Kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı sektorunda 20 min yeni iş
yeri açılacaq
Dünyada əkinçilik sahələri və mövcud su qaynaqları sürətlə istifadə edilir. Qlobal istiləşmə ilə bağlı olaraq iqlim dəyişikliyi kənd təsərrüfatı və qida istehsalını təhdid edir. Əhalinin artmasına baxmayaraq, kənd təsərrüfatı istehsalı eyni nisbətdə artmır. Dünyada yaşayan 7 milyarddan çox insanın təxminən 1 milyardı aclıq çəkir. Sağlam və etibarlı qida istehsalı üçün kənd təsərrüfatı çox əhəmiyyətlidir.
39 ölkənin qida
təhlükəsizliyi
yoxdur
Dünyada artan geosiyasi risklər və iqlim dəyişməsi qida təhlükəsizliyinə istiqamətli riskləri də özü ilə yanaşı artırır. Bununla bağlı konkret olaraq FAO hesabat hazırlayıb. Dünyanın fərqli bölgələrində yaşanan münaqişələr, daxili qarşıdurma və qarışıqlıqlar insanların qidanı əldə etməsi və qida təhlükəsizliyini təhdid edən nöqtəyə çatıb. FAO tərəfindən yayımlanan "Məhsuldan gözlənilənlər və qida vəziyyəti hesabatı" qidaya ehtiyac duyan ölkələrin sayının artdığını göstərir.
Vətəndaş müharibələri və iqlim qaynaqlı böhranlar, 2016-cı ildə qida təhlükəsizliyinin üzərində böyük təzyiq meydana gətirməyə davam edir. Bu faktorlar səbəbi ilə 39 ölkə xaricdən qida köməyinə möhtacdır. Hesabata görə, qlobal taxıl ehtiyatı yaxşı yetişmə şərtləri ilə bağlı müsbət görünsə də, keçmişdə yaşanan quraqlığın və qarşıdurmaların mənfi təsiri hələ bir çox coğrafiyada davam edir.
FAO, yerli qida böhranlarının başlıca səbəblərini də açıqlayıb. Azalan gəlirlər, yüksək qiymətlər və paylama şəbəkələrinin pozulması ilə bağlı qida istehsalındakı eniş, qidanın əldə edilməsinin çətinləşməsi qarşıdurmaların qida böhranının yaranmasında nə dərəcədə böyük rol oynadığını göstərir.
Hesabata görə, qaçqın böhranının sıx yaşandığı ev sahibi ölkələr olan Kamerun və Çad da daxil olmaqla, vətəndaş müharibələri və onların nəticələri 39 ölkənin 21-də konkret olaraq müşahidə edilir. Hesabata görə, Suriyada davam edən vətəndaş müharibəsi səbəbilə 9,4 milyon insan qida yardımına möhtacdır. Bu il buğda istehsalının böhrandan əvvəlki dövrdən 55 faiz daha az olması gözlənilir.
İraqda artan qarşıdurma mühiti ölkə daxilində digər problemlərlə yanaşı, qida təhlükəsizliyi də sürətlə artır. Yəməndə davam edən qarşıdurma da qida təhlükəsizliyindən məhrum insanların sayını artırıb. Əfqanıstanda bu vəziyyət 8 milyon insanı əhatə edir. Bu rəqəmin, əvvəllər Pakistana köç edən təxminən 600 min qaçqının yenidən Əfqanıstana dönməsilə birlikdə artması gözlənilir. Nigeriyadakı qida təhlükəsizliyindən məhrum insanların sayı 8 milyondan çoxdur və 2017-ci ilin avqustuna qədər bu rəqəmin 11 milyona çatacağı təxmin edilir. Hesabata görə, geniş sahəyə yayılan vətəndaş müharibəsi, Mərkəzi Afrika Respublikasında olduğu kimi təsərrüfatların istehsal məhsullarının itkisinə, azalmasına səbəb olur, yaxud Cənubi Sudanda olduğu kimi kənd təsərrüfatı fəaliyyətinə mənfi təsir edir. Cənubi Sudanın bəzi bölgələrində yaxşı məhsulun yalnız qısa dövr ərzində müsbət təsirləri olur, çünki davam edən qarşıdurmalar xalqın əkinçiliklə maraqlanmasını maneə törədir. FAO-nun hesabatına görə, xaricdən qida yardımına ehtiyac duyan 39 ölkəyə Əfqanıstan, Burkina Faso, Burundi, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası, Konqo, Koreya Demokratik Xalq Respublikası, Cibuti, Eritreya, Efiopiya, Qvineya, Haiti, İraq, Keniya, Lesoto, Liberiya, Liviya, Madaqaskar, Malavi, Mali, Mavritaniya, Mozambik, Myanma, Nepal, Niger, Nigeriya, Pakistan, Papua Yeni Qvineya, Sierra Leone, Somali, Cənubi Sudan, Sudan, Svazilend, Suriya, Uqanda, Yəmən və Zimbabve daxildir.
Daxili qarşıdurma və müharibə qədər iqlim dəyişiklikləri də qida təhlükəsizliyini təhdid edən bir digər əhəmiyyətli ünsürdür. Dünyanın fərqli bölgələrində quraqlıq, həddindən artıq yağış, sel təsiri ilə məhsul itkisi, məhsul keyfiyyətində eniş və xəstəliklər artır. BMT-nin digər hesabatına görə, dünya miqyasında 122 milyondan çox insan, iqlim dəyişikliyi və kiçik fermerlərin gəlirləri üzərindəki təsirlər səbəbilə 2030-cu ilə qədər həddindən artıq yoxsulluq içində yaşayacaq.
