Manas Universitetinin
şanslı azərbaycanlı tələbəsi
Ehtiram Zakirli: “Xaricdə
təhsil alan tələbələrimiz
qazandıqları təcrübəni öz
ölkəmizdə tətbiq etsələr, vətənimiz hər
cəhətdən başqa ölkələrdən
üstün olar”
Xaricə təhsil üçün gedən gənclərimizin əksəriyyəti Avropa ölkələrini seçirlər. Budəfəki müsahibimiz Ehtiram Zakirli isə Orta Asiyaya üz tutub. Qeyd edək ki, E.Zakirli Şəkidə dünyaya göz açıb. Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı tam məktəbdə orta təhsilini başa vurub. Hazırda Qırğızıstanın Bişkek şəhərində yerləşən Qırğız-Türk Manas Universitetinin Turizm və hotelçilik fakültəsində təhsil alır.
-Adətən, bizim gənclər təhsil üçün Avropa ölkələrinə gedirlər. Bəs siz niyə məhz Qırğızıstanı seçdiniz?
- Orta məktəbdə oxuduğum illərdə hamı kimi mənim də məqsədim dərslərimi yaxşı oxuyub əlaçı olmaq və universitet imtahanına hazırlaşıb ən yüksək balla ali məktəbə qəbul olmaq idi. Məktəbdə oxuduğum illərdə dostlarım 1, 2, 3, 4-cü qruplar üzrə hazırlaşırdılar. Lakin mən bir çoxlarından fərqli olaraq xaricdə təhsil almaq istəyirdim. Əslində, bunun bir xəyal olduğunu və heç bir zaman həqiqət olmayacağını fikirləşirdim. Düşünürdüm ki, bəlkə, Azərbaycandakı universitetlərdən birinə qəbul olub və bu universitet vasitəsi ilə xaricə ayaq basa bilməm mümkün olar bilər. Tarix və coğrafiya fənlərinə marağım çox böyük idi. Buna görə mən də 2-ci qrup üzrə hazırlaşmaq qərarına gəldim və coğrafiya müəllimi ola bilmək üçün əlimdən gələni edirdim. 11-ci sinifdə oxuduğum zaman məktəblərdə xaricdə yerləşən bir çox universitetlərin öz əməkdaşları tərəfindən həmin universitetlər haqqında bilgilər verilirdi. Bizlərə oradakı universitetlər və o ölkədəki yaşayışın necə olduğu haqqında məlumat verirdilər. Mən bu universitetlər ilə yaxından maraqlanmağa başladım. Doğrusu, universitetdəki təhsil səviyyəsi ilə yanaşı, hətta universitetin yerləşdiyi şəhərin ucuzluğu və bahalığı da məni maraqlandıran məqamlardan biri idi. Çünki ailəmizin maddi gəliri məni xaricdə oxudacaq qədər yüksək deyildi. Türkiyə və Ukrayna kimi ölkələrdə təhsilin çox yüksək səviyyədə olduğunu bilirdim və bu cür ölkələrdə təhsil almağı çox istəyirdim. Lakin bəzi işlər bu istəklərimin qarşısına bir çox problemlər çıxardı. Marağıma səbəb olan universitetlərdən biri də Qırğızıstanda yerləşən Qırğız-Türk Manas Universiteti idi. Bu universitet ilə yaxından maraqlandıqda Orta Asiyada yerləşən böyük universitetlərdən biri və burada təhsilin yüksək səviyyədə olduğu haqqında məlumat aldım. Çox keçmədən ailəmlə danışıb razılıqlarını aldıqdan sonra Manas Universiteti yolunda səfərə çıxdım.
-Qırğız-Türk
Manas Universiteti hansı özəlliyi ilə seçilir?
-Universitetimizdə təhsil
tamamilə pulsuzdur. Ayrıca, tələbələrimizə çox
uyğun şərtlərdə
qalmaq, qidalanmaq və təqaüd imkanları təqdim olunur. Universitetimizin təhsil-tədris dili Türkiyə türkcəsi və qırğız türkcəsidir.
Ancaq xarici dil hazırlıq
proqramımızla tələbələrimizə
rus, ingilis, Çin dilləri təhsili də təqdim edilir. Lisenziya və lisenziyaüstü proqramlarımızdan bu günə qədər məzun olan 5000 tələbəmiz, universitetimizdə
əldə etdikləri
özlərinə rəqabət
üstünlüyü təmin
edən xüsusiyyətləriylə
beynəlxalq səviyyədə
məşğulluq edilir.
