“Gənclərlə görüşdə Prezident gələcək strateji
xəttimizi göstərdi”
Vüsalə Novruzlu: “Gənclər Gününün
keçirilməsi biz gənclərə
verilən diqqət və dəyərin bir
göstəricisidir”
Xaricdə yaşayan və təhsil alan
gənclər üçün vətən
məsuliyyəti xüsusi əhəmiyyət
daşıyır. Çünki
onların hər bir addımı,
davranışı Azərbaycanın adına
bağlıdır. Xüsusən son illər
xaricdəki gənclərin ictimai fəallığı
gücləndirmələri, onların vətən məsuliyyətini
ikiqat artırıb. Bu
baxımdan Gənclər Günü
bayramının sevincindən xaricdəki gənclərimizə
daha çox pay düşür.Sakarya Universitetinin magistri
Vüsalə Novruzlu qəzetimizə
müsahibəsində bayram sevincini bizimlə bölüşüb.
- Dövlətin
gənclər siyasəti öz effektini necə verir?
- Öncə Azərbaycanda Gənclər Gününün qısa tarixi və o tarixə qədər Azərbaycan gəncinin düşüncəsi haqqında qısa məlumat vermək istərdim. Bildiyimiz kimi, ölkəmiz müharibə şəraitində yaşayan bir ölkədir.1988-1992-ci illərdə Azərbaycanın qərb hissəsində yerləşən Dağlıq Qarabağ hissəsindən Ermənistanın torpaq istəyi və Dağlıq Qarabağ zonasında aparılan mübaribə nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozuldu. Dağlıq Qarabağda ermənilərin törətdikləri vəhşiliklər və cəbhədə gedən uğursuz savaşlar gənclərimizi bədbin düşünməyə vadar etdi. 1991-ci ilin 18 oktyabrında xalqımız öz dövlət müstəqilliyini elan etsə də, ölkəmizdə böhranlar, savaşlar davam etməkdə idi. Həmin illərdə iqtisadi-siyasi tərəfdən böyük sıxıntılar yaşayan xalqımızı bu vəziyyətdən yalnız və yalnız gələcəyə sağlam ümidlə baxan gənclərimizin bilik və bacarıqlarına dayanaraq atacaqları düşünülmüş və məqsədyönlü addımlar xilas edə bilərdi. Bir millətin, dövlətin millət, dövlət olaraq iqtisadi-siyasi baxımdan öndə gedən ölkələrlə rəqabət apara bilməsi üçün intellektual, savadlı və ən əsası da işində mütəxəssis olmuş gənclərə ehtiyac duyulduğu qaçılmaz bir faktdır. Həmin dövrlərdə yaşayan gənclərimiz bunu çətinliklə də olsa bacardılar. Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə MDB məkanında, həmçinin Şərqi Avropa ölkələrində ilk dəfə olaraq 2 fevralın 1996-cı ildən ölkəmizdə Gənclər Günü kimi qeyd olunması elan edildi. Həmin tarixdən bu yana hər il 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd olunmaqdadır. Dünyada isə Gənclər Günü 1998-ci il 12 avqust tarixində Lissabonda keçirilən konfransdakı qərardan sonra qeyd olunmağa başlanıb.
-Bir
gənc olaraq 2 Fevral-Gənclər Gününün mahiyyəti haqqında nə
deyə bilərsiz?
