“Yaponiya
inkişafına görə yalnız elmə bocludur”
İlqar Orucov: “İsrail elmin gücü ilə yararsız torpaqları gülüstana çevirdi”
Biliklər
iqtisadiyyatının formalaşması və elmin
cəmiyyətimizin inkişafında real rolunun artırılması olduqca
önəmlidir. Bu və digər məsələlərlə
bağlı olaraq suallarımızı Azərbaycan
Gənc Alim, Aspirant və
Magistrlər Cəmiyyətinin sədri İlqar
Orucov cavablandırır.
(əvvəli
ötən sayımızda)
- Gənc alimlərin
yetərincə elmi-tədqiqatlarla məşğul olmaları
və effektiv fəaliyyət göstərmələri
üçün nələri təklif edərdiniz?
- Gənc alimlərin elmlə məşğul olmaları üçün, ilk növbədə, mühit formalaşdırılmalıdır. Hansı ki, o mühit gələcək Nobel mükafatçılarını yetişdirə biləcək səviyyədə olmalıdır. Bunun üçün təkcə, inanmıram, əməkhaqlarının artırılması kifayət etsin. O mühit təkcə maddiyyatla bağlı deyil. Hansı ki, Rusiya elmi məktəbinin yetirməsi Nobel mükafatını Rusiyada ala bilmir, Türkiyəli tədqiqatçı Amerika elmi mühitində bu ödülə nail ola bilir.
- Bu
məqamda belə bir sual
yaranır: gənc tədqiqatçıların əsas məsələlərindən
biri elmi dərəcə
almaq üçün
bürokratik əngəllərlə
qarşılaşmaları ilə bağlıdır. Bu barədə hansı fikirləriniz və təklifləriniz
var?
- Bu məsələ hər zaman bizim yaralı yerimiz olaraq narahatedicidir. Mən bu cür neqativ hallarla dəfələrlə rastlaşmışam və təəssüf edirəm ki, elmimizin geridə qalmasının əsas səbəblərindən biri kimi bu cür hallar hələ də davam etməkdədir. Gənclərə qarşı yaşlı nəslin ədalətsizliyi və qısqanclığı anlaşılan deyil. Xatırlayıram, bir dəfə bir müsabiqəyə istedadlı və xaricdə təkmilləşmə keçmiş bir gənc sənədlərini təqdim etmişdi. Hər halda, həmyaşıdlarına və həmkarlarına nisbətən xeyli nailiyyətləri ilə fərqlənirdi. Onun rəhbəri olan və bu gəncə qısqanc münasibətdə olan akademiklərdən biri zəng edərək onun yerinə başqa bir işçisini məsləhət bilərək israrla xahiş elədi. Onun israrla xahiş etdiyi həmin gənci dəvət elədim və müəyyən olundu ki, heç bir nailiyyəti olmayan birisini ədalətsizcəsinə qısqanclıq etdiyi bir istedadlı gəncə qarşı irəli sürür. Təbii ki, onun xahişini yerinə yetirə bilməzdim və etmədim də. Amma iş elə gətirdi ki, həmin akademikin vaxtilə məndən xahiş etdiyi həmin gənc yenə də nailiyyəti olmaya-olmaya böyük bir mükafata layiq bilindi. Halbuki biz illərlə məhz gənc alimlər üçün bu cür mötəbər mükafatın təsis edilməsi uğrunda çalışmışdıq...
Və yaxud digər bir misal çəkəcəyəm. Bir dəfə
də keçirdiyimiz
bir müsabiqədə
digər bir akademikin açıq-aşkar
birinci yeri öz tələbəsinə
verməsi nə qədər gənci narazı saldı və o gənclərin göz yaşlarını
bu gün də xatırlayıram.
Bu cür hallar nə qədər olacaqsa, elmin hərtərəfli inkişafından
danışmaq mümkün
deyil. Mən vaxtilə müsahibələrimin
birində qeyd etmişdim ki, indi elmi ad və
dərəcə almaq
bəzi məmurlar üçün bir prestij məsələsinə
çevrilib. İllərlə
tədqiqat aparanlar min
bir əzaba qatlaşırlar, elmi işlərini müdafiə
edə bilmirlər, amma, elmin içində
olmayan adamlar çox asanlıqla gəlib “müdafiə” də edirlər, diplomlarını da alırlar. Baxın, bu, çox
ziyanlı tendensiyadır.
