dəyişiklik olmasa da, amma etiraf edim ki, son hadisələr, əlbəttə, Avropada da müsəlmanlara qarşı müəyyən skeptik münasibət yaradıb. Amma Azərbaycan tarixən multikultural, bu gün də dünyəvi və mütərəqqi islam ölkəsi kimi tanınır, diasporumuz da bu dəyərləri təmsil edir.
- Diaspor işində və təbliğatda informasiya kommunikasiya texnologiyalarının (İKT) hansı rolu var?
-Avropada 20-ci əsrin əvvələrindən başlayaraq klassik media vasitələrinin təsiri haqqında araşdırmalar aparılır, çoxsaylı müzakirələrdə müxtəlif fikirlər söylənilir. İKT-nin inkişafı yeni növ medianı yaratdı və bu gün İKT ən mühüm informasiya mənbəyi kimi, çoxsaylı istifadəçi dairəsi olan bir media vasitəsi kimi dəyərləndirilir.
İKT-nin rolu, həqiqətən, önəmlidir və bu informasiya vasitələrindən daha geniş və ən əsası - səmərəli istifadə edilməlidir. İKT məkanı o qədər böyükdür ki, bu sahədə effektiv fəaliyyət strategiyasını qurmaq üçün maddi-mənəvi baza, savad və xarici dillərin biliyi, çevik və müasir düşüncə tələb edilir. Bunun üçün ölkələrdə kompetent mütəxəssislər və işin müvəffəqiyyəti üçün müasir texnika ilə təchizatı lazımdır. Həmin mütəxəssislər müxtəlif Avropa dillərində, xüsusilə də alman, ingilis, fransız - mütəmadi olaraq bütün İKT forumlarına qatılaraq ölkəmizin maraqlarına xidmət edən məlumatlarla işləməli, virtual məkanda fəal olmalıdırlar .
- Diasporumuz
lazımi qədər İKT-nin
imkanlarından yararlanırmı?
-İKT-nin sərhədləri çox genişdir və bütün imkanlar hələ fəth edilməyib. Artıq “klassik formatlı” “Facebook”, “Twitter” və s. forumlarından istifadə yararlı olsa da, orada da hələ ki, “özümüz özümüzlə” daha çox ünsiyyətdəyik. Bizim məqsədimiz isə beynəlxalq düşüncədə də dəyişiklik yaratmaq, daha geniş ictimaiyyəti əldə etməkdir. Bunun üçün diaspor fəaliyyətində konkret İKT strategiyası yaradılmalıdır, yeni mərhələnin taktiki addımları müəyyən edilməli, İKT vasitəsilə həm elmi-siyasi, həm də kütləvi maraqlar, mədəniyyət forumlarına da müdaxilə edilməlidir.
- İKT-dən
istifadə edib daha
hansı işlər görmək olar?
-Bir çox sahələrdə yeni üfüqləri əldə etmək olar. Azərbaycanın tarixi və müasir dəyərlərinin təqdimatında, inkişaf proseslərinin təbliğatında, nailiyyətlərimiz haqda məlumatlandırmaqda və s. sahələrdə daha çox bütün təbəqələr üçün maraqlı olan səhifələr yaratmaq olar. Elə əsas məsələ - Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin yayımlanmasında yeni işlər görmək yararlı olar. Məlumdur ki, hal-hazırda Dağlıq Qarabağ münaqişəsində real qarşıdurma ilə yanaşı, virtual məkanda gedən informasiya müharibəsi də vacib mübarizə meydanıdır. Elə həmin informasiya müharibəsində yeni əhatə dairələrini qazanmaq olar. Son illər ərzində Azərbaycan həqiqətlərinə qarşı əvvəlki sükut pozulub, erməni iftiraları şübhə altına alınıb, Dağlıq Qarabağ və Xocalı faciəsinə dair Azərbaycan mövqeyinə də yol açılıb. Amma bu da məlumdur ki, Azərbaycan diasporu gündəlik fəaliyyətində erməni təxribatı ilə və Azərbaycana qarşı ikili standartlarla üzləşir. Etiraf edim ki, bir diaspor kimi biz hələ, necə deyərlər, “əks təbliğatla” da məşğuluq - yəni illərlə ermənilərin yaydıqları yalan və iftiralara qarşı mübarizə aparırıq. Eyni zamanda Azərbaycan diasporu ikili standartlara qarşı, qərəzli münasibətlə gündəlik mübarizədədir. Məhz bu aspektlər mövzusunda İKT ilə effektiv strategiya və fəaliyyət qurmaq səmərəlidir. Ermənilərin işğalçı, təcavüzkar olması artıq siyasi dairələrdə məlumdur- elə bir sıra qətnamələrin verilməsi buna sübutdur. İndi əsas məqsəd kütlələlərin, ictimai fikrin, bütün sosial şəbəkələrin bu həqiqəti qavramasıdır. Bu da müəyyən dərəcədə məhz İKT yolları ilə həyata keçirilə bilər.
