Pedaqoji kadrların hazırlığına xüsusi diqqət yetirilməlidir

 

 

“Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsil alanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir”

 

Müəllim amili təhsil alanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsil alanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsil alanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məqamlara toxunacağıq.

 

Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır

Qeyd edək ki, bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsil alanların nailiyyətlərinə əlavə töhfə verirlər. Peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim amilinə təsir edən amillər sırasındadır. Bu baxımdan təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur. Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsil alanın qazandığı bilik və bacarıqlarının iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənib. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılıb. Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilib, layihələr həyata keçirilib. Azərbaycanda insan kapitalının inkişafı üzrə yeni uzunmüddətli çağırışlar təhsil sahəsinin maliyyələşdirilməsində mühüm tədbirlərin həyata keçirilməsini zəruri edir.

 

“Pedaqoji kadrların peşəkar inkişafı: problemlər və

perspektivlər”

Bütün bu məsələlər Təhsil Problemləri İnstitutunda “Pedaqoji kadrların peşəkar inkişafı: problemlər və perspektivlər” mövzusunda keçirilən seminarda müzakirə edilib. Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasının, ümumi təhsilin keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılmasının zəruriliyindən danışıb. O, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılmasının önəmini qeyd edib. Q. Novruzovun sözlərinə görə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ikinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsil verənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsil alanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inkluziv təlim metodologiyasının yaradılmasını ehtiva edir. Təhsil alanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsil alanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Bu baxımdan, pedaqoji kadrların əlavə təhsili - peşəkar inkişafı təhsil sahəsində ən vacib faktorlardan biridir. Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır. Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.

Son illərdə müəllimlərin əlavə təhsili sahəsində modul-kredit sisteminə əsaslanan, rəqabət mühiti yaradan, stimullaşdırma və karyera inkişafını nəzərə alan yeni modelin tətbiqinə başlanmış, fəal interaktiv təlim texnologiyaları təcrübədən keçirilib. Bununla yanaşı, əksər müəllimlərin tədris prosesində tətbiq etdiyi metodlar müasir tələblərdən geri qalır. Bir çox hallarda təhsil alanlara əldə etdiyi bilikləri tətbiqetmə və müstəqil yaradıcı düşünmə qabiliyyətləri aşılanmır. Təhsil sisteminin inkişafı müəllimlərin peşəkar inkişafı problemi ilə birbaşa əlaqəlidir. Müəllimin şəxsiyyətinə və peşəkar fəaliyyətinin məzmununa qoyulan müasir tələblər, təhsilin yeni məzmununun reallaşdırılması zamanı pedaqoji kadrların qarşılaşdıqları problemlər, peşəkar inkişafın perspektivləri məsələləri seminar-müzakirədə təhlil olunacaq. Seminarda ARTPİ-nin Əlavə təhsilin kurikulumu şöbəsinin müdiri Afaq Əliyevanın “Pedaqoji kadrların peşəkar inkişafı: Problemlər və perspektivlər” mövzusunda təqdimat-məruzəsi dinlənilib. Qabaqcıl təhsil təcrübəsinə malik ölkələrdə pedaqoji peşəkarlıq istiqamətində tətbiq edilmiş və uğurlu nəticələrlə müşahidə edilən metodologiya haqqında öz təqdimatında yer ayıran Afaq Əliyeva, bu istiqamətdə tətbiq olunmalı bir çox məsələlər haqda seminar iştirakçılarına məlumat verib. Qeyd olunan təkliflər müzakirə edilib. Seminar-müzakirədə ARTPİ-nin rəhbər və elmi heyəti, təhsil nazirliyinin nümayəndələri, məktəbəqədər, ümumtəhsil, peşə, orta ixtisas, ali və əlavə təhsil müəssisələrinin rəhbərləri, əməkdaşları, regionlardan müəllim və metodistlər iştirak edib.

 

Anar Miriyev

Palitra.-2016.-4 fevral.-S.11.