Yaponiya və yaponlar haqqında bilmədiklərimiz
Əlibəy Məmmədov:
“Yaponiya Azərbaycandan
qonaqpərvərliyi, xaricilərə qarşı olan
tolerantlığı, müxtəlif millətlərlə bərabərhüquqlu
və rahat şəkildə yaşamağı öyrənə
bilər”
Bildiyimiz kimi, yaponlar bir sıra maraqlı xarakterik xüsusiyyətlərə malikdirlər. Və bu, bir çox xalqların, eləcə də azərbaycanlıların marağındadır. Yaponiya və yaponlar haqqında bilmədiyimiz məqamlar haqqında 5 ilə yaxındır ki, bu ölkədə yaşayan gənc diaspor üzvü Əlibəy Məmmədov öz müsahibəsində danışıb. Qeyd edək ki, Ə.Məmmədov Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya üzrə vitse-prezidentidir.
- Azərbaycan
oxucusu yaponlar haqqında nələri bilmir?
- Bilirsiz, mən düşünmürəm ki, Azərbaycan cəmiyyəti Yaponiya ilə bağlı məlumatlıdır. Bizdə çox elementar məlumatlar ola bilər. Ona görə əksər məlumatları yeni hesab edərdim. Yaponlar kifayət qədər dürüstdürlər. Heç kimin malına göz dikməzlər. Yolda pul qabınızı, telefonunuzu, zinət əşyanızı itirə bilərsiniz. Amma inanın ki, polisə müraciət etsəniz qısa müddətdə tapılacaq. Bunu tapan yaponlar dərhal polisə təhvil verirlər və qeydiyyata alınır. Siz polisə müraciət etdiyiniz zaman əldə edə bilirsiz.
Onu da bildirim ki, Yaponiyada Meiji (1867-68) inqilabından sonra, demək olar ki, Samuraylar fiziki cəhətdən qalmasa da, samuray ruhu hələ də yaponlarda yaşamaqdadır. Çox döyüşkən xalqdır. Mərd xalqdır. Yaponiyada, bildiyiniz kimi, təbii fəlakətlər, zəlzələlər, tayfunlar, sunamilər tez-tez olur və ölkəyə kifayət qədər ziyan dəyir. İnsan itkiləri də az olmur. Bununla belə, yaponlar çox qısa zaman ərzində özlərində qüvvə taparaq yenidən yaradırlar, qururlar. Heç kimdən kömək istəmirlər. Heç kimi gözüyaşlı görmürsən. İnsan hərdən donub qalır ki, bu cür vəziyyətlərdə insan necə bu qədər soyuqqanlı ola bilər?! Amma Yaponiyada uzun illər yaşadıqca alışır insan. Bir növ yapona çevrilirsən. Digər tərəfdən yaponların xarakterləri ilə bağlı onu deyə bilərəm ki, əksər hallarda qarşı tərəfin (əcnəbinin) bütün məlumatlarını əldə etməyə çalışırlar. Şəxsi məsələlərədək suallar verirlər. Biz xaricilər bu suallara hər zaman cavab veririk. Amma növbə özlərinə gələndə çox qapalı olurlar və qeyd edirlər ki, bu şəxsi məsələdir və danışmaq istəmirik. Özləri isə qarşı tərəf barədə hər məsələni öyrənməyə meyilli olurlar. Gündəlik həyatda isə yolda gedərkən velosiped sürə-sürə üzünü təraş edən, metroda pivə içən yaponları da görmək olar. Yaponiyada içki mədəniyyəti çox inkişaf edib. Xüsusilə böyük şirkət rəhbərləri öz işçilərini yaxından tanımaq üçün tez-tez belə məclislər təşkil edirlər. Belə məclislərdə, hətta adi işçi öz rəhbərinə qarşı müəyyən mənada hörmətsizlik edə, ona şillə də vura bilər. Növbəti gün hamı bunu unudur və hər kəs öz işi ilə məşğul olur.
-Yaponlar bir
çox sahədə dünyada mümunədir. Bəs Azərbaycan
hansı cəhəti ilə yaponlara nümunədir?
