Varislik prinsipi etik dəyərlər kontekstində
Rəhim Həsənov
|
AMEA-nın Fəlsəfə
və Hüquq İnistitunun
doktorantı,
ADMİU-nun redaktoru
e-mail: hesenli.82@inbox.ru
Bəşər tarixinin bütün dövrlərində insanlar
daim kamilləşməyə,
mükəmməl əxlaqa
sahib olmağa doğru
cəhd göstəriblər. Əxlaqi vərdişlərin
sonrakı nəsillərə
ötürülməsində, bu vərdişlərin hafizələrə, davranış
kodekslərinə hopmasında
varislik prinsipinin böyük bir önəmi var. İlk dəfə sofistlər tərəfindən müzakirə
edilən etik qaydalar varislik prinsipi sayəsində nəsildən nəsilə
ötürülərək müasir dövrə qədər gəlib çatıb.
Varislik prinsipi əxlaqi inkişafın müəyyən təzahürlərini
özündə ehtiva
edərək cəmiyyətin
və ayrı-ayrı
fərdlərin kamilləşməsinin
əsl hərəkətverici
və stimullaşdırıcı
qüvvəsini nizamlayır. Cəmiyyətin mənəvi tərəqqisinin
hər bir mərhələsində mövcud
olan əxlaqi kodekslər keçmişin
məhsulu olmaqla yanaşı eyni zamanda cəmiyyətin sonrakı əxlaqi-mənəvi
tərəqqisinin əsası
kimi də çıxış edir.
Elə bu varislik əlaqəsi sayəsində cəmiyyətin
etik-mənəvi tarixi
formalaşır və
mütəmadi olaraq etik-mənəvi dəyərlər
kamilləşmə oxu
üzrə inkişaf
edir. Məhz bu səbəbdən
insanların etik-mənəvi
fəaliyyəti sadəcə
keçmişi yaratmaqla
kifayətlənməyərək varislik prinsipi sayəsində gələcəyi
də birmənalı
olaraq əhatə dairəsinə almış
olur.
Varislik prinsipi inkarı inkar qanunu vasitəsi ilə işləyir və yeni etik
dəyərlərlə köhnə
etik dəyərləri
obyektiv zəruri bir surətdə əlaqələndirir. Burada inkar
dialektik bir səpkidə baş verir, hər yeni mərhələ özündən əvvəlki
köhnə mərhələni
dialektik bir surətdə inkar edir. Nəticədə isə etik-mənəvi
dəyərlərin tərəqqisi
baş verir. Heç şübhəsiz ki, keçmiş dövrlərin
nailiyyətləri tamamilə
unudulmur, inkişaf qanunauyğunluğu nəticəsində
keçmiş dövrün
etik-mənəvi dəyərlərinə
qeyri-tənqidi münasibət
bəslənir. Səmərəli və mütərəqqi olan etik-mənəvi dəyərlər tarixin mürəkkəb, qaranlıq
və keşməkeşli
dövrlərindən sıyrılıb
gəlmiş, mürtəce
və faydasız etik-mənəvi dəyərlər
isə unudulub.
Ümumiyyətlə, insanların etik təfəkkürü varislik
prinsipi sayəsində
böyük bir tarixi yol keçib. Etikayla məşğul
olan mütəffəkkirlərin
əxlaqi davranış
kodeksləri arasındakı
bağlılıq da elə məhz varislik prinsipi sayəsində bərqərar
olub. Varislik prinsipi sayəsində
müasir dövrün
əxlaq nəzəriyyəçiləri
belə, hər hansı bir etik kateqoriyanı, hadisəni tədqiq edərkən klassik fəlsəfi irsə istinad edirlər.
Bəşər mədəniyyətinin tarixi
tərəqqisini əks
etdirən varislik elementlərini düzgün
analiz etmək hər bir tədqiqatçının
ən ümdə vəzifələrindən biri
olmalıdır. “Buna görə
də tarixi inkişafın bu və ya başqa
dövrlərində ayrı-ayrı
filosofların, mütəfəkkirlərin
dünyabaxışlarını, o cümlədən etik görüşlərini düzgün
səciyyələndirmək, onun mahiyyətini aşkar etmək və ədalətli surətdə qiymətləndirmək
üçün hər
şeydən əvvəl
həmin ideya və baxışları doğuran iqtisadi zəmini, mütəfəkkirlərin
yaşadıqları ictimai-iqtisadi
şəraiti, onların
sinfi mənsubiyyətlərini
dərindən öyrənmək
və doğru xarakterizə etmək lazımdır.”
