İKT Həftəsinin nəticələrindən
biri iştirakçılarla işgüzar müqavilələrin
imzalanması oldu
Regionun bu ən böyük tədbiri ölkə iqtisadiyyatının innovativ və texnoloji inkişafa mərhələli keçidinin göstərdiyi müsbət təsiri bir daha nümayiş etdirdi
Bir neçə gündür ki, Bakıda davam edən İKT Həftəsi başa çatır. "Bakutel-2016" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi çərçivəsində bir sıra tədbirlər keçirilib. Layihəmiz də məhz İKT-nin inkişafı ilə bağlı olduğundan həmin tədbirləri geniş işıqlandırmağa ehtiyac duyduq.
Xəzəryanı regionda İKT sahəsinə həsr olunmuş ən böyük tədbir “Bakutel-2016” işgüzar mühit və dünyanın 18 ölkəsini təmsil edən yüzlərlə iştirakçı arasında təşəbbüs və qarşılıqlı anlaşma şəraitində keçib. Ölkə başçısının sərgini ziyarət etməsi bu tədbirin mühüm statusunu bir daha ön plana çəkdi. Prezident İKT sənayesində fəaliyyət göstərən ən böyük dünya şirkətlərinin nümayəndələri ilə söhbət edərək həm yerli, həm də xarici ekspozisiyaların təqdimatı ilə tanış olub. Sərgi iştirakçılarına salamlama məktubu ilə müraciət edən ölkə başçısı tədbiri yüksək qiymətləndirdiyini vurğulamaqla yanaşı, qeyd edib ki, sərgi ölkəmizin, eləcə də bir sıra dünya dövlətlərinin, aparıcı şirkətlərin yüksək texnologiyalar sahəsində əldə etdikləri ən son nailiyyətləri nümayiş etdirməklə, Xəzəryanı regionda telekommunikasiya və informasiya texnologiyaları sahəsi üzrə ən mühüm tədbirə çevrilib.
“Bakutel” sərgisi və sərgiyə həsr olunmuş tədbirlər müxtəlif ölkələri təmsil edən yüksək rütbəli qonaqlar, habelə nazirlər, alimlər, biznesmenlər və investorlar qrupunu bir arada toplayıb. Azərbaycana sürətlə artan maraq fonunda sərgi iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıqların daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verib. “Bakutel 2016” sərgisinin daha bir xidməti isə beynəlxalq və regional səviyyələrdə yeni təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə təşkil edilmiş milli pavilyonların fəal iştirakı və geniş işgüzar proqram oldu.
Peşəkar ziyarətçilər bir sıra şirkətlərin bütün Bakı və ətraf qəsəbələri əhatə edən “4G” üzrə texnoloji innovasiyaların, eləcə də daha rahat və maraqlı həyat tərzini təşviq edən mobil və simsiz rabitə vasitələri, korporativ həll variantları və dünyanın qabaqcıl texnologiya sistemlərinin səmərəliliyini yüksək qiymətləndirdilər. Yerli şirkətlər rabitə, poçt, peyk rabitəsi, nanotexnologiyalar, “elektron hökumət”, “elektron imza” və Məlumat mərkəzlərinin “bulud” texnologiyaları üzrə layihələrin yeni inkişaf mərhələlərini uğurla nümayiş etdirməklə yanaşı, müasir İKT layihələrini də təqdim ediblər.
Qeyd etmək lazımdır ki, bu il “Bakutel” sərgisinin keçirilməsi Azərbaycanda rabitənin 135 illik yubileyi ilə üst-üstə düşür və Ekspo Mərkəzinin foyesində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə bu sahənin əsasının qoyulması və inkişaf mərhələlərinin parlaq və maraqlı şəkildə əks olunduğu çoxplanlı foto-sərgi nümayiş olunub.
İnsanların sayı və stendlərin dolğunluğu baxımından sərgi platformasının miqyası tamaşaçılar arasında interaktiv rejimdə bir neçə səmərəli müsabiqə və viktorinaların keçirilməsinə imkan verib. Virtual sürprizlərin bu cür peşəkar nümayişi aparıcı provayderlər, sistem inteqratorları və dünya brendlərinin distribüterlərinin stendlərinin ətrafında əsl anşlaq yaradıb. Burada ziyarətçilər mini-futbol oynayıb, ekzotik mühitdə “ov” edir, “xəzinə”lər toplayır və başıqarlı zirvələri “fəth” ediblər. Əlbəttə, sonda həmin ziyarətçilər təşkilatçılardan səxavətli hədiyyələr də alırlar.
Azərbaycanda İKT həftəsinin yekununun ən yaxşı nəticələrindən biri iştirakçıların, xüsusilə də öz nailiyyətlərini nümayiş etdirərkən işgüzar müqavilələr imzalamış şirkətlərin müsbət rəyləridir. Belə müsbət yekunlar ilə təkcə bir sıra tanınmış şirkətlərin nümayəndələri deyil, eyni zamanda “Bakutel 2016” sərgisinin “start-up”ları da fəxr edə bilərlər. Artıq sərginin ilk iki iş günündə burada onlarla mühüm işgüzar görüş keçirilib, istər yerli səviyyədə, istərsə də beynəlxalq miqyasda gələcək əməkdaşlıq modelləri müəyyən edilib.
