“ İKT tətbiqi ilə hazırlanan istənilən
dərs şagirdlər üçün
maraqlı olur”
Almaz Həsrət:
“Müəllimlər
tərəfindən hazırlanmış dərslər diqqətlə,
təkrar-təkrar oxunmalı, redaktə olunmalı, müzakirə
edilməli və sonra internetə yüklənməlidir.
Həmin resursların yoxlanmasını təmin edən bir bazanın yaradılmasına çox ehtiyac var”
Layihə çərçivəsində müsahibimiz Əməkdar müəllim, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Almaz Həsrətdir. “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsaitin müəllifi ilə söhbətimiz də təhsildə İKT-nin tətbiqi ilə bağlıdır:
-Dərslərin keçirilməsində yeniliklər axtarışında olan təhsil işçisi mütləq yeni kompüter və internet proqramlarını mənimsəməlidir. Müəllimlər fərdi olaraq peşəkarlıqlarını artırsalar, uyğun kurslarda öyrəndiklərini dərslərində tətbiq etsələr, tədrisin keyfiyyətinin artırılmasına daha çox kömək göstərə bilərlər. 3D effektli təqdimatlar şagirdlərin dərslərini çox maraqlı fəaliyyətə çevirir. Maraqlı fəaliyyəti olan dərslər həmişə dinlənilən və qəbuledilən olub. Bu cür dərslər də məhz İKT-nin tətbiqi ilə reallaşa bilir. İKT-dən istifadə etməklə hazırlanan dərslərə çox vaxt sərf olunmur. Üstünlüklərindən biri də odur ki, kompüterdə hazırlanan dərsləri müəllim həmişə təkrar istifadə edə bilər. Yalnız müəyyən dəyişikliklər olarsa, o zaman kiçik əlavələr etməklə düzəliş edə bilərlər. Yeni proqram servislərinin öyrənilməsi üçün çox vaxt da tələb olunmur. Bir dəfə istifadə qaydası ilə tanış olan müəllim, qalan vaxtlarda işlərini hazırlamaqla yeni vərdişlər qazanır. Artıq dəfələrlə veb servislərlə çalışan müəllim, internetdə olan bütün yeni və müxtəlif kompüter proqramlarını daha tez qavrayıb öyrənə bilir. Bu, dövlətimizin təhsilə və hətta cəmiyyətimizin hər bir ailəsinə gərəkli olan texnologiya ilə təminatının artırılmasına olan xüsusi diqqətdən də irəli gəlir. İstənilən İKT tətbiqi ilə hazırlanan dərs şagirdlər üçün maraqlı olmaqla yanaşı, onlarda İKT-dən lazımi və səmərəli şəkildə istifadə mədəniyyətinin də formalaşmasına səbəb olur. Unutmayaq ki, biz uşaqların həyatına hər an yeniliklər gətirməliyik, elə yeniliklər ki, bugünkü dünyada onların yaşamasına kömək eləsin, keçmiş günləri üçün deyil. İKT bu sahədə bizim əlimizdə bu cür gərəkli yenilikləri gətirməkdə bir vasitədir. Bu vasitədən dürüst istifadə etməyi bacaran təhsil işçisi, yaradıcı və yenilikçi müəllim olaraq elə əsl müasir müəllim adına layiq görülən olur. Bu adı qazanmağı bütün müəllimlərə arzulayırıq. Müasir müəllim müasir gəncləri gələcəyə hazırlayan əsl ziyalılarımızdır.
-İKT sahəsində səriştəli olmaq lazımdır.