Bununla yanaşı,
hər bir dövrün etik nəzəriyyəçiləri öz sələflərindən
fərqli olaraq etik-mənəvi dəyərləri
mövcud ictimai-siyasi vəziyyətlə və
konkret tarixi mühitlə qarşılaşdıraraq
təhlil aparmalıdırlar. Etik-mənəvi dəyərlərin tarixi cəmiyyətin mənəvi
inkişafı ilə
xarakterizə olunur.
Cəmiyyətdə etik-mənəvi dəyərlər inkişaf
etdikcə, onun ictimai məzmunu da dəyişikliyə uğrayır. Xalqımız ata-babalarımızın yolunu
davam etdirərək etik və mənəvi
dəyərləri qoruyaraq
möhkəmləndirmiş, mənəvi baxımdan inkişaf etdirib. “İnsan,- K.Yaspers
yazırdı, - heç
vaxt tamamlana bilməz; mövcud olmaq üçün o, zamanca dəyişməlidir”.
İnsanın zamanca dəyişilməsinin
fasiləsizliyi onu göstərir ki, “insan nədir” sualı həmişə qaldırılacaqdır”.
Keçmiş etik-mənəvi irsi tənqidi münasibətdən
keçirmək, müsbət
və mənfi tərəflərini sərfnəzər
etmək olduqca önəmlidir. Hər bir xalqın
milli-mənəvi, etik-əxlaqi
dəyərlərinin yaşamasında,
inkişaf etməsində
əsas ağırlıq
varislik prinsipinin üstünə düşür.
“Keçmiş dövrlərin mədəni
irsinin mənimsənilməsi
mədəni ənənələrin
və əvvəllər
yaranmış sərvətlərin
sadəcə olaraq dərk edilməsi ilə eyni mənalı
deyil. Bu mənimsəmə onların
tənqidi baxımdan yenidən işlənməsini,
keçmişin mənəvi
mədəniyyətinin elmi
həqiqətə, yeni
cəmiyyətin ideya və prinsiplərinə zidd olan elementlərini
aradan qaldırmağı
nəzərdə tutur”.
İnsanın bütün həyatına
forma verən varislik prinsipi insanların gələcəyini təyin
edən əhəmiyyətli
bir faktordur. Varislik cəmiyyətin
ətraf təsirlə
dəyişməyən təməl
xüsusiyyətlərinin bir
nəsildən o biri nəsilə ötürülməsi
prosesidir. Faydalı və
yeni xüsusiyyətlər
meydana gələrkən
varislik bunları toplayıb sintez edərək yeni nəsilə ötürür.
Faydalı olan xüsusiyyətlərsə
cəmiyyətin və
ayrı-ayrı fərdlərin
əxlaqi düşüncəsini
inkişaf etdirir.
Müasir dövrdə elm və texnologiyanın sürətli inkişafı və kütləvi informasiya vasitələrinin də təsir dairəsinin genişlənməsi kimi amillər, əxlaq kodeksinin deformasiyasını sürətləndirməkdədir. Və heç şübhəsiz ki, bu sürətli texnoloji inkişaf nəticəsində əxlaqi dəyərlər də tənəzzülə uğrayır. Amerikalı alim Frensiz Fukuyamaya görə, əxlaqi tərəqqi olmasa, texnikanın inkişafı, pis məqsədlər üçün istifadə edilə və insanların əxlaqsız davranışı əvvəlkindən daha pis hala düşə bilər. O halda texnologiya və əxlaq sahələrindəki inkişaflar bir-birinə paralel olaraq getməli və varislik prinsipinə də ciddi riayət olunmalıdır.
