“Ölkəmizdə aqroturizm
sektorunu inkişaf
etdirmək üçün çox gözəl şərait var”
Ramil Əzməmmədov:
“Aqroturizmin
cəmiyyətə və regionlara gətirdiyi
faydalar barədə hələ də
ölkəmizdə çoxlarının məlumatı yoxdur”
Azərbaycanda türizmi inkişaf etdirmək üçün bu sahə üzrə yeni istiqamətləri də nəzərdən keçirmək lazımdır. Məsələn, dünyda məşhur olan, amma hələ bizdə tətbiq olunmayan aqroturizm üçün potensial imkanlar var. Aqroturizmin tətbiqinin regionların inkişafına, ümumiyyətlə, cəmiyyətə bir çox faydaları var. Bu haqda Macarıstanın Szent İstvan (SZIE) Universitetinin magistrı Ramil Əzməmmədov qəzetimizə müsahibəsində ətraflı məlumat verib. Qeyd edək ki, R.Əzməmmədov bakalavr təhsilini 2005-2009-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində alıb. İlk magistr təhsilini 2009-2010-cu illərdə ADAU İstehsal sahələrinin idarə edilməsi fakültəsində, növbəti magistr təhsilini isə BMT-nin FAO təqaüd proqramı çərçivəsində 2010-2012-ci illərdə Macarıstanın Szent İstvan (SZIE) Universitetində Kənd təsərrüfatının inkişafı və idarə edilməsi fakültəsində alıb. 2012-2015-ci illərdə Macarıstanda öz ticari şirkətini quraraq Azərbaycan məhsullarının Avropa Birliyi ölkələrinə satışını təşkil edib. Ötən il Azərbaycana qayıdıb və hazırda “Azərsun Holding”də Layihə Nəzarətçisi (Project Supervisor) vəzifəsində çalışır.
-Aqroturizm
nədir?
-Aqroturizm kənd təsərrüfatı və turizm sektorunun kəsişməsində yaranan yeni bir sektordur. Qonaqlar təsərrüfatda, fermada, şərabçılıq yerlərində əylənir, görülən işlərə qoşulma imkanı əldə edir, işlərin gedişatını öyrənir, birbaşa kənd məhsullarından alır, yerli yeməklərdən yeyir və gecə qala bilirlər.
Aqroturizm səyahət sənayesində sürətlə inkişaf edən seqment olub və bura işləyən təsərrüfatlara, fermalara, şərabçılıq və kənd təsərrüfatı sənayelərinə səfərlər daxildir. Təsərrüfat yerləri müxtəlif çeşiddə əyləncə, maariflənmə, istirahət, açıq hava fəaliyyətləri, alış-veriş və yemək təklif edir.
Aqroturizmin ən vacib faydaları - ailə ilə birlikdə bir iş görmək, təbiət və kənd təsərrüfatı haqqında daha çox öyrənmək, təcrübə qazanmaq, eyni dəyərdə olan insanlarla birgə olmaq, təbiətin qoxusu və səsindən zövq almaq, gündəki həyatda dəyişiklik etməkdir.
Nəticə onu göstərir ki, aqroturizm ailə ilə birgə iş görərək, təbii resursları, kənd irsini və adət-ənənələri qoruyaraq, yerli iqtisadiyyatı canlandıraraq əhaliyə və cəmiyyətə fayda verir. Bundan başqa, camaat yenilik axtarır - tıxacların sıxlığından qaçmaq, ofisdən kənara çıxmaq istəyir. Valideynlər uşaqlarının məhsulun necə yetişdiyini və içdikləri südün, əslində, karton qabdan deyil, inəkdən gəldiyini bilməsini istəyir.
-Aqroturizmin
nə kimi faydaları var?
-Sosial-mədəni faydaları: Kənd irsi və adət-ənənələri qorumaq, regionun adət-ənənələrini qonaqlarla paylaşmaq, qonaqlar üçün əyləncəli fəaliyyət təşkil etmək.