Tələbələrimiz 9 fakültə, 4 ali, 1 peşə və 2 institutdakı 44 ixtisas/proqram və 19 fundamental
elm sahəsi təqdim
etdiyi imkanla çox geniş bir sahədə universitet təhsili görürlər. Universitetimiz
2 kampusda meydana gəlib, 37 laboratoriya, 108 sinif, 4 yığıncaq otağı, 3 konfrans zalı, 4 yeməkxana, 4 bufet, açıq idman arenası, 3 yataqxana, 2 kitabxana və öyrənmə mərkəzləri və
oxuma salonlarını
bir arada saxlayan Orta Asiyanın
ilk və tək kampus universitetidir. Universitet zəngin akademik təcrübəsini cəmiyyətin
faydasına təqdim edir. Bu çərçivədə
məsləhət xidmətləri,
türkcə və digər dillərin tədrisi, sertifikat və bacarıq əsaslı kurslar, təşkilati tutumu inkişafetdirici fəaliyyətlər,
beynəlxalq təcrübənin
ötürülməsi və
bölüşdürülməsi, layihə əsaslı ortaq işlər kimi fəaliyyətləri
müvəffəqiyyətlə həyata keçiririk.
-Universitetin təhsil səviyyəsindən
razısınızmı?
-Universitetimizin təhsil səviyyəsindən çox
razıyıq. Çünki bizim üçün burada hər şey təşkil olunub. Heç bir cəhətdə
şikayətimiz olmur.
Burada oxuduğumuz ixtisaslar haqqında da daha ətraflı məlumatla toplaya bilirik. Burada yalnız oxumaqla
kifayətlənmirik, eyni
zamanda gəzib-görüb
özümüzə təcrübə
qazanmaq şansımız
çox böyükdür.
Yazda hər bir tələbə
universitet tərəfindən
Qırğızıstan içində
və ya bir çox xarici ölkələrdə
praktika keçib təcrübə qazanmaq üçün göndərilir.
Bu vaxt ərzində
tələbələr həm
fərqli yerlər görür, təcrübə
qazanır və həm də pul qazanırlar. Universitetimizdə hər şey
yüksək səviyyədə
təşkil olunduğundan
və burada istədiyim hər şeyi əldə edə bildiyimə görə çox şanslıyam və çox xoşbəxtəm
ki, mən Manas Universitetində təhsil alıram.
- Qırğız-Türk Manas
Universitetindəki gənclərimiz
təşkilatlana biliblərmi?
Bu istiqamətdə hansı addımlar atırsız?
-Hazırda Manas Universitetində 9 azərbaycanlı
tələbə təhsil
alır. Təbii ki, digər
xalqlara nisbətən
bu say çox azdır. Tez bir zamanda azərbaycanlı tələbələrin
sayının artmasını
çox istərdim.
Bunun üçün də yetərincə addımlar
atılmaqdadır. Qarşıdan gələn illərdə
sayımız daha çox olar, inşallah. Sayımız
az olduğuna
görə bəzi proqramlarda ölkəmizin tanıtımında bəzi
əksikliklər olur.
Azərbaycanlı tələbələr
olaraq az
olmağımıza baxmayaraq,
öz aramızda təşkilatlanıb özümüz
və ölkəmizin
gələcəyi üçün
əlimizdən gələni
edirik.
-Ölkəmizin təbliğini yetərincə
apara bilirsizmi?
-Ölkəmizin təbliğini
yetərincə aparmağa
çalışırıq. Başlıca olaraq mədəniyyət
hər şeydən üstündür. Buna görə öz hərəkətlərimizlə, davranışlarımızla mədəniyyətimizi
ortaya qoyuruq. Azərbaycan xalqının nə qədər qonaqpərvər
olduğunu buradakı
digər xalqlara nümayiş etdiririk.
Əlimizə düşən hər
fürsətdə ölkəmizin
tarixi, müasirliyi haqqında onları məlumatlandırır və
ölkəmizi daha yaxından görmələri
üçün onları
vətənimizə dəvət
edirik.
-Qırğızıstandakı
diasporumuzla əlaqələriniz
necədir?
-Artıq üçüncü
ildir ki, Qırğızıstanın Bişkek
şəhərində yaşayırıq.
Amma buna baxmayaraq diasporumuzun harada yerləşdiyini belə,
heç bilmirik.
Bunun səbəbi isə diasporda xidmət göstərənlərin konsert
proqramlarında və
ya başqa yerlərdə qarşılaşdığımız
zaman onların bizə qarşı xoş üz göstərməməsidir. Təəssüflər olsun ki, belədir.
-Qırğızıstandakı
səfirliyimiz sizin hər hansı istəyinizə dəstək
göstərirmi?
