“ASAN könüllüləri” treninqdən
keçdikdən sonra müəllimlərə
kömək edəcəklər”
“İmtahanlarda
köçürmə halları ildən-ilə azalır”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlara orta ümumtəhsil müəssisələrindən nəzarətçi kimi cəlb edilmiş müəllimlərin imtahan prosesində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda təhlil olunur. Bu zaman çoxsaylı parametrlər -nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə qabiliyyəti, imtahan sənədləri ilə işləmə bacarığı qiymətləndirilir, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində nəzarətçi haqqında rəyləri, imtahanlarda fəal iştirakı, nəzarətçi kimi stajı və s. əsas götürülür. Aparılmış araşdırmalar və təhlillər nəticəsində imtahan prosesində öz vəzifələrini obyektiv, peşəkar səviyyədə və qaydalar çərçivəsində yerinə yetirən nəzarətçi-müəllimlər müəyyən olunur və Komissiya tərəfindən müxtəlif diplom və hədiyyələrlə mükafatlandırılır.
Bu məqsədlə fevralın 2-də TQDK-da 2015-ci ildə keçirilmiş imtahanlarda qeyd olunan göstəricilərinə görə xüsusi fərqlənmiş nəzarətçi-müəllimlər təltif olunub. Mükafatlandırma mərasimində TQDK-nın rəhbərliyi və kollektivi, müəllimlər, KİV nümayəndələri iştirak ediblər.
İmtahanlarda köçürmə
hallarına görə 112 nəzarətçi bazadan uzaqlaşdırılıb
Tədbirdə çıxış edən TQDK-nın sədri Məleykə Abbaszadə imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçilərinin rolundan, üzərlərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib. TQDK sədri bildirib ki, bir il ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 600 min nəfər imtahandan keçirilib. O qeyd edib ki, 600 min nəfər buraxılış, qəbul, sınaq və digər imtahanlarda iştirak edənlərin ümumi sayıdır: “TQDK-nın keçirdiyi imtahanların idarə olunmasında informasiya-kommunikasiya texnologiyalardan istifadə olunur. Eyni zamanda, bizim keçirdiyimiz imtahanlarda ictimaiyyətin nümayəndələri də iştirak edirlər”. TQDK sədri qeyd edib ki, 600-dən yuxarı bal toplayanlara xüsusi anketlər təqdim olunur: “Onlar imtahanda nələrin baş verdiyini həmin anketdə qeyd edirlər”. M. Abbaszadə əlavə edib ki, “ASAN könüllüləri” bu prosesə cəlb olunacaq: “ASAN könüllüləri” treninqdən keçdikdən sonra müəllimlərə kömək edəcəklər”.
Görüşdə bildirilib ki, hazırda TQDK-nın 15 minə yaxın nəzarətçisi var: “Hazırda təsdiq edilmiş qrafikə uyğun olaraq seminar məşğələlər paytaxtda və regionlarda keçirilir. TQDK-nın 1000-ə yaxın imtahan rəhbəri var. Onlar nəzarətçilərin fəaliyyətini yaxından izləyirlər. İlin yekunlarına görə, qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən nümunəvi fəaliyyətinə görə 766 müəllim yaxşı fəaliyyət göstərib. Onlardan 25-i fəxri fərmanla təltif olunub. Yaxşı müəllimlərin sayına görə Gəncə şəhəri, Binəqədi rayonu fərqlənir”. Tədbirdə qeyd olunub ki, imtahanlarda köçürmə halları ildən-ilə azalır: “Əvvəllər köçürmə halları çox olurdu. Ötən il köçürmə halına görə 112 nəzarətçini bazadan müvəqqəti olaraq uzaqlaşdırmışıq”.
Məlumat üçün bildirək ki, 2015-ci ildə keçirilmiş test imtahanlarına nəzarətçi qismində cəlb edilmiş 14333 müəllimdən 8033 nəfəri buraxılış imtahanlarında, 5518 nəfəri isə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib. Fəaliyyəti nümunəvi qiymətləndirilən müəllimlər siyahısında Bakı şəhərinin 258 saylı məktəbindən 14 nəfər; 13 və 263 saylı məktəblərinin hər birindən 13 nəfər ; 93, 150, 191, 266, 271, 283 və 284 saylı məktəblərin hər birindən 12 nəfər; 5, 73, 99, 114, 157 və 285 saylı məktəblərin hər birindən 11 nəfər; 52, 55, 59, 100, 165, 171, 179, 227 və 280 saylı məktəblərin hər birindən isə 10 nəfər nəzarətçi-müəllimi ilə xüsusi olaraq seçilirlər.
