“Müəllimlərin İKT
bacarıqlarına yiyələnməsi artıq zəruri prosesdir”
İlahə Fazilova: “İKT-ni tədris
aləti kimi istifadə etməklə tədris prosesinin səmərəliliyi
və keyfiyyəti artırılır”
Layihə çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar Mərkəzinin Proqram üzrə koordinatoru İlahə Fazilova ilə müsahibəni təqdim edirik. Nəzər çatdıraq ki, ölkədaxili və beynəlxalq təlimlərdə iştirak edən İlahə Fazilova 12 illik pedaqoji təcrübəyə malikdir. O, İKT və kurikulum istiqamətləri üzrə çoxsaylı dövlət layihələrində təlimçi kimi uzun müddət fəaliyyət göstərib, “İlin Müəllimi” və “Elektron Təhsil” müsabiqələrinin qalibi olub. Elmi mətbuatda mütəmadi olaraq tədrisdə İKT-nin və Elektron Resurslarınının əhəmiyyəti və kurikulum islahatları mövzusunda məqalələrlə çıxış edib. Təhsildə liderlik və İdarəetmə sahəsinə marağı olan İlahə Fazilova Təhsil Nazirliyi və GİZ-Almaniya BƏC tərəfindən keçirilən “İlk Peşə İxtisas Təhsili Sistemində Liderlik və İdarəetmə” təlimində iştirak edib, yekun imtahan və müsahibəni uğurla keçib. Hazırda magistr təhsili alır. Növbəti 2 il üçün əsas hədəfləri “İnformatikanın tədrisi metodikası və metodologiyası" ixtisası üzrə xaricdə magistr təhsilini davam etdirmək və ingilis dilindən istifadə bacarıqlarını təkmilləşdirməkdir.
- Özünüz, təhsiliniz və fəaliyyətiniz haqqında qısa məlumat verərdiniz.
- Uşaqlıqdan həkim olmaq istəsəm də, sonralar riyaziyyat elminə olan marağım nəticəsində 1997-ci ildə BDU-nun mexanika riyaziyyat fakültəsinə daxil olmuşam. Artıq bir ildir ki, MBA üzrə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistr təhsili alıram. Pedaqoji fəaliyyətimə 2004-cü ildə Göyçay şəhər 1 və 3 saylı tam orta məktəbində Riyaziyyat-İnformatika müəllimi olaraq başlamışam. Hazırda “İTE-Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzində proqram üzrə koordinator vəzifəsində çalışıram. İKT savadlılığın artırılması və interaktiv texnologiyalardan istifadə üzrə bir neçə layihələrin məzmunun hazırlanmasında yaxından iştirak etmişəm və həmin layihələrin koordinasiyasını həyata keçirirəm.
- Peşəkar fəaliyyətiniz
zamanı hansı keyfiyyətləri daim
diqqət mərkəzində saxlamısınız?
- Mən pedaqoji fəaliyyətim dövründə dərslərimi müasir dövrün tələblərinə uyğun olaraq qurmağa çalışmışam. Həmişə düşünmüşəm ki, müasir dövrdə bol informasiya mühiti ilə əhatə olunan şagirdin diqqətini təlimə cəlb etmək üçün texnologiyanın tədrisə yüksək səviyyədə tətbiq olunması hər bir müəllimin vəzifəsidir. Çünki bu, zamanın tələbidir və fikrimcə, tədrisdə hazırkı trenddən kənar vasitələrin tətbiqi də səmərəsiz olar. Bunları nəzərə alaraq, informatika müəllimi kimi şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirəcək elektron resurslar hazırlayıb dərslərimdə tətbiq etməyə çalışmışam. Mənim, ümumiyyətlə, həm dərs prosesində, həm də iş mühitində önəm verdiyim məsələ psixoloji sağlam və demokratik mühitin təşkilidir. Hazırda işlədiyim İTE-Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzi məni bu cəhətdən çox qane edir.
-
Maraqlıdır, gənc kadr kimi tədris prosesinə bu
cür həvəsli və fərqli yanaşma haradan
qaynaqlanır?
- Mən, ümumiyyətlə, öz üzərimdə çalışmağı sevən bir insanam. 2008-2012-ci illərdə “Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müəllimlərin peşəkar inkişafı, kurikulum və İKT istiqamətləri üzrə çoxsaylı təlimlərdə həm iştirakçı, həm təlimçi kimi iştirak etmişəm. Fikrimcə, ən gözəl öyrənmə sosial münasibətlər zəminində olan öyrənmədir. Hər bir layihə, dərs və təlimlər zamanı əldə etdiyim maraqlı təcrübə və biliklər mənim ümumilikdə tədris mühitinə baxış bucağımı müsbət istiqamətdə inkişaf etdirib. Tədris prosesində məni müasir və fərqli yanaşmalar tətbiq etməyə həvəsləndirən səbəblərin mərkəzində də məhz, bu amillər durur. Bundan əlavə, mən artıq, demək olar 4 ildir ki, İTE-Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzində çalışıram. Mərkəzimizin peşəkar, çoxillik təcrübəyə malik və müxtəlif məktəblərdə fəaliyyət göstərən çoxsaylı təlimçiləri və mentorları var. Onlarla mütəmadi ünsiyyət və müəllimlərin peşəkar inkişafı naminə araşdırmalar aparan zaman rast gəldiyimiz maraqlı təcrübə və fikir mübadiləsi məni daim fərqli və kreativ yanaşmalar tətbiq etməyə sövq edir. Onu da əlavə edim ki, mənim həm müəllim, həm təlimçi, həm də hazırkı layihə koordinatoru kimi peşəkar fəaliyyətim mənə müəllim ehtiyaclarına və tədrisə müxtəlif prizmalardan yanaşmağa imkan verir.
