Fondun keçirdiyi
fərdi jurnalist yazıları müsabiqəsinin
qalibləri mükafatlandırılıb
Həftə
sonu Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr
- Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə keçirdiyi fərdi
jurnalist yazıları müsabiqəsində birinci yerə
layiq görülmüş media nümayəndələrinin
mükafatlandırılmasına və qarşıdakı əlamətdar
bayramlara həsr olunmuş tədbir keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri, tanınmış jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. V.Səfərli ölkəmizdə azad sözün, müstəqil mətbuatın inkişafına, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların mənzil probleminin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə Fondun və media ictimaiyyətinin adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib. Keçirilən tədbirin əlamətdar bir günə - Prezident İlham Əliyevin doğum gününə təsadüf etdiyini diqqətə çatdıran icraçı direktor media nümayəndələri adından dövlət başçısını təbrik edib, ona can sağlığı və respublikamızda aparılan quruculuq işlərində uğurlar arzulayıb.
Ölkə rəhbərliyinin mediaya yüksək diqqət və qayğısından söz açan icraçı direktor, bunun nəticəsi kimi Fondun son illər fikir, söz və məlumat azadlıqlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini vurğulayıb. 2009-cu ildən hazırkı dövrə qədər Fonda dövlət büdcəsindən 27 milyon manata yaxın maliyyə vəsaitinin ayrıldığını bildirən V.Səfərli həmin vəsait hesabına mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələrin reallaşdırıldığını vurğulayıb. Vüqar Səfərli, həmçinin, Fondun 2016-cı ildə gündəlik, günaşırı və həftəlik nəşr olunan 33 qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 6000 səhifədən çox yazının dərc edildiyini bildirib.
Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Fond tərəfindən bu məqsədlə hər il 3 dəfə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, Fond il ərzində Nizami və Suraxanı rayon icra hakimiyyətləri, Gəncə Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, "Azərsu" və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətləri ilə birgə 7 əlavə müsabiqə keçirib, həmin müsabiqələrdə iştirak edən 806 nəfər jurnalistdən 445 nəfəri qalib olaraq mükafatlandırılıb.
Çıxışını davam etdirən V.Səfərli Fondun 2016-cı ildə "Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələri maliyyələşdirdiyini, hər üç layihə üzrə aparılmış monitorinqlər zamanı media və teleradio məkanının dil problemlərinin araşdırıldığını və müvafiq təkliflərin irəli sürüldüyünü vurğulayıb.
2016-cı ilin "Azərbaycanda multikulturalizm ili" elan edildiyini xatırladan V.Səfərli bununla əlaqədar Fondun dini-etnik icmaların və KİV nümayəndələrinin iştirakı ilə avqust ayında Xaçmaz, dekabr ayında isə İsmayıllı rayonlarında "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfranslar keçirdiyini qeyd edib. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Fond il ərzində aparıcı KİV-lərin baş redaktorlarından ibarət nümayəndə heyətinin London və Ankaraya işgüzar səfərlərini təşkil edib.
V.Səfərli Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə də ətraflı məlumat verib. İcraçı direktor müsabiqəyə 69 kütləvi informasiya vasitəsindən 160 yazı daxil olduğunu, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini, Müşahidə Şurasının qərarı əsasında 114 nəfər jurnalistin qalib edildiyini diqqətə çatdırıb: "Müsabiqədə ikinci və üçüncü yerləri tutmuş jurnalistlər dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə mükafatlandırılıblar. Bu gün isə biz müsabiqədə birinci yeri tutmuş jurnalistləri mükafatlandıracağıq".
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qlobal böhran şəratində bütün sahələrdə inkişaf etdiyini və mühüm uğurlara imza atdığını bildirib. Mətbuat Şurasının sədri Azərbaycanın bölgədə sabit və dinamik tərəqqi edən ölkə olduğunu vurğulayaraq bunu dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasətlə əlaqələndirib. Ə.Amaşov cənab İlham Əliyevin fenomenal liderlik keyfiyyətlərini diqqətə çəkərək bildirib ki, Azərbaycan məhz bunun sayəsində bir çox maneələri dəf edərək regionda öz sözü və mövqeyi olan lider dövlətə çevrilib. Mətbuat Şurasının sədri dövlət başçısının mediaya əsl dost münasibəti göstərdiyini qeyd edərək ad günü münasibətilə ölkə başçısını jurnalistlər adından təbrik edib.