-XXI əsr yüksək kompüter texnologiyaları əsridir. Bu əsrdə tədrisdə istifadə olunan təlim metodları keç¬mişdə istifadə edilən ənənəvi təlim üsullarından fərqlənir. Hazırda kompüter və elektron texnologiyalar həyatımızın böyük bir hissəsini təşkil edir. Respublikamızda təhsilin inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq Prezidentin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbuludur. Həmin sənəddə keyfiyyət nəticəsinə və əhəmiyyətinə görə dünyada aparıcı mövqeyi ilə seçiləcək səriştəli müəllim, təhsil menecerləri, yüksək texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamət üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə sistemli, məqsədyönlü işlər həyata keçirilir. Professor Abdulla Mehrabovun “Müəllimin karyera inkişafında və innovativ fəaliyyətə hazırlığında pedaqoji monitorinqin imkanları” məqaləsində təhsil alan və təhsil verənlərin bir neçə səriştəlilik göstəricisi sadalanıb. Bunlardan biri də informasiya-kommunikasiya texnologiyaları sahəsində səriştəliliyin olmasıdır. Məqalədə göstərilir ki, təhsil alanların həmin səriştəliyi informasiya mühitində öz yerini dərketmə və müasir informasiya texnologiyalarına, internetə, audio və video vasitələrinə yiyələnmə və s. meyarlarla ölçülərək qiymətləndirilməlidir. Bildiyimiz kimi, qiymətləndirmənin bu meyarlarla aparılması üçün müvafiq resurslar da olmalıdır ki, təhsil sahəsində çalışanlar bu bacarıqlara yiyələnsinlər. Müəllimlərimiz müasir dövrün ən mükəmməl texnologiyalarının tədrisdə tətbiqi istiqamətində yaradıcı axtarışlar aparmaqla çalışırlar ki, sonda ortaya maraqlı fəaliyyət örnəkləri qoysunlar. Həmin fəaliyyət örnəklərinə müəllimlərin hazırladıqları dərs resursları da daxildir. Ancaq hazırlanmış olan bu elektron dərs örnəklərinə xüsusi diqqət yetirmək zamanın tələbinə çevrilməlidir. Demək olmaz ki, hər bir fənn müəllimin hazırladığı resurs və fərdi olaraq internetə yüklənmiş hər hansı bir dərs örnəyi, testlər, tapşırıqlar tam yoxlanılmış, dəqiq və səvhsizdir. Hər hansı görülmüş işdə müəyyən qüsurlar olur. Bu resursları internetə yükləyərkən, təbii ki, hər bir fənn müəllimi öz pedaqoji biliyinə arxayın olaraq hazırladığı elektron dərs nümunəsini həmkarı ilə müzakirə etmədən internetə yükləyir. Kiçik bir elmi səhvlə yayımlanan elektron resurs, digərlərinin gələcək dərslərinin qurulmasında böyük bir xətanın yaranmasına səbəb ola bilər. Ona görə də ənənəvidən fərqli olaraq müəllimlər tərəfindən hazırlanmış dərslər diqqətlə, təkrar-təkrar oxunmalı, redaktə olunmalı, müzakirə edilməli və sonra internetə yüklənməlidir. Bunlara əməl olunmasa, sonda böyük bir elmi və təcrübi xətalara yol aça bilərik. Həmin resurslara ayrıca diqqət və yoxlanmasını təmin edən bir bazanın yaradılmasına çox ehtiyac var.
-Deməli, müəllimlərin bu sahədə hazırlıq keçməsinə ehtiyac var.
