Çexiyalı iş
adamları ölkəmizdəki əlverişli investisiya mühiti barədə
məlumatlandırılıblar
Praqada Azərbaycanda investisiya imkanları, iqtisadi və ticarət sahəsində əməkdaşlıq əlaqələrinə həsr edilmiş işçi səhər yeməyi formatında görüş təşkil edilib.
Çexiya Sənaye və Ticarət, Xarici İşlər nazirliklərinin, Çexiya İxracatın Zəmanəti və Sığortası Cəmiyyətinin (EGAP) dəstəyi ilə təşkil edilən görüşdə Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev, çexiyalı dövlət qurumlarının nümayəndələri və müxtəlif şirkətlərin təmsilçiləri iştirak ediblər.
Səfir Fərid Şəfiyev çıxışında ümumdünya iqtisadi böhran vəziyyəti və neft qiymətlərinin kəskin enməsi hallarına baxmayaraq, Azərbaycanda iqtisadi inkişafın sabit şəkildə davam etdiyini bildirib, biznes mühitinin yaxşılaşdırılması məqsədilə hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqqında məlumat verib. Səfir xüsusilə “Sumqayıt Kimya Sənaye Parkı” barədə ətraflı söhbət açıb, burada iş adamları üçün yaradılan münbit şəraitə toxunub və çex iş adamlarını sözügedən sənaye parkı ilə əməkdaşlıq etməyə və sərmayələr yatırmağa dəvət edib.
Çexiya Sənaye və Ticarət Nazirliyinin nümayəndəsi Yirji Pıtliçek Azərbaycanın etibarlı tərəfdaş olduğunu, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirildiyini məmnunluqla qeyd edib. O, Azərbaycanın yerləşdiyi regionda digər dövlətlərlə müqayisədə ölkəmizin daha dayanıqlı və sabit iqtisadi inkişaf yolunda olduğunu vurğulayıb və çex şirkətlərini çəkinmədən Azərbaycana yatırım etməyə çağırıb.
Çexiya Xarici İşlər Nazirliyinin rəsmisi Radek Matula ölkəmizdə səfir işlədiyi dövr ilə bağlı öz təəssüratlarını bölüşüb, ölkəmizin uğurla inkişaf etdiyini bildirib, həyata keçirilən infrastruktur layihələri, yeni metro xətlərinin tikintisi və s. sahələrdə görülən işlərdən bəhs edib.
EGAP nümayəndəsi Hana Hikelova da
çıxışında Azərbaycana yatırım edən
çex şirkətləri haqqında məlumat
verib, ölkəmizdə təhlükəsiz
investisiya mühitinin
formalaşmasından danışıb və bununla
bağlı Çexiya hökumətinin
müsbət tövsiyəsi haqqında məlumat verib.
Tural
Palitra.-2016.-12 fevral.-S.12.