“Bakıda 9 yerdə keçidlərin
tikintisinə başlanılacaq”
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin AZƏRTAC-a müsahibəsi.
- Bakıda və
paytaxtı şəhərətrafı qəsəbələrlə
birləşdirən yol infrastrukturu
yenilənib, müasir yollar
salınıb. Həmin magistral avtomobil yollarında sakinlərin təhlükəsizliyini
təmin edən piyada keçidlərinin
sayı kifayət edirmi? Onların yerləşdirilməsi
hansı prinsip əsasında müəyyənləşdirilir?
- Avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında inşa edilir. Piyada zolağında hərəkətin işıqforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) nəzərdə tutulub. Avtomobil yollarında yerüstü və ya yeraltı keçidlər əsasən avtomagistrallarda, həmçinin nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda tikilməlidir.
Bakı şəhərində və ətrafında kifayət qədər yer mövcuddur ki, orada piyada keçidlərinin salınmasına ehtiyac var. “Azəravtoyol” ASC 45 yerdə piyada keçidlərinin tikilməsini zəruri hesab edir. Artıq bununla bağlı cari ildən etibarən bu istiqamətdə kompleks işlərə başlanılıb. Bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır. Sözügedən piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Hazırda İlkin olaraq 11 yerdə keçidlərin inşası aparılır. Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir. Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci kilometrində və Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində inşa edilən yerüstü piyada keçidləridir. Bakı-Sumqayıt yolundakı keçiddə artıq son tamamlanma işləri aparılır. Belə ki, keçidin pilləkən və asma hissəsi tam hazırdır, dirəklərin üzlənməsi işləri görülür. “Sabunçu körpüsü”nün yaxınlığındakı keçidin tikintisi isə son mərhələdədir.
- Bəs perspektivdə hansı keçidlərin inşası nəzərdə tutulub?
- Yaxın zamanda daha 9 yerdə keçidlərin tikintisinə başlanılacaq. Bu keçidlər Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometri (Ceyranbatan qəsəbəsi), Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometri (Hökməli dairəsinin yaxınlığı), Yasamal rayonu Hüseyn Cavid parkının qarşısında (yeraltı keçid ), Mərdəkan-Zuğulba yolunda ( “Xrustalnı” deyilən ərazi ), Qala-Pirallahı avtomobil yolunun 3.6-cı kilometri, Zığ-Hövsan avtomobil yolunun 2.6-cı kilometri, Xətai rayonu Neapol küçəsi ( 171 nömrəli məktəbin yaxınlığı ), həmçinin M.Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsi, Moskva prospekti, “Şamaxinka” deyilən ərazi.
İnşası aparılan və yeni inşa olunacaq yerüstü piyada keçidləri 1 və 2 aşırımlı (orta dayaqlı) olmaqla yüngül konstruksiyaya malikdirlər. Keçidlərin bir neçəsi istisna olmaqla əksəriyyətinin üstü açıq və pilləkən hissədən ibarətdir.
Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə
tutulub.
Palitra.-2016.-16 dekabr.-S.10.