- "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda göstərilmiş 2.2.1. “yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı
təlim metodologiyalarına uyğun metodik vəsaitlərin, didaktik
materialların və təlim vasitələrinin
hazırlanmasını stimullaşdıran yeni
mexanizmlərin yaradılması” məzmununu əsas
götürərək müvafiq
kursların keçirilməsi zərurəti yarandı. Bundan irəli gələrək yeni bir layihə həyata keçirildi. Bu layihənin əsas məqsədi müəllimlərin
İKT savadlılığının artırılması və
internetdə olan müxtəlif pedaqoji yönlü proqramlardan istifadə etməklə dərslərinin
daha maraqlı qurulmasına köməklik
göstərməkdir. 1 il ərzində
200-ə yaxın müəllim Azərbaycan
Respublikasının Təhsil Problemləri İnstitutunda (ARTPİ-də) keçirilən
“Elektron məktəb üçün
elektron müəllim” kursuna
qatılıblar. Azərbaycanda təhsil
alanların maraqlarına uyğun olaraq tədrisin daha keyfiyyətli
olması üçün elektron
dərs resurslarının hazırlanmasına start
verildi. İnternetdə milli
resursların sayının artması zərurətindən irəli
gələrək həmin proseslərin
reallaşdırılmasında institut nəzdində
keçirilən "Elektron məktəb
üçün elektron
müəllim" kursuna müəllimlərin
marağının durmadan artması təhsildə
İKT-nin dərslərdə tətbiqinə
olan böyük
marağın əyani sübutu oldu. Kursun 2 günü auditoriya şəraitində
müəllimlərin birbaşa
iştirakı ilə keçirilirdi, digər
günlər isə məsafədən (distant)
olaraq 1 ay müddətində
davam olunurdu. Elektron təhsilə keçidlə əlaqədar
hazırlanacaq müəllimlərə kurs
zamanı kiçik mühazirə, təqdimat,
müzakirə, “workshop”, debat
və müxtəlif veb-texnologiyalarının tətbiqi kimi təlim formalarından istifadə olunurdu. Kursun müddətində
aşağıdakı mövzular tədris
olunub: "Elektron
məktəb üçün elektron müəllim
hazırlığının ən vacib
aspektləri", "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası sənədi",
"Distant - məsafədən təhsil
zamanı virtual sinfin
yaradılması, distant təhsilin
keçirilməsi yolları", "İKT-nin
pedaqoji sahədə tətbiqi
imkanları", "İKT-nin şagirdlərdə
informasiya mədəniyyətinin
formalaşdırılmasında rolu",
"İKT, ev, məktəb və mədəniyyət",
"Sosial şəbəkələr və
təhsil", "Veb texnologiyalar",
"Elektron dərslərin
hazırlanması mexanizmi" və s. Kurslarda müəllimlərin elektron dərslərin
hazırlanması metodikası, elektron
resurslarının müxtəlif kompüter
proqram və servislərdən istifadə
etməklə internetdə yerləşdirilməsi, müəllim
və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant
olaraq şagirdlərlə işləmə
bacarığının formalaşdırılması, distant təhsili aparma
qaydaları və s. istiqamətlər
üzrə məlumatlar verildi. Sonda müəllimlərin İKT və
internetdən pedaqoji sahədə
lazımi səviyyədə istifadə etməklə peşəkarlıq
səviyyələrinin artmasını və həmin sahədə
olan bacarıqlarının
artmasını müşahidə etdik. Kursda ölkənin
pedaqoji yönlü ali təhsil müəssisələrində
çalışan rəhbər işçiləri, məktəbəqədər,
orta və ali təhsil
müəssisəsində dərs deyən müxtəlif fənn
müəllimləri, tələbələr, təhsil mərkəzlərinin
işçiləri, psixoloqlar iştirak edirdilər. Kursda
iştirak edən
iştirakçıların coğrafiyası da
çox genişdir: Bakı şəhəri ilə yanaşı,
Sumqayıt, Şəki, Qazax, İmişli, Şəmkir, Ağstafa,
Yevlax, İsmayıllı, Kürdəmir,
Bərdə, Salyan, Lənkəran, Lerik, Abşeron, Samux, Göyçay,
Şamaxı, Zaqatala, Lənkəran, Sabirabad, Qaradağ
rayonları. “Elektron məktəb üçün elektron
müəllim” kursuna qatılan müəllimlər
dərslərini və tapşırıqlarını “Facebook” sosial şəbəkəsi,
“Moodle” və “Skype”
proqramları üzərindən keçirdilər. Hazırda
həmin kursun eyniadlı qrupu
“Facebook”da müdavimlərin
fəaliyyətləri və hazırladıqları elektron dərslərin paylaşımları ilə
durmadan zənginləşir.
A.Miriyev
Palitra.-2016.-22 dekabr.-S.11.