“Science sity” ideyası gənc
alimlərdə böyük ümid yaradıb”
Famin Salmanov: ”Bəzi yaşlı həmkarlarımız
doktorantura müddəti başa çatmış müdafiə
etmək istəyən gənc mütəxəssisə "mən
7-8 ilə müdafiə etmişəm, sən niyə 3 ilə
və ya ondan tez müddətdə müdafiə etmək istəyirsən"
cavabını verirlər”
Layihə çərçivəsində
müsahibimiz AMEA Gənc alim və mütəxəssislər
şurasının sədri Famin Salmanovdur. Qeyd edək ki, F.
Salmanov bu ayın əvvəlində Gənclər Günü
münasibətilə Prezident İlham Əliyevlə
görüşdə olmuş öncül gənc liderlərdəndir.
-Gənc alimlərin
elmi tədqiqatlarla kifayət qədər məşğul
olmaları üçün hansı işlər
görülür?
- Əvvəla, qeyd etmək istəyirəm ki, müstəqil respublikamızın müstəqil elm siyasətinin yerinə yetirildiyi aparıcı mərkəz sayılan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan elminin gələcək inkişafını elmi gəncliyin düzgün istiqamətləndirilməsi və dəstəklənməsində görür. Ona görə Akademiya rəhbərliyi yaradıcı gənclərlə mütəmadi görüşlər keçirərək, onların timsalında Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyasında gənc alimlərin rolunu artırmağa çalışırlar. Elə bu günlərdə AMEA prezidenti, akademik Akif Əlizadə istedadlı gənc alimlərin bir qrupu ilə səmimi atmosferdə keçirdiyi görüşdə onlara tam sərbəstlik verildi, onları narahat edən məsələlər bir-bir dinlənildi və bütün təkliflər elə orda, yerindəcə öz həllini tapdı.
- AMEA Gənc Alim və Mütəxəssislər Şurası olaraq, gənc alimlərin yetərincə elmi-tədqiqatlarla məşğul olmaları və effektiv fəaliyyət göstərmələri üçün nələri təklif edərdiniz?
- AMEA-da müasir elmə yanaşma, ilk növbədə elmi gəncliyimizə olan münasibətdə özünü ehtiva edir. Akademiya gəncliyi həm elmi, həm də ictimai fəaliyyəti ilə həmişə öz sözünü deyib. Ancaq bir müddət onların fəaliyyətində bir növ pərakəndəlik nəzərə çarpırdı. Artıq 2 ildir ki, respublikamızda elmdə olan gəncləri vahid mərkəzdən koordinasiya edən Gənc Alim və Mütəxəssislər Şurası yaradılmaqla, məhz yuxarıda qeyd olunan pərakəndəliyi aradan qaldırmaqla, köhnə stereotipləri qırmaq yolu ilə cəmiyyətin gənc alimə, ümumilikdə gələn yeni nəslin elmə münasibəti köklü surətdə dəyişildi.