Telekommunikasiya sahəsində Qafqaz regionunun bu ən böyük tədbiri ölkə iqtisadiyyatının innovativ və texnoloji inkişafa mərhələli keçidinin göstərdiyi müsbət təsiri bir daha nümayiş etdirdi. Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq sənaye institutlarının göstərdikləri dəstək, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən tədbirə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu yenidən təsdiq etmiş oldu.
Sərgi-konfransı çərçivəsində
əməkdaşlıq memorandumları imzalandı
Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları - "Bakutel 2016" sərgi-konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Belarusun "Geoinformasiya idarəetmə sistemləri" holdinqinin idarə şirkəti "AGAT-idarəetmə sistemləri" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Belarusun "AGAT-idarəetmə sistemləri" ASC-nin adından direktorun birinci müavini Dmitri Qoryaçko, Məlumat Hesablama Mərkəzinin adından isə direktor Elnar Əsədov imzalayıblar. Anlaşma Memorandumu innovasiya texnologiyaları və kadrların hazırlanması sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq imzalanıb. Beş il müddətində qüvvədə olan bu sazişə uyğun olaraq birgə əməkdaşlıq çərçivəsində tərəflər arasında imkanların birləşdirilməsi, kadrların hazırlanması üçün zəruri infrastrukturun yaradılması, ölkələrarası perspektivli innovasiya layihələrinin birgə inkişaf etdirilməsi və tətbiqi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin hazırlanması və s. kimi çox əhəmiyyətli müddəalar icra ediləcək.
Bununla yanaşı, Məlumat Hesablama Mərkəzi, "Türkiyə elmi və texnoloji araşdırma qurumu informatika və məlumat təhlükəsizliyi yüksək texnologiyalar üzrə araşdırma mərkəzi (TÜBİTAK BİLGEM)" və "Hava Elektronik Sanayi ve Ticaret A.Ş. (HAVELSAN)" şirkətləri arasında da Anlaşma Memorandumu imzalanıb. Sazişə əsasən, Türkiyənin HAVELSAN və TÜBİTAK BİLGEM dövlət şirkətləri Məlumat Hesablama Mərkəzinin Açıq Açar İnfrastrukturunun (PKI) inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq etmək arzusunda olduqlarını bildirdilər və tərəflər bu istiqamətdə 3 (üç) il müddətinə qüvvədə olacaq müddəalara imza atdılar. Tərəflər öz fəaliyyət sahələrini nəzərə alaraq imkan və bacarıqlarını birləşdirmək yolu ilə layihələr çərçivəsində daha məhsuldar işləyə biləcəkləri məsələsində ümumi fikrə gəldilər. Bu Memorandum çərçivəsində xarakterizə edilən layihələrdə HAVELSAN və TÜBİTAK BİLGEM Konsorsium Ortağı, MHM isə Müştəri funksiyasında çıxış edir.
Qeyd edək ki, sərgiyə qatılan Moldovanın İnformasiya texnologiyaları nazirinin müavini cənab Vitali Çolakla da MHM-in xidmətləri barədə əməkdaşlıq əlaqələri müzakirə olunub.
Məlumat Hesablama Mərkəzi ilə “Microsoft”un Azərbaycan nümayəndəliyi arasında müqavilə imzalanıb
Sərgi çərçivəsində, həmçinin "Elektron hökumət" portalının və Milli Sertifikat Xidmətləri Mərkəzinin operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə "Microsoft"un Azərbaycan nümayəndəliyi arasında müqavilə imzalanıb. Müqaviləni Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və "Microsoft"un Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov imzalayıblar. Müqavilə "Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin sərəncamının 2-ci hissəsinə əsasən "Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi üçün Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması" layihəsi çərçivəsində imzalanıb.
Qeyd edək ki, İKT sahəsində son illərin ən böyük layihələrindən sayılan yeni nəsil şəxsiyyət vəsiqəsi ölkəmizdə bütün vətəndaşları elektron imza sertifikatı ilə təmin edəcək. Bu elektron şəxsiyyət vəsiqəsinin əsas üstünlüyü vətəndaşın elektron xidmətlərdən istifadə rahatlığını təmin etməklə məmnunluğunu artırmaqdır.
Müqavilə elektron hökumətin inkişafında atılan ən mühüm addımlardan sayılır.
"TURKSAT" "Azərkosmos"la işbirliyini davam etdirəcək
Türkiyənin "TURKSAT" şirkətinin
xəbər və kabel televiziyası peyk kanalı vasitəsilə 550 telekanal yayımlayır, internet
xidmətləri göstərir. Şirkət bu
sahədə ölkənin ən böyük
qurumlarından biridir. Bunu
şirkətin nümayəndəsi “Bakutel-2016” sərgisinin
iştirakçısı Akif Yüksel bildirib. "Fəaliyyət göstərdiyimiz 23 ildə
şirkətimiz yeni texnologiyalar
tətbiq edir, maraqlı layihələr həyata
keçirir", - deyə, A.Yüksel vurğulayıb. Şirkət təmsilçisi,
həmçinin qeyd edib
ki, "TURKSAT" artıq 3 ildir "Azərkosmos" ASC ilə strateji əməkdaşlıq əlaqələri
qurub və bu işbirliyini davam etdirməyi
planlaşdırır.
Nigar Abdullayeva
Palitra.-2016.-3 dekabr.-S.11.