“Kurikulumla dərs
keçən siniflərdə İKT-yə daha
geniş yer verirəm”
Elmin İmanov: “Dərslərdə
İKT-nin tətbiqi şagirdlərə yeni dərsi elə sinifdəcə kifayət qədər
yüksək səviyyədə mənimsəməyə
imkan verir”
Layihə çərçivəsində
müsahibimiz Bakı şəhəri, Səbail
rayonu, 6¹-li tam orta məktəbin tarix
müəllimi, “İlin müəllimi
müsabiqəsi”nin ikiqat qalibi
Elmin İmanovdur. O,
müsahibəyə təhsildə İKT-nin
tətbiqi ilə bağlı məlumatlar verməklə
başladı:
-Ulu öndərimiz Heydər Əliyev cənabları təhsil haqqında deyib: “Təhsil millətin gələcəyidir”. Bəli, doğrudan da bu gün dünyanın ən yüksək səviyyədə inkişaf etmiş ölkələrinin tarixinə nəzər saldıqda onların da ilk əvvəllər təhsili hədəf götürmələrinin şahidi olarıq. Prezidentimiz İlham Əliyev isə çox haqlı olaraq dəfələrlə öz çıxışlarında bildirmişdir ki, biz neft kapitalımızı insan kapitalına çevirməliyik. Təbiidir ki, “neft kapitalının insan kapitalına” çevrilməsində təhsil ən önəmli rol oynayacaq. Bu baxımdan deməliyik ki, yaşadığımız XXI əsri çoxları haqlı olaraq “kompüter”, “informasiya” əsri adlandırır. Deməliyəm ki, Qərb ölkələri və Yaponiya hələ keçən əsrin 70-ci illərindən etibarən təhsilin informasiyalaşdırılması işinə başlayıb, son illərdə isə ümummilli proqramlar işlənib hazırlanıb və dövlət bu proqramlara uyğun külli miqdarda vəsait ayırıb. Artıq informasiyalaşdırma nəzəri analizetmə obyekti çərçivəsindən çıxaraq, ölkənin elmi, iqtisadi, siyasi və hərbi üstünlüyünü göstərən, daxili və xarici strategiyasının mühüm istiqamətlərini təyin edən bir sahəyə çevrilib. Qeyd edilməlidir ki, bu istiqamətdə onlar kifayət qədər yüksək nailiyyətlərə nail olublar. Azərbaycanda isə Prezident İlham Əliyevin 2004 - cü il 21 avqustda təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005 - 2007 - ci illər)” ölkəmizdə bu prosesə start verdi. Bundan sonra 10 iyun 2008 - ci ildə ölkə başçısı tərəfindən qəbul edilmiş “2008 - 2012 - ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” İKT - dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya edilməsini əsas məqsəd kimi qarşıya qoyub. Bu sahədə əlamətdar hadisələrdən biri də odur ki, 2010-cu ili Təhsil Nazirliyi ölkəmizdə “Təhsildə İKT ili” elan etdi və bu sahədə xeyli səmərəli tədbirlər həyata keçirildi.
-Tarix müəllimi kimi dərslərdə İKT-nin imkanlarından istifadə edirsinizmi?
-Deməliyəm ki, tarix müəllimi kimi mən də öz dərslərimdə İKT - dən geniş miqyasda istifadə etməyə çalışıram. Xüsusilə kurikulumla dərs keçən siniflərdə İKT-yə daha geniş yer verirəm. Məsələn, VI siniflərdə “Qədim Misir dövləti” mövzusunu keçən zaman motivasiya yaradarkən əvvəlcə lövhədə klaster çəkirəm. Sonra isə kompüter vasitəsilə lövhədə Afrikanın şimal hissəsini gətirirəm. Beləliklə də şagirdlər özləri dərsimizin Misir haqqında olacağını deyirlər. Kompüterin proyektoru vasitəsi ilə Nil çayının Misirdən keçən hissəsinin, şadufun, Yuxarı və Aşağı Misir padşahlarının taclarının lövhədə göstərilməsi isə şagirdərin daha böyük marağına və onlarda təzə keçiləcək dərs haqqında ətraflı təsəvvürün yaranmasına səbəb olur. “Ağıllı lövhə”də qədim Misir dövlətinin idarə olunmasını bildirən sxemin, qədim Misir ordusunun piyada döyüşçülərinin, qədim Misir gəmisinin şəkillərinin göstərilməsi isə şagirdlərin keçiləcək yeni dərsə olan həvəs və biliklərinin daha da artmasına səbəb olur. VIII siniflərdə ”Azərbaycanın xarici iqtisadi əlaqələri” mövzusunu keçərkən də yenə İKT - nin imkanlarından istifadə edirəm. Böyük Coğrafi kəşflərdən sonra, məlum olduğu kimi, Avropa ölkələrində çox güclü canlanma hiss olunurdu. Şərq ölkələrinin sərvətlərini Avropa ölkələrinə daşımaq üçün iri ticarət şirkətləri yaradılır və onlar ildırım sürəti ilə inkişaf edirdi. Londonda yaradılmış ticarət şirkətləri artıq Şərq ölkələrinə öz nümayəndələrini göndərirdilər. Ost - Hind şirkətinin ardınca Azərbaycana Moskva şirkətinin də nümayəndələri gəlirdi. Dərsdə motivasiya yaratmaq üçün əvvəlcə “ağıllı lövhə”də o vaxtlar nicbətən təzə kəşf olunmuş Amerika və Hindistanın təsvirini gətirirəm. Şagirdlərdən Böyük Coğrafi kəşflərin əhəmiyyəti, bunun nəticəsində əsas ticarət yollarının dəyişərək dənizlərdən okeanlara keçməsi haqqında soruşduqdan sonra, Azərbaycandan Avropa ölkələrinə mal aparılmasında Rusiyanın rolunun artdığını göstərmək üçün Xəzər dənizini və Rusiyanın təsvirini lövhəyə gətirirəm.