- Peşəkar fəaliyyətinizindəki
ən yüksək uğurlarınız nələr olub?
- İnsan üçün ən böyük səadət əməyinin qiymətləndirilməsidir. Son illər müəllim əməyinə xüsusi diqqət, şəffaf seçim mənə də bir neçə il əvvəl stimul verdi ki, təhsillə bağlı müxtəlif müsabiqələrdə iştirak edim. Nəticədə, 2013-cü ildə “İlin Ən Yaxşı Müəllimi” müsabiqəsinin qalibi, 2012-ci ildə “Elektron Təhsil” müsabiqəsində 2-ci yerin sahibi olmuşam. Bunlar mənim üçün ən dəyərli uğurlar sırasındadır.
Yeniliyə can atan və daha çox informasiya əldə etməyə çalışan bir müəllim kimi daima beynəlxalq təcrübədə təhsil islahatlarına maraq göstərmişəm. Türkiyənin Milli Təhsil Nazirliyinin komissiya sədri Hüseyin Kocasaraçın dəvəti ilə bir neçə müəllim heyəti ilə Türkiyədə keçirilən beynəlxalq təlimdə iştirakım, mənim və şagirdimin hazırladığı “Məktəblilərimizi genefondu dəyişdirilmiş qidalardan qoruyaq!” adlı layihənin 6-cı Beynəlxalq Bilim Şənliyində ən yüksək mükafata layiq görülməsini də peşəkar fəaliyyətimdəki uğurlardan hesab edirəm. Hazırda fəaliyyət göstərdiyim İTE əlavə təhsil mərkəzində də ilk vaxtlar təlimçi kimi işə başlamağımı və indiki layihə koordinatoru vəzifəsinə gəlməyimi də mərkəzin mənə qarşı olan etibarı və peşəkar fəaliyyətimdə uğur kimi qiymətləndirirəm.
- Təhsilin
inkişafı üçün hansı təklifləriniz
var?
- Təhsil islahatları ilə yaxından maraqlanan biri kimi təbii ki, bu istiqamətdə müxtəlif fikir və ideyalar söyləmək olar. Hazırda təhsildə əsas aktual məsələlərdən biri 12 illik təhsil sisteminə keçiddir. Düşünürəm ki, bir çox ölkələrin təcrübəsində olduğu kimi 12 illik təhsil sisteminə keçidlə əlaqədar olaraq 12-ci sinifdə şagird ixtisaslaşmasına uyğun ixtisasyönümlü fənlərin tədrisi mexanizminin qurulması və tədris olunan bütün fənlərin məzmununa şagird ixtisaslaşmasına uyğun standartların əlavə edilməsi məqsədəuyğun olardı. Özündə yalnız bilikləri birləşdirən ənənəvi məktəb artıq öz yerini səriştəyönümlü məktəbə verməkdədir. Şagird səriştəliliyinin mütəmadi olaraq hər sinif üzrə qiymətləndirilməsi və şagirdlərin mövcud bacarıqlarının inkişaf etdirilməsi modelinin hazırlanmasının əsas prioritet məsələ olduğunu düşünürəm.
-Yeni
informasiya texnologiyalarının öyrənmə
prosesinə tətbiqində müəllimin rolu
nədən ibarətdir?
-XXI əsrdə insan və cəmiyyətin inkişafının əsas resursunu informasiya təşkil etdiyi bir dövrdə təhsildə informasiya texnologiyalarının tətbiqi təhsilverənlərin və təhsilalanların insan kapitalı kimi inkişafı üçün əsas istiqamətlərindən biridir. Məlumdur ki, İKT-dən istifadə etməklə müasir və interaktiv təhsil modelinin həyata keçirilməsi məktəbin və müəllim heyətinin qarşısına yeni tələblər qoyur. Pedaqoji heyətin İKT savadlılığını artırmadan, təlim-tədris prosesinə innovativ yanaşmasını formalaşdırmadan İKT-nin təhsil sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri-mümkündür. Bütün müasir dövrün tələblərindən irəli gələn dəyişikliklərin məktəblərdə uğurla və səmərəli tətbiq edilməsi avtomatik olaraq müəllimin də tədris prosesinə fərqli yanaşmasını zəruri edir. Bu səbəbdən də müəllimlərin İKT bacarıqlarına yiyələnməsi, tədris prosesində İKT bacarıqlarından pedaqoji alət kimi istifadə etməsi artıq zəruri prosesdir.
