Demyanenko: “İdmançılar üçün yaratdığı şəraitə
görə Prezidentə minnətdaram”
Rio Olimpiadasında ölkəmizə gümüş medal qazandıran idmançılardan biri də Valentin Demyanenko idi. Avarçəkmənin kanoe növü üzrə dünyanın ən güclü idmançılarından biri olan Demyanenko dəfələrlə dünya və Avropa çempionluğundan sonra bu dəfə Olimpiya Oyunlarının gümüş medalını qazanıb. Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib. 33 yaşlı idmançı əvvəlcə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) rəsmiləri ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra V.Demyanenko Mingəçevirin idman ictimaiyyəti, gənc avarçəkənləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib. Bu vaxt o, Hlimpiadada qazandığı medalı yeniyetmə avarçəkənin boynundan asıb. Daha sonra tanınmış idmançı AMAF-ın vitse-prezidenti Natiq Abbasov və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında təcrübəli kanoeçinin anası Vera Demyanenko da iştirak edib.
“Qalib
olmağım üçün
0,2 saniyə
çatmadı”
İdmançı yaradılan şəraitə görə, Azərbaycan Prezidentinə minnətdarlıq bildirib: “İlk növbədə, idmançılar üçün yaratdığı şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram. Eləcə də idman naziri Azad Rəhimova, federasiyamızın prezidenti Elçin Zeynalova təşəkkür edirəm. Bütün idmançılar kimi mən də Olimpiadada qızıl medal qazanmaq istəyirdim. Amma yekunda gümüşlə kifayətləndim. Bu nəticəni layiqli hesab edirəm”, deyən V.Demyanenko Olimpiadada qızıl deyil, gümüş medal qazanmasının səbəbini belə izah edib: "Finalda hər şey qaydasında idi. Qalib olmağım üçün 0,2 saniyə çatmadı. 7 santimetr məsafə gümüş medalla kifayətlənməyimə səbəb oldu". Təcrübəli idmançı qazandığı uğuru maksimum nəticə hesab etmir: "Mənim üçün maksimum nəticə qızıl medal olardı. Qazandığım nəticədən daha artığına layiq idim. Həm Londonda, həm də Rioda çempion olmaq gücündəydim. Amma sonda gümüş medal qazandım". O qeyd edib ki, hazırda istirahət barədə düşünür: "Olimpiadada istədiyimə nail oldum, medal qazandım. İndi istirahət etməliyəm. Ukraynaya yollanacağam. Ukraynanılar arasında da qazandığım nəticəyə görə sevinənlər var. Amma onlar daha çox öz çempionlarına görə sevinirlər".
“Növbəti Olimpiadada iştirak edib-etməyəcəyimi indidən deyə bilmərəm”
33 yaşlı idmançı hələlik gələcək karyerası haqqında qərar qəbul etmədiyini vurğulayıb: "Növbəti Olimpiadada iştirak edib-etməyəcəyimi indidən deyə bilmərəm. Karyeramı davam etdirib-etdirməyəcəyim hələ məlum deyil. Lakin istənilən halda, karyeramı bitirdikdən sonra məşqçi işləyəcəyəm. Çünki bütün həyatımı bu idman növsünə həsr etmişəm. Məşqçilərimdən çox şey öyrənmişəm. Onlarən hər biri mənə çox kömək ediblər". Demyanenko vaxtı ilə Azərbaycan yığmasında birgə çalışdığı Andrey Kraytorla münasibətlərindən də söz açıb: "Ona qarşı münasibətim hamı kimidi. Hər şey normaldı. İdmanda düşmən olmur. Heç bir rəqibim arasında fərq qoymuram". Əslən ukraynalı olan idmançı Azərbaycan dilində anladığını söyləyib: "Artıq 9 ildir burada yaşayıram. Azərbaycan dilini müəyyən qədər başa düşürəm, bəzi sözlərin mənasını bilirəm. Təəssüf ki, Azərbaycan dilində danışa bilmirəm". Sonda Demyanenko qazandığı Olimpiya medalında rolu olan hər kəsə təşəkkür edib: “Mənə dəstək olan hər kəs sağ olsun. 9 il ərzində uzun yol qət etmişik. Yekunda Olimpiadada gümüş medal qazandım. Bu uğurda mənə kömək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Həmçinin “Kür” Olimpiya Tədris İdman Mərkəzinin rəsmisi Rəhman Xanlarovun adını çəkmək istərdim. O, Mingəçevirə gəldiyim ilk gündən mənə dəstək olub, bütün işlərdə yardımçı olub”.
