Gənclər müstəqil dövlətimizin
gələcəyi və qarantıdır
Naxçıvan Dövlət Universitetində 2 Fevral Gənclər gününə həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurlu davamından, dövlətin əsas sütununu təşkil edən gənclərə hərtərəfli dövlət qayğısından danışıb. Saleh Məhərrəmov universitet tələbələrinin müxtəlif sahələrdə qazandığı uğurlardan söhbət açaraq, gəncləri bayram münasibətilə təbrik edib, onlara elm və təhsildə, müstəqil dövlətimizin inkişafı istiqamətindəki gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransda Universitet Tələbə Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayev “Tələbə gənclik yeni mərhələdə”, Tələbə YAP Gənclər Birliyinin sədri, magistr Elgün Tağıyev “Gənclik Yeni Azərbaycan Partiyası sıralarında” mövzularında məruzələr ediblər. Məruzələrdə vurğulanıb ki, müstəqil Azərbaycanın gənclər siyasətinin qurucusu Ümummilli lider Heydər Əliyev tərəfindən 1997-ci ildə 2 Fevral Gənclər gününün elan edilməsi ilə bağlı qərar qəbul edildikdən sonra bu əlamətdar gün hər il ölkədə mütəşəkkil şəkildə qeyd olunur. Müasir gənclik dövlət qayğısından və etimadından bəhrələnərək ictimai-siyasi, iqtisadi və digər sahələrdə müstəsna rol oynayır. Azərbaycan gəncliyi kimi, universitet tələbələri də ölkədə aparılan siyasi, sosial-iqtisadi islahatlarda, təhsil quruculuğu sahəsində aparıcı qüvvə kimi öndə gedir, dünya miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Məruzələrdə vətənini, xalqını, sevən, dünyagörüşlü, intellektual potensiala, qətiyyətli siyasi əqidəyə, milli-mənəvi dəyərlərə malik gənclərin yetişməsində Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının, Tələbə Elmi Cəmiyyətinin və digər gənclər təşkilatlarının məqsədyönlü fəaliyyətinə toxunulub. Qeyd olunub ki, tələbə gənclər bundan sonra da dövlət siyasətini yekdilliklə dəstəkləyərək, təhsildə böyük nailiyyətlər qazanmağa, ictimai-siyasi proseslərdə fəal vətəndaşlıq mövqeyi tutmağa davam edəcək.
Sonda 2 Fevral
Gənclər gününə həsr olunmuş
slayd nümayiş olunub.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı
Palitra.-2016.-2 fevral.-S.13.