Regionlar üzrə isə Lənkəran şəhərinin 5 saylı məktəbi 17 nəfər, xarici dil təmayüllü internat tam orta məktəbi 16 nəfər, 3 saylı məktəbi 15 nəfər, 10 saylı məktəbi 14 nəfər, 2 və 7 saylı məktəblərinin hər biri 13 nəfər , Şəki şəhərinin 11 saylı məktəbi 17 nəfər, 18 saylı məktəbi 11 nəfər, Gəncə şəhərinin 6 saylı məktəbi 12 nəfər, Göyçay şəhərinin 7 saylı məktəbi isə 12 nəfər nəzarətçi-müəllimi ilə fərqlənir.
Araşdırmanın nəticələri barədə TQDK tərəfindən Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb.
Xatırladaq ki, indiyə qədər TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2451 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 273 müəllim fəxri fərmanlarla təltif olunub. Bu araşdırmanın nəticələri nəzarətçi-müəllimlərin fəaliyyətlərinin təkmilləşdirilməsi, onlarla təşkil olunan treninqlərin məzmununun və metodunun yenidən işlənməsi, növbəti imtahanlar üçün nəzarətçi seçiminin meyarlarının korrektə edilməsi, respublika üzrə orta ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimlərinin imtahanların təşkilində aktiv iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda fərqlənən müəllimlər təltif olunublar.
Magistratura və rezidentura
imtahanlarının vaxtı
açıqlanıb
2016-cı
ildə ali
təhsil müəssisələrinin
magistratura və tibb ixtisaslarının rezidentura səviyyəsinə
keçiriləcək imtahanların
və tədbirlərin
plan-qrafiki təsdiqlənib.
Bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, ali məktəblərin magistratura
səviyyəsinə ərizə
qəbulu 10-19 fevral tarixlərində aparılacaq:
“İmtahanın birinci
mərhələsi martın
6-da, ikinci mərhələsi
isə iyunun 5-də keçiriləcək". M. Abbaszadə
qeyd edib ki, ali məktəblərin
tibb ixtisaslarının
rezidentura səviyyəsinə
ərizə qəbulu
1-10 mart tarixlərində, imtahanın
1-ci mərhələsi 3 aprel,
2-ci mərhələsi isə
29 iyulda keçiriləcək.
TQDK sədri onu da qeyd edib
ki, bu il dizayn ixtisası V qrupa keçirilib.
Məleykə Abbaszadə:"İslahatlar
çərçivəsində nə qərar qəbul olunacaqsa, tabe olacağıq"
“Ölkədə struktur
islahatları aparılır. Bu prosesdə nə qərar olacaqsa, biz də tabe olacağıq”.
Bunu Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyasının (TQDK) sədri
Məleykə Abbaszadə
TQDK və Təhsil Nazirliyinin birləşməsi
barədə məlumatlara
münasibət bildirərkən
deyib. O bildirib ki, bununla bağlı
yuxarı orqanlardan onlara hələlik hər hansı məlumat daxil olmayıb: “İslahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, biz də tabe olacağıq.
Mən üzümü
abituriyentlərə, valideynlərə
tuturam: Hər hansı qərar qəbul olunacağı təqdirdə belə, sizin bilikləriniz düzgün və obyektiv aparılacaq. Heç bir dəyişiklik sizə təsir göstərməyəcək. Prezident İlham Əliyevin siyasəti insanları qorumaqdır. Heç kimin
11 il əziyyət çəkən uşaqlara
zərbə vurmaq fikri yoxdur”.
Təqvim planının peşə
liseylərinə aid növbəti
mərhələsi
TQDK-nın məlumatına görə, 2015/2016-cı tədris
ilinin ümumtəhsil
müəssisələri üzrə
yekun qiymətləndirmə
ilə bağlı təqvim planına əsasən, 01.12.2015-31.01.2016 tarixləri
aralığında peşə
liseyləri əlaqələndiriciləri
tərəfindən buraxılış
sinif şagirdlərinin
fərdi və təhsilə aid məlumatlarının,
o cümlədən əvvəlki
tədris ilinin illik qiymətlərinin “Şagird-məzun” sisteminə
əlavə edilərək
təsdiq edilməsi mərhələsi başa
çatıb.
01.02.2016-15.02.2016 tarixləri aralığını əhatə
edən növbəti
mərhələdə peşə
liseylərinin əlaqələndiriciləri
daxil edilmiş şagird məlumatlarının
düzgünlüyünü sinif rəhbərləri ilə birlikdə yoxlamalı, zəruri hallarda məlumatlara müvafiq əlavə və düzəlişlər
etməlidirlər. Peşə liseylərinin
rəhbər və əlaqələndiricilərindən xahiş olunur ki, göstərilən müddətdə yerinə
yetirilməli olan işlərin yekunlaşdırılmasını
təmin etsinlər.
Nigar Abdullayeva
Palitra.-2016.-3 fevral.-S.11