Elmi texniki tərəqqi, texnoloji inkişaf bir tərəfdən insanları əvvəlki dövrlərə nisbətən daha informasiyalı bir hala gətirərkən, digər tərəfdən insanların əxlaqına da mənfi təsir göstərmiş, əxlaqi kodeksləri zəiflədib, insanları daha fərdiyyətçi, eqoist və xudbin hala gətirib. İnsanların əxlaqi inkişafında ətraf mühitin rolu və göstərdiyi təsiri də önəmli bir əhəmiyyət kəsb edir. Şəxsiyyətin inkişafına təsir göstərən amillər içərisində varislik qədər ətraf mühit də müəyyən özünəməxsus bir rola malikdir. Biz burada ətraf mühit dedikdə, əsasən, insanın həyat fəaliyyətini, inkişafını əhatə edən xarici vəziyyət nəzərdə tuturuq. Ümumiyyətlə, ətraf mühit anlayışı özlüyündə istehsal münasibətləri sistemini, ictimai quruluşu, maddi həyat şəraitini, bütün istehsal və sosial prosesləri əhatə etdiyindən əxlaqi davranışları da öz əhatə dairəsində ehtiva edir. Tarix boyu insanların ətraf mühiti daim dəyişikliyə və yeniləşməyə uğrayıb. Ətraf mühitə insan laqeyd münasibət bəsləməməlidir, daim fəaliyyətdə olmalı və bu fəaliyyət prosesi nəticəsində də insan öz mühitinə müsbət təsir göstərməlidir.
Tədqiqatçılar arasında insanın müsbət inkişafına mühitin və ya varisliyin daha çox təsir göstərməsi ilə bağlı ortaq bir fikir yoxdur. Biogenetik araşdırmaçılar varisiliyə və yaxud da irsiyyətə, sosiogenetik araşdırmaçılar isə ətraf mühitə böyük önəm verirlər. Bununla belə, bəzi araşdırmaçılar insan əxlaqının inkişafında həm mühitin, həm də varisiliyin təsirinin eyni olduğunu qeyd ediblər.
Varislik, tarixilik, məntiqilik və sistemlilik prinsplərini özündə ehtiva etməyən etik-mənəvi sistemlər güclənən qloballaşma prossesləri nəticəsində öz orijinallığını və xüsusiyyətlərini itirmə təhlükəsi ilə qarşı-qarşıya gəlir. Əxlaqi irsin qorunub saxlanması və yeni nəsillərə ötürülməsi amili hər zaman ən ümdə problem olaraq qalır. Heç şübhəsiz ki, nəhəng bir prosses olan qloballaşmanın əsas və ayrılmaz komponenti olan inteqrasiya zamanı milli-mənəvi xüsusiyyətlərin, etik dəyərlərin özünəməxsusluğunun qorunub saxlanması və varislik prinsipi əsasında gələcək nəsillərə ötürülməsi yalnız ağır və məsuliyyətli fəaliyyət nəticəsində mümkün ola bilər. Qloballaşma zamanı hər bir vətəndaş etik-mənəvi dəyərlərin tənəzzülü və aşınması prosesinə qarşı varislik prinsipi ilə silahlanmalı, bu yolda öz öhdəsinə düşən vəzifəsini dərk etməli və bu istiqamətdə əlindən gələni əsirgəməməlidir. Eyni zamanda bu məsələ etik dəyərləri tədqiq edən araşdırmaçıların da diqqət mərkəzində olmalıdır və araşdırmaçılar bu barədə məntiqli və düzgün mühakimə yürütməlidirlər.
Adətən varislik prinsipləri xüsusiyyəti hər bir xalqın milli adət və ənənələrdə öz əksini tapmışdı, bu adət və ənənələr əsrlərdən bəri öz varlığını, etik-mənəvi xüsusiyyətlərini qoruyub saxlamağı bacarıb. Hər bir xalqın keçmişini özündə ehtiva edən mənəvi irs daim yad ünsürlərə qarşı müqavimət göstərib.