-Manas Universitetində hər il
burada təhsil alan tələbələrin
hər biri öz ölkələrinin
adət-ənənələrini, mədəniyyətini, rəqslərini,
milli oyunlarını və s. nümayiş etdirirlər. Əlbəttə ki, bu zaman hər xalqın tələbələri
öz səfirliklərindən
yardım istəyirlər.
Biz də öz
sıramızda onlardan
yardım istədiyimiz
zaman bizim istəyimizi geri çevirmədilər. Ümumiyyətlə, bizim universitetdə belə tədbirlər çox keçirilir.
Məsələn, Novruz bayramı
zamanı da hər kəs öz ölkəsinin tanıtımını, rəqslərini,
yeməklərini və
s. Qırğızıstan xalqına və burada yaşayan başqa xalqlara tanıdırlar. Bu zaman da səfirliyimiz
bizdən öz dəstəyini əsirgəmir.
-Universitetdəki
digər xalqların tələbələri ilə
münasibətləriniz necədir?
Yəni onlara ölkəmizlə bağlı məlumatlar verə bilirsizmi?
-Manas Universitetində 15 ölkədən gələn
tələbə təhsil
alır. Bu tələbələrin
hər biri universitetə gəldiklərində
dərsləri anlamaları
və başqaları
ilə ünsiyyət
qurmaları üçün
türk və qırğız dillərini
öyrənməyə məcburdurlar.
Buna görə öncə
1 il ərzində
hər kəsə qırğız və türk dilləri öyrədilir və bu zaman ərzində
fərqli xalqlardan gələn tələbələr
öz aralarında dostluq əlaqələri yaradırlar. Fərqli xalqlardan təhsil
almağa gələn
tələbələrlə oturub danışmağı
çox sevirəm.
Fərqli dillərdə ən
azından bir neçə söz və ya bir
neçə cümlə
öyrənmək belə,
məni çox xoşbəxt edir. Hər millətdən dostumuz və tanışımız
olur və təbii ki, onlarla söhbət zamanı fürsət olduğu zaman öz ölkəmiz haqqında məlumat verməyə çalışıram.
Ölkəmizin tarixi haqqında,
orada yerləşən
tarixi muzeylər, tarixi abidələr, saraylar və bir çox şeylər haqqında onları məlumatlandırmağa
çalışıram. Ölkəmizin təbii sərvətlərindən,
mədəniyyətindən, suverenliyindən hər kəsə qürur hissi ilə bəhs edirəm.
-Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi
üçün hansı
perspektivi var?
-Mənim fikrimcə, gənclərimizin xaricdə
təhsil almaları tələbələrin özlərinin
və ölkəmizin
gələcəyi üçün
daha yaxşı və daha əlverişlidir.
Xaricdə təhsil alan tələbələr
əcnəbi dil öyrənmələri cəhətdən
də üstün olurlar. İndiki gənclərimiz xaricdə
yaxşı təhsil
alıb və öz iş karyeralarını öz ölkəmizdə qursalar,
bu, Azərbaycan
dövləti üçün
çox perspektivli olar. Xaricdə təhsilini başa
vuran tələbələrimizin
təcrübəsi daha
çox olar və təbii ki, xaricdə qazandıqları təcrübə
ilə vətənimizə
qayıdıb işləsələr
bu, vətənimizin inkişafında daha çox töhfəsini verər.
-Ölkəmizdə
elm və təhsilin inkişafı istiqamətində
hansı töhfələr
vermək istərdiniz?
-Fikrimcə, təhsilin inkişafı gənclərimizin
əlindədir. Buna görə yüksək səviyyəli universitetlərdə
təhsil ala bilmək
üçün hər
şeyi kənara atıb, yalnız o məqsəd üçün
çalışmaq lazımdır.
Xaricdə təhsil alan tələbələrimiz
qazandıqları təcrübəni
öz ölkəmizdə
tətbiq etsələr,
vətənimiz hər
cəhətdən başqa
ölkələrdən üstün
olar. Elm və təhsilin inkişafı üçün hər bir tələbə yalnız diplom almaq üçün deyil, öz üzərində daha çox işləyib ətrafındakı insanlar
və öz ölkəsi üçün
faydalı ola
bilməsi üçün
çox çalışmalıdır.
Onlar təhsili nə vaxt bitirmələrindən
asılı olmayaraq, özləri ilə bərabər ölkələrinin
də gələcəyini
düşünməlidir. Bu zaman ölkəmizdə
təhsilin və elmin inkişafı sürətlə inkişaf
edər.
Fuad Hüseynzadə
Palitra.-2016.-9 fevral.-S.11.