Natiq Abbasov:
“Bu gün Azərbaycanda yüzlərlə gənc avarçəkmə ilə məşğul olur”
Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidenti, “Kür” Olimpiya Tədris İdman Mərkəzinin direktoru Natiq Abbasov mətbuat konfransında bildirdi ki, federasiya 2007-ci ildə yaradılıb. Həmin vaxtdan etibarən 3 idman növü -kayak, kanoe və avarçəkmə üzrə xaricdən məşqçilər ölkəmizə dəvət olunub, idmançılar hazırlanıb. Mingəçevir şəhərində Kür çayının üzərində və Bakı şəhərində bu idman növü üzrə məşqlər, yarışlar keçirilməyə başlayıb. Artıq bu gün Azərbaycanda yüzlərlə gənc avarçəkmə ilə məşğul olur". N.Abbasov kanoeçimiz Valentin Demyanenkonun Rioda gümüş medal qazanmasına belə münasibət bildirib: “Demyanenko 2007-ci ildən yığmamızın üzvüdür, kanoe yarışlarında Azərbaycanı təmsil edir. 4 qat dünya, 4 qat Avropa çempionudur. Bir neçə dəfə Dünya Kubokuna sahib çıxıb. Daha əvvəl ölkəmizi London Olimpiadası və «Bakı 2015» Avropa Oyunlarında da təmsil edib. Avropa Oyunlarında ikinci olmuşdu. Rioda isə karyerasının ən böyük uğuruna imza atdı. Gərgin mübarizədə Demyanenko arzuladığımız nəticəyə nail oldu”. N. Abbasov Demyanenkonun Mingəçevirdə hər kəs tərəfindən sevildiyini qeyd edib: “Valentin artıq 9 ildir ki, Mingəçevirdə yaşayır. Burada onu balacadan böyüyə hər kəs tanıyır, sevir. O, Mingəçevir şəhərinin fəxridir. Bu gün keçirilən görüşdə də sıravi vətəndaşların ona olan sevgisinə şahid oldunuz”. Federasiya rəsmisi Demyanenkonun Olimpiya çempionu ola bilməməsini bəxtsizliklə əlaqələndirib: “Bu günə kimi avarçəkmədə Azərbaycanda Demyanenko kimi güclü idmançı görməmişəm. Heç kim onun nəticələrinə yaxın dura bilmir. London Olimpiadasından öncə reytinqdə birinci idi. Olimpiadanın qalibi olmalı idi. Hamı onu gələcək Olimpiya çempionu kimi təqdim edirdi. Lakin bəxtsizliklə üzləşdi. Finala 1 gün qalmış ehtiyatsızlıqdan zədə aldı. Bu dəfə də sonda qalib olan Yuri Çebandan üstün idi. Yarımfinalda ona qalib gəlmişdi. Hətta deyim ki, Olimpiadada son anda iştirak hüququ qazanan Çebanın adı əvvəlcə finalçılar arasında yox idi. Amma qadın idmançımız İnna Osipenko-Radomskaya ona hakimlərə müraciət etməyi məsləhət gördü. Belədə Çebanın etirazı qəbul edildi və finala vəsiqə qazanmaqla sonda qalib oldu. Hamı Çebanı şanslı idmançı kimi tanıyır. İnanıram ki, Demyanenko 37 yaşında Olimpiya çempionu ola bilər”.
“Gələcəkdə
Mirnazim Cavadov və Cavid Əfəndiyevdən uğur
gözləyirik”
Natiq Abbasov Azərbaycanda yetişən gənc idmançılardan da söz açıb: “Gələcəkdə Mirnazim Cavadov və Cavid Əfəndiyevdən uğur gözləyirik. Onların idmançı karyeralarının parlaq alınacağına ümidimiz var. Hazırda gəncdirlər, potensilları var. Eləcə də bəzi legionerlərlə hazırda danışıqlar aparırıq. Amma Azərbaycanda qadın idmançı tapmaq çətindir. İdmançılar var, amma gənclərdirlər. Radomskaya gələcəkdə burada məşqçi kimi fəaliyyət göstərə bilər”. Natiq Abbasov federasiyanın üzləşdiyi çətinliklərə də toxunub: “Müəyyən çətinliklərimiz var. Avarçəkmə xüsusi idman növüdür. Futbolla küçədə, güləşlə zalda məşğul olurlar. Amma bizdə vəziyyət fərqlidir. Müəyyən xüsusi qayıqlar lazımdır. Ümumiyyətlə, tələblər çoxdu. Məşq üçün ancaq 1 yerdə, Mingəçevirdə şərait var. Buna baxmayaraq, növbəti Olimpiadada ən azı budəfəki nailiyyətləri təkrarlamalıyıq”.
Vera Demyanenko:
“Azərbaycanın
sayəsində oğlum
Olimpiadada gümüş
medal qazandı”
Tədbirdə Olimpiya
mükafatçımızın anası Vera
Demyanenko da iştirak edirdi. O, tədbirdə
Azərbaycan xalqına minnətdarlıq ifadə etdi: «Azərbaycanın sayəsində oğlum Olimpiadada gümüş medal
qazandı". O, oğlunun
uşaqlıqdan liderlik keyfiyyətlərinə
sahib olduğunu bildirib: "Oğlum
uşaqlıqdan lider olub.
Əvvəlcə skripka ilə məşğul
olub. Amma sona qədər hövsələsi
çatmadı. Sonra müxtəlif idman növləri ilə məşğul oldu. 5 yaşından
üzgüçülüyə başladı. Sonra kaneo ilə
maraqlandı. Bu idman
növünə təzə maraq göstərəndə
müəlimi bildirdi ki,
Valentin gələcək çempiondu.
Elə də alındı. Oğlumla fəxr
edirəm”. Daha sonra
jurnalistlər idman qurğusunda
yaradılan şəraitlə tanış olub,
uşaq və yeniyetmə avarçəkənlərin
məşqini izləyiblər.
Anar Miriyev
Palitra.-2016.-30 avqust.-S.7.