Etik-mənəvi dəyərlər hər hansı millətin tarix boyu əldə etdyi nailliyyətlərdir və bu səbəbdən də varislik amilinə hər zaman diqqət yetirmək vacibdir. Adətən Qərb alimləri əxlaqi varislikdən söhbət açarkən qədim yunan fəlsəfəsindən bəhs edirlər. Əksər Qərb filosofları avropasentrist mövqelərdən çıxış etsələr də, Şərq xalqlarının daha qədim düşüncə tarixini, daha zəngin, daha dolğun keçmişini inkar etmək mümkün deyil: “Varislik proseslərinin düzgün başa düşülməsinin ictimai inkişaf qanunauyğunluqlarının, elmin, incəsənətin tərəqqisinin təhlili üçün, istər keçmişin nailiyyətlərinə qeyri-tənqidi yanaşılma və istərsə də mədəni irsin nihilistcəsinə inkarı ilə mübarizə üçün xüsusi əhəmiyyəti var”.
Varislik prinsipinə nihilist nöqteyi-nəzərdən yanaşmaq ideyası kökündən yanlış bir fikirdir. Sərvətlərin yenidən nəzərdən keçirilməsi ideyası ilə çıxış edən məşhur alman filosofu F.Nitsşe cəmiyyətin etik və əxlaqi normalarını inkar edirdi. Varislik prinsipində inkarı inkar qanunu, köhnə dəyərlərin ləğvi dialektik bir mahiyyət kəsb etməlidir. “İnkarın dialektik başa düşülməsi nəinki köhnənin ləğv edilməsini, eyni zamanda əvvəlki pillələrdə edilmiş mütərəqqi, səmərəli olanın saxlanılmasını və daha da inkişaf etdirilməsini nəzərdə tutur”.
Yalnız varislik prinsipinə riayət edən mütərəqqi qüvvələrin qarşılıqlı fəaliyyəti nəticəsində mənəvi sərvətləri qorumaq və bərpa etməklə sonrakı nəsillərə düzgün bir şəkildə çatdırmaq mümkündür. Digər xalqlar kimi bizim xalqın tarixi ilə onun mənəviyyatı arasında sıx əlaqə var. İctimai tərəqqinin bütün mərhələlərində bizim xalqımızın tarixinin təməlini meydana gətirən yüksək mənəviyyat olub və tariximizin zəngin səhifələrindən bizə süzülüb gələn etik-mənəvi dəyərləri həyatımızın etalonuna çevirən də elə məhz bu yüksək mənəviyyat və amallardır.
Göründüyü kimi, varislik prinsipində mütərəqqi dəyərləri mühafizə etmək və gələcək nəsillərə ötürmək amili önəmli bir faktordur. Lakin, Ziyəddin Göyüşovun fikirincə, mütərəqqi dəyərləri qorumağa cəhd göstərərkən ifrata varmaq düzgün deyil: “Hər bir xalqın özünün əsrlərdən bəri qərarlaşmış adət və ənənələri vardır. Bu adət və ənənələrin mürtəce xarakterdə olanlarına qarşı mübarizə nə qədər vacibdirsə, mütərəqqi olanı, faydalı olanı, qoruyub saxlamaq da, yaşatmaq da bir o qədər vacibdir”.
Varislik və ətraf mühit mövzusunda aparılan araşdırmaların nəticələrinə görə, insanın fiziki xüsusiyyət və qabiliyyətləri üzərində varisliyin ətraf mühitə nisbətən, daha çox təsirli olduğu ortaya çıxıb. Məsələn, zəka üzərində varisliyin, ekoloji faktorlardan daha çox rol oynadığı, zəka və düşüncə qabiliyyətləri üzərində ətraf mühitin təsirinin ikinci dərəcədə qaldığı ortaya çıxıb.
Qədim tarixə malik olan xalqımızın etik-mənəvi mədəniyyəti olduqca zəngindir. Xalqımız tarixin keşməkeşli, mürəkkəb və ziddiyyətli dövrlərində belə öz milli-mənəvi sərvətlərinə sahib çıxaraq onları qoruyub və yaşatmaq üçün əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək mənəvi sərvətləri taleyin ümidinə atmamışdır. Xalqımızın milli etik-əxlaqi və mənəvi inkişafını özündə ehtiva edən dəyərlər hər zaman, bütün ictimai-siyasi hadisələrdən uzaq dayanmaqla yanaşı, ümumbəşəri dəyərlərin də inkişafına təsir göstərərək milliliklə bəşəriliyin vəhdətini zənginləşdirib.
Palitra.-2016.-9 fevral.-S.13.