İKT-nin
inkişafı prioritet
sahə elan edilib
Akademik Rasim Əliquliyev:
“AMEA-nın elmi müəssisələrində
ixtisas imtahanlarının
test üsulu ilə keçirilməsinə dəstək
məqsədilə “Elektron
Test Sistemi” yaradılıb”
Ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət
proqramları və konkret əməli tədbirlər iqtisadiyyatın
diversifikasiyası və
yeni sənaye sahələrinin inkişafı
üçün geniş
imkanlar açmışdır.
İnformasiya kommunikasiya texnologiyalarının
(İKT) tətbiqinin səviyyəsi
hər bir ölkənin sosial-iqtisadi
inkişafı ilə
yanaşı, onun intellektual və elmi potensialının, dövlət idarəçiliyində
şəffaflığın və səmərəliliyin,
həmçinin cəmiyyətin
inkişafının əsas
göstəricilərindən biri hesab olunur. İnformasiya kommunikasiya texnologiyaları
sahəsi prioritet sahə elan edilmişdir. Rabitə və
informasiya texnologiyaları
sahəsinin isə neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən
inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiya kommunikasiya texnologiyalarının
geniş tətbiqi ölkənin hərtərəfli
inkişafına xidmət
etməklə yanaşı,
informasiya sahəsində
milli təhlükəsizliyin
təmin olunması baxımından da xüsusi əhəmiyyət
kəsb edir. Bu baxımdan AMEA İnformasiya
Texnologiyaları İnstitutunun
fəaliyyəti önəm
kəsb edir.
AMEA-nın akademik-katibi,
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun direktoru,
akademik Rasim Əliquliyev rəhbərlik
etdiyi elmi müəssisənin il ərzində gördüyü işlərlə
bağlı hesabat açıqlayıb. “İKT.az”
bildirir ki, institutda 2016-cı il ərzində əldə olunmuş elmi nailiyyətləri diqqətə çatdıran
alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin
formalaşmasının elmi-nəzəri
problemlərinin araşdırılması
və effektiv metodların işlənməsi
istiqamətində aparılan
araşdırmaları diqqətə
çatdırıb. Bildirib
ki, il ərzində
institut əməkdaşları
tərəfindən Big Data və Data mining, bulud
(cloud) texnologiyaları, informasiya
təhlükəsizliyi, biometrik
texnologiyalar, informasiya
cəmiyyəti, elektron
tibb və elektron elmin formalaşması problemləri,
kompüter şəbəkələri,
e-kitabxana, informasiya iqtisadiyyatı, terminoloji informatika kimi prioritet istiqamətlər üzrə elmi-tədqiqat
işləri aparılıb,
əldə olunan nəticələr dünyanın
nüfuzlu, impakt faktorlu jurnallarında çap olunub: “Cari ildə institutda mövcud hesablama resursları daxilində Big Data-nın klasterləşdirilməsi üçün
yüksək hesablama məhsuldarlığına malik
metod təklif olunub, mətnlərin
optimal referatının yaradılması
üçün riyazi
model və adaptiv diferensial evolyusiya alqoritmi işlənib. Həmçinin mətnlərin avtomatik
referatlaşdırılması məqsədilə mətndən
cümlələrin seçilməsi
üçün çoxkriteriyalı
optimallaşdırma modeli
və onun həlli üçün insan təliminə əsaslanan optimallaşdırma
alqoritmi işlənib”.