-2 Fevral-Gənclər Gününün qeyd edilməsi gənclərimizə verilən qayğı və diqqətin bariz nümunəsidir. Həmin günü Azərbaycan gəncləri öz bayramlarını təntənəli surətdə qeyd edirlər. Gənclərimizə ayrılan diqqət və qayğı hələ ötən əsrin sonlarından bəllidir. Belə ki, 1970-1980-ci illərdə azərbaycanlı gənclərimiz SSRİ-nin müxtəlif universitetlərinə daxil olmuşdular. Milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub gələcək nəsillərə ötürmək biz gənclərdən asılıdır. Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması çiçəklənmiş bir gələcək deməkdir. Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşdə Prezident İlham Əliyev bu tövsiyəsini biz gənclərə verdi. “Bizdən sonra hakimiyyətə gələn nəsil də dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət amalları ilə yaşamalıdır”, -deyən Prezident bununla bizə öz gələcək strateji xəttimizi göstərdi. Bu da dövlətin gənclərinə ayrılan diqqətin bir göstərcisidir. Hansı ölkədə və hansı universitetdə oxumağımızdan asılı olmayaraq biz gənclərin tək bir hədəfi olmalıdır: Odlar Yurdu olan Azərbaycanımızı hər zaman çiçəkləndirmək.
-2 Fevral-Gənclər
Gününün keçirilməsi gənclərin
düşüncəsinə və həmrəyliyinə necə
təsir edir?
-Bu günün keçirilməsi biz gənclərə verilən diqqət və dəyərin bir göstəricisidir. Gənclərimizə verilən stimul mənbəyidir. Biz gənclər də bizə ayrılan bu diqqətin nəticəsi olaraq ölkəmiz üçün əlimizdən gələn hər bir işi görməliyik. Çalışmalıyıq ki, ölkəmiz iqtisadi və siyasi mənada öndə gedən ölkələr sırasında öz sözünü deyə biləcək vəziyyətə gətirək. Bunun üçün aldığımız bilik və təcrübələrimizi sonuna qədər xalqımızın inkişafı üçün yorulmadan tətbiq etməliyik
-Xaricdə təhsil
alan gənclərin məqsəd və hədəfləri
nələrdir?
-Görkəmli filosof Əvhədi Marağayi hesab edirdi ki, elmsiz heç bir sirri açmaq, kəşf etmək olmaz. Təbiətdə baş verən hadisələrin səbəb və nəticələrini, onların mahiyyətini anlaya bilmək üçün elmin köməyinə ehtiyac duyulmaqdadır. Ə.Marağayinin elmlə bağlı bu çox hikmətli sözləri hər bir insan üçün önəmlidir. Ən önəmlisi isə bu sözlərdən dərs çıxarıb yaşımız neçə olursa olsun, daima elmlə, təhsillə maraqlanmalıyıq. Elmsiz, təhsilsiz insan qaranlıq gecələrdən günəşli sabahlara çıxmayan bir kor kimidir. Hətta bunu öz dəyərli kəlamlarının birində də qeyd etmişdir: “Nursuz kor kimidir elmsiz ürək. Nadan insanlıqdan uzaqdır gerçək”.
Nəzərə almaq lazımdır, ölkənin gələcək bünövrəsi işlərinin peşəkarı olan biz gənclərdən asılıdır. İşlərinin peşəkarı dediyimdə hər bir elmin sirrini bizlərə öyrədən müəllimlərimizi nəzərdə tuturam. Yəni beşikdən qəbir evinə kimi oxumalıyıq. Müəllimlərimizin və valideynlərimizin dəstəyi ilə orta məktəbi bitirdikdən sonra təhsilimizin davamını ya ölkəmizdə, ya da xaricdə davam etdiririk. Xaricdə təhsil alan gənclər olaraq məqsəd və hədəflərimiz böyük olmalıdır və xaricdə təhsil alan gənclər olaraq çiyinlərimizdə daşıdığımız məsuliyyət daha artıqdır. Təhsil, xüsusilə də xaricdə təhsil almağımız bizim üçün önəmli və qaçılmaz bir fürsətdir. Ən böyük hədəfimiz aldığımız teorik və praktik bilgilərimizlə ölkəmizin adını öndə gedən ölkələrlə eyni siyahıda, hətta ön sıralara salmaqdır. Bunun isə tək yolu elmdən keçir. Hətta nəinki öz ölkəmizin, eləcə də dünyanın problemlərinin həll yollarını axtarmaqda öz təklif və fikirlərimizi verməliyik. Unutmayaq ki, gənclikdə elmə ayrılan zaman və maddiyyat qocalığımıza yatırdığımız bir yatırımdır. Yatırımı isə zamanında və vaxtlı-vaxtında etmək lazımdır ki, yaşlananda maddi və mənəvi olaraq kimsəyə möhtac olmayaq.