Cəmiyyətdə elmi fəaliyyətin və gənc alimin nüfuzunun artırılması, eləcə də onların sosial vəziyyətinin yaxşılaşdırılmasının bu günün ən aktual məsələsi olduğunu nəzərə alaraq, Şura gənc tədqiqatçıların elmə cəlb edilməsi və bununla da cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi istiqamətində mühüm işlər həyata keçirir. Bir sıra ilklərə imza atmaqla isə böyük tarixi və şanlı keçmişə malik Milli Akademiyamızın hər zaman Azərbaycan elmi üçün əvəzedilməz milli sərvət olduğunu sübut etməyə çalışır. Bu fəaliyyətin nəticəsidir ki, yuxarıda qeyd etdiyimiz kimi, bu gün cəmiyyətin bütün təbəqələrinin elmə münasibəti müsbətə doğru köklü surətdə dəyişib. Təsəvvür edin, Gənc Alim və Mütəxəssislər Şurası yaranmasından qısa vaxt keçməyərək, çox böyük nailiyyətlərə imza ata bilib. Şuranın öz fəaliyyəti zamanı ənənəvilikdən kənara çıxaraq, müasir dövrümüzlə səsləşən və Azərbaycan elminin inkişafına töhfə verə bilən qeyri-ənənəvi ideyaların, layihələrin reallaşmasına üstünlük verib. Təkcə regionlarda elmin təbliğinə xidmət edən “Bu günün şagirdi, sabahın alimi”, “Ən son nailiyyətlərimiz” kimi yerli layihələri və ya gənclərimizin dünya elminə inteqrasiyasını sürətləndirən “Gənc alim və mütəxəssislərin I Beynəlxalq Multidissiplinar Forumu”, "Akademik Elm həftəliyi-2015" və bu kimi beynəlxalq layihələrin adını çəkmək yetərlidir, bu haqda dolğun təsəvvür yaransın. Şura olaraq bununla kifayətlənməyərək gənclərin elmə stimullaşdırılması tədbirlərindən tutmuş, onların asudə vaxtlarının səmərəli təşkilinə qədər bu və digər səviyyədə layihələr həyata keçirməklə onların elmin və ən əsası Elmlər Akademiyasının bu gününə və gələcəyinə olan inam və ehtimadın artırılmasında həlledici rol oynamağa çalışırıq.
Gənc alimlərin fəaliyyətində məhsuldarlığın artırılmasında beynəlxalq layihələr əsasında Avropa elm məkanına inteqrasiya, gənc alimlərin akademik mobilliyinin təmini və yeni elm texnologiyalarının transferini əsas vasitə hesab edirik. Hazırda onlarla gənc alimlərimiz Avropanın qabaqcıl elmi mərkəzləri ilə regional layihələrdə yaxından iştirak edirlər. ABŞ, Böyük Britaniya, Koreya, Rusiya və sair ölkələrin beynəlxalq səviyyəli elmi qurumları ilə müasir dövr üçün fundamental və tətbiqi xarakterli aktual mövzularda layihələr reallaşdırırlar. Bizim üçün sevindirici haldır ki, bu prosesə ölkəmizdə fəaliyyət göstərən yerli fondlar dəstək verirlər. Belə ki, gənclərin ölkədə mövcud müvafiq fondlarla əməkdaşlığı onların tədqiqat işlərinin dəstəklənməsinə bilavasitə hesablanıb. Onlar tərəfindən dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə maliyyələşdirilən elmi-tədqiqat layihələri və digər elmi tədbirlər birbaşa Azərbaycan elminin dünya elminə inteqrasiyasına, eləcə də ölkə iqtisadiyyatında elmin rolunun artırılmasına xidmət edir.
- Hazırda gənc alimlərin
hansı problemləri var? Bu problemləri necə
təsvir etmək olar?
- Gənc
alimlərin həllini gözləyən bir sıra problemləri
mövcuddur. Təbii ki, elmi nailiyyətlər
artdıqca, yeni-yeni informasiya-kommunikasiya texnologiyaları məhsulları
ortaya çıxdıqca dünya iqtisadiyatının dəyişən
tələblərinə uyğun olaraq gənc alimlərimizin
də artan problemləri başadüşüləndir. Bu, həm onların maddi-mənəvi, məişət
həyatında, həm də elmi-yaradıcılıq fəaliyyətində
özünü əks etdirir. Maddi problemlərin
əsasında, təbii ki, mənzil təminatı gəncliyi
narahat edən ən ciddi məsələdir. Şübhəsiz, bu gün dövlətin güzəştli
ipoteka mexanizmi mövcuddur və əhalinin güzəştli
təbəqəsinə gənc alimlər də daxil edilib.
Amma mövcud şərtlərin
ağırlığı və gəlirlərimizin yetərli
olmaması dövlətin onların sosial ipotekadan
yararlanması imkanlarını məhdudlaşdırıb.
Bunun nəticəsidir ki, indiyə qədər
bir gənc alim bu imkandan yararlana bilməyib. Bu gün cəmiyyətimizin jurnalistlər,
yazıçılar kimi bir neçə sosial
qruplarının mənzil probleminin həlli üçün
uğurlu təcrübə var. Belə təcrübənin gənc
alimlərimizə də şamil edilməsi arzuolunandır.
