“Məcbur qalıb bayrağı “oğurlamağa” qərar verdim”
Atabəy Nəcəfpur:
“Norveçdə
ayrı-seçkiliyə yol verməyən
Azərbaycan evinə ehtiyacımız var”
Nə yaxşı ki, nəzəri olaraq jurnalistikada hiss və həyəcanımızı da yazmağa icazə verilir...İlk dəfədir ki, müsahibim məni kədərləndirir. Əslində, bu kədərdə bir fəxr, qürur var. Hazırda Norveçdə yaşayan Atabəy Nəcəfpur özü diaspor sahəsində istəklərinə çata bilməsə də, qızı Şervin xanımı potensial diaspor üzvü kimi böyüdüb. Və bunu həyatda ən böyük müvəffəqiyyəti bilir. Hətta qızının vətənpərvərlikdən irəli gələn bayraq istəyi üçün “oğurluq” belə, etməkdən çəkinməyib. Hər halda yalnız vətənpərvər adam bayrağı əldə etməyin son yolu oğurluq olsa belə, bu addımı atar...Qeyd edək ki, Atabəy Nəcəfpur 1961-ci ildə Urmu şəhərində anadan olub. 17 yaşından Türkiyədə yaşayıb. 1989-cu ildən isə Norveçə köçüb.
- Necə oldu ki, bayrağı
“oğurlamalı” oldunuz?
-2006-cı ildə Bakıya Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayına gələrkən qızıma böyük bayraq gətirməyi söz vermişdim. Novruz bayramı günləri idi deyə, dükanların çoxu bağlı idi. Kimə də dedimsə, mənə bayraq verən olmadı.
Bayrama görə Bakının hər yeri dövlət bayrağı ilə bəzədilmişdi. Artıq son gecə idi, hələ də bayraq əldə edə bilməmişdim. Gecə yarısı dostlar ilə son gəzintidə İçərişəhərin yaxınlığında ağaclardan asılan bir bayrağı məcbur qalıb “oğurlamağa” qərar verdim.
Öncə bayrağı endirə bilmədik. Və hər dəfə polis yaxınlaşanda bayrağı tutub öpürdük. İçimizdə bir qorxu var idi, ancaq qızıma bayrağı gətirmədən qayıtmayacağıma söz vermişdim. 3 dost hamımız bayraqdan asılaraq nəhayət endirdik. Beləcə, 2,5 m uzunluğunda olan bayrağı qızıma aparıb verdim.
Deyirlər, oğurluq mal daha şirin olar. Bu bayraq dünyanı bizimlə gəzib. Qızım
10 ildir ki, bütün tədbirlərdə
bu bayrağı dalğalandırır. “Eurovision-2010”, “Qızıl Melodiya
Festivalı-2011”, Azərbaycan-Norveç futbol oyunu, eləcə
də mitinqlərdə,
aksiyalarda həmin bayraq bizimlə olub.
-Siz diaspor işində öz istəyinizə çata bilibsizmi?
- Mən Norveçdə
Azərbaycan yolunda mübarizəmi daha çox sıxlaşdırıb,
bir diaspora çevirmək istədim. Və mənə çox xoşdur ki, bu yolda heç
bir iş görə bilməsəm
də, amma bir böyük müvəffəqiyyət əldə
etdim. Bu müvəffəqiyyətim
fəxr ilə deyə bilərəm ki, mənim yeganə qızımdır.
O, baxmayaraq ki, bu qürbət ölkədə, Norveçdə
doğulub və böyüyüb. Amma bir vətən övladı olaraq müstəqil düşüncəsi ilə
türk dünyasını
düşünərək hal-hazırda Azərbaycanla
bağlı bir çox işlər görür. Bunu mənim
artıq deməyimə
gərək yoxdur, qızımı bir çoxları “Urmugözəli”
layihəsindən tanıyır
və hal-hazırda modelyer Şervin Nəcəfpur adında dəfələrlə dünya
mətbuatında bir Azərbaycan qızı kimi tanınır. Qızımın vətənpərvərliyini, gördüyü işləri
ortaya qoyur.
-Norveçdə
yeni nəsil diasporun yetişməsi prosesi necə gedir?
-Bir qürbətçi ata olaraq, ən
böyük arzum bütün körpə uşaqlarımızın ana
dilində yazıb oxumalarıdır! Və bu da ata-anaların
vəzifəsi və vətənə borclarıdır!
Bizim inkişafımız
üçün xalqımızın
bilgiləndirilməsi çox
önəmlidir. Amma xüsusilə Avropada
diaspor ilə bağlı dəstəyə
ehtiyacımız var; həm maddi, həm də mənəvi. Bu da yenə öz
müstəqil xalqımızdan
asılı olan bir mövzudur. Misal olaraq bizim Norveçdə
bir müəllimə
və yazıb-oxuma kitablarına və bir birləşmiş, ayrı-seçkiliyə yol
verməyən Azərbaycan
evinə ehtiyacımız
var.
-Yaşlı diaspor üzvü olaraq gənclərə nə kimi tövsiyə
verirsiz?
-Bir ağsaqqal olaraq, gənclərə tövsiyəm öz qızıma verdiyim kimi, milli tariximiz,
adət-ənənələrimiz, mədəniyyətimizlə fəxr
edib, əcnəbi dilində Azərbaycan haqqında yazıları araşdırıb və gerçəklikləri özləri
tapsınlar! Və bacardıqları qədər çalışıb
dünya mediasına Azərbaycan haqqında həqiqətləri yaysınlar
və müdafiə etsinlər. Çünki
bizim bir bayrağımız dalğalanır
və bir dövlətimiz var. Və
bir Azərbaycan türkü olaraq hamımızın dövlətimizi
və bayrağımızı
qorumaq vətən borcumuzdur!
-Azərbaycana son
səfəriniz nə
ilə bağlı idi?
-Azərbaycana iyul ayında qızımla birgə gəlmişdik; həm dostları görməyə, həm İsveçdə yaşayan
bir yazar dostumuz Eldar Qaradağlının Bakıdakı
kitab təqdimatına,
həm də Azərbaycan-Norveç dostluğu
üçün bir tədbirə qatılmağa.
Fuad Hüseynzadə
Palitra.-2016.-25 avqust.-S.6.