İKT və kosmik sənayenin
inkişafı
Yüksək
texnologiyaların tətbiq olunması və ölkədə kosmik sənayenin yaradılması istiqamətində
ardıcıl işlər həyata keçirilir
Ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və konkret əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. İnformasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, onun intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin, həmçinin cəmiyyətin inkişafının əsas göstəricilərindən biri hesab olunur. İnformasiya kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan edilib.
Layihə çərçivəsində təqdim etdiyimiz yazıda İKT və kosmik sənayenin inkişafı ilə bağlı məsələlərə toxunacağıq. Rabitə və informasiya texnologiyaları sahəsinin isə neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiya kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanda yüksək texnologiyaların tətbiq olunması və ölkədə kosmik sənayenin yaradılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Qarşıya qoyulmuş strateji məqsədlərə nail olmaq üçün müvafiq idarəetmə strukturunun yaradılması, kosmik sənayenin yaradılması və inkişafı, kosmik informasiyanın qəbulu və emalı üzrə çoxfunksiyalı superkompüter mərkəzinin yaradılması, kadrların hazırlanması vacibdir. Eyni zamanda kosmik sənaye və informasiya texnologiyalarının nanotexnologiyalardan geniş istifadə etməklə inkişafı və bu sahədə hüquqi bazanı təkmilləşdirərək yeni normativ hüquqi aktların qəbulu nəzərdə tutulur.
Kosmik fəzanın fəth edilməsi iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən amillərdəndir
Dövlətin iqtisadi və hərbi gücünün inkişafı zərurəti kosmik tədqiqatlar sahəsində fundamental elmi biliklərin genişləndirilməsini tələb edir. Kosmik fəzanın fəth edilməsi iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən amillərdəndir. Aerokosmik fəzada yerləşdirilmiş cihazlar və komplekslər öyrənilən obyektlər haqqında genişmiqyaslı və keyfiyyətcə yeni olan məlumatları operativ şəkildə əldə etməyə, aerokosmik laboratoriyalar isə komponentlərin, dünya okeanının, planetlərin və digər xüsusi obyektlərin öyrənilməsinə geniş imkanlar yaradır. Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı kosmik sənayenin yaradılması və inkişafına xüsusi təkan verəcək, Dövlət Proqramının yerinə yetirilməsi üzrə nəticələr və sahə üzrə dəyişikliklər nəzərə alınmaqla, sonrakı mərhələlər üçün tədbirlər müəyyənləşdiriləcək. Qeyd edək ki, XX əsrin 60-70-ci illərində orbitə çıxarılan peyklər, əsasən, rabitə və analoq teleradio yayımı üçün istifadə olunurdusa, 80-ci illərdə yeni VSAT (kiçikölçülü peyk terminalı) texnologiyasının yaranması lokal, şəhərlərarası və beynəlxalq rabitənin daha geniş ərazilərdə inkişafına böyük təkan verib. 90-cı illərin sonundan etibarən isə peyk sistemlərinin tətbiqi dünyada daha keyfiyyətli və etibarlı rabitə sistemlərinin yaranmasına və rəqəmli teleradio yayım sistemlərinin və şəbəkələrinin qurulmasına imkan yaradıb. 2000-ci ildən peyk resurslarına olan tələbat bu sahədə yeni texnologiyaların tətbiqini daha da sürətləndirib. Telekommunikasiya peyklərinin əsas hissəsi geostasionar orbitdə yerləşdirilib. Hazırda 30-dan çox ölkə belə peyklərə malikdir. Peyk rabitəsindən əldə olunan gəlir 1996-cı ildə 16 milyard ABŞ dolları təşkil edirdisə, 2002-ci ildə bu rəqəm 50 milyard ABŞ dollarına, hazırda isə 100 milyard ABŞ dollarını ötüb. Növbəti 15 il üçün peyk tutumlarına yaranacaq tələbatın 1700 Mbs. təşkil edəcəyi proqnozlaşdırılır. Respublikada beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi, radio-televiziya yayımının isə əsas hissəsi peyk rabitəsi vasitəsilə təşkil olunur. Respublikanın ərazi relyefinin 50 faizindən artıq hissəsinin dağlıq ərazi olduğunu və peyk rabitə sistemlərinin daha operativ təşkilinin mümkünlüyünü nəzərə alsaq, gələcəkdə bu xidmətə olan tələbatın daha da artacağı gözlənilir.
