Nyu-York Gənc Azərbaycanlılar təşkilatını yaratmaq arzusundayam

 

Anar Vahabzadə:

“Təhsil aldığım kollecdə, demək olar ki, bütün dərslərdə bacardığım qədər Azərbaycan haqda məlumat yaymağa çalışıram”

 

“Gənc diaspor üzvləri” rubrikasının növbəti qonağı ABŞ-ın Nyu-York şəhərində yaşayan Vahabzadə Anar Mirhüseyn oğludur. Qeyd edək ki, Anar Vahabzadə Nyu-York Amerika-Azərbaycan Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabovanın oğludur. Anar 26 iyun 1994-cü ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə valideynlərilə ABŞ-ın Nyu-York şəhərinə gedib. Hazırda kollecdə təhsil alır.

-Bir gənc olaraq diaspor tədbirlərində iştirak edə bilirsizmi?

-Anam Minəvvər Vahabova Amerikaya gəldiyimiz ilk günlərdən diaspor fəaliyyətinə başladı. Biz də azyaşlı olduğumuza görə hər zaman anamızın yanında müxtəlif tədbirlərdə iştirak edirdik. Bacımın 5 yaşı vardı, mənim isə 13 yaşım. Anamla birlikdə müxtəlif piketlərdə, görüşlərdə iştirak etməyim məndə olan Vətən məhəbbətini daha da artırdı.

Anam müəllim olduğu üçün Həftəsonu məktəbində uşaqlara Azərbaycan dili, mədəniyyəti və tarixini tədris edirdi. Mən və bacım da bu məktəbin şagirdləri idik. Mən artıq məktəb yaşlarında gəldiyim üçün Azərbaycan, rusingilis dillərini bilirdim. Bu məşğələlər də mənim Azərbaycan dilinin qrammatikasını daha da təkmilləşdirməyimdə və ən əsası isə ana dilimizi unutmamağım üçün gözəl imkan idi.

Hazırda bütün dünyada Azərbaycan diasporunun fəaliyyətini mütəmadi olaraq izləyirəm. Görürəm ki, diaspor fəaliyyəti getdikcə gəncləşir. Məncə, biz gənclərin imkanları daha genişdir.

-Təhsil aldığınız kollecdə ölkəmizi necə tanıdırsız?

-Təhsil aldığım kollecdə, demək olar ki, bütün dərslərdə bacardığım qədər Azərbaycan haqda məlumat yaymağa çalışıram. Müxtəlif layihələri Azərbaycana həsr edirəm. Mən turizm sahəsində təhsil alıram və Azərbaycanı tanıtmaq üçün imkanlarım genişdir.

-Ümumiyyətlə, qeyri-amerikalı kimi sizə münasibət necədir?

-Yaşadığım Nyu-York şəhəri çox tolerant mühitə malikdir. Burada bir çox millətlərin nümayəndələri normal həyat şəraitinə malikdir. Hər şey insanın özündən asılıdır. Oxuyub təhsil almaq, istədiyin işlə məşğul olmaq üçün heç bir maneə yoxdur.

-Gələcək planlarınızı da bilmək istərdik.

-Dünyanın digər bölgələrində fəaliyyət göstərən gənc diaspor üzvləri ilə sıx əlaqələr yaratmaq istərdim.

Yaşadığımız ölkələrin dövlət qurumlarına daha yaxın olmaq, Konqresdə, BMT-də mötəbər vəzifələr tutmaq və Vətənimizi daha çox tanıtmaq istərdim. Anam çox fəal diaspor nümayəndəsidir və bu məni daha da fəal olmağayeni layihələrə ruhlandırır. Arzularım və fikirlərim çoxdur. Nyu-York Gənc Azərbaycanlılar təşkilatını yaratmaq arzusundayam. Bu təşkilata bizim savadlı fəal gənclərimizi cəlb edəcəyəm.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-13 dekabr.-S.12.