Sumqayıtda müasir metallurgiya kompleksinin
tikintisinə dair saziş
imzalanıb
Şahin Mustafayev:
“Yerli
istehsala 1 milyard manatdan çox investisiya yatırılacaq və 6 mindən çox iş yeri açılacaq”
Bakı Biznes Mərkəzində “Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda tədbir keçirilib. İqtisadiyyat Nazirliyindən “Palitra”ya bildiriblər ki, sənaye sahəsində fəaliyyət göstərən 50-yə yaxın sahibkarın iştirakı ilə keçirilən tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının Prezidentin iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu, bu sahənin şaxələndirilməsi istiqamətində mühüm işlərin görüldüyünü və 2016-cı ilin 11 ayı ərzində qeyri-neft sənayesinin 5% artdığını qeyd edib.
Sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin diversifikasiyası ilə bağlı sistemli tədbirlərin həyata keçirildiyini vurğulayan nazir Şahin Mustafayev bu sahədə proqram xarakterli sənədlərin qəbul olunduğunu, yeni qanunvericilik bazasının formalaşdırıldığını, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatların davam etdirildiyini və təşviq mexanizmlərinin tətbiqinə başlanıldığını qeyd edib. Diqqətə çatdırılıb ki, bu ilin may ayından indiyədək sahibkarlara 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin 50%-i sənaye sahəsinə aiddir. Bu layihələr çərçivəsində yerli istehsala 1 mlrd. manatdan çox investisiya yatırılacaq və 6 mindən çox iş yeri açılacaq.
Sumqayıt Kimya Sənaye Parkında rezidentlər tərəfindən 9 müəssisə yaradılır
Qeyri-neft sektorunun inkişafının dəstəklənməsinin zəruriliyini qeyd edən nazir Şahin Mustafayev sənaye parklarının və zonalarının, o cümlədən Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları, eləcə də Neftçala və Masallı sənaye zonalarında müasir tələblərə cavab verən sənaye müəssisələrinin təşkili üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Qeyd olunub ki, hazırda təkcə Sumqayıt Kimya Sənaye Parkında rezidentlər tərəfindən 9 müəssisə yaradılır ki, onların bir neçəsi 2017-ci ildə fəaliyyətə başlayacaq. “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” də SKSP-nin rezidentlərindəndir və hazırda sənaye parkında ferroərintilər zavodu inşa edir. Zavod 2018-ci ildə istifadəyə veriləcək. Şahin Mustafayev Azərbaycanda metallurgiya sənayesinin tarixi ənənələrinin mövcud olduğunu, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda, eləcə də “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsi”ndə bu sahənin əsas prioritetlərdən biri kimi müəyyən edildiyini vurğulayıb. Metallurgiya sənayesinin inkişafı məqsədilə Prezidentin müvafiq sərəncamına uyğun olaraq, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədi ilə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi istiqamətində zəruri işlər görülür. Şahin Mustafayev, həmçinin qeyd edib ki, Sumqayıtda tikiləcək metallurgiya kompleksi yeni iş yerlərinin açılmasında, bu sahədə idxaldan asılılığın azalmasında və ixracın genişləndirilməsində əhəmiyyətli olacaq. SKSP-də fəaliyyət göstərəcək Peşə Tədris Mərkəzi yaradılacaq metallurgiya kompleks üçün də kadr hazırlaya bilər.
5 metallurgiya zavodunu özündə birləşdirən metallurgiya klasteri yaranacaq
İtaliyanın “Danieli” şirkətinin İdarə Heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedetti Azərbaycanda əlverişli biznes mühitinin olduğunu, xarici investorlar üçün əlverişli şəraitin yaradıldığını bildirib, son zamanlar sahibkarlıq sahəsində aparılan islahatları yüksək qiymətləndirib. Metallurgiya kompleksi barədə məlumat verən Gianpietro Benedetti bildirib ki, bu layihənin həyata keçirilməsi nəticəsində Sumqayıtda 5 metallurgiya zavodunu özündə birləşdirən metallurgiya klasteri yaranacaq. Klasterin yaranması Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər istehsal zəncirinin yaranmasını təmin edəcək. Gianpietro Benedetti yeni nəsil texnologiyaları əsasında inşa ediləcək kompleksin unikal layihə olduğunu, xərclər və keyfiyyət baxımından səmərəliliyini qeyd edib. “Baku Steel Company” MMC-nin baş direktorunun müavini Ramin Kərimov metallurgiya kompleksinə daxil olacaq zavodlar barədə təqdimatla çıxış edib. Ramin Kərimov, həmçinin təmsil etdiyi qurum barədə məlumat verərək istehsal gücü 1 mln. ton olan poladəritmə zavodunda müasir istehsal sahələrinin yaradıldığını və hazırda azkarbonlu poladdan yüksəkkeyfiyyətli metal məmulatlarının istehsal edildiyini diqqətə çatdırıb. İstehsal edilən məhsullar daxili bazarla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Rusiya və digər ölkələrə ixrac edilir.
Kompleksin tikintisi zamanı 4000-ə yaxın, müəssisə fəaliyyətə başladıqdan sonra isə 1200 nəfər işlə təmin olunacaq
Sonra Sumqayıtda müasir metallurgiya kompleksinin tikintisinə dair
“Baku Steel Company” MMC ilə İtaliyanın “Danieli” şirkəti arasında saziş imzalanıb. Saziş
çərçivəsində Sumqayıtda dəyəri 1,225
milyard avro olan dəmir konsentratından başlayaraq
hazır polad təbəqələrinin
istehsalını əhatə edən 5 müasir
metallurgiya zavodunun
tikilməsi nəzərdə tutulur. Kompleksin tikintisi zamanı
4000-ə yaxın, müəssisə fəaliyyətə
başladıqdan sonra isə 1200 nəfər
işlə təmin olunacaq. Bu kompleksin tikintisi
metallurgiya sənayesi sahəsində
müxtəlif çeşiddə məhsulların
istehsalının genişləndirilməsinə və ölkənin
ixrac potensialının
artırılmasına töhfə verəcək.
Anar Miriyev
Palitra.-2016.-21 dekabr.-S.10.