Kosmik sənaye sahəsində istehsalın təşkili və idarə edilməsi
Respublikada kosmik
sənayenin yaradılması, kosmik
informasiyanın qəbulu və emalı işlərinə1974-cü
ildə Bakıda kosmik texniki
vasitələrdən istifadə etməklə, təbii
ehtiyatların tədqiqi üzrə Cənub-Şərq mərkəzinin
yaradılması ilə başlanılıb. Həmin ildə
Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma məxsusi konstruktor
bürosu” yaradılıb və kosmik tədqiqatların aparılmasına
başlanılıb. Hazırda respublikada
kosmik texnika və
texnologiyaların yaradılması və aerokosmik
məlumatlardan istifadə etməklə, müxtəlif tətbiqi
məsələlərin həlli ilə bilavasitə məşğul
olan Milli Aerokosmik Agentliyi (MAKA) fəaliyyət
göstərir. Öz fəaliyyəti
dövründə MAKA-da kosmik
cihazqayırma, peykaltı sistemlərin və komplekslərin
yaradılması istiqamətində mühüm
nailiyyətlər əldə edilib. MAKA-nın Kosmik Cihazqayırma Təcrübi
Zavodunda hazırlanmış, rentgen və qamma
şüalanmanın lokal mənbələrini
aşkarlamağa imkan
verən “PulsarX-1” spektrometri 15 ilə
yaxın “Salyut-7” və “Mir” orbital komplekslərində fəaliyyət
göstərərək, öz funksional imkanlarını müvəffəqiyyətlə
nümayiş etdirib.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı “İqtisadi Əməkdaşlıq Sazişi” çərçivəsində
MAKA-nın Kosmik Cihazqayırma Xüsusi Konstruktor Bürosu və Rusiya Kosmik Cihazqayırma Elmi-Tədqiqat İnstitutu arasında
bağlanılmış müqavilə əsasında
UNİSCAN-24 Kosmik Məlumatların Qəbuledici
Kompleksi 2007-ci ilin əvvəlində
MAKA-da quraşdırılmışdır
və hal-hazırda fəaliyyət göstərir. Qəbuledici
kompleksə xidmət edən yüksək hazırlıqlı
kadr potensialı formalaşmış,
alınmış məlumatların sistemləşdirilməsi,
arxivləşdirilməsi və iqtisadiyyatın müxtəlif
sahələrində tətbiqi üçün
mühüm tədbirlər görülüb. Kompleksin imkanlarının
artırılması respublikanın torpaq-bitki
obyektlərinin inventarlaşdırılmasında, metroloji məsələlərin həll edilməsində,
təbii-dağıdıcı proseslərin qiymətləndirilməsində,
yerüstü boru-kommunikasiya
şəbəkələrinin monitorinqinin
aparılmasında, rəqəmli elektron xəritələrin
yaradılmasında və onların yeniləşdirilməsində,
həmçinin bir sıra digər iqtisadi, strateji və
müdafiə əhəmiyyətli məsələlərin həllində
əvəzedilməz vasitə ola bilər.
Respublikada olan mövcud
kosmik sənaye kompleksi,
kosmik məlumatın qəbulu və
emalı üzrə texnologiyaların, bu
sahədə fəaliyyət göstərən zavodlar, digər istehsal və
təcrübə məntəqələrinin Dövlət
Proqramı əsasında yenidən qurulması, ən yeni texnologiyaların mənimsənilməsi və
yerli istehsalın təşkili sahənin
yaradılması və inkişafında vacib
istiqamətlər kimi nəzərdə tutulur. Bu sahədə 30
ildən artıq dövrdə əldə edilmiş
potensialın təkmilləşdirilərək yenidən
qurulması və inkişaf etdirilməsi proqramda xüsusi yer tutur. Telekommunikasiya peykinin idarə edilməsi, kosmik
sənaye sahəsində istehsalın təşkili və idarə
edilməsi, kosmik məlumatların qəbulu
və emalı sahəsində ilk mərhələdə
xaricdə, sonradan isə respublikada
yüksəkixtisaslı mütəxəssislərin
hazırlanmasına proqramda əhəmiyyətli
yer ayrılıb.
A.Miriyev
Palitra.-2017.-6 yanvar.-S.11.