“Müəllimlərin İKT bilikləri orta səviyyədən yuxarı
olmalıdır”
Əməkdar
müəllim Almaz Həsrət:
“Əsl “müasir müəllim” adını qazanmaq üçün
müəllim, gərək öz üzərində
daha çox
çalışa və onun İKT
savadı daha mükəmməl ola”
Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrətin “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsaiti çapdan çıxıb. Əməkdar müəllim və “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olan Almaz Həsrət Azərbaycan İnternet Forumun üzvü, Almaniyanın ikidillilik və mədəniyyətlərarası kommunikasiya şurasının metodisti, beynəlxalq dərəcəli təlimçi, təhsil eksperti, Biologiya dərsliklərinin (VII, VIII, X, XI siniflər üçün), Biologiya lüğəti kitabının həmmüəllifi, yerli və xarici mətbuatda 100-ə qədər, elmi jurnallarda 50-dən çox elmi məqalənin müəllifidir. Onun müəllifi olduğu “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsaitdə informasiya-kommunikasiya texnologiyaları və informasiya mədəniyyətinin formalaşması məsələləri geniş izah edilib. Almaz Həsrətlə müsahibəmizdə qeyd edilən məsələlərə toxunduq. O, “Müasir müəllim”, yoxsa “müasir dövrün müəllimi” sualına cavab verir:
- Bu gün təhsil işçilərini iki cür təsnifatlandırırlar. Bunlardan biri “müasir dövrün müəllimləri”, digəri isə “müasir müəllimlər”dir. Belə təsnifatlandırılmamışdan öncə sual yaranır. Nədən say çoxluğu olaraq təhsildə çalışanların əksəriyyətini müasir müəllim deyil, müasir dövrün müəllimi hesab edirik? Cavabını belə izah edərdik: “müasir müəllim” zamanla ayaqlaşandır. Ancaq “müasir dövrün müəllimi” isə, sadəcə, müasir dövrdə yaşayan və işləyən təhsil işçiləridir. Ən böyük və ən ali ad “müasir müəllim” adıdır. Çünki bu adı hər müəllim ala bilməz. Bu ad çağdaş dövrə uyğun müasir tədris texnologiyalarını mənimsəmiş, son elmi-texniki inkişaf dövründə, informasiya-kommunikasiya texnologiyaları, kompüterdən, internetdən və s. müasir texnologiyalardan düzgün istifadə etməyi yüksək səviyyədə bacara bilən təhsil işçilərinə verilir. Dövrümüzdə təhsil verənlərin hamısı, hal-hazırda, demək olar ki, “müasir dövrün müəllimi” adını daşıyır. Əsl “müasir müəllim” adını qazanmaq üçün müəllim gərək öz üzərində daha çox çalışa və onun İKT savadı daha mükəmməl ola. Mən də 15 illik müəllimlik fəaliyyətimin ilk aylarında, demək olar ki, yalnız həmin illərə uyğun və həmin yaşadığım dövrə uyğun adi bir müəllim kimi çalışırdım. Fəaliyyətimdə bacardığım qədər yenilikləri öyrənmək istəyirdim. Ancaq məktəbdə tədris edən, mənə dərs deyən müəllimlərin dərslərini dinləməkdən, onların yalnız 30-50 illik pedaqoji fəaliyyətini əks etdirən məsləhətlərini almaqdan başqa, məlumat mənbəyim yox idi. Demək olar ki, məktəbdən kənara çox az hallarda çıxmalı olurdum. Tədbirdən-tədbirə hansısa qonşu məktəbin müəlliminin dərsini dinləməyə gedərdik. Qısası, yenilik çox da deyildi. Yalnız bizə şablon olaraq hamıda eyni olan dərs planları, köhnə icmal nümunələri göstərilirdi. Hamılıqla da bizə deyilənlərlə razılaşmalı və göstərilən təlimatlara əməl etməliydik. Bütün deyilənləri eşidib eynilə dərsində tətbiq edənlər məhz elə həmin dövrün müəllimi adını qazanardı. Beləliklə də, ilk pedaqoji fəaliyyətimizi, beləcə, keçirməklə kifayətlənirdik. Müəllimliyimiz eyni ritmlə, eyni üslubda gedirdi. Tələb belə olduğu halda, təbii ki, çox az sayda təhsil işçisi daha kənar yenilikləri öyrənməyə meyillənərdi. Təhsildə yeniliyi çox az adam qəbul edərdi.