-Belə dərslər
şagirdlərə necə təsir edir?
-Şagirdlər kompüterin
proyektoru vasitəsi ilə, eləcə də
“ağıllı lövhə”lərdə qeyd
etdiyim ölkələrin təsvirini
görməklə artıq tədris edilən mövzu
haqqında müəyyən təsəvvürə malik olurlar. Elə buradaca Rusiyanın XVI - XVII əsrlərdə
Azərbaycandan Avropaya daşınacaq xam ipəyin ixracında inhisarçı mövqe tutmaq cəhdi
haqqında məlumat verirəm. Bütün
bunlar isə şagirdlərə yeni dərsi elə sinifdəcə kifayət qədər
yüksək səviyyədə mənimsəməyə imkan verir. Yenə
VIII siniflərdə “Osmanlı imperiyasının
bölüşdürülməsi haqqında Avropa
ölkələrinin planları” mövzusunun
tədrisi zamanı mövzunun daha yaxşı mənimsənilməsi üçün motivasiyada
Rus imperiatriçası II Yekaterinanın
“Yunan layihəsi”nin mahiyyətini
açıqlayıram. Bildirirəm ki,
bu planın mahiyyətinə görə
Osmanlı imperiyası Rusiya və Avstriya arasında bölüşdürülməli,
sonra isə Rusiyanın himayəsi altında
“Bizans imperiyası” yaradılmalı idi. II Yekaterina
sonradan Balkan
yarımadasını osmanlılardan təmizləməyi, burada Bizans
imperiyasını bərpa etməyi və taxt
- tacda nəvəsi Konstantini
otuzdurmağı planlaşdırırdı. Lakin
Avropanın digər aparıcı dövlətləri II
Yekaterinanın bu planının həyata
keçirilməsində maraqlı deyildilər. Belə ki, onlara bu
“yağlı tikə”nin bölüşdürülməsində
kifayət qədər “pay”
çatmırdı. Ona görə də
onlar bu “Şərq məsələsi”nin
həyata keçirilməsində çox
götür - qoy
edirdilər. Motivasiyada deyilənlərin
şagirdlərin yadlarında daha
yaxşı qalması üçün
“ağıllı lövhə”də əvvəlcə Rusiya və Avstriyanın görüntüsünü
gətirərək onların hansı ölkələr olduğunu soruşuram.
Onların mövqeyini bildirdikdən sonra, Ösmanlı imperiyasının
bölüşdürülməsində marağı olan Avropanın digər ölkələrinin də
görüntülərini lövhədəki xəritəyə
görə şagirdlərdən adlarını soruşuram. Nəticədə şagirdlər
həm “Yunan layihəsi” ilə yaxından
tanış olur, həm də ayrı -
ayrı ölkələrin mövqelərini bilirlər. Bu ölkələrin təsvirlərinin
lövhədə görünməsi isə şübhəsiz
ki, onların adlarının şagirdlərin
yadlarında daha yaxşı qalmasına səbəb
olur. Qeyd etdiyim məqamlar bilavasitə tarix
dərslərində İKT- dən geniş
şəkildə istifadənin əhəmiyyət və rolunu aydın şəkildə göstərir.
Təbiidir ki, İKT- dən istifadə həm
şagirdlərin təsəvvürlərini genişləndirir,
həm də təfəkkürlərini itiləşdirir. Bu baxımdan bütün
həmkarlarıma dərslərində İKT- dən geniş şəkildə istifadəni
tövsiyə edərdim.
Anar Miriyev
Palitra.-2016.-26 avqust.-S.11.