-Bu bir qədər
çətin sualdır. Qeyd etdiyiniz kimi, Yaponiya
bir çox sahələrdə nəinki Azərbaycan,
bütün dünya ölkələrinə nümunə
olacaq bir dövlətdir. Azərbaycanın
Yaponiyadan öyrənməli olduğu bir çox sahələr
vardır. Eyni zamanda hər iki ölkənin
iki əsas oxşar cəhəti vardır. “İnsan” və “tarix” faktoru. Həm Yaponiyada, həm
də Azərbaycanda ölkənin insanına və tarixinə
hörmətlə yanaşılır. Hər
iki dövlət qədim tarixə malikdir və bununla fəxr
edə bilər. Hər iki xalqın
dünya səviyyəli insanları vardır ki, bəşəriyyət
tarixində dərin izlər buraxıblar. Yaponiya
rahat ölkədir, azaddır, təhlükəsizdir. Səhiyyə
sistemi yüksək səviyyədə inkişaf edib,
sığorta sistemi ali səviyyədədir.
Qidaları yüksəkkeyfiyyətli və təmizdir.
Ancaq, bildiyiniz kimi, Yaponiya əhalisinin mütləq
əksəriyyəti məhz yaponlardır. Digər millətlərin nümayəndələri
azlıq təşkil edir. Düşünürəm
ki, Yaponiya Azərbaycandan qonaqpərvərliyi, xaricilərə
qarşı olan tolerantlığı, müxtəlif millətlərlə
bərabərhüquqlu və rahat şəkildə
yaşamağı öyrənə bilər. Yaponiyanın xaricilərə qarşı olan
qanunları çox sərtdir. Bura hər adam
gələ bilməz. Yalnız yüksək səviyyəli
siyasi və biznes adamları, eyni zamanda yüksək təhsilli
insanlar rahat gələ bilirlər. Digərləri
üçün böyük əngəllər
yaradılır. Hətta son zamanlar
dünya səviyyəsində qlobal problemə çevrilən
qaçqınlarla bağlı da dövlət olaraq sərt
reaksiya verməklə qəbul etməkdən imtina ediblər.
Bu isə bir çox yerli ziyalılar tərəfindən
tənqid edilmişdi. Yaponiyada 5 ilə
yaxındır ki, yaşayıram. Çox
xoş münasibətdə olduğum ailə dostlarım da
var. Amma evinə dəvət edənlər çox azdır.
Hər zaman restorana dəvət edirlər.
Bu tək mənim başıma gələn hadisə
deyil, digər xaricilərlə söhbətlərimizdə də
ən aktual mövzulardan biridir bu. Biz isə Azərbaycana gələn
qonağı ilk olaraq öz evimizə dəvət edirik.
Burada bizim fərqimiz ortaya çıxır.
Yaponlarda digərlərinə bir balaca soyuq
yanaşma var. Mən digərləri dedikdə yapon millətindən
olmayanları nəzərdə tuturam. Onu
da qeyd edim ki, bunu heç də hər bir yapona aid etmək
olmaz, amma ümumi görünən mənzərə məhz
budur. Yaponiyada yaşayan istənilən
xarici dediklərimi təsdiq edə bilər. Kim bilir, bəlkə də xaricilərə
qarşı bu qədər sərt olmaqları, hər
adamı ölkəyə buraxmamaları, ölkənin bu qədər
təhlükəsiz və stabil olmasına gətirib
çıxarıb. Bu məsələyə
müxtəlif mövqelərdən yanaşmaq olar. Kifayət qədər aktual olan mövzudur.
-Yaponlar deyir ki, əgər mühiti
dəyişmək mümkün deyilsə, mühitə olan
münasibəti dəyişmək lazımdır. Bu fikir onların ada xalqı olmasındanmı irəli
gəlib?
