“Xaricdə dövlət hesabına təhsil
alan hər bir gəncin
vəzifəsi vətəndaşlıq borcunu
yerinə yetirməsidir”
Elnur Səfərli 1989-cü il fevralın 6-da Bakı şəhərində anadan olub. 1995-ci ildə 27 saylı ingilis təmayüllü orta məktəbin birinci sinfinə daxil olub. Orta təhsil müddətində Azərbaycan dili fənni üzrə rayon olimpiadasında, 7, 8 və 9-cu siniflər üzrə Azərbaycan tarixi fənnindən keçirilən yarışmalarda, 6 fərqli elmi və intelektual bilik yarışmalarında birinci yeri qazanıb. Eyni zamanda, Riyaziyyat fənnindən gənclər arasında Azərbaycan yığma komandasının üzvü seçilib. 2006-cı ildə liseyi müvəffəqiyyətlə bitirib, elə həmin il də yüksək bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsalat Proseslərinin Avtomatlaşdırılması” fakültəsinin bakalavr pilləsinə daxil olub. 2010-cu ildə bu ali təhsil müəssisəsini bitirib “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” xətti ilə Türkiyə Respublikasının Dokuz Eylul Univesitetinin Kompüter mühəndisliyi fakültəsinin magistratura pilləsinə (təhsil ingilis dilində) daxil olub. 2013-cu ildə “Developing A Tool For Analysis Of Software And Evaluation Of Software Developer” adlı elmi işini müdafiə edərək 4 ballıq qiymətləndirmə sistemində maksimum 4 bal toplayaraq “Yüksək Müvəffəqiyyət Dərəcəsi” ilə Türkiyə birincisi olaraq təhsilini başa vurub. 2014-cü ildən o, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun dissertantıdır. O, 2015-ci ildə təhsil sahəsində “Gənclər Mükafatına” layiq görülüb. Elnur Səfərli hazırda Bakı Ali Neft Məktəbinin “Elektron tədris” şöbəsinin metodistidir.
-Sizin
fikrinizcə, xaricdəki təhsilin Azərbaycandakı təhsildən
hansı üstün və mənfi cəhətləri
və ya fərqləri var?
- Ümumiyyətlə, xaricdə tanınmış universitetlərin fəaliyyət dövrünün Azərbaycan Respublikasının müstəqillik dövründən ən az bir neçə dəfə çox olduğunu görə bilərik. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəmizdə stabilliyi yaratmaqla bərabər, ən önəmli sahə olan təhsilə xüsusi diqqət ayırdı. Azərbaycanda fəaliyyət göstərmiş alimlərin gənc kadrlarla əvəz edilməsi mərhələsi isə İlham Əliyevin sərəncamı ilə xaricdə təhsil proqramı nəticəsində yeni dönəmə qədəm qoydu. Xaricdə müasir laboratoriyaların olması, xarici şirkətlərdə təcrübələrin məcburi surətdə olması, tələbələrin həvəsləndirici mükafatlar vasitəsilə elmi-texniki konfranslara cəlb olunması, peşəkar və xarici professor-müəllim heyətinin mövcudluğu, kitabxana zənginliyi və s. xaricdə təhsilin müsbət keyfiyyətlərindəndir. Xaricdəki təhsil insanı elə bir ali mühitə salır ki, tələbə istər-istəməz elmi yeniliklərlə maraqlanır və elmi məqalələr çap etdirir. Elmə olan həvəsim və Türkiyədə apardığım “Evaluation of Programmer`s Effectiveness” (Proqramçıların səmərəliyinin ölçülməsi) adlı elmi araşdırmam 2014-cü il iyul ayında Almaniyanın “Lab-publishing Group” elmi nəşriyyat şirkəti tərəfindən çap olunub və 40 ölkədə müxtəlif elektron kitab satış mərkəzlərində satışa çıxarılıb. Lakin, məncə, universitet ali savad verməklə yanaşı, hər bir gəncdə Vətənə, dövlətə münasibəti öyrətməli, gənclərdə vətənpərvərlik, dövlətçilik hislərini yüksəltməlidir. Bu növ tədris Azərbaycan təhsilində digər xarici ölkələrin təhsili ilə müqayisədə daha çox inkişaf edib.
-İlk
işinizə harda başlamısız və
ilk maaşınızı
xatırlayırsızmı?
