Kəngərli rayonunda
Xalq yaradıcılığı günü keçirilib
Naxçıvan
Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi və
Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin
birgə təşkilatçılığı ilə rayonda
keçirilən Xalq yaradıcılığı günü
böyük maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məhərrəm Əliyev milli mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyətindən danışıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncama əsasən, muxtar respublikada milli dəyərlərin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində reallaşdırılan tədbirlər davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan dəyərlərin xalqımıza qaytarılmasında mühüm rol oynayır.
Çıxışda xalq yaradıcılığının rayonda yaşadılan sahələrindən də söhbət açılıb. Qeyd edilib ki, Kəngərli rayonunda folklorumuzun, xalçaçılıq və tikmə sənətlərinin, xalq rəqs və oyunlarının yaşadılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin Xalq yaradıcılığı şöbəsinin müdiri Məmməd Məmmədov çıxış edərək bildirib ki, son iyirmi ildə qədim diyarımızda milli dəyərlərin qorunması və təbliği sahəsində böyük işlər görülüb. Ali Məclis Sədrinin adıçəkilən sərəncamından sonra muxtar respublikamızın bütün bölgələrində xalq yaradıcılığının müxtəlif sahələrinə yeni həyat verilib. Xalq sənətinin və yaradıcılığının ağacişləmə, xalçaçılıq, papaqçılıq, dülgərlik, dəmirçilik, toxuculuq, zərgərlik, misgərlik sahələri ilə yanaşı, qədim rəqslərimiz, xalq oyunlarımız və mərasim tamaşalarımız yaşadılır. Bu gün qədim diyarda yüzlərlə insan xalq yaradıcılığının müxtəlif sahələrini yaşadır.
Tədbir iştirakçıları Fikrət Babayevin rayonun tarixi abidələrini və təbiətini əks etdirən rəsm əsərləri ilə tanış olublar. Ramiz Şükürovun taxtadan düzəltdiyi müxtəlif maketlər, Aynur Bağırovanın toxuculuq və tikmə işləri də maraqla qarşılanıb.
Rayonun “Gülümey” folklor qrupunun ifa etdiyi xalq deyimləri, böyüklərdən ibarət “Sarı gəlin” yallı kollektivinin “Sarı gəlin”, “Tənzərə”, “Tello”, “Köçəri” rəqsləri iştirakçılara xoş ovqat bəxş edib.
Belə tədbirlərin muxtar
respublikanın digər rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.
Palitra.-2016.-27 avqust.-S.15.