Bu problemlərin həlli istiqamətinda Akademiya
rəhbərliyi, hörmətli akademik Akif Əlizadə məşğuldur.
Əminik ki, Akademiya rəhbərliyinin inamla
gündəmə gətirdiyi və hətta ölkə rəhbəri
səviyyəsində həllinə
çalışdığı “Science sity” ideyası gənc
alimlərdə böyük ümid yaratmaqla, bu problemin tez bir
zamanda həllinə imkan verəcək.
-Gənc alim və tədqiqatçıların
stimullaşdırılması ilə bağlı konkret
hansı təklifləri irəli sürərdiniz?
- AMEA Gənc
alim və mütəxəssislər şurası olaraq gəncləri
narahat edən məsələlərin həllinə hesablanan
bir sıra təkliflərin reallaşmasını daim gündəmdə
saxlayırıq. Məsələn, Gənclər
və İdman Nazirliyi qarşısında gənc alim yaş
həddinin artırılması təklif olunub. Amma təəssüf ki, bu problem hələ də
öz həllini tapmayıb. Buna görə
Elmin İnkişaf Fondu istisna olmaqla digər qurumlar və
fondlar gənc alimlərlə əməkdaşlıq
zamanı 29 yaşı son hədd kimi götürür.
Bu yaşa qədər də Akademiyada çalışan və
ən əsası müdafiə edən gənc alimlər isə
çox az saydadır. Akademiya
gəncliyinin arzusudur ki, bu yanaşma dəyişsin və
heç olmasa, AMEA-nazirlik, idarə-təşkilat və fondlar
arasında əməkdaşlıq zamanı gənc alimlərimiz
üçün istisna olaraq minimum 35 yaş əsas
sayılsın.
Eyni
zamanda gənc alimlərimizin, beynəlxalq səviyyəli
elmi-texniki jurnallara çıxış imkanlarının
artırılmasının vacib əhəmiyyətini nəzərə
alaraq ”Web of Science”, ”Scopus”, ”RİNÜ” kimi verilənlər
bazaları barəsində birgə maarifləndirici tədbirlərin
reallaşdırılması qarşıya
qoyduğumuz məqsədlərə daha tez çatmağa
yardım göstərər. ”Web of Science” və ”Scopus” kimi
verilənlər bazalarında qeydiyyatdan keçmiş
jurnalların, əsasən, ingilis və qismən isə
almandilli olduqlarını, onların böyük bir qismində
isə məqalələrin ödənişli əsaslarla
çap olunduğunu nəzərə alaraq, gənc alimlər
üçün əlverişli şərait yaratmaq məqsədilə
gənc alimlərin istifadəsi üçün verilənlər
bazasının yaradılmasını da məqsədəuyğun
sayırıq və bu istiqamətdə ciddi
çalışırıq.
- Gənc
tədqiqatçıların əsas məsələlərindən
biri elmi dərəcə almaq üçün bürokratik əngəllərlə
qarşılaşmaları ilə bağlıdır. Bu barədə hansı fikirləriniz və təklifləriniz
var?
- AMEA Gənc
Alim və Mütəxəssislər Şurası fəaliyyətə
başlayanda ilk həyata keçirdiyi tədbirlərdən
biri ayrı-ayrı tədqiqat institutlarında
çalışan gənclərlə görüşlər
oldu. Həmin görüşlərdə səsləndirilən
problem qeyd etdiyiniz bu məsələ - gənc tədqiqatçıların
elmi müdafiəsi zamanı üzləşdikləri
bürokratik əngəlllərlə bağlı idi. Bəzən eşidirik ki, bəzi yaşlı həmkarlarımız
doktorantura müddəti başa çatmış müdafiə
etmək istəyən gənc mütəxəssisə "mən
7-8 ilə müdafiə etmişəm, sən niyə 3 ilə
və ya ondan tez müddətdə müdafiə etmək istəyirsən"
cavabını verirlər. Akademiya rəhbərliyi
də bu cür yanaşmanın əleyhinədir. Əgər bir gənc tədqiqatçı
doktorantura müddətində dissertasiya mövzusu ilə
bağlı qoyulan problemi vaxtında həll edibsə, onun
müdafiə etmək istəyi təqdirəlayiq hal hesab
olunmaqla, başqalarına nümunə göstərilməlidir,
daha bürokratik əngəllərlə ona mane olmaq, əslində,
Azərbaycan elminin inkişafına baryer qoymaq deməkdir.
