Böhran dövlətləri çətin
vəziyyətə salıb
Dünyada böhran
yaşandığı indiki vəziyyətdə
neft hasil edən
ölkələr müəyyən çətinliklərlə
üzləşiblər. Prezident İlham Əliyev Azərbaycan Gənclərinin
Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin
bir qrupu ilə
görüşündə bildirib ki, görüləcək işlər və
aparılacaq dərin islahatlar nəticəsində
biz tamamilə neft
amilindən asılılığı kənara
qoyacağıq: “Biz bu
gün güclü
dövlət qururuq.
Çalışmalıyıq və
çalışırıq ki,
inkişafımız dayanıqlı olsun.
Bir çox məsələlərdə
Azərbaycan başqa ölkələr üçün nümunədir. Bu gün ölkəmiz üçün yeni dövr - postneft dövrü başlayır. Neftdən
asılılıq tamamilə aradan
götürülməlidir”.
Meksikanın neft gəlirləri 70 faizdən çox azalıb
Dünya iqtisadi böhranından əziyyət çəkən dövlətlərdən biri də Meksikadır. Bu ölkənin energetika naziri Pedro Xokain Kolduell ölkənin neft gəlirlərinin 70 faizdən çox azaldığını bildirib. “Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar “Pemex” şirkətinin itkilərinin həcmi 70 faizdən çox təşkil edib”, - deyə Kolduell bildirib. Onun sözlərinə görə, belə şəraitdə “Pemex” şirkəti beynəlxalq bazarlarda 5 milyard dollar dəyərində istiqraz emissiyasını uğurla həyata keçirə bilib: “Vəsaitləri dondurulmuş layihələrə yönəltmək planlaşdırılır”. Hasil edilən neftin həcminə görə dünyada 10-cu yerdə qərarlaşan Meksikanın ixracat strukturunda karbohidrogen resurslar cəmi 10 faiz paya malikdir, ixracatın qalan hissəsini isə sənaye malları təşkil edir. Buna baxmayaraq, neft gəlirləri büdcə vəsaitlərinin 18 faizini təşkil edir.
Almanlar kreditlərə daha
çox faiz ödəmək
məcburiyyətində qalacaqlar
Maliyyə mütəxəssisləri Amerika Mərkəzi Bankı - “FED”-in faiz artımını uzun müddətdən bəri gözləyirdi. Nəhayət, “FED”-in 10 il sonra ilk dəfə faiz artımına getməsinin təsirləri müzakirə obyektinə çevrilib. Bu gün Almaniyada əsas mövzu “FED”-in qərarının ölkə vətəndaşlarına necə təsir etməsidir. “FED”-in qərarının “sunami” yaratdığını düşünən mütəxəssislər hesab edir ki, alman istehlakçı üzərindəki təsirləri görmək üçün Avropa Mərkəzi Bankının faiz artımını gözləmək lazım olsa da ilk mərhələdə bəzi təsirləri görmək qaçılmazdır. Avropa Mərkəzi Bankının da faiz artımına getməsini dəstəkləmək ehtimalı çox yüksəkdir. Bu da Almaniyada faizlərin artacağı və bunun da mənzil kreditlərinə təsirinin qaçılmaz etdiyini göstərir. Hələ ödəməkdə olduğu mənzil krediti olan insanlar bundan təsirlənəcək və ödəməkdə olduqları kreditlərə görə daha çox faiz ödəmək məcburiyyətində qalacaqlar.
Avropanın qənaət hesablarına tətbiq edilən faizlər “Euribor” adlanan və bankların öz aralarındakı borclanmalar üçün istifadə etdikləri göstərici faizi əsas alınaraq müəyyən edilir. AMB bazarlara vəsait axınını davam etdirdiyi müddətə Avropada qənaət hesablarına tətbiq edilən faiz nisbətində hər hansı bir dəyişiklik gözlənilmir. Mütəxəssislərə görə, pulunu faizə yatırmaq istəyən sərmayəçilər iki illik bir müddəti gözə alaraq bunu etməlidirlər.
AMB-nın cari ildə faizləri mərhələli olaraq daha da artıracağı təxmin edilir. “FED”-in faiz artımına davam etməsi vəziyyətində hissə sənədlərinin müəyyən miqdarda dəyərini itirməsi qaçılmazdır. “FED”-in faiz artımı dolların beynəlxalq bazarlarda dəyərlənməsinə yol açır. Mütəxəssislər qarşıdakı müddətdə dolların avro qarşısında dəyərli qalmasının davam edəcəyini düşünürlər. Bu da ABŞ mənbəli ixrac məhsullarının bahalaşacağını göstərir. ABŞ-a gedəcək turistlərin də bu ölkədə daha çox avro xərcləyəcəkləri gözlənilir. Ümumilikdə isə tətil bahalaşacaq.
Rusiya iqtisadi
müstəqillik indeksində gerilədi
“Heritage Foudation” strateji araşdırmalar institutu iqtisadi baxımdan dünyanın ən müstəqil ölkələrini müəyyən edib. Nəticələrə görə, bu ölkələr sırasında ən çox geriləyən ölkələrdən biri Rusiyadır. Ötən il 52,1 bal toplayan Rusiya bu il 50,6 bal toplayıb. Mütəxəssislər Rusiyanın geriləməsinə əsas kimi dövlətin özəl sektora təsirini göstərib. Eləcə də həmin ölkədəki rüşvətin iqtisadi inkişafı yavaşlatdığını, hökumətə olan etibarı zədələdiyini qeyd ediblər. 178 ölkənin yer aldığı siyahıda Fransa 75, Səudiyyə Ərəbistanı 78, İtaliya 86, Braziliya 122, Çin 144, Rusiya 153, Belarus 157, Ukrayna 162 sırada yer alıb.
Əhalinin iqtisadi çətinliklərlə bağlı vəziyyətini öyrənən Rusiya İctimai Araşdırma mərkəzi (VTslOM) ölkədə hər iki nəfərdən birinin 1998-ci ildə yaşanan böhrana bənzər bir böhranın yaşanmasından qorxduğunu bildirib. Anketə görə, Rusiyada xalqın 49 faizi 90-cı illərin sonunda yaşanan iqtisadi böhranın təkrarlanmasından narahatlığını bildirib. Sorğu iştirakçılarının 17 faizi isə böhranın təkrarının yaxın bir zamanda olacağını deyib.
Rusiyada xalqın 40 faizi 98-ci il böhranının təkrarlanmayacağını düşünür. Böhranın təkrarlanacağını düşünənlərin 52 faizini gənclər, 56 faizini isə aşağı gəlirli vətəndaşlar təşkil edib. Anket iştirakçılarının əksəriyyəti, yəni 62 faizi 1998-ci il böhranının onlara mənfi təsir etdiyini bildirib. Qeyd edək ki, hazırda iqtisadi böhrandan çıxış yollarını axtaran hökumət bu məqsədlə antiböhran planı hazırladığını və onun 5 fevral tarixində hazır olacağını bildirib.
Nigar Abdullayeva
Palitra.-2016.-2 fevral.-S.9.