Ustad dərslər” layihəsinin təqdimat mərasimi keçirilib

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında “Ustad dərslər” layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində ADPU-nun fakültə dekanları, metodika kafedralarının müdirləri və müxtəlif ümumi təhsil məktəblərinin müəllimləri iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov təqdimat mərasimində çıxış edərək universitetdə tədrisin təşkilinin mövcud vəziyyəti, tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə danışıb. Rektor bildirib ki, ADPU-da tədris prosesinin təkmilləşdirilməsi, təhsilalanların və təhsilverənlərin birgə fəaliyyətinin yeni metod və vasitələrlə keyfiyyətli nəticələr əldə edilməsinə istiqamətləndirilməsi məqsədilə bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Təhsil Nazirliyinin tövsiyəsi ilə reallaşanUstad dərslər” layihəsi də bu layihələrdən biridir. Rektor qeyd edib ki, tədris prosesinin davamlı və dinamik inkişafı yolu ilə keyfiyyətli təhsilin təmin edilməsi, universitetin ümumi təhsil baza məktəbləri və digər aidiyyəti müəssisələrlə əlaqələrinin möhkəmləndirilməsi, uyğun sahələr üzrə birgə layihələrin işlənilməsi, təhsil müəssisələri ilə bağlanılmış əməkdaşlıq müqavilələri əsasında pedaqoji təcrübə, ixtisasartırma, yenidənhazırlanma və stajartırma sisteminin təkmilləşdirilməsi və s. nəzərdə tutulan tədbirlərdəndir. Həyata keçirilməsi planlaşdırılan fəaliyyət növlərindən biriümumi təhsil məktəblərində çalışan, təcrübəsi və tədris nəticələri ilə fərqlənən müəllimlərin tədris etdikləri fənlər üzrə universitetimizdə uyğun fənnin tədrisi metodikasından “Ustad dərs”ləri aparmalarıdır. Bu məqsədlə ümumi təhsil məktəblərinin qabaqcıl müəllimləri müəyyənləşdirilərək Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşdırılmış və onların ADPU-da müvafiq fənn kafedraları üzrə “Ustad dərs”ləri keçmələrinə icazə alınmışdır. Layihəyə qabaqcıl təcrübəsi, yaradıcı fəaliyyəti, innovativ düşüncə tərzi ilə ölkə pedaqoji mühitində tanınan, ümumi təhsil orta məktəb müəllimlərinin mövcud bazasında adları yer alan, orta məktəb müəllimlərinin diaqnostik qiymətləndirməsi zamanı yüksək nəticələr əldə edən müəllimlər cəlb edilib. Qeyd edək ki, “Ustad dərs”lərin təşkili ilə əlaqədar ilkin mərhələ üçün 2008-2015-ci illərdə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri, Əməkdar müəllimlər, müxtəlif təltiflərə layiq görülmüş, həmçinin ”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı” üzrə təhsil almış müəllimlərdən ibarət 25 nəfər müəllim seçilmişdir. Onların ixtisas tərkibi ümumi təhsil orta məktəblərində tədris olunan bütün fənləri əhatə edir. Rektor Cəfər Cəfərov çıxışının sonunda layihə iştirakçılarına uğurlar arzulayıb.

ADPU-nun Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov, təqdimatın moderatoru, Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, 117 nömrəli tam orta məktəbin direktor müavini Səfurə Rəhimova, Avropa-Azərbaycan məktəbinin tarix müəllimi Hafiz Cabbarov, 83 nömrəli tam orta məktəbin biologiya müəllimi Nüşabə Məmmədova, 212 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Nailə Mustafayeva, Bülbül adına orta ixtisas musiqi məktəbinin ibtidai sinif müəllimi Nəcabət Həsənova, 164 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Afət Allahverdiyeva, 201 nömrəli tam orta məktəbin tarix müəllimi Amənə Kərbalayeva, akademik Zərifə Əliyeva adına liseyin riyaziyyat müəllimi Ələddin Məmmədli və başqaları çıxış edərək layihənin maraqlı və vacib olduğunu bildirərək qabaqcıl təcrübənin bölüşdürülməsinə, ali məktəblə orta məktəblər arasında əlaqələrin genişlənməsinə, eyni zamanda həm ADPU-da, həm də ümumi təhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsinə və gənclərin müəllim peşəsinə marağının artmasına səmərəli təsir göstərəcəyini qeyd ediblər.

Təqdimatdan sonra layihə üzrə dərs aparacaq müəllimlər müvafiq kafedralara təqdim edilibonlar ADPU-nun tədris bazası ilə tanış olublar.

Nigar

Palitra.-2016.-9 dekabr.-S.7.