“Əsas məsələ İKT-dən ictimai fəaliyyətdə yararlanmaqdır”
Əli Bədirov:
“Gürcüstandakı
soydaşlarımız, eləcə də gürcülər hər
hansı problemləri ilə bağlı “Facebook”
üzərindən də bizə müraciət edirlər”
Gürcüstandakı bir çox azərbaycanlı gənclər həm QHT sahəsində, həm də sosial şəbəkələrdə aktivdirlər. Elə Gürcüstan-Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov da həm real, həm də virtual məkanda azərbaycanlıların hüquqlarını qorumağa çalışır. Qeyd edək ki, Ə.Bədirov 1989-cu ildə fevralın 14-də Gürcüstanın paytaxtı Tbilisidə dünyaya gəlib. Tbilisidə rusdilli dövlət məktəbində oxuyub. 2008- 2012-ci illərdə Guram Tavartkiladze Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2015-ci ildə isə Qafqaz Beynəlxalq Universitetini bitirərək hüquq elmləri üzrə magistr olub.
-GAHA-nı
hansı məqsəd üçün
yaradıbsız?
- 2014-cü il mayın 21-də GAHA-nı yaratdım. Bu qeyri-hökumət təşkilatını soydaşlarımız üçün yaratdım ki, onlar ən azından Azərbaycan dilində hüquqi məsləhət ala bilsinlər. Bu barədə bizə GAHA-nın “Facebook” səhifəsindən müraciətlər olunur. Çünki hələ də ofisimiz yoxdur. Amma bu bizi həvəsdən sala bilmir. GAHA-nın artıq 20-yə yaxın üzvü var. Amma, təbii ki, əksəriyyəti Hüquq fakültəsinin tələbəsidir. Mənim 3 müavinim var- Əmrah İbrahimov, Ayaz Dalivalov və Sərdar Nəbiyev. Qeyd etmək istərdim ki, Əmrah İbrahimov həm də Bolnisi Rayon İcra Hakimiyyətinin hüquqşünasıdır. Bu bizim təşkilat üçün çox sevindirici bir haldır ki, GAHA-nın fəal üzvü müsabiqə yolu ilə dövlət qurumunda işə qəbul olunub. Onu da qeyd etməliyəm ki, mən də müsabiqə yolu ilə Marneuli Rayon İcra Hakimiyyətinin hüquqşünası vəzifəsini qazanmışdım. Bu vəzifədə 1 ildən çox işlədim və sonradan gördüm ki, millətimizə bu vəzifədən lazımi qədər faydalı ola bilmirəm. Bu səbəbə görə işdən çıxaraq GAHA-nın lideri kimi çox fəal şəkildə QHT fəaliyyətini davam etdirməyə qərar verdim.
-Öz
fəaliyyətinizi sosial şəbəkələr
üzərindən necə qurursuz?
-Bu gün sosial şəbəkələr insanların problemlərini görmək və ya onların problemlərini kiməsə bildirmək üçün ən optimal virtual müraciət növüdür. Əslində, sosial şəbəkələrdə bu baxımdan bir virtual səmimillik var. Biz də GAHA olaraq İKT-nin verdiyi bu imkandan yararlanaraq "Facebook"da səhifə yaratmışıq. Gürcüstandakı soydaşlarımız, eləcə də gürcülər hər hansı problemləri ilə bağlı "Facebook" üzərindən də bizə müraciət edirlər. Biz də bacardığımız qədər onlara öz dəstəyimizi göstəririk. Eyni zamanda "Facebook"da bizə müraciət olmadan belə, hüquqi maarifləndirmə aparırıq.
-Soydaşlarımızın
təhsili ilə bağlı hansı layihələr keçirirsiz?
