Milli Kitabxana tərəfindən
nəşr edilən biblioqrafiyalar Ədəbiyyat
İnstitutuna hədiyyə edilib
M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanası tərəfindən son
on ildə nəşr edilən biblioqrafiyalar Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat
İnstitutuna hədiyyə edilib. Bu münasibətlə
dekabrın 7-də Ədəbiyyat İnstitutunda
keçirilən tədbirdə bu elm müəssisəsinin direktoru,
Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli
ölkəmizdə kitab və kitabxana işinin təşkili
və inkişafı sahəsində görülən işlər
barədə məlumat verib. Akademik
İ.Həbibbəyli Azərbaycan Milli
Kitabxanasının son illərdə həyata
keçirdiyi əhəmiyyətli layihələrdən,
elmin, mədəniyyətin tədqiqində
əvəzsiz rol oynayan
fundamental biblioqrafiyaların
çapının əhəmiyyətindən, kitabxananın
ölkənin ictimai həyatında fəal
iştirakından, ədəbiyyatımızın və
mədəniyyətimizin, mənəvi dəyərlərimizin
təbliğində rolundan
danışıb. İ.Həbibbəyli kitabxana
tərəfindən instituta təqdim olunan biblioqrafiyaların ədəbiyyatımızın
təbliğində və tədqiqində böyük
rol oynayacağını bildirib.
Milli Kitabxananın direktoru
Kərim Tahirov iki qurum arasında əlaqələrin gələcəkdə
daha da genişləndirilməsinin
vacibliyini vurğulayib.
Qeyd olunub ki, Ədəbiyyat İnstitutuna təqdim edilən 42 adda 168 nüsxədən ibarət biblioqrafiya Azərbaycanın görkəmli
şəxsiyyətləri seriyasından çap
olunan, N.Gəncəvi, Ü.Hacıbəyli,
İ.Əfəndiyev, Q.Qarayev, S.Vurğun, B.Vahabzadə, Elçin
haqqında biblioqrafik məlumatlar və
digər fundamental biblioqrafiyalar,
eyni zamanda elm, mədəniyyət və başqa
sahələrə aid sahəvi və
şəxsi biblioqrafiyalardır. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru
Leyla İmanova instituta hədiyyə olunan
nəşrlərin Milli Rəqəmsal Yaddaşa da daxil edilməsinin vacibliyini
vurğulayıb. Professorlar Şirindil Alışanlı, Asif
Rüstəmli və digər çıxış edənlər
Milli Kitabxana ilə əməkdaşlığın
elmimizə faydasından danışıblar.
Palitra.-2016.-8 dekabr.-S.10.