Abdulla Şaiq-135, ana dilimiz milli sərvətimizdir” adlı tədbir keçirilib

 

Dünən Abdulla Şaiqin mənzil muzeyində “Abdulla Şaiq-135, ana dilimiz milli sərvətimizdir” adlı tədbir keçirilib. Əvvəlcə qonaqlar Yasamal rayonu 27 saylı uşaq bağçasının üzvlərinin ədibin əsərlərinə çəkdikləri illüstrasiyalardan ibarət sərgi ilə tanış olublar.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə çıxış edərək Abdulla Şaiqin həyat və yaradıcılığı ilə yanaşı, onun nəsillərdən-nəsillərə ötürülən irsinin ölməzliyindən bəhs edib. Görkəmli ədibin Azərbaycan ədəbiyyatına xidmət edən bütöv bir nəslin müəllimi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, xalq ədəbiyyatını dərindən bilən, uşaq dünyasına yaxşı bələd olan sənətkarın yaradıcılığında bu cəhətlər özünü qabarıq şəkildə büruzə verir. Bildirilib ki, Azərbaycan dilinin qorunmasında müstəsna xidmətləri olan A. Şaiqin əsərləri xalqımızın yaddaşında əsrlər boyu yaşayacaq. “Aytam” uşaqların mədəni maarifləndirilməsi ictimai birliyinin sədri Aygün Zamanlı ədibin elmi-pedaqoji fəaliyyətindən danışıb. Vurğulanıb ki, ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq maarif və məktəb işləri ilə məşğul olmaqla yanaşı, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah işlər görüb. O, “Əlifba” kitabı hazırlayıb, müxtəlif dərsliklər və dərs proqramları üzərində işləyib. Daha sonraAytamictimai birliyinin üzvləri ədibin şeirlərini səsləndirib, mahnılar ifa ediblər. Abdulla Şaiq adına 54 saylı orta məktəbin şagirdləri şairin “Yaxşı arxa” mənzum nağılı əsasında tamaşa göstəriblər.

 

Palitra.-2016.-19 fevral.-s.13.