“Məktəbimizdə İKT-dən istifadə üçün bütün imkanlar yaradılıb”

 

Texnoloji biliklərin üstünlüklərindən yararlanaraq tədris etdiyimiz dərslər nəticəsində hər il ali təhsil ocaqlarına 600-dən yuxarı bal toplayan şagirdlərimiz qəbul olur

 

Müasir dünyada təhsil hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul olunur. Bu baxımdan ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Son illərdə dövlətimizin başçısının ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası tikilibya təmir olunub.

Təhsil ocaqlarının kompüter texnologiyaları ilə təchiz olunması ilə bağlı sərəncam və tapşırıqlara uyğun olaraq ümumtəhsil məktəblərinin informasiya kommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib. Ölkə başçısı çıxışında bildirib ki, “Azərbaycanda elmə, təhsilə göstərilən diqqət mütləq öz nəticəsini verəcək. Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur. Bu, böyük üstünlüyümüzdür. Ancaq bu gün yeni texnologiyalar tətbiq olunur. Uşaqlar da bunu bilməlidirlər. Elmin, təhsilin inkişafı ölkəmizin dayanıqlı inkişafını təmin edəcək”. Azərbaycanda İKT-nin təhsil prosesinə inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Artıq ölkəmizdə bu istiqamətdə əhəmiyyətli nailiyyətlər əldə olunmaqdadır. Təhsil naziri də çıxışında bildirib ki, hazırda dünyanın qabaqcıl təhsil sistemlərində gedən əsas tendensiyalardan biri informasiya kommunikasiya texnologiyalarının bu sahəyə cəlb edilməsi və onun təhsilin hər anında, hər pilləsində tətbiq edilməsidir. Hazırda Azərbaycanda İKT-nin təhsildə tətbiqi öz inkişafının, necə deyərlər, gənclik dövrünü yaşayır. Məktəblərin internetə qoşulmasının təhsil müəssisələrinin kompüterləşdirilməsi ilə paralel aparılması, eyni zamanda təhsil sahəsi ilə əlaqəli internet resursların formalaşdırılması, təhsildə keyfiyyətin yaxşılaşdırılmasına zəmin yaradır. Bu gün məktəblərdə İKT-nin tətbiqi ilə bağlı müəllimlərin də fikirləri önəmlidir. Məhz bu istiqamətdə növbəti müsahibənin hazırlanmasında YAP-ın üzvü, ADNSU-nun magistrantı, Tovuz r. Əyyublu kənd sakini Mahmud Sadıqovun da rolu olub.

Layihə çərçivəsində müsahibimiz Tovuz rayon 1 saylı Əyyublu kənd orta məktəbinin coğrafiya müəllimi Elman Mehdiyevdir:

 

Mehdiyev Elman Qasimi oğlu 1983-cü ildə Tovuz rayonu Əyyublu kəndində anadan olub. 1989-2000-ci ildə E.Bayramov adına Əyyublu kənd orta məktəbində orta, 2000-2004-cü ildə isə ADPU-nin Coğrafiya fakültəsində ali təhsil alıb. GDU-nun Magistratura şöbəsinin Coğrafiya fakültəsində 2006-2009-cü illərdə təhsil alaraq universiteti fərqlənmə diplomu ilə bitirib. 2005-ci ildən Tovuz rayon E.Bayramov adına Əyyublu kənd orta məktəbində, 2008-ci ildən isə həmin kəndin 1 saylı kənd orta məktəbində coğrafiya müəllimi kimi çalışır. Azərbaycan Müəllimlər Universitetinin Qazax filialında İKT-dən istifadə kurslarının 2 dəfə iştirakçısı olub, “Mediya və Təhsil İnnovasiyaları” jurnalında və “Təhsil problemləri” qəzetində məqalələrlə çıxış edib. 2013-cü ilin dekabr ayında Azərbaycan Müəllimlərinin XIV qurultayının nümayəndəsi olub və indiyə kimi coğrafiya fənni üzrə 4 kitabın müəllifidir. Dərs dediyi şagirdlər respublikamızın ali təhsil universitetlərinə yüksək ballarla qəbul olmaqdadır.

- Elman müəllim, İKT-nin cəmiyyət və elmdə oynadığı rolu necə qiymətləndirirsiniz?

- İndiki cəmiyyət və elmi İKT-siz təsəvvür etmək olmaz. Hazırda İKT həyatımızın bütün sahələrinə sızıb və üstün imkanları ilə aktuallığını qoruyub saxlayır. Kommunikasiya texnologiyalarının üstünlüyünü daha çox elmdə görürük. İKT-nin imkanları sayəsində elmin coğrafiyası böyüyüb və biliklərin mübadiləsi prosesi intensivləşib. İnformasiyaların ötürülməsi vaxtzaman amillərindən asılılığı zəifləyib. Bunu bizlər daha aydın şəkildə müasir təhsil ocaqlarında görə bilərik. Texnologiyaların köməyi ilə lövhədən projektor dərs metoduna keçərək ali təhsil ocaqlarına qəbul səviyyəmiz artıb. İKT-nin elmdə oynadığı rol cəmiyyətimizdən təsirsiz ötüşə bilməz. Bir müəllim kimi qeyd edə bilərəm ki, texnologiyaların üstünlükləri nəticəsində fərdlərin bilikləri artaraq, cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsinə səbəb olub. Cəmiyyət üzvlərinin həyatına daxil olan İKT sayəsində fərdlər arasında geniş informasiya mübadiləsi həyata keçirilməkdədir ki, bu da cəmiyyət və İKT-nin ayrılmazlığına gətirib çıxarır. İnsanların düşüncə tərzinə, əqidəsinə və dünyagörüşünə İKT-nin təsiri günü-gündən artır. Artıq cəmiyyətin özü İKT-dən asılı vəziyyətə düşüb. İş həyatımızda, istərsə də gündəlik həyat tərzimizdə İKT-nin resuslarından geniş istifadə edirik. Cəmiyyət və İKT zəncirvari bağlılıq nümayiş etdirir.