-Bildiyiniz kimi, GAHA-nın əsas məqsədi gənc nəslin vətəndaş və hüquqi təhsilə yiyələnmələrinə yardımçı olmaqdır. 2016-cı ilin fevral ayından etibarən GAHA-nın üzvləri olaraq öz maliyyə vəsaitimizlə çox gözəl layihə həyata keçiririk. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı rayonlarda fəaliyyət göstərən azərbaycandilli məktəblərin şagirdləri arasında Vətəndaş təhsili fənni üzrə olimpiadalar keçiririk. Bu tədbiri biz Tbilisidə, Başkeçiddə (Dmanisidə), Qaraçöpdə (Saqarecoda), Barmaksızda (Tsalkada), Qabalda (Lagodexidə), Bolnisidə və Qarayazıda (Qardabanidə) həyata keçirmişik. Hər rayonun güclü 5-10 şagirdinə isə GAHA-nın sertifikatı təqdim olunub. Bolnisi böyük rayon olduğu üçün Test tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmiş 10 şagirdə GAHA-nın sertifikatı təqdim olundu. Qeyd etmək istəyirəm ki, Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı hər rayonda olimpiadanı keçirdikdən sonra, GAHA-nın sertifikatı əsasında finalda rayon qaliblərini görüşdürəcəyik ki, Gürcüstan üzrə ən güclü azərbaycandilli məktəblərin şagirdlərini mükafatlandıraraq və onlarla həmişə əlaqə saxlayaq, əməkdaşlıq edək. Bəlkə, onlar arasında gələcək güclü hüquqşünaslar var. Bu layihədə məqsədimiz, gənclərin və yeniyetmələrin hüquq elminə marağını artırmaq və onlara stimul verməkdir. Biz istəyirik ki, onlar arasında öz hüquqlarını bilən vətəndaşlarımız, hətta hüquqşünaslarımız çox olsun. Bu cür tədbirlərin həyata keçirilməsi gənclərin təhsilə marağını artırmaq üçün önəmli, hətta vacib olduğunu düşünürəm. Çünki bu gün bizim soydaşlarımız təhsildə çox uğurlu ola biləcəklərinə inanmırlar, gənclərimiz qalib olmağı, sertifikata layiq görülməyi, irəli getməyi çox çətin bilirlər, amma, əslində, bu, o qədər də çətin deyil.
“Azərbaycan dilində hüquqi məsləhət günü” layihəsi nəzərdə tutulur. Biz istəyirik ki, Gürcüstanın hər bir azərbaycanlı sakini hüquqi məsləhət ala bilsin. Buna görə də, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı hər kənddə bu layihə çərçivəsində sakinlərlə görüşlər keçiriləcək.
-Soydaşlarımız
yaşayan ərazilərdəki məktəblərdə
İKT nə dərəcədə tətbiq olunub?
-İKT təhsilə bir çox yeniliklər gətirib. Artıq təhsildə İKT-dən istifadə bir zərurətə çevrilib. İKT-siz təhsili heç cürə qəbul etmək olmur. Buna görə də ümumi olaraq Gürcüstanın mərkəz məktəbləri də İKT ilə normal təchiz olunub. Amma kənd məktəblərində İKT, hələ ki, istənilən səviyyədə tətbiq olunmayıb. Bu hal azərbaycanlılar olan məktəblərdə də müşahidə olunur. Bu da şagirdlərin müasir metodlarla təhsilə yiyələnməsinə imkan vermir. Ümid edirik ki, zamanla bu problem aradan qalxacaq.
-
Soydaşlarımızın Gürcüstan
ictimaiyyətinə inteqrasiya prosesi necə gedir?
-Soydaşlarımızın Gürcüstan ictimaiyyətinə inteqrasiya prosesi heç də güclü getmir. Bunun bir çox səbəbi var. Məsələn, dövlət (gürcü) dilini bilməmək, yaxud zəif səviyyədə bilmək; öz hüquqlarımızı bilməmək, qanun qarşısında bizim gürcülər ilə eyni olduğumuzu bilməmək, təhsilə lazımi qədər önəm verməmək və s. Biz öz tərəfimizdən əlimizdən gələni etməliyik. Biz, Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini öyrənməliyik, çalışmalıyıq öz hüquqlarımızı bilək, Gürcüstan konstitusiyasını oxuyaq, seçkilərdə həmişə iştirak edək və s. İnteqrasiya prosesini ancaq gürcü dilini bilən gənc soydaşlarımız gücləndirə bilərlər və həm dövlət, həm soydaşlarımız, həm də milli çoxluq (gürcülər) onlara dəstək olmalıdır. Bildiyiniz kimi, inteqrasiya ikitərəfli bir münasibətdir və dövlət dilini bilənlərimiz isə həm də bizim inteqrasiya olmağımız üçün gürcülərin razılığını qazanmalıdırlar, çünki dövlət dilini bilən savadlı soydaşlarımız da tam inteqrasiya ola bilmir. Bu gün Gürcüstanda heç bir nazir, hətta heç bir nazir müavini azərbaycanlı deyil. Niyə? Çünki təyin edən gürcü azərbaycanlını təyin etmək yerinə, öz soydaşını təyin edir. Yadıma Gürcüstanın İctimai Televiziyasının “İnteqrasiya” verilişi düşdü. Orada siyasi partiya nümayəndələri, QHT liderləri, dövlət məmurları və jurnalistlər iştirak edirdilər. Mən, GAHA-nın rəhbəri kimi çıxış edərkən, soydaşlarımızın inteqrasiya problemlərini qeyd edərkən, milli çoxluğa dedim ki, yarımçıq açıq olan inteqrasiya qapısını axıra kimi açın ki, milli azlıqlar inteqrasiya ola bilsin. Və çox sevindirici anlar yaşandı. Məndən sonra çıxış edənlərin böyük əksəriyyəti qeyd etdiyim problemləri etiraf etdilər.
