Elmi fəaliyyət sahəsində
İKT-nin tətbiqi və elektron
elmin formalaşması
Rasim Əliquliyev: “Azərbaycan elminin İKT-nin nailiyyətlərindən
istifadə etməklə inkişaf etdirilməsi
“AzScienceNet” Elm-Kompüter
Şəbəkəsinin fəaliyyətinin daha
da gücləndirilməsini tələb edir”
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2016-cı il üçün hesabatı dinlənilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda İKT-nin inkişafı ilə bağlı il ərzində görülən işlərə toxunacağıq. “İkt.az” xəbər verir ki, hesabatı təqdim edən Mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova öncə elmi-tədqiqat işləri barədə məlumat verərək il ərzində informasiya mədəniyyətinin formalaşması problemləri, intellektual oyun texnologiyalarının “İnformatika” fənninin tədrisinə inteqrasiyasının analizi, uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması metod və alqoritmlərinin işlənməsi və qeyri-verbal kommunikasiya vasitələri ilə bağlı araşdırmaların aparıldığını diqqətə çatdırıb. Bildirib ki, qeyd edilən elmi tədqiqatların nəticəsi kimi 3 kitab, 5 məqalə və 6 konfrans materialı dərc olunub. Onların bir hissəsi xarici ölkələrin nüfuzlu nəşrlərində işıq üzü görüb.
İl ərzində Tədris-İnnovasiya Mərkəzində respublikanın elm və təhsil müəssisələrindən 1449 doktorant və dissertant “İnformatika” fənni üzrə təşkil olunmuş kurslarda iştirak edib və doktorluq imtahanı verib
TİM-in elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görülən işlər barədə məlumat verən R.Mahmudova doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və imtahanların qəbulu işinin təşkilindən söz açıb. Qeyd edib ki, 2016-ci il ərzində TİM-də respublikanın elm və təhsil müəssisələrindən 1449 doktorant və dissertant “İnformatika” fənni üzrə təşkil olunmuş kurslarda iştirak edib və doktorluq imtahanı verib. Onlardan 682 nəfəri doktorant, 767 nəfəri isə dissertantdır. O, həmçinin il ərzində imtahan vermiş doktorant və dissertantların bir sıra göstəricilər üzrə say və faiz nisbətləri haqqında statistik məlumatları nəzərə çatdırıb. Sonra məruzəçi TİM-də AMEA-nın magistratura pilləsində təhsil alan magistrlərə ümumi fənlərdən dərs və imtahanların təşkili, AMEA-nın doktorant və dissertantlarının fəlsəfədən doktorluq imtahanlarının təşkili ilə bağlı görülmüş işlər barədə məlumat verib. Həmçinin İnformasiya Texnologiyaları İnstitutu tərəfindən AMEA-nın elmi müəssisələrində doktorant və dissertantların ixtisas imtahanlarının test üsulu ilə keçirilməsi üçün elektron test sisteminin yaradıldığını, əməkdaşlar üçün treyninq keçirildiyini qeyd edərək bu sistemin uğurla tətbiq olunduğu institutların siyahısını təqdim edib. R.Mahmudova ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının təşkilinin şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlərdən olduğunu vurğulayıb. Məruzəçi, TİM-də il ərzində elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işinin təşkili çərçivəsində həyata keçirilən tədbirləri, o cümlədən əməkdaşların elmmetrik göstəricilərini də diqqətə çatdırıb.