Hesab edirəm,
oğlanlara magistratura
və doktorantura müddətində hərbidən
möhlət hüququnun
verilməsi də qanunla həllini tapmalıdır. Fasiləsizlik zəncirinin qırılması
və elmdən ayrılma elmə gedən yolda olduqca ciddi bir
baryerdir.
- Elmin inkişafı ilə bağlı dünya standartlarına uyğun hansı islahatlara ehtiyac var?
- 10 aprel 2008-ci il
tarixində Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev “Azərbaycan elmində islahatların aparılması
ilə bağlı Dovlət Komissiyasının
yaradılması haqqında”
sərəncam imzaladı.
Daha sonra ölkə rəhbəri
“Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin
inkişafı üzrə
Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında
4 may 2009-cu il tarixli sərəncam imzaladı.
İmzalanan sənədlər birbaşa elmin inkişafına dövlətin
və onun rəhbərinin nə qədər həssas münasibətdə olduğunu
göstərir. Siyasi mövqe
ortaya qoyulub. Artıq bu çərçivədə
çoxlu manevrlər
etmək lazımdır.
Ölkə başçısı elmin inkişafı ilə bağlı hər dəfə tövsiyələrini verir,
prioritetləri göstərir,
qanunvericiliyi təkmilləşdirir.
Bütün bunlar elmimizin
səviyyəsinin yüksəldilməsinə
hədəflənmiş addımlardır.
Dünya
standartları bir günə formalaşmayıb.
Aparıcı elmtutumlu dövlətlərin
təcrübəsini öyrənmək
lazımdır. Elm, ilk
növbədə təhsildən
gəlməlidir. Daha sonra
texnologiyalara çevrilərək
cəmiyyətə innovasiyalar
gətirməlidir. Azərbaycan iqtisadiyyatının
neftdən asılılığını
azaltmaq üçün
alternativ sahələrin
inkişafında elm öz
sözünü deyə
bilməlidir. Aqrar sahənin
inkişafında aqrar
elm tövsiyələrini verə
bilməlidir. Təsəvvür
edin ki, İsrail dövləti qurularkən, bəlkə də, heç kim o cür
yararsız torpaqlarda kənd təsərrüfatının
inkişaf etdirilməsinin
perspektivliyinə inana
bilməzdi. Lakin elmin gücü
ilə o torpaqlar gülüstana çevrildi.
Yaponiya texnologiyasının əsasında
elm dayanıb. Və bu
ölkə inkişafına
görə yalnız və yalnız elmə borcludur. Bu cür nümunələrin
alternativlərini ölkədə
yaratmaq lazımdır.
- Fəlsəfə
doktoru(PHD)
dərəcəsi almaq
üçün əsas
şərtlərdən biri
İELTS imtahanından minumum
7 bal toplamaqdır. Halbuki daha
aşağı balla xarici universitetlərin təqaüd proqramlarını
qazanmaq üçün
imkan yaradılır.
Bizdə
bununla bağlı bu ziddiyyəti necə ifadə edərdiniz?
- Xarici dil lazımdır,
amma bu səviyyədə
xarici dil tələbi bugünkü
reallıq üçün
absurddur. Xarici dili bu səviyyədə tələb
kimi qoyanlar özləri bu tələbə cavab verirlərmi? Əlbəttə
ki, yox! Sizin sualınızın özündə
elə sualın ən gözəl cavabı da gizlənibdir. Bu növbəti bir maneədir və onsuz da elmə
gələn gəncləri
bir qədər də soyudacaq. Bu qədər yüksək
tələbə cavab
verənlər üçün
kənarda geniş imkanlar mövcuddur və o imkanlar daha cəlbedici və perspektivlidir.
Mən fikirləşirəm
ki, ingilis dili olduqca vacibdir,
amma bunun üçün orta məktəblərdə ingilis
dilinin tədrisi gücləndirilməlidir. Eyni zamanda ali
məktəblərin hər
iki pilləsində xarici dilə münasibət köklü
dəyişilməlidir. Ona görə
də elm və təhsilin bir mərkəzi icra hakimiyyəti orqanından idarə olunması həm də bu kimi məsələlərin
birdəfəlik həllinə
gətirəcək.
İlkin AĞAYEV
Palitra.-2016.-19 fevral.-S.7.