Sonra söz Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənova verilib. Tədbir iştirakçılarını salamlayan Əli Həsənov təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan söz və məlumat azadlıqlarının daha da inkişaf etdirilməsi istiqamətində son illər ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb: "Media, ümumiyyətlə, bütün dünyada cəmiyyətin ən nüfuzlu ictimai institutudur. Ona görə də ümummilli lider hər zaman medianı cəmiyyətin əsas mexanizmlərindən, əsas ictimai institutlarından biri səviyyəsində görür və dəyərləndirirdi. Təsadüfi deyil ki, media azadlığı, siyasi plüralizm Azərbaycan Konstitusiyasına cəmiyyətin əsas aparıcı meyillərindən, atributlarından biri kimi ümummilli liderin təşəbbüsü ilə daxil edilib. Heydər Əliyev 1998-ci il 6 avqust tarixli Fərmanla media üzərindən bütün dövlət-ictimai tənzimləmə mexanizmlərini aradan qaldırdı və media özünü tənzimləmə yoluna qədəm qoydu. Sonradan Mətbuat Şurası yaradıldı. Beləliklə, media-dövlət-cəmiyyət münasibətləri, medianın fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirildi".
Əli Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev media ilə bağlı fikirlərini dəfələrlə səsləndirərək müasir Azərbaycan cəmiyyətini və dövlətini azad mediasız, siyasi plüralizmsiz təsəvvür etmədiyini deyib: "Prezident İlham Əliyev qeyd edib ki, azad media Azərbaycan cəmiyyətində mühüm rola malikdir. Buna görə də dövlətimizin başçısı KİV-in inkişafı, söz və mətbuat azadlığının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir".
Xalqın milli iradəsini dövlətçiliyin mühüm amili kimi dəyərləndirən Əli Həsənov vurğulayıb: "KİV bir tərəfdən cəmiyyətdə milli iradənin formalaşmasında iştirak edir, digər tərəfdən bizim intellektli jurnalistlərimiz yaxşı nümunələri cəmiyyətə təlqin edir və beləliklə, bu prosesdə mühüm rol oynayır. Əslində bu gün Azərbaycan dövləti mediaya həm də cəmiyyətlə, xalqla dövlət arasında əlaqə vasitəsi kimi baxır. Media vasitəsilə biz öz fikirlərimizi, siyasətimizi xalqa çatdırırıq, eyni zamanda, dövlətimiz, siyasətimiz, hakimiyyətimiz haqqında cəmiyyətin rəyini öyrənirik".
Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, dövlət yeddi ildir Fond vasitəsilə mediaya şəffaf şəkildə yardım göstərir. Bu məqsədlə 27 milyon manata yaxın birbaşa vəsait yönəldilib: "Bilirsiniz ki, təxminən bir o qədər də vəsait jurnalistlərin digər qayğılarına, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə və digər məqsədlərə yönəldilib. Ulu öndər Heydər Əliyev qəzetlərin dövlətə olan borclarını dondurub, nəşriyyatda onlara güzəştli şərait yaradılıb, KİV bir sıra vergilərdən azad olunub. Bir sözlə, media dövlətin bütün qayğı mexanizmərindən, resurslarından istifadə edib və etməkdədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə jurnalistlər üçün yaşayış binası tikilib və mənzillər pulsuz paylanılıb. Hazırda daha bir binanın tikintisi gedir. Yəqin ki, gələcəkdə bunun davamı da olacaq. Bütün bunlar ona görə edilir ki, siz Azərbaycan cəmiyyətindəki ictimai funksiyanızı, rolunuzu bundan sonra da dolğun şəkildə və bacarıqla həyata keçirəsiniz. Bu baxımdan biz bir tərəfdən jurnalistlərin peşəkarlığının, vətənpərvərlik hisslərinin artırılması, digər tərəfdən də KİV-in maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər görürük və görməkdə davam edəcəyik. Prezident İlham Əliyev Sizin arxanızdadır, Sizin dostunuzdur", - deyə Prezidentin köməkçisi diqqətə çatdırıb.
Azərbaycanın bu gün dünyada böyük nüfuz və hörmət qazandığını deyən Əli Həsənov bildirib: "Biz bu gün böyük erməni lobbisi, diasporu ilə qarşı-qarşıyayıq. Böyük islamafob dairələrlə üz-üzəyik. Regionda və beynəlxalq aləmdə Azərbaycanı istəməyən missioner təşkilatlar var ki, onlar xalqımızın birliyini, inkişafını görmək istəmir və qarşımızda müxtəlif maneələr yaradırlar. Bütün bu sahələrdə jurnalistlərin köməyinə ehtiyacımız var və düşünürəm ki, siz də bu köməyinizi dövlətdən və xalqdan əsirgəməyəcəksiniz".
Azərbaycan Respublikası Prezidentinin köməkçisi çıxışının sonunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün jurnalistləri təbrik edərək onlara uğurlar arzulayıb.
Sonra Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində I yerə layiq görülmüş jurnalistlər mükafatlandırılıblar.
Fondun icraçı direktoru Vüqar Səfərli rəsmi hissənin yekunlaşdığını bildirərək tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir bədii hissə ilə davam etdirilib.
Cavidan
Palitra.-2016.-24 dekabr.-S.9.