-
Mühiti dəyişmək üçün insan gərək
özünü dəyişməkdən başlasın. Mühitə uyğunlaşıb, həmin mühitə
tam hazır olduqdan sonra nələrisə dəyişmək
mümkündür. Normal həyatda da hər
hansısa qanun xoşuna gəlmirsə, onu həmən dəyişə
bilmərsən. İlk öncə həmin
qanunlara riayət etməlisən. Və, nəhayət,
yüksək səviyyəyə çatıb, həmin
qanunlara tam alışdıqdan sonra onları dəyişməyə
gücün ola bilər. İlk
öncə özümüzü mühitə
uyğunlaşdırmalıyıq. Bilirsiz,
biz azərbaycanlılar müxtəlif imperiyalar və
böyük dövlətlər tərəfindən dəfələrlə
işğala məruz qalmışıq. Bütün
bunların yaxşı yalnız bir tərəfi vardır.
Bütün bu işğallar nəticəsində
müxtəlif millətlərə qaynayıb
qarışmışıq. Buna görə
bu gün müxtəlif din və millətlərdən olan
insanlarla tolerant davrana bilirik. Biz buna
alışmışıq. Yaponiya isə
qeyd etdiyiniz kimi, ada dövlətidir. Özləri
də çox zaman nəyisə anlamayanda bildirirlər ki, biz
ada dövlətiyik, materik dövlətlərindən fərqli
düşüncələrə sahibik. Yaponiya
ABŞ (1945-1952) işğalını çıxmaq şərtilə,
demək olar ki, hər zaman müstəqil olmuş dövlətdir.
Yaponlara qaynayıb- qarışmaq
üçün yapon dili savadına malik olmalısan. Yüksək səviyyədə yapon dilini bilən
insanlara qarşı xüsusi sevgiləri vardır. Əgər onların qəbul etdiyi bütün
qaydalara mədəni formada riayət edirsənsə,
çalışqan və vuruşqansansa, öz ideyaların,
öz düşüncələrin uğrunda sonunadək
yolundan dönmürsənsə yaponlar səni qəbul edirlər
və sevirlər.
-Ümumiyyətlə,
mühitə münasibəti dəyişməyin hansı
perspektivi var?
-Şəxsən öz təcrübəmdən deyə
bilərəm ki, mühitimi Yaponiyaya dəyişməklə
doğma vətənim olan Azərbaycanı yenidən kəşf
etmiş oldum.
İçəridən deyil də, kənarlardan
da görmüş oldum. Azərbaycana olan
xarici sevginin şahidi oldum. Yaponlara Azərbaycanla
bağlı dərslər, seminarlar deyə-deyə öz
ölkəm haqqında daha çox öyrənmiş oldum.
Əslində, öz dövlətim haqqında
heç də kifayət qədər savadım
olmadığının şahidi oldum. Ölkə
daxilində olanda düşünürdüm ki, çox
şeyi bilirəm. Bu isə məni daha
çox öyrənməyə və araşdırmağa həvəsləndirdi.
Dövlətimə və millətimə olan
sevgim daha da artmış oldu. Mühiti dəyişməkdə
böyük fayda vardır. Eyni yerdə
qalmaq olmaz. Dəyişikliklərə
açıq olmalı, daim irəli addımlamaq
lazımdır.
- Yapon milli geyimi kimonoda
özünü azərbaycanlı kimi hiss etmək nə dərəcədə
asandır?
-Azərbaycanlı
olmaq bir vicdan işidir. Bunun hər hansısa bir
geyimlə əlaqəsi yoxdur. Mən
bütün qanımla, canımla azərbaycanlıyam. Azərbaycanlı olmaq mənim daxilimdə məni
yaradan hisdir. Bu bütün hislərin ən
alisidir. Geyim isə gündəlik tələbata
uyğun bir tələbat.
-Siz yapon məktəblərində Azərbaycanın
tanıtım dərslərini keçirsiz. Maraqlıdır,
məktəblilər Azərbaycanla bağlı nə kimi
suallar verirlər?
- Bu
çox gözəl bir proqramdır. Mən hər
zaman “Mənim Ana Vətənim, azərbaycanlıların
gündəlik həyat tərzi və mədəniyyəti”
adı altında dərs deyirəm. Hər
dəfə diqqəti ayrı-ayrı mövzular üzərində
cəmləşdirirəm. Azərbaycanda
ayrı-ayrı din və dil mənsublarının, müxtəlif
millətlərin nümayəndələrinin azad və firavan
şəkildə yaşaması üçün bütün
hüquqi əsasların olmasını qeyd edirəm.
