Gəncləri kitabxanalara
yönəltməliyik
Bakıda Avropa Milli Kitabxanaları
Konfransının
XXVII illik iclası keçirilib
“Park-İNN Azərbaycan” otelində Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası keçirilib. CENL-in növbəti toplantısının Azərbaycanda keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib: “Siz, Şərq dünyasında ilk parlamentin qurulduğu, ilk dəfə opera və baletin səhnələşdirildiyi, qadınlara səs vermək hüququnun verildiyi bir ölkədəsiniz.
Azərbaycan xalqı qədim tarixi, dünya elminə, incəsənətinə verdiyi töhfələrlə həmişə öndə olub. Heç bir xalq kitabsız, savadlanmadan irəli gedə bilməz. Məhz insanlarımızın bütün zamanlarda kitaba olan sonsuz marağı ölkəmizə böyük uğurlar gətirmişdir. Biz bu ənənəni qorumalı, gənclərin kitaba həvəsini artırmalıyıq. Əgər biz onları kitabxanalara gətirə bilməsək, onda gənclər pis vərdişlərə daha çox üstünlük verəcəklər. İlk növbədə biz kitabı gənclərə sevdirməliyik”.
Azərbaycanda kitabxanalara göstərilən dövlət qayğısından danışan natiq qeyd edib ki, hazırda ölkəmizdə 4 mindən çox kitabxana fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarının əksəriyyəti müasir avadanlıqla təchiz edilmiş və onların günün tələbləri səviyyəsində fəaliyyət göstərməsi üçün lazımi işlər görülüb.
Nazir son illər ölkəmizdə latın qrafikalı yeni nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdırıb. Vurğulanıb ki, bu işlər Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamına uyğun olaraq həyata keçirilib.
Bildirilib ki, bu tədbir çərçivəsində müzakirə olunacaq məsələlər kitabxana işinin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək.
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bildirib ki, iclasın Milli Kitabxananın 90 illik yubileyi ilə eyni vaxtda keçirilməsi böyük hadisədir: “Bu gün Azərbaycan mədəniyyət tədbirlərinin keçirilməsində yüksək səviyyədə iştirak edir. Biz mədəniyyətin kitablar vasitəsilə təbliğinə böyük yer veririk. Ölkəmizdə kitabla təbliğat işinin aparılmasına çox diqqətlə yanaşılır”.
Vurğulanıb ki, Azərbaycan CENL-in tədbirlərində 2003-cü ildən fəal iştirak edir. Bu əməkdaşlığın nəticəsidir ki, son illər Milli Kitabxanana beynəlxalq tədbirlərə dəvət alır və ölkəmizi bu nüfuzlu konfranslarda layiqincə təmsil edir. Bugünkü tədbir də qurulmuş əməkdaşlığın bariz nümunəsidir. Bu iclasda Avropanın Milli kitabxanalarının rəhbərləri iştirak edirlər. İclasda bır sıra layihələr müzakirə ediləcək. Bu tədbirdən sonra qarşılıqlı əməkdaşlıq istiqamətində çox böyük addımlar atılacaq.
Bakıda olmasından məmnunluğunu ifadə edən CENL-in prezidenti Bruno Rasine III Bakı beynəlxalq kitab sərgi-yarmarkasında iştirakını unudulmaz bir tarixi an kimi xatırlayacağını bildirib: “Azərbaycanda kitaba olan böyük maraq məni valeh etdi. Bir daha əmin oldum ki, Azərbaycan xalqının yüksək elmi potensialının kökündə kitaba olan sonsuz sevgi dayanır. Bir daha şahid oldum ki, azərbaycanlılar sadə, səmimi, mehriban olduqları qədər də kitab sevərdilər”. B.Rasine son illər rəhbərlik etdiyi qurum tərəfindən görülmüş işlər, həyata keçirilən layihələr və qarşıda duran vəzifələrlə bağlı məlumat verib.
İclasda əməkdaşlıqla
bağlı məsələlər müzakirə olunub.
Palitra.-2013.-25 sentyabr.-S.13.