Yeni internet saytlarının yaradılması, savadlı, vətənpərvər bloqqerlərin mütəmadi şərhləri, bəzən hər hansı bir “saxta” məlumatın öncədən qarşısının alınması, “hücum” xarakterli yazıların virtual məkanda yayımlanması və s. aksiyalar daha geniş yer almalıdır. Son zamanlarda məhz İKT vasitəsi ilə petisiyalar, bəyannamələrin yayımlanması da geniş yer alıb və diaspor da bütün bu imkanlardan daha geniş istifadə etməlidir.
- AAK Avropadakı soydaşlarımızı bir araya gətirmək üçün hansı işlər görür?
-AAK-ın fəaliyyəti bu illər ərzində impulsverici bir təşkilat kimi, lobbizm istiqamətli bir qurum kimi müəyyən edilib. Avropa böyük bir məkandır, 26 ölkəni özündə birləşdirir və demək olar ki, bu ölkələrin hər birində azərbaycanlı vardır. Hətta bir sıra Avropa ölkələrində müstəqil olaraq ölkə konqresləri, məsələn, Benelüks, İsveç, Rusiya, Ukrayna konqresləri və s. var. AAK toplantılarında konqres üzvləri bir araya gələrək fikir mübadiləsi aparır, gələcək fəaliyyət istiqamətlərini araşdırır və müəyyən edirlər. Bir sıra aksiyalar əlaqəli əməkdaşlıqda həyata keçirilir. Əsasən, bu, Avropa diasporunun birliyini göstərən nümayiş xarakterli aksiyalardır. Berlin, Brüssel, Paris mərkəzlərində bu aksiyalar dəfələrlə yüzlərlə soydaşımızı bir araya gətirib. Bundan başqa AAK Avropa Parlamentinə, Avropa qurumlarına, Avropanın idarəedici orqanlarına çoxsaylı məktub və bəyannamələrlə müraciət edərək Avropa diasporunun iradəsini və fikrini, tələb və təkliflərini irəli sürür.
AAK “Xocalıya ədalət” kampaniyası ilə mütəmadi əməkdaşlıq edərək, Avropa Parlamentinə Xocalını tanımaq tələbi ilə petisiyanı təşəbbüsləndirib.
Eyni zamanda AAK bir sıra mədəniyyətlərarası tədbirlərin təşəbbüsçüsü və təşkilatçısı olub. Məsələn, “Rənglərin dialoqu” sərgisinin keçirilməsi və kataloqunun hazırlanmasında, “Qarabağ hekayələri” kitabının Avropa dillərində təqdimatında, “Sabir-150” ədəbi-bədii, “Qara Qarayev -80” tədbirlərinin, Avropa diasporunda elm nümayəndələrinin görüşlərinin təşkilatında, Almaniya qəsrlərində “Azərbaycana ədəbi -musiqili səyahət” proqramın və s. qeyd etmək olar.
Elə son qurultayda da Avropadakı həmkarlarımla görüşmək və işgüzar ünsiyyət çox dəyərli oldu, Konqresin gələcək fəaliyyəti üçün fikir mübadiləsi aparıldı. Düşünürəm ki, AAK-ın da Koordinasiya mərkəzinin yaradılması səmərəli tədbirlərdən ola bilər və AAK fəaliyyətinin yeni mərhələsini təmin edə bilər. Uzun illər Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) direktoru olduğum dövrün təcrübəsi çox müsbət nəticələr verdiyi üçün bunu tam əminliklə təsdiq edə bilərəm.
Dünya Azərbaycanlılarının IV qurultayı bir daha nümayiş
etdirdi ki, Azərbaycan
dövləti diaspor fəaliyyətinə
böyük diqqətlə yanaşır,
Diasporla İş
üzrə Dövlət Komitəsi, xarici
ölkələrdəki səfirliklər Azərbaycan diasporunun fəaliyyətini dəstəkləyirlər.
Diaspor quruculuğu sonsuz bir prosesdir
və hər zaman inkişaf
yolunda olması da bu prosesin şərtidir. Bu yolda davamlılıq,
mütəmadilik saxlanılarsa, zamanında çağdaş
məqsədlər, strateji yollar müəyyən edilərsə, sözsüz ki, diaspor işi ildən-ilə
yeni və daha keyfiyyətli
nailiyyətlər əldə edəcək.
Fuad Hüseynzadə
Palitra.-2016.-18 avqust.-S.11.