Türk Şurası ölkələrinin
Azərbaycanda 2700-dən çox şirkəti
fəaliyyət göstərir
Şahin Mustafayev:
“Qardaş
ölkələr idxal etdikləri meyvə
və tərəvəz və onlardan emal olunan məhsulları,
çay, şəkər, şərab və
spirtli içkilər, kimya
və sənaye məhsullarını Azərbaycandan ala bilər”
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib. İqtisadiyyat Nazirliyindən “Palitra”ya bildiriblər ki, artıq 2-ci dəfədir ki, Bakıda təşkil olunan tədbirə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin (Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan) 50-dən çox nümayəndəsi iştirak edib. Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında iqtisadi əlaqələrə, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. Tədbirdən əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, daha sonra Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
“Cənub qaz dəhlizi” türkdilli ölkələr üçün geniş tranzit imkanları yaradır”
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin VI görüşünü açan iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş 9-cu samitində imzalanan Naxçıvan Sazişi ilə əsası qoyulmuş Türk Şurası çərçivəsində bu gün ölkələrimiz bütün sahələrdə, xüsusilə siyasi, ticarət, iqtisadi və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq edir, bir-birinə dəstək olurlar. İqtisadiyyat nazirlərinin bugünkü görüşünün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə Toplantısına hazırlıq məqsədilə keçirildiyini xatırladan Azərbaycanın İqtisadiyyat naziri diqqətə çatdırıb ki, siyasi əlaqələrimizin güclənməsinə xidmət edən Parlament Assambleyası, üzv-dövlətlər arasında əməkdaşlığın və anlaşmanın inkişafını təmin edən Ağsaqqallar Şurası, biznes dairələri arasında əməkdaşlıq platformasının yaradılmasına təkan verən Biznes Şurası, mədəni əlaqələrimizin inkişafına böyük töhfə verən TÜRKSOY kimi müxtəlif qurumlar ortaq din, dil və mədəni köklərə malik ölkələrimizin daha da yaxınlaşmasına geniş zəmin yaradır. Bundan başqa, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi təşəbbüslər mədəniyyətimiz, tariximiz və milli dəyərlərimizin beynəlxalq aləmdə tanınmasını təşviq edir. Şahin Mustafayev ölkələrimiz arasında çoxşaxəli iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. Bu əlaqələrin inkişafı ölkələrimiz arasında yüksək səviyyəli siyasi münasibətlərlə bərabər, həm də müvafiq müqavilə hüquq bazasının olmasından irəli gəlir. Türk Şurası çərçivəsində artıq investisiya təşviqi, investisiya mühiti, investisiya statistikası və kiçik və orta sahibkarlıq sahələri üzrə Anlaşma Memorandumları, ikitərəfli qaydada isə 300-dən çox sənəd imzalanıb. Bundan başqa, birgə hökumətlərarası komissiyalar, Türkiyə ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası və digər ikitərəfli qurumlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilir, mühüm qərarlar qəbul edilir.
Azərbaycanın türkdilli dövlətlərlə ticarət, investisiya əməkdaşlığının, iş adamları arasında əlaqələrin inkişafına və genişləndirilməsinə önəm verir. Bildirilib ki, 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türk Şurasının üzv ölkələr ilə ticarət dövriyyəsinin həcmi 1,9 milyard dollar təşkil edib. Azərbaycan tərəfindən Türkiyəyə qoyulan investisiyaların məbləği 8 milyard dollar, Qazaxıstana isə 190 milyon dollar olub. Türkiyənin Azərbaycana investisiyaları 10 milyard ABŞ dolları, Qazaxıstanın isə ölkəmizə yatırdığı sərmayələr 67 milyon ABŞ dolları təşkil edir. Azərbaycan və Qırğızıstan arasında da investisiya əməkdaşlığını genişləndirmək üçün imkanlar genişdir. Ümumilikdə, Türk Şurası ölkələrinin Azərbaycanda 2700-dən çox şirkəti fəaliyyət göstərir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli qaydada 300-dən çox tədbir keçirilib. Nazir Şahin Mustafayev qeyd edib ki, yeni və strateji əhəmiyyət kəsb edən əməkdaşlıq istiqamətlərindən biri də ölkələrimizin tranzit potensialından səmərəli istifadə olunması ilə bağlıdır. Bu baxımdan dünya miqyasında ən böyük enerji layihələrindən olan “Cənub qaz dəhlizi” türkdilli ölkələr üçün geniş tranzit imkanları yaradır.