Artıq deyə bilərəm ki, yerli şura sədrləri
hər bir institutda Elmi Şuranın üzvü olmaqla, gənclərin
təmsilçisidir. Bürokratik əngəllərlə
bağlı konkret müraciətlər tərəfimizdən
araşdırılır. Sonra Akademiya rəhbərliyinə
çatdırılır. İnanırıq
ki, Akademiyada davam etdirilən islahatlar yaxın gələcəkdə
bu problemin də tam həllini təmin edəcək.
- Bildiyiniz kimi, ötən ildən
etibarən fəlsəfə doktoru(PHD) dərəcəsi
almaq üçün əsas şərtlərdən biri
İELTS imtahanından minumum 7 bal toplamaqdır. Halbuki
daha aşağı balla xarici universitetlərin təqaüd
proqramlarını qazanmaq üçün imkan
yaradılır. Bizdə bununla
bağlı bu ziddiyyəti necə ifadə edərdiniz?
-
Müasir dövrdə dünya elminə inteqrasiya digər tədbirlərlə
yanaşı, elmi araşdırmaların dünya səviyyəsində
aparılmasını, elmi əsərlərin istinad indeksli
jurnallarda dərcini, bu sahədə beynəlxalq əlaqələrin
davamlılığını və sair tələb edir.
Xatırlayırsınızsa, “Azəbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiya”nın da əsas hədəflərindən
biri mühüm elmi-tədqiqat nəticələrinin əldə
olunmasında və təbliğində böyük imkanlara
malik olan beynəlxalq elmi bazaların imkanlarından geniş
istifadədir. Ancaq aparılan araşdırmalar
göstərir ki, gənc alim və mütəxəssislərimizin
imkanlarından yetərincə istifadə edə bilmirlər,
yüksək resenziyalı jurnallarda məqalə çap etməkdə
çətinlik çəkirlər. Bunun
başlıca səbəbi də onların xarici dil bilgilərinin
yetərincə olmamasıdır. Bu
nöqteyi-nəzərdən doktoranturada təhsil almaq istəyənlərin
ingilis dili fənni üzrə imtahanda iştirak etmək
üçün beynəlxalq ingilis dili proqramları - TOEFL və
IELTS proqramları üzrə sertifikatlar tələb
olunması nəinki məqsədəuyğun, olduqca vacibdir.
Hər bir yeniliyi qəbul edərkən, onun
hazırda doğurduğu məhdud fəsadları əks etdirən
dar çərçivədə yox, yaxın gələcək
üçün bəxş edəcəyi faydaları
özündə tərənnüm edən geniş anlamda
analiz etmək lazımdır. Bu tələb
əvvəlcə elmə təsadüfən gəlmək istəyənlərin
qarşısında bir baryer rolunu oynayacaq, ikincisi, hər bir
doktorantdan məsuliyyət, çalışqanlıq tələb
edəcək. Elm yolunu tutmaq istəyənlərə
artıq orta və ali məktəblərdə
oxuduğu dönəmlərdən dil bilgilərinə həssas
yanaşma tələb edəcək. Artıq
doktorant olan gənc mütəxəssis heç bir çətinlik
çəkmədən beynəlxalq elmə asanlıqla
inteqrasiya olacaq və dəstək olmadan beynəlxalq təcrübə
mübadilələrinə qoşulacaq, özünə
ümumilikdə Azərbaycan elminə böyük töhfələr
verə biləcək.
İlkin
AĞAYEV
Palitra.-2016.-17 fevral.-S.11.