 

- Bir müəllim kimi İKT-nin hansı üstünlüklərindən istifadə edirsiniz?

- Həm cəmiyyətin, həm də elmin bir üzvü kimi İKT-nin bir çox üstünlüklərindən bəhrələnirəm. Çünki mən vaxtımın çox hissəsini şagirdlərin təhsil səviyyəsinin yüksəldilməsi üçün sərf edirəm deyə, İKT-nin üstünlüklərindən daha çox elmdə yararlanıram. Burada interneti xüsusi qeyd edə bilərəm. İnternet istənilən biliyin əldə edilməsində müəllim və şagirdə böyük köməklik göstərir. Ələlxüsus çap məhsullarını qeyd edə bilərəm. Şagirdlərin hər birinə fərdi qaydada məlumat vermək üçün çap məhsullarının imkanlarından yararlanırıq. Hətta qeyd edə bilərəm ki, şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi ilə əlaqədar coğrafiya fənindən 4 kitab yazaraq şagirdlərin biliklərinin mənimsənilməsində yardımçı oluram. Bu cür kitablar öz təsirlərini qəbul prosesində göstərir. Dərs prosesində projektor sistemindən istifadə edərək şagirdlərə əyani şəkillər və yazılar üzərində bilikləri aşılayırıq. Bu isə dərsin mənimsənilməsində mühüm əhəmiyyət kəsb ediröz keyfiyyətini biruzə verir.

- Məktəblərimizdə artıq kommunikasiya sistemləri formalaşdırılıb və şagirdlər bu imkanlardan istifadə edirlər. Siz bir müəllim kimi şagirdlərin bu imkanlardan istifadəsinə necə baxırsınız? Bu imkanlar şagirdlərin təhsil səviyyəsinə hansı dərəcədə təsir edir?

- Sevindirici haldır ki, məktəblərimiz İKT ilə tam təmin olunub. Şagirdlər texnologiyalarla sərbəst işləyərək yüksək nəticələr əldə edirlər. Qeyd edə bilərəm ki, məktəbimizin coğrafiya kabinetinə rəhbərlik edirəm və burada bütün texnoloji imkanlar yaradılıb. Şagirdlərlə dərs prosesində qarşılıqlı işləyərək elmi bilikləri onlara ən asan üsullarla izah edirik. Burada İKT-nin rolu danılmazdır. Texnologiyalar biz müəllimlərə daha çox imkan verir ki, fikirlərimizi şagirdlərə tez və aydın çatdıraq. Qeyd edim ki, texnoloji biliklərin üstünlüklərindən yararlanaraq tədris etdiyimiz dərslər nəticəsində hər il ali təhsil ocaqlarına 600-dən yuxarı bal toplayan şagirdlərimiz qəbul olur. Məktəbimiz H.Əliyev Fondunun təşəbbüsü ilə açılıb və məktəbimizdə İKT-dən istifadə üçün bütün imkanlar yaradılıb. Kabinetlərimizdə hər bir mövzu ilə bağlı əyani və İKT vasitələri biliklərin tezoperativ qəbuluna köməklik göstərir. Biz bunu hər il şagirdlərin qəbul imtahanlarında fənlər üzrə topladığı balları təhlil edərkən də görürük. Artıq müasir dövrün texnoloji imkanlarından yararlanan şagirdlərimiz dünya təhsil sisteminin tələblərinə cavab verən bir ziyalı şəxs kimiyaxud cəmiyyətinin bir üzvü kimi yetişir.

- Danılmaz həqiqətdir ki, İKT-nin müsbət təsirləri ilə yanaşı, mənfi təsirləri də mövcuddur. Elman müəllim, texnologiyaların şagirdlərimizə verdiyi mənfi təsirlərdən necə xilas ola bilərik?

-İKT-nin üstünlükləri ilə yanaşı, çox təəssüf ki, mənfi nəticələri də mövcuddur. Bu mənfi nəticələr şagirdlərdən də yan keçmir. Biz müəllimlər tənəffüs və əlavə vaxtlarda şagirdlərə mənfi təsirlərdən qorunmaq üçün məlumat veririk. Hətta valideyn iclaslarında valideynlərə bu haqda ətraflı məlumat veririk. Bəzi şagirdlər İKT-nin mənfi təsirlərindən istifadə edərək dərslərinə laqeyd yanaşırlar. Bu daha çox vaxtını internetdə keçirməkdə, oyunlar oynamaqda, kinolar və mahnılara qulaq asmaqdas. kimi sahələrdə keçirən şagirdlərdə özünü biruzə verir. Bu isə şagirdlərin təhsil səviyyəsinin aşağı düşməsi ilə nəticələnir. Sözsüz ki, mənfi təsirlər şagirdlərə dərsdən sonra yəni ev mühitində olur. Burada valideynlər üzərinə böyük məsuliyyət düşür. Valideyn övladların dərsləri ilə maraqlanmalı və İKT-nin mənfi təsirlərindən onları hər zaman qorumalıdır. Əks təqdirdə xoşagəlməz hallarla qarşılaşacaqlar. Müəllim və valideynlər bu sahədə birgə işləsələr, zənnimcə, mənfi təsirlərdən gəncləri qoruya bilərik.

 

Nigar Abdullayeva

Palitra.-2016.-25 avqust.-S.11.