Artıq illər ötdükcə, müasir texnologiyalar, əsasən də kompüter və internetin həyatımıza daxil olması bir sıra sahələrdə böyük dönüşün yaranmasına səbəb oldu. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də kompüterlərin gətirilməsi, internetin olması bir çox yenilikləri ilə mühüm dəyişikliklərin yaranmasına səbəb oldu. Məhz bu dövrdə yenilikləri qəbul edib öz tədrisində böyük dönüş yarada bilən təhsil işçiləri artıq dövrün müəllimi deyil, əsl müasir müəllim adı ilə adlandırılmağa başlandı.
Təhsil sahəsində çalışan müəllimlər, hamıya məlumdur ki, dərslərində sonsuz sayda kağızlar işlətməklə, yoxlama dəftərlərini yoxlamaqla, yarımillik və illik hesabatlar, icmallar, jurnallar yazmaqla işdə çatdırmadıqlarını evdə də davam etdirirdilər. Nəticədə sutkanın çox saatını yalnız işə sərf etməli olurdular. Müəllim bu yüklənmə və gərgin işi müqabilində istirahətə az vaxt ayırmalı olurdu. O, bu gərgin əməyi nəticəsində özünə və ailəsinə də vaxt tapa bilmirdi. Yuxusuz gecələr müqabilində sağlamlığında problemlər yaranırdı. Belə olan halda, iradəcə zəif olan bəzi təhsil işçilərində psixoloji cəhətdən pozuntular da yaranırdı. O cür müəllimlər səbirsiz və çox əsəbi olurdular. Belə olan halda, sinif qarşısına çıxan müəllim şagirdlərin gözündə gümrah görünə bilmədiyindən dərslərini də özlərindən asılı olmayaraq gərgin aurada keçməli olurdu. Dərs keyfiyyətsiz və maraqsız olurdu. Şagirdlər də məhz o cür müəllimlərin keçdikləri dərslərdən yayınmaqdan ötrü müəyyən bəhanələr axtarmaqla həmin dərsdən qaçmağa çalışırdılar. Bunların qarşısını almaq üçün çox müşahidələr və axtarışlar aparmalı olduq. Öncə bu halların yaranmasının əsas problemlərini araşdırmağa başladıq.
-Əldə etdiyiniz nəticə nə oldu?
- Sorğular apardıq. Araşdırmalarımızdan belə qənaətə gəldik ki, şəxsən qarşılaşdığımız problemlərin əksəriyyəti elə ümumi təhsil işçilərinin oxşar problemləri imiş. Bunlar aşağıdakılardan ibarətdir:
- işdə həddən artıq çox çalışmağınız, möhkəm yorğunluğun və sinir gərginliyinizin artmasına səbəb olması;
- şagirdlərinizin sizin gecəni yatmayıb hazırladığınız dərsinizə maraqlarının olmaması nəticəsində yaranan yorğunluq və daxili boşluq hissinizin yaranması;
- valideynlərin əksəriyyətinin öz övladlarının təhsili, tərbiyəsi ilə ciddi maraqlanmamasının müəllimlərdə məyusluq hissinin yaranmasına gətirib çıxarması;
- gündəlik iş fəaliyyətinin eyniliyi, sizdə yeni hansısa bir işi yaratmaq həvəsinizin olmaması;
- bəzi məktəb rəhbərliyi tərəfindən müəllimlərə diqqətin azalması, gördüyünüz yaxşı işlərin müqabilində xoş sözlərin eşidilməməsi;
- özünüzdə inamın azalmasına inandırmaları, həmkarlarınıza baxaraq eynilə öz gücünüzün, mövcud potensialınızın azalması;
- çalışdığınız müəssisədə bəzi problemlərin artması üzündən sizi qıcıqlandıran amillərin yaranması, həmin halda olarkən sabahkı dərsə hazırlıq üçün həvəsin heç olmaması və s...
- İKT-nin inkişafı bu sahəyə necə təsir edib?