Müasir müəllim şagirdə öyrənmə yollarını öyrətməli, onlarda sərbəst olaraq onun üçün lazım olan informasiyanı düzgün mənbələrdən və vaxt itkisinə yol vermədən axtarmaq, tapılmış informasiyanı sistemləşdirmək və özü üçün daha yararlı informasiyaları seçmək, seçilmiş informasiyaları analiz etmək və əldə edilmiş informasiyanı özününküləşdirərək məsələyə şəxsi münasibətini bildirmək bacarığı formalaşdırmalıdır. Şagirdə özünə inam hissini aşılamalı və auditoriya qarşısında öz fikirlərini sərbəst təqdimetmə bacarığı formalaşdırmalıdır. İstənilən fənnin tədrisində yuxarıda sadalananların həyata keçməsi üçün şagirdləri daim yeni informasiya texnologiyalarından istifadəyə yönəltməlidir.
- Müəllimlik və hazırkı layihə koordinatoru kimi fəaliyyətinizdə sizə xoş təsir bağışlayan və motivasiya edən amillər nələrdir?
- Məni əsas motivasiya edən amil daim öyrənmək və inkişaf etmək arzusudur. İTE əlavə təhsil mərkəzində də hazırda mənə ən xoş təsir edən məqam fəaliyyətim zamanı daim inkişaf imkanının yaradılmasıdır. Necə deyərlər, “Öyrənmək heç vaxt gec deyil”.
- Siz artıq uzun müddətdir ki, İTE əlavə təhsil mərkəzində layihə koordinatoru kimi fəaliyyət göstərirsiniz. İTE əlavə təhsil mərkəzi sizin üçün nə deməkdir.
-İTE əlavə təhsil mərkəzi sözün əsl mənasında artıq mənim ikinci ailəmə çevrilib. Məşhurların birinin dediyi kimi, “xoşbəxt o insandır ki, səhərlər işə, axşamlar evə tələsir”. İlk növbədə İTE əlavə təhsil mərkəzinə “hər səhər işə tələsmək” imkanı yaratdığına və bu mühitlə təmin etdiyinə görə minnətdaram. Təhsil mərkəzimizin əsas özəlliyi – işçilərinin inkişafını daim dəstəkləməsi, onlar üçün öyrənmə və tədqiqat mühitini yaratmasıdır, üstünlüyü isə peşəkar kadrlardan ibarət böyük bir ailəmizin olmasıdır. Qısaca desəm, İTE əlavə təhsil mərkəzi mənə olduqca böyük təcrübə qazandıran, davamlı inkişaf istəyi yaradan və dəstəkləyən, ən əsası isti mühitlə təmin edən məktəbdir.
-İKT-dən
istifadənin pedaqoji məqsədləri nədən
ibarətdir?
-Öyrənənin (öyrənən dedikdə
şagird, müəllim və ya öyrənmə prosesinə cəlb olunan istənilən şəxs nəzərdə
tuturam) informasiya cəmiyyətində
faydalı fəaliyyətə cəlb olunması üçün fərdi inkişafını
təmin edir. Düşünmə
qabiliyyətini, tənqidi, məntiqi və yaradıcı təfəkkürü
inkişaf etdirir.
Öyrənənin müxtəlif psixologiyalı insanlarla ünsiyyətini təmin edərək,
onun ünsiyyət-kommunikativ
bacarıqlarını daha da
inkişaf etdirir və
ünsiyyət zamanı qarşıya çıxan müəyyən
komplekslərdən azad olmaq
üçün şərait
yaradır. Müxtəlif sahələr üzrə elmi axtarış və tədqiqat
bacarığını inkişaf etdirir. Çətin və problemli
situasiyalarda vəziyyəti analiz edərək çevik
qərar qəbul etmək bacarığına yiyələndirir.
Bununla
yanaşı, informasiya mədəniyyətini
formalaşdırır. Ən vacib məqam
isə ondan ibarətdir ki,
təlim və tədris prosesini daha da dərinləşdirir
və intensivləşdirir. İdrak fəaliyyətini
aktivləşdirərək biliklərin öyrənilmə və
mənimsənilməsi üçün
müxtəlif metodlar təklif etməklə
öyrənəndə öyrənmə prosesinə
qarşı maraq yaradır. İKT-ni tədris aləti kimi
istifadə etməklə tədris prosesinin
səmərəliliyi və keyfiyyəti artırılır. İnformasiya daha əlçatan
və cəlbedici olur. Bu
zaman informasiyanı nəinki oxumaq, eyni zamanda
vizual olaraq görmək,
səsini eşitmək və ya hər
hansı simulyativ proqramlar
vasitəsi ilə hətta yerini dəyişmək
və idarə etmək mümkün olur.
Fuad Hüseynzadə
Palitra.-2016.-24 dekabr.-S.11.