Rəqəmsal mühitdə intellektual mülkiyyət və müəllif hüquqlarının qorunması texnologiyaları
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin də 2016-cı il üçün hesabatı müzakirə olunub. Şöbə müdiri Anar Səmidov rəhbərlik etdiyi şöbədə aparılan elmi-tədqiqat işlərindən bəhs edərək “Üçölçülü obyektlərin real məkandan virtual məkana və əksinə transformasiya problemlərinin analizi. İmkanlar, texnologiyalar və perspektivlər” və “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə araşdırmaların davam etdirildiyini bildirib. A.Səmidov müasir nəşriyyat və poliqrafiya texnologiyalarının meydana gəlməsi, təkamülü və inkişaf perspektivləri, rəqəmsal mühitdə intellektual mülkiyyət və müəllif hüquqlarının qorunması texnologiyalarının analizi, kompüter qrafikasının köməyilə müxtəlif təyinatlı poliqrafik materialların modelləşdirilməsi istiqamətində elmi tədqiqatların aparıldığını nəzərə çatdırıb. Məruzəçi AMEA-nın Ümumi yığıncağı, “Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktiki konfransı və digər tədbirlərin keçirilməsi ilə bağlı materiallar, institutun yeni əməkdaşları üçün vəsiqə və vizitkartlar, ekspress-informasiyaların hazırlanması və s. ilə əlaqədar yerinə yetirilmiş işlər haqqında məlumat verib. Şöbə müdiri bildirib ki, “Multimedia Qalereyası”na foto, audio və video materialların daxil edilməsi, “www.ict.az” veb-saytına audio, video, qəzet və jurnal materiallarının, elektron resursların yerləşdirilməsi, institut əməkdaşlarının KİV-də olan məlumatlarının toplanılması üzrə işlər həyata keçirilir. A.Səmidov, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin çap olunması və cari işlərə dair məlumatları diqqətə çatdırıb.
Regionlarda yerləşən elm və təhsil müəssisələri üçün distant tədris xidmətləri həyata keçiriləcək
Onu da qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında “AzScienceNet” Elm-Kompüter Şəbəkəsinin (EKŞ) fəaliyyətinin gücləndirilməsi məsələsi müzakirə edilib. Məsələ ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bildirib ki, bir çox dövlət sənədlərində elmin informasiya təminatının gücləndirilməsi, elmi fəaliyyət sahəsində İKT-nin tətbiqi və elektron elmin formalaşdırılması kimi mühüm vəzifələr müəyyən edilib. Bu vəzifələrə uyğun olaraq, “AzScienceNet” dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurur və AMEA-nın alim və mütəxəssislərinin dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şərait yaradır. Alimlər öz tədqiqatlarında böyük həcmli verilənlərdən birgə istifadə edir, irimiqyaslı elmi layihələr həyata keçirir, qabaqcıl şəbəkə texnologiyası və xidmətlərindən faydalanırlar. AMEA-nın “AzScienceNet” Elm-Kompüter Şəbəkəsinin Akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərməklə, Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin etdiyini, elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirdiyini bildirən akademik R.Əliquliyev sözügedən şəbəkənin infrastrukturunun genişləndirilməsi istiqamətində işlərin davam etdiyini söyləyib. Alim “AzScienceNet”-in ölkəmizi təmsil etdiyi layihələr haqqında da məlumat verib. Akademik R.Əliquliyev onu da diqqətə çatdırıb ki, Azərbaycan elminin informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməklə inkişaf etdirilməsi, dünya elminə inteqrasiyası, vahid milli elmi onlayn infrastrukturun və informasiya fəzasının yaradılması və digər bu kimi məsələlərin həll edilməsi zərurəti “AzScienceNet” EKŞ-nin fəaliyyətinin daha da gücləndirilməsini tələb edir. İclasda qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti qərar qəbul edib. Qərarda AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən “AzScienceNet” EKŞ-nin fəaliyyətinin gücləndirilməsinə dair tədbirlər planının hazırlanması, şəbəkənin maddi-texniki bazasının, e-poçt xidməti fəaliyyətinin, İnternet-monitorinq və internet analitikası işlərinin gücləndirilməsi və digər məsələlər öz əksini tapır. Həmçinin qərarda “AzScienceNet” EKŞ üzərindən Azərbaycanın regionlarında yerləşən elm və təhsil müəssisələri üçün distant tədris xidmətlərinin həyata keçirilməsi, “EaPConnect” layihəsi çərçivəsində Azərbaycan elminin dünya elminə inteqrasiyasını sürətləndirmək məqsədilə “AzScienceNet” EKŞ-nin müvafiq beynəlxalq qurumlarla əlaqələrinin gücləndirilməsi ilə bağlı məsələlər də yer alır.
A.Miriyev
Palitra.-2016.-17 dekabr.-S.11.