“Diaspor nümayəndələri
diaspor işinin nə
qədər ciddi olduğunun
fərqinə varmalıdırlar”
Gənc lider Orta Asiyada milli diaspor fəaliyyətini
gücləndirmək yolundan danışıb
Müşahidələr, soruşulan rəylər göstərir ki, Orta Asiya ölkələrindəki milli diaspor təşkilatlarının, necə deyərlər, ürəkdən tikan çıxaran fəaliyyətləri hiss olunmur. Xüsusən, yaşlı diaspor üzvləri sanki ağızlarına su alıblar. Onlarla müqayisədə Orta Asiya ölkələrindəki gənc diaspor üzvləri gücləri çatdığı qədər fəallıq göstərirlər. Maraqlıdır ki, onlar yeri gələndə diaspor işində nümunə də ola bilirlər. Qazaxıstanda fəaliyyət göstərən “Heydərçi” Azərbaycanlı Gənclər təşkilatı bu baxımdan müqayisə oluna bilər. Təşkilatın sədri Bəhruz Axundov heç bir maliyyə dəstəyi olmadan vətənimizi Qazaxıstanda şərəflə təmsil etdiklərini deyir.
-Sizinlə son görüşümüzdən təxminən
iki il keçib.
Bu müddətdə hansı işlər
görübsünüz?
-Öncə “Heydərçi” Azərbaycanlı Gənclər təşkilatı adından və şəxsən öz adımdan başda cənab Prezidentimiz olmaqla bütün xalqımızı salamlayır və qarşıdan gələn ağrılı, unudulmaz qan yaddaşımız olan Xocavənd rayonunun Qaradağlı kəndində və Xocalı şəhərində şəhid olan ailələrin yaxınlarına dərin hüznlə başsağlığı bildiririk. Qardaş Qazaxıstanda yaşayan azərbaycanlılar bu günü kədərlə anırlar.
İki il müddətində gənclərimiz tərəfindən 20-dən artıq tədbir keçirilib. Xüsusən də idman sahəsində gənclərimiz bu iki il ərzində böyük nailiyyətlər əldə ediblər. Qardaş Qazaxıstanda keçirilən gənclər forumlarında, konqreslərində iştirak ediblər. Ən yaddaqalan tədbirlərdən biri 2014-cü ilin 2-ci rübündə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də iştirakı ilə keçirilən Xalqlar Assambleyasının Forumunda bizim iştirakımız oldu. -Orada gənclərimizin həmrəyliyi necədir? -Qazaxıstanda yaşayan azərbaycanlı gənclər öz xalqımızla yanaşı, digər xalqların gəncləri ilə də çox sıx mehriban münasibətdədir. Bu sıx mehriban münasibətin bünövrəsi vaxtı ilə bizim böyüklərimiz tərəfindən qoyulub və xüsusən də Qazaxıstan ictimaiyyəti ulu öndərimiz Heydər Əliyevlə Nursultan Nazarbayevin dostluq, qardaşlıq münasibətini unutmayıb. Məhz bunun nəticəsidir ki, biz Qazaxıstanda yaşayan azərbaycanlılar bu qardaş ölkəni özümüzə yaxın, doğma bilirik və bunu gələcək nəslə çatdırmaq da bizim vəzifəmizdir. Bu vəzifəni yerinə yetirmək bizim üçün çox böyük şərəfdir.
-Qazaxıstandakı
gənclərimizin ictimai aktivliyi
hansı səviyyədədir?
-Bir daha qeyd etmək istəyirəm ki, azərbaycanlı gənclər bütün sahələrdə inkişaf ediblər və onlar üçün qardaş Qazaxıstan tərəfindən hər cür şərait yaradılır. İstər dövlət sahələrində, istərsə də fərdi iş sahələrində bu ölkə tərəfindən dəstəyi həmişə görürük. Və sözsüz ki, bu qədər zəngin tarixli və dəyərli xalqın gəncləri həmişə öz fərqliliyi ilə başqa xalqların gənclərindən daha üstün səviyyədə olmağa çalışırlar və bunu da bacarırlar.
-Qazaxıstandakı
Azərbaycan səfirliyi ilə münasibətləriniz necədir?
Sizə lazım olan dəstəyi göstərirlərmi?