Ekoloji faydaları: Təbii resursları və ekosistemi qorumaq, ziyarətçiləri təsərrüfat və təbiət haqqında marifləndirmək, təbiət və landşaft gözəlliyi ilə təmin etmək.
İqtisadi faydaları: Yerli əhalinin həyat keyfiyyətini gücləndirilmək, lokal iqtisadiyyatı canlandırmaq, kənd yerlərində turizmə marağı gücləndirilmək.
Fermerler üçün faydaları: Təsərrüfat fəaliyyətlərini yaxşı-laşdırmaq, yeni və innovativ vasitə ilə təsərrüfat məhsullarından istifadə etmək, təsərrüfat gəlirlərini artırmaq, təsərrüfatda yaşam, iş və istirahət imkanlarını artırmaq, idarəetmə bacarığı və sahibkarlıq ruhunu artırmaq, təsərrüfat biznesində uzunmüddətli dayanıqlı inkişafı artırmaq, lokal kənd təsərrüfatı məhsullarına diqqəti artırmaq və məhsul adlarını (marka) tanıtmaq kimi faydaları var.
İctimaiyyət üçün faydaları: Yerli biznes və xidmətlər üçün əlavə gəlir yerini formalaşdırmaq, sakinlər və ziyarətçilər üçün imkanları inkişaf etdirmək və yenidən canlandırmaq, yerli adət-ənənəni, incəsənəti və əl işlərini qoruyub saxlamaq və yenidən canlanmasına dəstək olmaq, yeni iş imkanları və gəlir mənbəyi yaratmaqla regionların iqtisadiyyatının şaxələnməsinə və inkişaf etməsinə kömək etmək, yerli biznesə daha çox xarici valyutanı gətirmək, istifadə etdiyimiz qidaların haradan gəldiyini öyrənmək kimi bir çox faydaları var.
Aqroturizmdə bəyənilən digər fəaliyyətlərdən biri də məhsulun şəxsən yığılması və başqa kənd təsərrüfatı fəaliyyətində birbaşa iştirak etməkdir. Məhsulun birbaşa ziyarətçi tərəfindən yığılması, tədbir və festivallara qoşulmaq, təbiəti müşahidə etmək, velosiped turları, balıqçılıq kimi diqqəti çəkin fəaliyyətlər də daxildir.
-Azərbaycanda bu sektoru inkişaf
etdirmək üçün lazımı
şərait varmı?
-Aqroturizm təsərrüfatda
və ya başqa kənd
təsərrüfatı yerlərində əyləncə məqsədi
ilə çalışmaqla və öyrənməklə tərif
edilən turizm fəaliyyət növüdür. Dünyada
bu sektorun
inkişafına baxmayaraq, hələ də
onun cəmiyyətə və regionlara gətirdiyi faydalar
barədə ölkəmizdə çoxlarının məlumatı
yoxdur. Ölkəmizdə bu
sektoru inkişaf etdirmək
üçün çox
gözəl şərait var. Fermerlərə
aqroturizm haqqında təlimlər verərək
onları bu sektora cəlb
etmək mümkündür. Aqroturizmin regionlarda mövcud resurslardan istifadə
edərək təsərrüfatın gəlirlərini
artırmaq və iqtisadi çətinliyi
yüngülləşdirmək kimi rolu var. Bu
da fermerlərimizin təsərrüfatlarını
inkişaf etdirmələri və əlavə
gəlir əldə etmələri üçün
gözəl şansdır. Aqroturizm ora gələn ziyarətçilər vasitəsilə
iqtisadi diversifikasiya və
regionların inkişafına öz
müsbət töhfəsini verir. Aqroturizmin ətraf mühitin
qorunması və kənd yerlərində əhalinin yenidən
artırılmasında da əvəzsiz rolu var. Ümid
edirəm, tezliklə, ölkəmizdə bu
sektorun inkişafı üçün
lazımlı addımlar atılar. Fermerlər və əhali aqroturizmin faydalarından bəhrələnər.
Fuad Hüseynzadə
Palitra.-2015.-27 avqust.-S.7.