Oxumaq, mütaliə etmək ən böyük mədəniyyətdir”

 

“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı tanınmış tənqidçi alim Vaqif Yusiflidir. Qələmə bağlı ömür sürən Vaqif Yüsifli bir neçə əsərlərin həm müəllifi, həm də tərtibçisidir. Bir neçə kitabların müəllifi kimi qələmlə dostluğu sədaqətli, dürüstmehriban davam etdirir. Dünyaya göz açan hər kəsin öz çığırı olduğu kimi, Vaqif Yusifli də özünə açdığı şərəfli çığırla uğurla addımlayır. Arxada qoyduğu illərə heyifsilənmədən, qürurla baxaraq qələmlə yaşadığı ömürə sevinir. Yola saldığı günlərin hədər getmədiyinə sevinən alim bu günlərini və gələcək günlərini də elmə həsr edir.

 

Vaqif Yusifli 1948-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. 1967-1972-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil alıb. 1968-ci ildən dövri mətbuatda çıxış edir. Universiteti bitirdikdən sonra üç il (1972-1975) Masallı rayonunda, orta məktəblərdə dil-ədəbiyyat müəllimi işləyib. 1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olub. 1979-cu ilin oktyabr ayında «Müasir Azərbaycan nəsrində konfliktxarakter» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Həmin ilin dekabr ayından «Azərbaycan» jurnalının Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb, 1997-ci ilin noyabrından həmin jurnalın baş redaktor müavini vəzifəsinə təyin edilib. 2002-ci ildən Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi çalışır. 2011-ci ildə «Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq» mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Vaqif Yusifli müasir ədəbi prosesdə fəal iştirak edən görkəmli tənqidçidir. Onun ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş 1000-ə qədər irili-xırdalı məqaləsi var. Bu məqalələr keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini, mənzərəsini əks etdirir. O, tənqidin müxtəlif janrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmals.) qələmini sınayıb. Məqalələri Azərbaycanın hüdudlarından kənarda-Türkiyə və Almaniyada da çap olunub.

- AMEA-nın Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsi yeni yaransa da, elmimizə töhfələr verməkdədir. Şöbənin müdiri kimi görülən işlər barədə məlumat verə bilərsinizmi?

- Ədəbi tənqid şöbəsi 2014-cü ilin yanvarında yaradılıb. Təşəbbusçüsü institutun direktoru, akademik İsa Həbibbəyli olub. Bu şöbə cəmi 9 nəfərdən ibarətdir. Sizə deyə bilərəm ki, seçimi özüm etdim. Bu şöbədə ədəbi tənqidimizin az-çox tanınan nümayəndələri: Elnarə Akimova, Nərgiz Cabbarlı, Qürbət Mirzəzadə, Fidan Əbdürrəhmanova, Nərmin Cahangirova fəaliyyət göstərir. Onların məqalə və resenziyalarına mətbuatda tez-tez rast gəlirsiniz. Hal-hazırda şöbəmizin qarşısında bir neçə əsas məsələ durur: Ədəbi tənqid tariximizi mərhələlər üzrə öyrənmək və tədqiq etmək, ayrı-ayrı görkəmli tənqidçilərin yaradıcılıq yolunu işıqlandırmaq, onların ədəbi portretini yaratmaqmüasir ədəbiyyatla bağlı tənqidi fikri formalaşdırmaqdır.

Sizlərə şöbəmizin hər il hazırladığı bir kitabın adını çəkə bilərəm. “Ədəbi proses” kitabı hər il Ədəbiyyat İnstitutunda nəşr edilir. Bunun əsasında ötən ilin ədəbi yekunları ilə bağlı elmi-yaradıcılıq müşavirəsi keçirilir və məruzəçilər poeziya, nəsr, dramaturgiya, publisistika, uşaq ədəbiyyatı, gənclərin ədəbi axtarışları və s. mövzularında məruzələr edirlər. Bu məruzələr “Ədəbi proses” kitabında işıq üzü görür. İndiyə qədər mənim redaktorluğumla 3 belə kitab çap edilib. Bundan başqa, biz görkəmli tənqidçi akademik Məmməd Arifin 110-illiyi ilə bağlı onun haqqında yazılan məqalələr toplusunu çapa hazırlamışıq. Böyük həcmdə nəşr edilən görkəmli tənqidçi Kamal Talıbzadənin seçilmiş əsərlərini şəxsən özüm hazırladım. Kitab artıq çap olunub. Dahadeyim? Çox işlər görmüşük və görəcəyik.

- "Azərbyacan" jurnalında Ədəbi tənqid şöbəsinə uzun illər rəhbərlik etmiş biri kimi AYB-in bu orqanı haqqında nələr deyə bilərsiz?