-Gürcü
və azərbaycanlı gənclərin həmrəyliyi
varmı, birgə tədbirlər keçirə bilirsizmi?
-Biz gürcülərin razılığını, dostluğunu qazanmalıyıq, onlarla birgə tədbirlər, layihələr həyata keçirməliyik. Məsələn, mən gürcü gənclərinin təşkilat rəhbərləri ilə əməkdaşlıq edirəm, birgə tədbirlər keçiririk. Bu ictimai aktivliklərdən ən önəmlisini sizə danışmalıyam. 2016-cı ilin aprel hadisələri günlərində (aprelin 4-də) mən və Gürcüstanın 3 başqa QHT rəhbəri birgə brifinq keçirdik. Brifinqdən biz dünya liderlərinə və Gürcüstan prezidentinə səsləndik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yolunda aktiv olsunlar. Bu cür tədbirləri gürcü gənclərlə birgə keçirəndə, effekti böyük olur. Sabahı gün, Gürcüstan prezidenti münaqişə tərəflərini problemin sülh yolu ilə həll olunmasına çağırdı.
-İctimai
işlərdə nə kimi aktivlik göstərirsiz?
-Təbii ki, hər fevral ayı Xocalı soyqırımı haqqında tədbirlər keçirilir. 2015-ci ildə böyük aksiya keçirildi. Tbilisidəki parlament binası qarşısındaydıq. Amma mənim daha çox 2016-cı ilin fevral ayında Borçalı İrəli İctimai Birliyi ilə birgə keçirdiyim tədbirimiz xoşuma gəldi. Çünki biz Xocalı soyqırımı ilə bağlı gürcü dilinə tərcümə olunmuş bukletləri metronun qarşısında keçirdiyimiz aksiyada gürcülərə payladıq.
-Orada
QHT-lər ictimai işlərdə həmrəylik
nümayiş göstərirlərmi?
-Azərbaycanlı gənclər və QHT-lər tam həmrəylik nümayiş gostərə bilmirlər. Bunun səbəbini açıq deyə bilərəm. Bizim özümüzdə də problemlər var. İrəli gedəsi olanların irəli getməsini istəmirik. Biz elə bilirik ki, biri irəli getdisə, biz geridə qalacağıq. Amma əksini fikirləşmək lazımdır: bəlkə, irəli gedən soydaşımız sonra bizi də irəli çəkər!? Yəni paxıllıq olmadan addımlar ata bilsək, bir-birimizə dəstək olsaq, çox uğurlu ola biləcəyimizə inanıram.
-Gürcüstandakı
gənclərimizin İKT bilgiləri hansı səviyyədədir?
-Gürcüstandakı azərbaycanlı gənclər
mobil kommunikasiya vasitələrindən
istifadə etmək bacarığına malikdirlər. Yəni
gündəlik həyatda gənclər "Skype",
"WhatsApp" və digər əlaqə
vasitələrində istifadə edə bilirlər. Ümumi olaraq informasiya cəmiyyəti formalaşmaq
üzrədir. İKT cəmiyyətin əksər sahələrinə
sirayət edib. Lakin əsas
məsələ İKT-dən ictimai fəaliyyətdə
yararlanmaqdır. Bu baxımdan gənclər
istənilən fəaliyyət nümayiş
etdirə bilmirlər.
Fuad Hüseynzadə
Palitra.-2016.-31 avqust.-S.11.