İqlim dəyişikliyi, qlobal qida təhlükəsizliyi üçün böyük və artan bir təhdid olduğu halda, buna paralel olaraq əkinçilik və qida sistemlərində dərin çevrilişlər qaçınılmaz hala gəlir.
Dünya əhalisinin 40 faizi kənd təsərrüfatı ilə məşğul olur, yoxsulların 75 faizinin isə əsas dolanışıq mənbəyi əkinçilik sektorudur. Hər il 1,4 milyard ton qida israf edilir və dünyada ən zəngin 20 faizlik hissə ümumi qidanın 77 faizini istehlak edir. Onu da qeyd edək ki, Avropa Birliyində kənd təsərrüfatını dəstəkləmə büdcəsi 3 illik, ABŞ-da isə 5 illik nəzərdə tutulur.
Kənd yerlərində emal sektorunun formalaşdırılması üçün əlverişli mühit yaradılacaq
Azərbaycanda ərzaq təhlükəsizliyinin
təmini, kənd təsərrüfatının
inkişafı istiqamətində tədbirlər davam etməkdədir. Bu
sahədə həyata keçirilən tədbirlərdən biri kimi “Azərbaycan
Respublikasında kənd təsərrüfatı məhsullarının
istehsalına və emalına dair Strateji Yol Xəritəsi”
hazırlanıb. Strateji Yol
Xəritəsində bir sıra mühüm məqamlar öz
əksini tapıb. Burada ölkənin kənd təsərrüfatı sahəsinin
inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli
baxış və 2025-ci ildən sonrakı dövr
üçün hədəf baxış
əks olunub ki, bu da kənd təsərrüfatı
sahəsində həm orta, həm də
uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə
çatmaq üçün
dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol
xəritəsinə malik olmasını
ifadə edir. Qeyd edək ki,
ölkədə bu istiqamətdə reallaşan tədbirlərin nəticəsidir ki, kənd təsərrüfatı məhsullarının
ümumi həcmi 1995-2015-ci illər ərzində
faktiki qiymətlərlə 7,7 dəfə,
2005-2015-ci illər ərzində isə 3,1 dəfə
artıb. 2015-ci ildə ümumi əkin
sahələri hətta 1990-cı illə müqayisədə
8,4 faiz çox olub. Azərbaycanda kənd təsərrüfatı
məhsullarının istehsalına və emalına dair 2020- ci ilədək strateji baxış dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ərzaq
təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən,
iqtisadiyyatın şaxələndirilməsinə və kənd
yerlərində sosial rifahın
yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli
kənd təsərrüfatı məhsulları istehsalı və
emalı sektorunun
formalaşdırılması üçün
əlverişli mühit yaratmağı nəzərdə
tutur. Kənd təsərrüfatı
məhsullarının istehsalı və emalı üzrə
2025-ci ilədək olan dövr
üçün uzunmüddətli
baxış ənənəvi təsərrüfatçılıqdan
bazaryönümlü əlavə dəyər
yaradan intensiv təsərrüfatçılığa
keçidin gücləndirilməsi
hesabına rəqabətqabliyyətli aqrobiznesi
formalaşdırmağı nəzərdə tutur.
Kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı üzrə 2025-ci ildən
sonrakı dövr üçün
gələcəyə baxış yüksək texnoloji inkişafa əsaslanan,
sənayeyönümlü, ətraf mühitə dair standartların tələblərinə uyğun və qlobal dəyər
zənciri sisteminə səmərəli inteqrasiya
olunmuş kənd təsərrüfatının
formalaşdırılmasını nəzərdə tutur. Strateji Yol Xəritəsində öz əksini tapan Hədəf
indikatorlarına görə, kənd təsərrüfatı
məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan
prioritetlərin həyata keçirilməsi nəticəsində
2020-ci ildə 2015-ci illə müqayisədə ölkənin
regionları üzrə nəzərdə tutulmuş
tədbirlərin həyata keçirilməsi ilə kənd
təsərrüfatı məhsullarının istehsalı və
emalı sektorunda 20 min
yeni iş yeri açılacaq. Strateji
Yol Xəritəsinin ümumi
məqsədi Azərbaycanda kənd təsərrüfatı sektorunun yüksək rəqabət qabiliyyətinə
və dayanıqlı inkişafına nail
olmaqdır. Strateji hədəflərə gəldikdə isə ərzaq
təhlükəsizliyinin təmin edilməsi dövlət
siyasətinin ən mühüm istiqamətlərindən
birini təşkil etdiyi
üçün növbəti illərdə
də bu sahədə görülən
işlər genişləndiriləcək, nəzərdə tutulan tədbirlər
ölkə əhalisinin zəruri həcmdə və keyfiyyətdə
ərzaq məhsulları ilə daimi əsaslarla
təmin edilməsinə istiqamətlənəcək.
Ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, o
cümlədən ərzaq məhsulları ilə
özünütəminetmə səviyyəsinin yüksəldilməsi
ilə bağlı Strateji Yol Xəritəsində müəyyən edilmiş çoxsaylı prioritetlər
çərçivəsində geniş əhatəli
tədbirlər nəzərdə tutulub.
Nigar Abdullayeva
Palitra.-2016.-28 dekabr.-S.5.