-Dünya Azərbaycanlılarının III qurultayında Prezident İlham Əliyev öz çıxışında, xüsusən qeyd etdi ki, Azərbaycan səfirliyi Azərbaycanın həmin ölkədə olan bir parçasıdır, həmçinin diaspor təşkilatları da və bunlar bir-birləri ilə sıx əlaqədə olmalıdırlar. Mən həmin qurultayda bu sözləri eşidərkən əbədi olaraq həm özüm, həm də gənclərimiz üçün səfirliklə sıx münasibətdə olmağı və əlimizdən gələn dəstəyi bir daha özümüzə borc bildik. Bu münasibətlərimiz 5 ildən artıqdır ki, qarşılıqlı şəkildə davam edir və bundan sonra da davam edəcək. Bu yaxınlarda cənab Prezidentimizin sərəncamı ilə Rəşad Məmmədov yeni səfirimiz təyin edilib. Hörmətli səfirimiz gəldiyi qısa müddətdə gənclərimizlə bir neçə dəfə görüşlər keçirib və gənclərə xüsusi diqqət ayırdığını vurğulayıb. Bu görüşlərdə qarşıda duran məsələlər haqqında geniş və ətraflı söhbətlər olub. Biz bütünlüklə inanırıq ki, hörmətli səfirin dəstəyi ilə böyük layihələr həyata keçirə biləcəyik. Səfir Rəşad Məmmədovla söhbətimiz zamanı onun da biz gənclərdən biri olduğunu vurğuladı və bütün işlərdə bizimlə bərabər çalışacağını söylədi. İlk dəfə idi ki, gənclərimiz özlərini bu qədər xoş və arxalı hiss etdilər və bu da biz gənclərdə çox güclü stimul yaratdı.
-Yerli
qazax gəncləri ilə əməkdaşlıq
edirsizmi?
-Qazaxıstan Respublikasında 130-dan artıq xalqın nümayəndəsi yaşayır. Biz düşmənlərimizdən başqa, Qazaxıstanda yaşayan bütün xalqların nümayəndələri ilə sıx qardaşlıq münasibəti yaradırıq, xüsusən də, ən çox yaxın münasibətdə olduğumuz doğma qazax xalqıdır. Bu mehribançılıq, bu doğmalıq dinimizin, dilimizin, milli kökümüzün, adət-ənənələrimizin bir olması və bununla yanaşı, bizim dostluq münasibətlərimizin tarixinin qədim, geniş və zəngin olması ilə əlaqədardır.
-Azərbaycanda gənclər
hərəkatının aktivliyi sizə nə
kimi stimul verir?
-Sözün düzü, bu sualı heç gözləmirdim. Bu sual, demək olar ki, bizə sürpriz
oldu. Ona görə ki,
Azərbaycandakı bəzi
qondarma gənclər təşkilatları vətənə
xidmət deyil, özlərinə xidməti
daha üstün tuturlar. Əlbəttə ki, belələri
azlıq təşkil
edir. Sözsüz ki, Azərbaycanda
vətənə layiqli
gənclər təşkilatları
daha çoxdur, biz bundan xəbərdarıq.
Amma istərdik ki, adı gənclər təşkilatı olub, özləri başqa fikrə qulluq edənlər məqsədlərini
dəyişib vətənə
xidmətdən zövq
alsınlar.
Sevindirici haldır ki, bizim fəxr olunası Rusiya Azərbaycanlı Gənclər
Təşkilatı (AMOR) kimi
gənclər təşkilatımız
var. Bu təşkilatın fəaliyyəti
çox geniş və nümunəvidir. Bu nümunəni yaşadan
AMOR-un sədri Leyla Əliyevaya böyük minnətdarlığımızı bildiririk. Biz də bu nümunəvi
hərəkətlərdən sevinc hissi duyuruq.
Onlarla sıx münasibətdə
olub, bu nümunəvi hərəkətləri
bir yerdə davam etdirməyi özümüzə şərəf
bilirik. Vətənə xidmət, vətənə
qayğı, vətənə
sevgi hər bir azərbaycanlının
borcudur. -Orta Asiyada diaspor
fəaliyyətini gücləndirmək
üçün hansı
addımlar atılmalıdır?
-Çox gözəl və düşündürücü
sualdır. Birinci növbədə Azərbaycan Respublikası
Orta Asiya ölkələri ilə müqavilə bağlamalıdır
ki, ölkədə açılan diaspor təşkilatları, hansılar
ki, Azərbaycanın adını daşıyır,
Azərbaycanı təmsil
etmək üçün
özbaşına təşkilatlar
yaratmasınlar. Bu, fikir ayrılığına
səbəb olur və buradakı diaspor nümayəndələrinin
çoxu Azərbaycanın
zənginliyindən xəbərdar
olmayan insanlardır.
Bu da zəiflənməyə,
inkişaf etməməyə
səbəb olur.
Yaxşı olardı
ki, diaspor təşkilatı yaratmaq
fikrinə düşən
insanlar birinci
növbədə, heç
olmasa, Azərbaycanla bağlı kurslar keçərdilər, Diasporla
İş üzrə
Dövlət Komitəsi,
eləcə də Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən sertifikatlar
alardılar. Ondan sonra nəyi
təbliğ edəcəklərini
bilərdilər. Azərbaycanın adını daşıyan
hər bir təşkilatın rəhbəri
və onun nümayəndələri, təşkilat
üzvləri ictimai təşkilat olmağına
baxmayaraq, dövlət
səviyyəsində yoxlanmalı
və bu işin nə qədər ciddi olmağının fərqinə
varmalıdırlar. Ondan sonra dövlətimiz diasporumuzun gücünü
hiss edəcək.
Fuad Hüseynzadə
Palitra.-2016.-11 fevral.-S.10.