İnformasiya təhlükəsizliyi insidentlərinin emalı prosesinin kütləvi xidmət modeli işlənib
İnstitut direktoru, həmçinin buludların dinamik federallaşması üçün
intellektual agentlər əsasında qeyri-səlis
kollaborativ hibrid İntRep adlı reputasiya modelinin təklif edildiyini söyləyib. Qeyd edib ki, bulud texnologiyalarında hesablama resurslarının
istifadəçilər arasında
optimal paylanması alqoritmi
işlənib, bu texnologiyaların yaddaş
resurslarından səmərəli
istifadə üçün
metod təklif edilib. İnstitutda, habelə informasiya
təhlükəsizliyi insidentlərinin
emalı prosesinin kütləvi xidmət modeli işlənib və müxtəlif prioritetli insidentlərin emalının ehtimal xarakteristikaları müəyyən
edilib. Səs nümunələri əsasında dialektlərin
avtomatik tanınması
üçün akustik
əlamətlər əsasında
model, insanın irqi və etnik mənsubiyyətinin
müəyyən olunmasında
istifadə olunan həndəsi əlamətlərin
qiymətlərinin əhəmiyyətlilik
dərəcəsinin tapılması
üçün alqoritm
təklif edilib və digər istiqamətlərdə tədqiqatlar
aparılıb. Akademik
elmi-innovasiya fəaliyyəti
çərçivəsində institutun cari ildə iştirak etdiyi dövlət proqramları, Prezident yanında Elmin İnkişafı Fondu, həmçinin Dövlət
Neft Şirkətinin
Elm Fondu tərəfindən
maliyyələşdirilən layihələr, dünyanın
nüfuzlu jurnallarının
redaksiya heyətində,
beynəlxalq konfransların
proqram komitələrində
təmsilçilik və
elmi ekspertiza fəaliyyəti, elektron elmin formalaşması üzrə praktiki fəaliyyət və s. barədə məlumat verib. R.Əliquliyev “AzScienceNet” elm kompüter
şəbəkəsi, Viki-Mərkəz,
Multimedia Mərkəzi, Olimpia
Mərkəzi və institutun “www.ikt.az” saytının
fəaliyyəti barədə
danışıb, eləcə
də 2016-cı ildə
institut tərəfindən
yaradılmış veb-saytlar
barədə məlumat
verib.
Doktorant
və dissertantlara “Elm
informatikası” fənni
tədrisi edilir
Alim, institutun Tədris-İnnovasiya Mərkəzində AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirildiyini, AMEA-nın magistratura pilləsində təhsil alanlara ümumi və ixtisas fənlərinin tədrisi, respublika üzrə doktorant və dissertantlara “Elm informatikası” fənninin tədrisi və test imtahanlarının təşkilini və həyata keçirildiyini qeyd edib. Alimin sözlərinə görə, AMEA-nın elmi müəssisələrində ixtisas imtahanlarının test üsulu ilə keçirilməsinə dəstək məqsədilə “Elektron Test Sistemi” yaradılıb. Mərkəzdə distant tədris prosesinin də həyata keçirildiyini bildirən akademik regionların doktorant və dissertantlarının “Elm İnformatikası” fənnindən doktorluq imtahanlarının İnternet üzərindən onlayn şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülən işlərdən söz açan R.Əliquliyev 10 beynəlxalq və 38 xarici təşkilatla əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Qeyd edib ki, Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT təşkilatı ilə əməkdaşlıq əlaqələri cari ildə daha da genişləndirilib. Hazırda institut assosiasiyaya daxil olan təşkilatlarla intensiv əməkdaşlıq edir, “AzScienceNet” şəbəkəsinin GEANT4 lahiyəsinə qoşulması istiqamətində işlər aparılır. İl ərzində institut əməkdaşları beynəlxalq və respublika səviyyəli konfranslarda 180 məruzə ilə iştirak edib, müxtəlif elmi jurnallarda 72 məqalə çap etdiriblər. Onların elmi əsərlərinə cari ildə 470 istinad qeydə alınıb. Bundan əlavə, institutda 1 kitab və 4 ekspres-informasiya nəşr olunub. R.Əliquliyev, həmçinin 2016-cı ildə institutda həyata keçirilən elmi-təşkilati fəaliyyət, institutun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verib. Bildirib ki, institutun təşkilatçılığı ilə “Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri”, “E-kitabxanaların formalaşması problemləri”, “Elektron tibbin multidissiplinar problemləri”, “İnformasiya kommunikasiya texnologiyalarının tətbiqi” (AICT 2016) , “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” konfransları keçirilib. İnstitut direktoru qeyd etdi ki, hesabat ilində institut əməkdaşları “World eBook Library” və “Global e-Journals Library” kimi elektron kitabxanalarından istifadə imkanı əldə edib.
A.Miriyev
Palitra.-2016.-27 dekabr.-S.11.