Elm və təhsilin
inteqrasiyası üzrə birgə Fəaliyyət Planı
hazırlanacaq
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı və Təhsil Nazirliyi Kollegiyasının birgə elmi sessiyası keçirilib. Tədbirdə AMEA prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, ali məktəb rektorları və digər qonaqlar iştirak edib.
“Elm və təhsil: problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən AMEA prezidenti Akif Əlizadə bildirib ki, elm və təhsil dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Onun sözlərinə görə, birgə elmi sessiyanın da keçirilməsində məqsəd Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələri müzakirə etməkdir: “Elm və təhsilin inteqrasiyası sahəsində uğurlar əldə etmək üçün respublika üzrə 2018-2025-ci illəri əhatə edən Azərbaycanda elm və təhsilin inteqrasiyası məqsədli proqramını işləyib hazırlamalıyıq. Qarşılıqlı müzakirələr əsasında elm və təhsilin inteqrasiyası ilə bağlı bütün istiqamətləri əhatə edən proqramın hazırlanmasına nail ola bilsək hesab edirəm ki, hədəflərimizə daha tez nail olarıq. Çünki bu sahədə görüləcək işlər elə də sadə deyil. Onların həlli bu sahədə olan ictimaiyyətin sistemli və enerjili fəaliyyətini tələb edir. Əminəm ki, ölkədə elm və təhsilin inteqrasiyasına yönələn diqqət və qayğı sayəsində biz bu sahədəki vəzifələrin icrası üçün səylərimizi birləşdirməyə nail olacağıq”.
“Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyası” mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün Azərbaycanın təhsili və elmi qarşısında duran əsas vəzifə - təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı müəssisələrinin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır: “Ölkəmizin təhsil müəssisələri də məhz bu vəzifənin yerinə yetirilməsinə xidmət edərək, gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönümlü fəaliyyətə cəlb olunmasına, yeni texnologiyalardan istifadə edilməsinə və xarici dillərin öyrənməsinə geniş imkanlar yaratmalıdır. Təhsil sistemi elmi kəşflərə açıq olmalıdır. Çünki keyfiyyətli təhsil olmadan elmi yeniliklərə nail olmaq olmaz”.
Tədbirin sonunda elmi sessiyanın
qərarı qəbul
edilib. Elm və
təhsilin inteqrasiyası
üzrə birgə Fəaliyyət Planın hazırlanması qərara
alınıb. Sənəddə
ali təhsil
müəssisələrinin elmi fəaliyyətinin təşviqi və stimullaşdırılması, təhsil-tədqiqat-innovasiya
mərkəzlərinə çevrilməsi
məqsədilə AMEA-nın
elmi-tədqiqat müəssisələrində
ali təhsil müəssisələri təcrübə
mərkəzlərinin təşkili,
həmin mərkəzlərdə
ali məktəblər
tərəfindən tədqiqatların
aparılması və
digər məsələlər
öz əksini tapıb.
Nigar
Palitra.-2016.-22 dekabr.-S.6.