Hər zaman tələbələr qeyd edirlər ki, ilk dəfədir
ölkəniz haqqında məlumat alırıq. Seminar bitən
kimi hər biri xüsusilə qeyd edirlər ki, hökmən Azərbaycana
səfər etmək, ləzzətli süfrəmizə qonaq
olmaq, insanlarımızı daha yaxından tanımaq istəyirlər.
Bir neçə həftə sonra məktəb rəhbərliyi
tərəfindən şagirdlərin yazdığı məktublar
göndərilir ünvanımıza. İnanın
ki, bu məktublarda şagirdlərin öyrəndiklərini, Azərbaycana
yaranmış sevgi hislərini görəndə sevinc göz
yaşlarını saxlamaq olmur. Bu hissi
anlamaq heç də hər kəsə nəsib olmur. Sualları, əsasən, Azərbaycanda digər millətlərin
nümayəndələrinin yaşayıb yaşamaması və
onlara münasibətin necə olması, azərbaycanlıların
yaponlara münasibəti, İslam dini, mentalitetimizlə
bağlı olur. Onları daha çox təəccübləndirən
isə müalicəvi Naftalan nefti vannası,
Naxçıvanın duz dağıdır.
-Yaponiya ilə bağlı hansı
maraqlı məqamlar diqqətinizi çəkir?
-Yaponiya ilə bağlı maraqlı məqamlar
çoxdur. Danışmaqla bitməz. Amma onu deyim ki, burada
meşələrdə canavarlar olmasa da, ayılar
yaşamaqdadır. Tez-tez hücum edirlər və ölənlər
də var yaşlı yaponlar arasında. Bilirsiz, yaşlı
yaponlar dağlara çıxmağı, meşələrdə
gəzməyi çox sevirlər. Yaponiyalılarda dağlara
qarşı xüsusi bir sevgi vardır. Müqəddəs bir
varlıq kimi yanaşırlar. Bundan əlavə, burada Nara
şəhəri, Hiroşimada yerləşən Miyajima
adasında marallar küçələrdə gəzirlər.
Bu özü turist axınına böyük töhfələr
verir. Şimal adası Hokkaydonun şərqində
maşın sürəndə isə yollarda tez-tez işarələrlə
göstərilir ki, ehtiyatlı olun, maralla toqquşa bilərsiniz.
Marallar tez-tez yollara çıxırlar və qəzalara səbəb
olurlar. Hokkaydo adasında o qədər maral var ki, hökumət
onları necə idarə etmək yolunda çox əziyyət
çəkir. Hokkaydodan söz düşmüşkən,
buraya çox qar yağır. İlin 6 ayı qar olur. Gecələr
və səhərlər müntəzəm olaraq qar təmizləyən
traktorlar işləməsə, bəlkə də, şəhərlər
qar altında itər. Mən 4 il Sapporo şəhərində
yaşamışam. Əsl qış nədir bilirəm. Hər
səhər 6-da oyanıb qonşularla birlikdə qapı-bacanı
qardan təmizləyərdik. İnsan özünü
nağıllar aləmində hiss edir. Digər bir məlumat -
Yaponiyada onsen adlanan ictimai hamamlar vardır. Buraya
çılpaq bədənlərin qovuşduğu yerlər də
deyirlər. Təbii olan yerlərdə yerdən çıxan
isti bulaqların suyunda insanlar vanna qəbul edirlər. Bizim cənub
bölgələrimizdə olan isti sular kimidir, amma daha sistemli
formada inkişaf etdirilib. Təsəvvür edin, qışda
qar yağıb, hər tərəf ağappaq. Siz isti suyun
içində, Sakit okeana və ya hər hansısa əsrarəngiz
gölə tamaşa edirsiniz. Xalqın hər baxımdan dincələməyi
üçün şərait yaradılıb. Yaponiya,
sözün həqiqi mənasında, nağıllar və
arzuların məkanıdır.
Fuad Hüseynzadə
Palitra.-2016.-6 dekabr.-S.7.