Turist axınının artırılması üçün birgə şirkətlər yaradılması təklif edilir
Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirləri diqqətə çatdıran Şahin Mustafayev Türk Şurası ölkələri ilə ticarət, investisiya, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bildirib. Qeyd edib ki, əgər, Türkiyə, Qazaxıstan və ya Qırğızıstanın idxal etdiyi hər hansı məhsul Azərbaycanın ixrac məhsulları siyahısında mövcuddursa, həmin məhsullar Azərbaycandan idxal edilə bilər və ya əksinə. Qardaş ölkələr idxal etdikləri meyvə və tərəvəz və onlardan emal olunan məhsulları, çay, şəkər, şərab və spirtli içkilər, kimya və sənaye məhsullarını Azərbaycandan ala bilər. Eyni zamanda Azərbaycan öz idxalında türkdilli ölkələrdən ixrac olunan məhsullara üstünlük verə bilər. Ölkələrimizin bir-birinə qarşılıqlı investisiya yatırması üçün də böyük imkanlar var. Artıq Qazaxıstan və Türkiyə ilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə Koordinasiya Komitəsi çərçivəsində əməkdaşlıq edirik. Ölkələrimizdən keçən tranzit marştrutlarına üstünlük verilməsi və tranzit yükdaşımalarının həcminin artırılması üçün digər türkdilli ölkələrdə də oxşar addımlar atıla bilər. Turizmin inkişafı üçün də geniş imkanlar mövcuddur. Ölkələrimiz arasında turist axınının artırılması istiqamətində tədbirlər görülməsi üçün birgə şirkətlərin yaradılması, qarşılıqlı turizmin təşviq edilməsi məqsədəuyğundur.
Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt və Aktau limanları iqtisadi əlaqələrin, tranzit əməkdaşlığının genişləndirilməsinə imkan verəcək
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi
görüşün türkdilli
dövlətlərin dostluğunun və əməkdaşlığının
daha bir nümunəsi
olduğunu, ölkələrimizin ortaq dilə, dinə və mədəniyyətə
malik olduğunu qeyd edib. Nihat Zeybekçi
Türkiyə iqtisadiyyatı, üzv
ölkələr arasında mövcud iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi
imkanları barədə məlumat verib və
görüşün türkdilli
dövlətlər arasında iqtisadi əməkdaşlığın
inkişafında əhəmiyyətli olacağını bildirib. Nihat Zeybekçi həmçinin, ticarət, turizm, gənclər, idman
və s. sahələrdə əməkdaşlıq
imkanlarını diqqətə çatdırıb.
Qazaxıstanın milli iqtisadiyyat
nazirinin müavini Aydar Arifxanov ölkəsinin
Şuranın ölkələrimiz arasında əlaqələrin
genişlənməsində əhəmiyyətini qeyd edib. Qazaxıstanın
iqtisadiyyatı, biznes və investisiya imkanları, nəqliyyat və tranzit potensialı barədə məlumat verən
Aydar Arifxanov türkdilli ölkələri
Qazaxıstanın tranzit imkanlarından faydalanmağa, ölkəsində birgə
müəssisələr yaratmağa, ticarət
əlaqələrini genişləndirməyə dəvət edib, Türk Şurasının
əməkdaşlığın inkişaf
etdirilməsi üçün əlverişli
platforma olduğunu
vurğulayıb. Qırğızıstanın İqtisadiyyat nazirliyinin stats katibi xanım Ayday Kurmanova ölkəsinin
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasında yaxından iştirak etdiyini, üzv ölkələrin
birgə səyi nəticəsində əlaqələrin daha da genişlənəcəyinə
əminliyini ifadə edib. Türk
Şurası ölkələri arasında müxtəlif sahələrdə
əməkdaşlıq, Qırğızıstan
iqtisadiyyatı barədə məlumat verən Ayday
Kurmanova türkdilli
ölkələrin Qırğızıstana investisiya
yatırdığını, iqtisadiyyatın müxtəlif
sahələrində iştirak etdiklərini
bildirib. Ayday Kurmanova görüşün
türkdilli ölkələr arasında əlaqələrin
dərinləşdirilməsinə imkan
yaratdığını diqqətə çatdırıb. Türk
Şurasının Baş Katibi
Ramil Həsənov
çıxışında təşkilatın fəaliyyəti,
görülən işlər barədə məlumat verib, türkdilli ölkələr
arasında iqtisadi sahədə əməkdaşlığın
dərinləşdirilməsi dair təkliflər
səsləndirib. Qeyd olunub ki,
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə
verilməsi, Azərbaycanın Ələt və
Qazaxıstanın Aktau limanlarının
genişləndirilməsi türkdilli
ölkələr arasında iqtisadi və
ticarət əlaqələrinin, tranzit əməkdaşlığının
genişləndirilməsinə imkan verəcək.
Ramil Həsənov şuranın
portalının səmərəliliyinin
artırılmasını, biznes
forumların və digər tədbirlərin keçirilməsinə
dair təkliflər səsləndirib. Sonra Türk Şurası Katibliyinin
iqtisadiyyat üzrə işçi
qrupunda bir gün əvvəl müzakirə edilən məsələlər
barədə məlumat verilib, müzakirələr
aparılıb, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının üzv
dövlətlərinin iqtisadiyyat nazirlərinin
VI görüşünün
yekununa dair protokol imzalanıb.
Anar
Palitra.-2016.-22 dekabr.-S.7.