Əlincəqala tarixi
abidəsi və Gülüstan türbəsinin
bərpası uğurla aparılır
Naxçıvan Muxtar
Respublikasında tarix və mədəniyyət abidələrinin
bərpası, qorunması və tədqiqi istiqamətində
ardıcıl tədbirlər
görülür.
Azərbaycan dövlətinin diqqət
və qayğısı nəticəsində muxtar
respublikada Əlincəçay xanəgahı,
İmamzadə, Qarabağlar memarlıq
kompleksləri, Möminə xatın, Yusif
Küseyiroğlu kimi
türbələr, Əshabi-Kəhf ziyarətgahı, Ordubad buzxanası və onlarla
digər abidələr bərpa edilərək, tariximizə və
mədəni irsimizə qazandırılıb. Hazırda
isə Naxçıvanda iki mühüm tarixi abidənin
– Əlincəqalanın və Gülüstan
türbəsinin bərpası uğurla
aparılır. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin
“Naxçıvan Muxtar Respublikası ərazisindəki
tarix və mədəniyyət abidələrinin
qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il dekabrın 6-da imzaladığı sərəncamın
icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarix
və mədəniyyət abidələri qeydə
alınıb pasportlaşdırılarkən Əlincəqala
haqqında da məlumatlar toplanıb. Bu abidə 2007-ci ildə dünya
əhəmiyyətli abidələrin siyahısına daxil olunub. 2014-cü il fevralın 11-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri “Culfa rayonundakı “Əlincəqala”
tarixi abidəsinin bərpa edilməsi
haqqında” Sərəncam imzalayıb. Bu gün
Əlincəqalada genişmiqyaslı bərpa işləri də
həmin sərəncama uyğun
aparılır. “Əlincəqala” tədqiqat qrupunun
rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bu tarixi abidə barədə
danışarkən qeyd edib
ki, qalanın iki əsas
girişi olub.
Girişlərdən biri
Culfa-Qazançı yolunun sağ
tərəfindədir. Bərpa işlərinə bu hissədən başlanması məqsədəuyğun
hesab edilib və
Əlincə dağının müəyyən hissəsinə
qədər, daha doğrusu,
qala istehkamlarınadək torpaq
yol çəkilib. Buna
baxmayaraq, bərpa üçün
zəruri olan tikinti
materialları qalaya əllə və digər
yardımçı vasitələrlə qaldırılır.
Qısa zamanda qalanın şərq və
qərb darvazaları bərpa edilərək əvvəlki vəziyyətinə
qaytarılıb. İri qaya
parçalarından inşa edilən qala divarlarının bərkidilməsi üçün, əsasən, əhəng məhlulundan
istifadə edilib. Təmir və
bərpa işlərinə rəhbərlik edənlər nəinki
divarların əslinə uyğun şəkildə
bərpasına səy göstərib, həmçinin bu əvəzedilməz abidənin neçə
min il bundan
əvvəlki əzəmətli görkəmini də göstərməyə
nail olublar. Bərpa işləri zamanı torpaq
altında qalan çoxlu
sayda binanın aşkarlanaraq
təmizləndiyini deyən “Əlincəqala” tədqiqat qrupunun rəhbəri bildirib
ki, qalada suya olan tələbatı
ödəmək üçün su hovuzlarından və kəhrizlərdən
istifadə olunub. Hovuzlarda
suyu toplamaq məqsədilə
sərt qayaların üzəri ilə kiçik
kanallar açılıb. Onlardan
bəzisinin uzunluğu 20 metr,
eni 5 metrə yaxındır. Bəzilərinin
dərinliyi isə 3 metrdir. Yaz aylarında yağış çox
yağanda bəzən suyun
hamısını hovuzlarda toplamaq olmurdu. Buna görə qala sakinləri
yeraltı suları idarə etmək üçün
səy göstərib, qalanın bəzi hissələrində
yeraltı suları üzə çıxarmağa nail olublar. Orta əsr Azərbaycan mədəniyyətini
müasir dövrümüzədək yaşadan Gülüstan
türbəsi xatirə memarlığının ən dəyərli
nümunələrindən biri, Əcəmi
Naxçıvani memarlıq məktəbinin yadigarı kimi böyük əhəmiyyətə
malikdir. “Gülüstan türbəsi” tədqiqat qrupunun rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin
Səfərli bildirib ki,
“Gülüstan türbəsinin bərpası
və tədqiq olunması haqqında” sərəncamın
imzalanmasından bir gün
sonra, yəni 2015-ci il
oktyabrın 8-də AMEA Naxçıvan Bölməsində
tədqiqatçıları özündə birləşdirən
“Gülüstan türbəsi” tədqiqat qrupu yaradılıb. Həmin il
oktyabrın 12-də tədqiqat qrupunun ilk yığıncağı keçirilib
və qarşıda duran vəzifələr
müəyyənləşdirilib.
Rauf Əliyev
Palitra.-2016.-3 fevral.-S.13.