Multikulturalizmə aid yeni kitabın təqdimatı olub
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat
İnstitutunda AMEA-nın və MDB-yə üzv ölkələrin
Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunun (DHƏF) birgə təşkilatçılığı
ilə “Yeni mərhələdə elmi əlaqələrin
inkişafı: dialoq və əməkdaşlıq”
mövzusunda keçirilən beynəlxalq elmi seminar çərçivəsində
“Multikulturalizm: reallıqlar və meyillər” kitabının təqdimatı
olub.
Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski və AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin moderatorluğu ilə keçirilən tədbirdə kitabın Ədəbiyyat İnstitutu və Moskva Dövlət Pedaqoji Universitetinin (MDPU) Stavropol filialı tərəfindən birgə hazırlandığı bildirilib.
Kitabın məziyyətindən danışan akademik İ.Həbibbəyli qeyd edib ki, bu nəşrdə ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən olan baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biri kimi özünü göstərir. Diqqətə çatdırılıb ki, bu, əməkdaşlıq çərçivəsində artıq dördüncü kitabdır. Bundan sonra da birgə layihələrin keçirilməsi nəzərdə tutulub.
MDPU Stavropol filialı direktorunun müavini Liliya Qriqorova bildirib ki, 2014-cu ildə AMEA ilə bu filial arasında əməkdaşlıq haqqında sənəd imzalanıb. Həmin sənəd iki qurum arasında əlaqələrin daha da genişlənməsinə sanballı töhfələrini verir.
Digər çıxış edənlər də ölkələrarası elmi əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Nigar
Palitra.-2016.-21 dekabr.-S.6.