“Gürcüstandakı gənclərimiz
arasında təhsilə maraq olduqca yüksəkdir”
Məhəbbət
İmanov:
“Gürcüstanda
və Azərbaycanda gənclər təşkilatları ilə
sıx əlaqə yaratmağı
planlaşdırırıq”
Müsahibimiz Məhəbbət İmanov 1989- cu ildə Gürcüstanın Bolnisi rayonu Arxılı (Naxiduri) kəndində anadan olub. 1995-ci ildə Hüseyn bəy Əfəndiyev adına Arxılı kənd orta məktəbinə daxil olub, 2006-cı ildə orta məktəbi bitirib, Davit Quramişvili adına Tbilisi Beynəlxalq Universitetinin “İBERİA” Hüquq fakültəsinə qəbul olub. 2010-cu ildə universiteti bitirib. 2013-cü ildə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatında “Biz Heydər Əliyev Elmi İrsini öyrənirik Siyasi Məktəbi”nə qəbul olub, 2014-cü ildə məktəbi bitirərək Heydər Əliyev təbliğatçısı kimi YAP- İdarə heyəti tərəfindən təsdiqlənmiş Diploma layiq görülüb. 2013-cü ilin dekabrından təsisçisi olduğu “Borçalı İrəli” İctimai Birliyinin İdarə heyətinin sədridir. 2014-cü ildə Gürcüstan Dövlət Texniki Universitetinin Biznes mühəndisi fakültəsində təhsilini davam etdirir.
-Rəhbəri olduğunuz QHT nə vaxt
yaradılıb və fəaliyyət istiqamətləri
hansılardır?
-Rəhbərlik etdiyim “Borçalı İrəli” İctimai Birliyi 2013-cü ildə rəsmən dövlət qeydiyyatından keçərək fəaliyyətə başlayıb. Əsas məqsədimiz ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi istiqamətində işlərin görülməsi, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin Gürcüstan cəmiyyətində təbliği, gənclərin inkişafı, maarifləndirilməsi və ictimai fəallığının artırılmasıdır. Fəaliyyətimiz çoxşaxəlidir, istər mədəniyyət, istərsə də təhsil sahəsində həyata keçirdiyimiz və gələcəkdə də işləyəcəyimiz layihələr mövcuddur. İnteqrasiya istiqamətində görüləcək işlər ikitərəfli əlaqələrin yaranmasından ibarətdir, istər Azərbaycan, istərsə də gürcü xalqına məxsus mədəniyyətin inkişafı istiqamətində fəaliyyət göstərməyi planlaşdırırıq. Bununla da, hər iki xalqın və ölkənin gəncləri arasında əlaqələrin inkişafı və körpünün yaradılması prioritet məsələlərdən biridir.
-Hazırda bu istiqamətdə hansı işlər görursünüz?
-Təşkilatımızın yaranma tarixi az olduğuna görə, fəaliyyətimiz ərzində qarşımıza qoyduğumuz məqsədə tam olaraq çatmamışıq. Lakin buna baxmayaraq, müəyyən işlər həyata keçirməkdəyik. Həyata keçirdiyimiz işlərdən ən önəmlilərini nəzərinizə çatdırmaq istərdim. Azərbaycandan kənarda yaşayan hər bir azərbaycanlının mənəvi borcu onun yaşadığı ölkədə varlıqlarını, tarixi həqiqətlərini təmsil və təbliğ etməkdir. Azərbaycan və Qarabağ həqiqətlərinin Gürcüstanda təbliği istiqamətində biz il-boyu sistematik şəkildə müəyyən addımlar atırıq; tədbirlər, elmi konfranslar təşkil edirik. Keçirdiyimiz tədbirlərə gürcü cəmiyyətinin fəal üzvlərini, elm və təhsil işçilərini və gəncləri cəlb edirik. “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir çox tədbirlər və konfransları paytaxt Tbilisidə təşkil edərək ora gürcü gənclərini və KİV nümayəndələrini dəvət edirik. Tədbirlərdə çalışırıq ki, maksimum dərəcədə nəinki Xocalı, hətta bütün Qarabağ həqiqətlərini iştirakçılara təqdim edək. Bundan başqa, Azərbaycanın milli bayram və önəmli tarixlərinə həsr olunmuş tədbirlər keçiririk. Ümummilli lider Heydər Əliyevə həsr olunmuş bir neçə elmi konfrans, tədbir təşkil etmişdi. Orada Gürcüstanın aparıcı ali təhsil ocaqlarının professor və elmi işçiləri çıxış edərək, ulu öndərin siyasi fəaliyyəti haqqında elmi mühazirələrlə çıxış edərək gürcü gənclərinə ətraflı məlumat veriblər. Bizim təşkilatımız 2015-ci ildə Azərbaycanda yüksək səviyyədə təşkil olunan birinci Avropa Oyunları zamanı Tbilisi Dövlət Universitetində “Bakı-2015” birinci Avropa Oyunları dünyada sülhün və inkişafın tərənnümüdür” adlı dəstək aksiyası təşkil etdi. Həmin aksiyada gürcü və azərbaycanlı tələbələr oyunların təşkili və Azərbaycan dövlətinin idmana qayğısı haqqında geniş təbliğat işləri apararaq yerli əhaliyə çatdırdı. Gələcəkdə də bu tipli tədbir və tanıtımları həyata keçirməyi planlaşdırırıq.
