Sərbəst güləşçilərimiz
“Rio-2016”da komanda
hesabında birinci olublar
Rio-de-Janeyroda
keçirilən XXXI Yay Olimpiya Oyunları başa
çatıb. Yarışların son
üç günündə sərbəst
güləşçilər arasında qaliblər müəyyənləşib.
Tam heyətlə təmsil olunan
sərbəst güləş yığmamız 2 gümüş və 3 bürünc
medal qazanaraq olimpiadalar tarixində bir ilkə
imza atıb. Gümüş
medalları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalları isə Hacı
Əliyev (57 kq), Cəbrayıl Həsənov
(74 kq) və Şərif Şərifov (86
kq) qazanıblar. Qazanılan medalların
sayına görə, yığmamız bütün
komandaları qabaqlayıb. Altı pəhləvan ilə təmsil
olunan komandalardan heç biri 5 medal qazana bilməyib. Belə
ki, Rio Olimpiadasında
Azərbaycanla yanaşı, Rusiya, İran, Monqolustan, Gürcüstan, Türkiyə və ABŞ sərbəst
güləş komandaları da tam heyətlə iştirak
ediblər. Türkiyə, Rusiya və İran 3, ABŞ və Gürcüstan
2 medal qazana bildiyi halda, Monqolustan sərbəst güləş
yığması Olimpiadanı medalsız tərk edib. Dünya Güləş
Birliyinin ənənəvi qaydada
tərtib etdiyi komanda
sıralamasında da sərbəst güləş
yığmamız birinci yeri
tutub. Komanda hesabında
42 xal toplayan
yığmamız, İran (35 xal), ABŞ (32 xal) və Rusiyadan (31 xal) öndə
qərarlaşıb. Bu nəticə ilə
sərbəst güləşçilərimiz olimpiadalarda
qazandığı medalların sayını 11-ə
çatdırıb. Bunlardan 3-ü
qızıl, 3-ü gümüş, 5-i bürünc əyarlıdır.
Anar
Palitra.-2016.-23 avqust.-S.7.