- “Azərbaycan jurnalı” mənim həyatımda yaradıcılıq yolunda böyük rol oynayıb. Uzun müddət Ədəbi tənqid şöbəsinin müdiri, sonra baş redaktorun müavini olmuşam. Məni bir tənqidçi kimi tanıdan məhz bu jurnal olub. “Azərbaycan jurnalı” sözün əsl mənasında Azərbaycan ədəbiyyatının - həm klassik, həm də müasir dövrün güzgüsüdür. İndibu missiyanı şərəflə yerinə yetirir. Və jurnalla əlaqəmi üzməmişəm, yenə orada yazılar çap etdirirəm.

- Gənc yazarların əksəriyyəti haqqında fikir söyləyibsiz. İndiki gənclərin yaradıcılığı hansı səviyyədədir? Sizi qane edirmi?

- Mənim yaradıcılığımda “Ədəbi gənclik” mövzusu mühüm yer tutur. Bu mövzuya 80-ci illərdən müraciət etmişəm. Artıq 4 ədəbi nəslin yaradıcılığı ilə bağlı sayı-hesabı bilinməyən məqalələrin müəllifiyəm. 1997-ci ilin son oktyabr günündə ulu öndərimiz Heydər Əliyevin qarşısında “Ədəbi gənclik” haqqında məruzə etdim. Çıxışımın səhəri, Yazıçıların 10-cu qurultayında yenə həmin mövzuda çıxış etdim. “Ədəbi gənclik” ədəbiyyatın sabahıdır. Onları vaxtında qiymətləndirmək lazımdır. Son 10 ildə ədəbiyyatımıza istedadlı gənclər gəlib. Mən də çalışıram ki, onların yaradıcılığı haqqında ilk sözü deyə bilim. Qismətin, Ramil Əhmədin, Ruslan Əli Dostun, Ruzbeh Məmmədin, Günel Bağıyevanın, Günel Eyvazlının, Elşad Ərşadoğlunun, Arzu Nehrəmlinin, Cavidanın, Emin Prinin, Mahir Mehdinin, Aysel Əlizadənin, Gülnar Səmanın və b. cavanların yazıları haqqında məqalələrim dərc edilib. Həmin yazılarda cavanların qüsurları haqqında da söz açmışam. Bir sözlə, “Ədəbi gənclik” daim mənim diqqət mərkəzimdədir.

- Bir neçə araşdırma və kitab müəllifisiz. Ümumiyyətlə, texnologiyaların bizə verdiyi imkanların nəticəsidir ki, kitab çapı asanlaşmış və çoxlu çap məhsulları işıq üzü görür. Bu qədər əsərlərin çap edilməsinə münasibətinizi bilmək istərdik.

- Müstəqillik illərini yaşayırıq. Söz azadlığı var. Meydanda hamı kitab çap etdirir. Heç şübhəsiz nəşr olunan kitabların böyük bir qismi zəifdir. Amma yaxşıları da var. Mirzə Ələkbər Sabirin bu misraları ilə sualınıza cavab vermək istərdim: “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”.

- Filologiya üzrə elmlər doktorusuz. Cəmiyyətin ən şərəfli və məsuliyyətli adı olan alimlik adını daşıyırsız. Alimliyin məsuliyyəti nədir?

- Alimliyin məsuliyyəti vicdanlı olmaqdır. Öz işinə professionallıqla yanaşmaqdır.

- Son zamanlar gənclər Nizami, Füzuli kimi klassikləri az oxuyurlar. Daha çox dedektiv janra üstünlük verirlər. Bunun səbəbi, sizcə, nədir?

- Heç kimi məcbur etmək olmaz. Heç şübhəsiz ədəbiyyatla maraqlanan bir oxucu, ya da şair klassik ədəbiyyatı, az da olsa, oxumalıdır. Xüsusilə cavan şair Füzulini oxumursa, ondan həqiqi şair kimi danışmaq müşkül olar. Hərçənd ki, Füzulini dərk etmək çətindir, amma zəhmət çəksələr Füzuli dünyasına bələd olmaq heç çətin olmaz. Özüm bu yolu keçmişəm. Klassik ədəbiyyat, xüsusilə poeziya meyar rolunu oynayır. Baxıb görürsən ki, klassiklərimiz sözə necə mənalar veriblər, necə təşbeh metaforalar işlədiblər.

- İctimai yerlərdə son zamanlar kitab mütailə edənlərin sayı azalıb. Əvvəlki kimi, kitab, qəzet oxuyanları görə bilmirik. Buna texnologiyalar təsir edir, yoxsa insanların mütaliəyə marağı azalıb?

- Kitab oxumaq, mütaliə etmək ən böyük mədəniyyətdir. Mən nəvələrimi - Samiri, Ayanı, Sunayı, Yusifibalaca Vaqif Yusiflinibu ruhda böyüdürəm. Hərçənd ki, onlar da mobil telefona az meyil etmirlər. Amma bir söz deyim ki, nə qədər miqyaslı texnologiya yaransa da, bədii ədabiyyatın tərbiyəvi, estetik cazibəsini sarsıda bilməz. Elə isə yaşasın ədəbiyyat.

Söhbət apardı:

Mahmud Sadıqov

Palitra.-2016.-7 dekabr.-S.12.