-Elm
və təhsilin inkişafı ölkənin ümumi
inkişafının təmin olunması baxımdan nə dərəcədə
əhəmiyyətlidir?
-Xalqımızın ulu öndəri Heydər Əliyev deyib: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Təbii ki, hər hansı bir ölkənin, cəmiyyətin inkişafı gənclərin təhsilindən asılıdır, çünki savadlı və təhsil səviyyəsi yüksək olan cəmiyyət inkişafa və tərəqqiyə qadirdir. Bu istiqamətdə Azərbaycan və Gürcüstan dövlətləri mühüm addımlar atmaqdadır. Gürcüstanda da gənclərin təhsilinə yüksək səviyyədə dəstək verilir. İllər öncə Gürcüstanda ali təhsil ocaqlarında oxuyan tələbələrimizin sayı olduqca az idi, lakin bu gün onların sayı minlərlədir. Bu da sevindirici haldır, çünki bu universitetlərdə təhsil alan gənclər gürcü dilini və oxuduqları ixtisası mükəmməl şəkildə mənimsəyərək təhsillərini başa vururlar, onlar öz ölkələrində qalıb işlə təminolunma şansını əldə edərək rəqabətədavamlı olurlar. Bu da müsbət bir haldır.
-Gürcüstandakı
gənclərimizin təhsillərini artırması üçün maraqları necədir?
-Təbii ki, gənclər dərk edirlər ki, hər hansı bir ölkədə və cəmiyyətdə uğur əldə etmək yolu öncə təhsildən keçir. Bunu üstün tutaraq gənclərimiz arasında təhsilə maraq olduqca yüksəkdir. Gənclərin təhsilə marağını artırmaq üçün bir çox addımlar atılıb.
Gürcüstanda yaşayan azərbaycanlı gənclərin maarifləndirilməsi, təhsillərinə dəstək məqsədilə Azərbaycan dövləti də böyük addımlar atmaqdadır, buna misal olaraq SOCAR Georgia şirkəti tərəfindən Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı gənclərə maddi dəstək göstərərək onların illik təhsil haqqını qarşılayır. Bu da çətin maddi vəziyyətdə olan tələbələr və onların ailələri üçün çox önəmli bir dəstəkdir. Azərbaycanlıların Mədəniyyət Mərkəzi də yüksək nəticələrlə təhsil alan tələbələri təqaüd proqramlarına cəlb edib onlara stimul verərək, onların yüksək nəticələrlə təhsil almasına zəmin yaradır. Tələbələrimiz də onlara yaradılan bu imkandan istifadə edərək gözəl nəticələr çıxarmalıdırlar ki, bu gün gürcü cəmiyyətinə inteqrasiya olmaqla bərabər, həm də gələcəkdə işlə təmin olunmaqda maraqlı olsunlar və öz ixtisasları üzrə peşəkarcasına işləsinlər ki, dövlətə və xalqa xidmətləri müsbət olsun.
- Tələbə
və gənclərin intellektual səviyyəsinin
yüksəldilməsi üçün nələr
edilməlidir?
-Tələbəlik statusunu qazanan gənclərin seçdikləri peşə üzrə təhsil almasının səviyyəsi Gürcüstanda qaneedicidir. Bu gün Gürcüstanın dövlət universitetlərinin təhsil səviyyəsi dünyanın bir neçə ölkəsində qəbul olunur. Gənclərimizin intellektual səviyyəsinin artırılması istiqamətində biz qeyri-hökumət təşkilatları və digər qurumlar bir sıra işlər həyata keçiririk və keçirməyi nəzərdə tuturuq. Onların asudə vaxtlarını dəyərləndirərək təhsilə yönəltmək çox önəmlidir.
-Perspektivdə
hansı layihələr gözlənilir?
-Biz gələcəkdə
Gürcüstanda və Azərbaycanda gənclər
təşkilatları ilə sıx əlaqə
yaratmağı planlaşdırırıq. İrəlidə bir çox böyük və önəmli layihələr
həyata keçirməyi düşünürük.
O layihələrin məqsədi, təbii ki, Azərbaycan həqiqətlərinin
tanıtımı, ulu öndərimiz Heydər
Əliyevin müasir azərbaycançılıq
məfkurəsinin, eləcə də onun elmi və siyasi irsinin, Azərbaycan mədəniyyəti və
incəsənətinin gənclərimizə və müasir gürcü cəmiyyətinə təbliğidir.
Çalışacağıq ki, gənclərlə
daha sıx və mükəmməl
işləyək, gənclərimizə Gürcüstan
və Azərbaycan sevgisini qazandıraq.
Fuad Hüseynzadə
Palitra.-2016.-12 fevral.-S.11.