- Universitetdə 2-ci kursa keçərkən bir çox şirkətlərin vakansiya elanlarına baxıb müraciət edirdim. Düzdür, çoxu 2-ci kursda təhsil aldığımı görüb bəlkə də, heç CV-mi belə oxumurdu. Ancaq, buna baxmayaraq, yenə şirkətlərə müraciətimi davam etdirirdim. Sonunda CATEL MMC şirkəti müraciətimə cavab verdi. Müsahibələrdən keçərək və imtahan verərək “Billinq” şöbəsində proqramçı vəzifəsinə yarımştat işçi kimi işə başladım. İlk əməkhaqqım isə 370 manat təyin edildi.
-Bakı Ali Neft Məktəbində
fəaliyyətə başlamanız necə oldu ? Üzərinizə hansı öhdəliklər
düşür və işinizin
öhdəsindən necə gəlirsiniz?
- Türkiyədə təhsilimi davam etdirərkən Azərbaycan mətbuatını izləyir və ölkəmizdə baş verən yeniliklər barədə daim məlumatlı olurdum. Yeni universitetlərin açılması, ali məktəblərdə yeni texnologiyaların, laboratoriyaların tətbiqinə başlanmasını eşitdikdə hər bir azərbaycanlı kimi mən də qürur hissi keçirirdim. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Bakı Ali Neft Məktəbinin yaradılması xəbərini mətbuatda eşidəndə bu, məni çox sevindirdi. BANM-in gördüyü işlər, verdiyi tədris, həyata keçirdiyi layihələr və qəbul etdiyi beynəlxalq proqramlar haqqında məlumat əldə edirdim. BANM-in Prezidentimizin və Azərbaycan gəncinin etimadını doğruldaraq beynəlxalq səviyyəli ali məktəb yolunda iri addımlarla irəlilədiyini müşahidə edirdim. Magistratura təhsilimi bitirib Vətənə qayıtdıqdan sonra ali məktəbin rektoru Elmar Qasımov tərəfindən gələn təklifi dəyərləndirdim və burada işə başladım. Öz timsalımda BANM-in artan nüfuzunun və gənc kadrlara etimadın göstərildiyinin şahidi oldum. Hal-hazırda 2 ildən artıqdır ki, burada çalışır və xaricdə əldə etdiyim təcrübələri tələbələrlə bölüşürəm. “Elektron tədris” şöbəsində çalışaraq tədrisdə yeni innovativ layihələr həyata keçirir, tədrisin müasir texnologiya ilə birgə aparılmasına şərait yaratmağa çalışırıq. Ali təhsil müəssisələri arasında ilk dəfə tələbələrin biometrik üsulla dərsə davamiyyəti layihəsini məhz BANM-də tətbiq etdik.
-Bir gənc olaraq,
ali təhsil ocağında işləməyin
məsuliyyəti nədən ibarətdir?
- Təhsil sahəsində
çalışmaq öz çətinliyi
ilə bərabər, insanda məsuliyyət
hissini də formalaşdırır. Çünki bu sahədə
fəaliyyət göstərən hər bir
şəxs Azərbaycan gəncliyinin formalaşmasında böyük məsuliyyət
daşıyır. Məncə, təhsil ocağında
çalışan hər bir şəxs
yaşından asılı olmayaraq, öz işinə məsuliyyətli
yanaşmalıdır. Təhsil ocağı bir
dövlətin, millətin genefonduna təsir
edən, onun inkişafında böyük rol oynayan ən başlıca yerdir.
Burda çalışanlar millətin gələcəyini
düşünərək gördükləri hər bir işi, verdikləri təhsili
diqqətlə yerinə yetirməlidirlər. Bir
gənc olaraq millətin gələcəyinin
formalaşmasında kiçik də olsa, əmək sərf etmək insanı daha da məsuliyyətli edir. Xaricdə aldığımız təhsili,
apardığımız elmi yenilikləri
Azərbaycan gənclərinə ötürmək bizim Vətən qarşısında üzərimizə
götürdüyümüz vətəndaş
borcumuzdur. Xaricdə dövlət
hesabına təhsil alan hər bir gəncin başlıca vəzifəsi Azərbaycanın
inkişafında vətəndaş borcunu
yerinə yetirməsidir.
Nigar
Palitra.-2016.-9 fevral.-S.10.