- Artıq əminliklə və qürurverici bir hislə demək olar ki, müasir zamanda ən yeni texnologiyaların təhsilə gətirilməsi, əksər təhsil müəssisələrinin kompüterlə təminatı, həmin müəssisələrin internetə bağlantısı və s. bu kimi inkişafyönlü işlərin aparılması müəllimlərin fəaliyyətlərində böyük dönüş yaradıb. Müəllimlər bu texnologiyaları sərbəst və dövlət tərəfindən təşkil edilmiş öyrədici kurslarda mənimsəməklə tədrisdə böyük dönüş yaradırlar. Həmin dəyişiklikləri uğurla reallaşdıra bilən müəllimlər, sadəcə, müasir dövrün müəllimləri kimi deyil, əsl müasir müəllim adına layiq çalışırlar. Hələ 1994-cü ildə Karneqi-Mellona Universitetinin iqtisadçısı Corc Levenştayn insanlarda böyük marağın yaradılması üçün boşluq adlanan bir nəzəriyyə irəli sürmüşdü. Bu, sonradan həmin alimin “Boşluq nəzəriyyəsi” adı ilə bütün dünya ictimaiyyətinə təqdim olundu. Nəzəriyyədə deyilirdi ki, “biz nə vaxt biliklərimizdə boşluqların olduğunu aşkar ediriksə, məhz o zaman bizdə maraq oyanır...”, “Öncə biliklərimizdə olan boşluğu yaratmaq (aşkar etmək), sonra onu doldurmaq lazımdır...”, “Öncə şagirdləri bizim onlara verəcəyimiz məlumatlara ehtiyacları olduqlarına inandırmaq lazımdır...”. Bu boşluğu tədris zamanı şagirdlərdə tapa bilən, sonradan həmin boşluğu lazımi və həyatı boyu ondan bəhrələnə biləcək biliklərlə, məlumatlarla doldura biləcək müəllim olmalıdır. Belə müəllimi, zənnimcə, heç bir kurs və heç bir müəssisə yarada bilməz. Həmin müəllimlər yalnız öz şəxsi istək və arzularına görə bu sənəti seçənlərdir. O cür insanlar əsl təhsil vermək istəyən, İKT-nin tətbiqi ilə şagirdlərdə informasiya mədəniyyətini formalaşdırmağı bacara biləcək əsl müəllimlərdir. Məhz elə həmin müəllimlər də müasir müəllim adlanır. Müasir dövrdə bunların hamısını reallaşdırmaqdan ötrü informasiya texnologiyalarından səmərəli istifadə etməyi, mükəmməl olaraq lazımi informasiyaları qəbul edib, onları sistemləşdirib gənc nəslə ötürməyi yalnız əsl müasir müəllimlər edə bilərlər.
Son illər təhsilə yeni texnologiyaların gəlməsi tədris müəssisələrində dərsə maraq, dərsə hazırlaşmaq, dərsin özünün müəyyən kompüter proqramlarında hazırlanması və s. kimi işlər müasir şagirdlərin dərsə münasibətini də dəyişdirdi. Bu gün təhsil alan şagirdlərin marağına səbəb ola biləcək tərzdə dərs hazırlamaq indiki müəllimdən çox böyük əmək və yeni yaradıcılıq axtarışları aparmağı tələb edir. Amma kompüterin tətbiqi, həqiqətən də, bu işdə müəllimlərə çox böyük köməklik göstərdi. Kompüterlər, yeni proqramlar, internet indiki şagirdlərin qəbul edəcəyi formatda mövzuların öyrədilməsinə yardım edən əsas vasitələrə çevrildi. Misal üçün 10 il öncə müəllimlər adi sadə PPT (PowerPoint) formatda dərslərinin mövzularını şagirdlərə çatdırmağa çalışırdılarsa, artıq son aylar daha müasir, daha cəlbedici və daha maraqlı olan internet proqramlarından istifadə etməklə mövzularını öyrətməyə çalışırlar. Bunlardan biri ən son yenilik sayılan 3D effektli təqdimatların hazırlanmasıdır. Bunların öyrənilməsi üçün öncə müəllimin özündə öyrənməyə meyil güclü olmalıdır. Müəllimlərin İKT bilikləri orta səviyyədən yuxarı olmalıdır.
A.Miriyev
Palitra.-2016.-21 dekabr.-S.11.