-Xaricdə təhsil
alan gənclərin vətənə
bağlılığını daha da gücləndirmək üçün
nə edilməlidir?
- İçində gerçək vətən sevgisi olan hər bir insanın vətənə bağlılığını daha da gücləndirmək üçün artıq nəsə etməyə ehtiyac yoxdur. Çünki içində vətən sevgisi olan insan istər öz ölkəsində, istərsə də ölkəsindən kənarda olsa belə, vətəninə olan sevgisi bitməyəcək və bu sevgi hissini heç kim boğa bilməz. Dünya bazarında neftin ucuzlaşması nəticəsində devalvasiyanın olması ölkəmizdən də yan keçmədi. Lakin gənclər olaraq indiki vəziyyətdə lazımi dəstəyimizi əsirgəməməliyik. Bu da bizim vətənə olan bağlılığımızın bir göstəricisi olacaq. Özəlliklə də xaricdə təhsil alan gənclər olaraq üzərimizdəki məsuliyyət daha da çoxdur. Hazırda Türkiyənin dörd bir tərəfində yerləşən istər dövlət, istərsə də özəl universitetlərində xarici ölkələrdən gələn əcnəbi tələbələr, eləcə də Azərbaycandan gələn gənclərimiz müxtəlif sahələrdə təhsil alırlar. Magistr təhsili aldığım Sakarya Universitetində 500-dən çox azərbaycanlı tələbə var. Universitetdə təhsil alan tələbələrimizin sayının az, ya da çox olması önəmli deyil. Önəmli olan odur ki, 1 nəfər belə, təhsil alan varsa, həmin gəncimiz oxuduğu universitetdə, özəlliklə də qondarma erməni soyqırımı, Qarabağ münaqişəsi, Xocalı soyqırımı, bir sözlə, Azərbaycan həqiqətlərini həmin universitetdə təhsil alan digər əcnəbi tələbələri məlumatlandırmalıdırlar. Xaricdə təhsil almaq əsas deyil. Əsas olan odur ki, aldığın bilik və təcrübələri ölkənin parlaq gələcəyi üçün istifadə edəsən. Xaricdə təhsil alan hər bir azərbaycanlı tələbə unutmamalıdır ki, həmin tələbə təhsil aldığı ölkədə və universitetdə ölkəsini təmsil edən bir diaspordur. Diasporun güclü, ya da zəif olması savadlı gənclərdən asılıdır. Ölkənin gələcəyi biz gənclərdən asılıdır. Gənclərin gələcəyi isə oxumaqla bağlıdır. Təhsilsiz insan iki qanadı da qırıq olan quş kimidir. Uçmaq istəsə də uça bilməyəcək.
Sonda ölkəmizə sağlam düşüncəli gənclər
arzulayıram. Mənə verdiyiniz
fürsətdən istifadə edərək Azərbaycan
Öyrənci Topluluğu sədrinin
yardımçısı, “İndex” təşkilatının
Bolu üzrə təmsilçisi, həmçinin
Gənclərin Sosial Tərəfdaşlığı
İctimai Birliyinin
Beynəlxalq əlaqələr üzrə katibi
adından Azərbaycanda yaşayan gənclərimizi,
eləcə də xaricdə təhsil alan,
işləyən gənclərimizi 2 Fevral-Gənclər Günü münasibəti ilə ürəkdən
təbrik edir, işlərində və təhsillərində
uğurlar arzulayıram.
Fuad Hüseynzadə
Palitra.-2016.-3 fevral.-S.7.